Məhkəmə qərarları › İş №e-2-2(119)-188/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-188/2025

05.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-188/2025 05.03.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Məmmədova Nərminə İdris qızının katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2, Cavabdeh nümayəndəsi Nümayəndə3 iştirakları ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdehnə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti 03 dekabr 2024-cü il tarixdə Cavabdehnə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 48467,07 (qırx səkkiz min dörd yüz altmış yeddi manat, yeddi qəpik) manat məbləğində əsas borc, 8724 (səkkiz min yeddi yüz iyirmi dörd) manat məbləğində ƏDV borcu, 1000 (min) manat məbləğində əldən çıxmış faydanın, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş 2000 (iki min) manat məbləğində xidmət haqqının və 297 iki yüz doxsan yeddi) manat məbləğində dövlət rüsumunun əvəzinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı və cavabdeh arasında bağlanmış 01 aprel 2021-ci il tarixli AFF/25-21 nömrəli müqaviləsinə əsasən, satıcı qismində çıxış edən iddiaçı həmin müqavilənin predmetini təşkil edən şüşə malları alıcı qismində iştirak edən cavabdehə satmağı, cavabdeh isə həmin malları qəbul edib onların dəyərini müqavilə ilə razılaşdırılmış qaydada satıcıya ödəməyi öhdəsinə götürmüş, müqavilə üzrə öhdəlik iddiaçı tərəfindən icra edilsə də, cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi, yəni aldığı malların dəyərini tam şəkildə ödəməmiş, nəticədə cavabdehin 48467,07 manat məbləğində borcu, 8724 manat məbləğində ƏDV ilə əlaqədar borcu yaranmışdır. Cavabdehlə mübahisənin pretenziya qaydasında nizama salınmasına cəhd edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, təqdim edilmiş üzləşmə aktında borcun məbləği 57191,07 manat məbləğində olsa da, maliyyə arayışında bu məbləğ 57191,35 manatdır. İddia tələbi 57191,07 manat məbləğindədir, maliyyə arayışı tərtib edilərkən düzgün hesablama aparılmamışdır. İddiaçının nümayəndəsi göstərilənləri nəzərə alaraq, məhkəmədən iddia ərizəsində əsas borc məbləği ilə bağlı hissənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini və əldən çıxmış fayda, hüquqi yardımın göstərilməsinə görə ödənilmiş məbləğlərin təmin edilib-edilməməsi məsələsinin məhkəmənin mülahizəsinə əsasən həll edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi izahatında bildirdi ki, iddianı qismən, yəni əsas borcun ödənilməsi hissəsində qəbul edir, çünki üzləşmə aktında cavabdeh həmin məbləği təsdiq etmişdir. Lakin əldən çıxmış fayda və hüquqi yardımla bağlı ödəniş hissəsində iddia tələbi ilə razı deyildir. Hüquqi yardıma görə ödənilmiş məbləği təsdiq edəcək sənəd təqdim edilmədiyi və əldən çıxmış fayda sübutlarla əsaslandırılmadığı üçün iddia tələbi həmin hissələrdə təmin edilməməlidir. Cavabdehin nümayəndəsi göstərilənlərin nəzərə alınaraq məhkəmədən yalnız əsas borc məbləğinin cavabdehdən tutulması ilə bağlı qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materialları: İş materiallarında olan 01 aprel 2021-ci il tarixli AFF/25-21 nömrəli müqavilənin 1.1-ci bəndinə əsasən, bu müqavilənin mövzusu icraçı (İddiaçı QSC) tərəfindən vərəqə şüşənin sifarişçinin (Cavabdeh MMC-nin) mülkiyyətinə verilməsidir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, bu müqavilənin qiyməti icraçı tərəfindən faktiki təhvil verilən malların dəyəri ilə müəyyən edilir və qiymət razılaşma protokolu bu müqavilənin ayrılmaz hissəsi hesab olunur. Malın qiymətində dəyişiklik baş verdikdə qiymət razılaşdırma protokolu ilə tənzimlənir. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən, sifarişçi malların dəyərini qabaqcadan ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən, icraçı bu müqavilə ilə müəyyən olunmuş malı sifarişçinın mülkiyyətinə vermək üçün hər dəfə qaimə-fakturanı sifarişçi ilə qarşılıqlı təsdiq edir. Həmin müqavilənin 3.7-ci bəndinə əsasən, icraçı müqavilədə nəzərdə tutulan malın haqqının ödənişinin vaxtında edilməsini sifarişçidən tələb etmək hüququna malikdir. İş materiallarında olan tərəflərin nümayəndələrinin iştirakları ilə tərtib edilmiş, möhürlənərək imzalanmış 17 sentyabr 2024-cü il tarixli qarşılıqlı üzləşmə aktına əsasən Cavabdeh MMC-nin İddiaçı QSC-yə 48467,07 manat məbləğində əsas borc, 8724,05 manat məbləğində ƏDV borcu olmaqla, cəmi 57191,07 manat məbləğində borcu vardır. İş materiallarında olan iddiaçı tərəfindən cavabdehə təqdim olunan elektron qaiməfakturalardan görünür ki, həmin qaimələrdəki məbləğlərin cəmi 69203,96 manat təşkil edir. İş materiallarında olan 19 fevral 2025-ci il tarixli arayışdan görünür ki, cavabdeh "xxxx" MMC-nin iddiaçı "xxxx" QSC-yə 2022-ci il noyabr ayından 57191,35 manat məbləğində borcu vardır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 567-ci madəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Yuxarıda təsvir olunanlara əsasən müəyyən edilir ki, iddiaçı və cavabdeh arasında 01 aprel 2021-ci il tarixli AFF/25-21 nömrəli müqavilə bağlanılmış, müqavilə öhdəliklərinə uyğun olaraq icraçı qismində olan iddiaçı həmin müqavilənin predmeti olan məhsulları cavabdehin mülkiyyətinə vermiş, sifarişçi qismində iştirak edən cavabdeh isə müqavilə öhdəliklərinə riayət etməyərək həmin malların dəyərini iddiaçıya tam ödəməmiş, nəticədə onun iddiaçıya 48467,07 manat məbləğində əsas borc, 8724,05 manat məbləğində ƏDV borcu olmaqla, cəmi 57191,07 manat məbləğində borcu vardır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehdən 01 aprel 2021-ci il tarixli AFF/25-21 nömrəli müqavilə üzrə 57191,07 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. Bundan əlavə iddia tələbinin cavabdehdən əldən çıxmış fayda kimi tələb edilən 1000 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması hissəsinə gəldikdə, məhkəmə araşdırması zamanı iddia tələbinin həmin hissədə əsaslılığı müəyyən edilməmişdir. Burada, həmçinin nəzərə alınmalıdır ki, qeyd edilən məbləğdə əldən çıxmış faydanın hansı qaydada və hansı müddətlər daxilində hesablanması barədə iddiaçı tərəfindən də məhkəməyə hər hansı təsdiqedici sənəd təqdim edilməmişdir. Həmçinin iddia tələbinin hüquqi yardıma görə ödənilmiş 2000 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən bununla bağlı məhkəməyə hər hansı sənəd (ödəniş qəbzi, müqavilə və s.) təqdim edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin hüquqi yardıma görə ödənilmiş 2000 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması hissəsinin əsaslılığı iş materialları ilə sübut olunmadığına görə, iddia tələbi həmin hissədə də təmin edilməməlidir. Bundan əlavə, iddia tələbinin 297 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə hissəsinə gəldikdə, iş materiallarında olan 14 oktyabr 2024-cü il tarixli ********** nömrəli və 03 dekabr 2024-cü il tarixli ********** nömrəli ödəniş qəbzlərinə əsasən müəyyən edilir ki, məhkəməyə hazırkı iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən cəmi 297 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddianın qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iddia qismən təmin edildiyindən yuxarıda istinad olunan qanunvericilik normalarının tələblərinə əsasən iddianın təmin edilmiş hissəsinə müvafiq olaraq hesablanmış 261,57 manat məbləğində dövlət rüsumunun əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək, istinad edilən qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 57191,07 manat məbləğində borc və 261,57 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 57452,64 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdehndən 57191,07 (əlli yeddi min yüz doxsan bir manat, yeddi qəpik) manat məbləğində borc və 261,57 (iki yüz altmış bir manat, əlli yeddi qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 57452,64 (əlli yeddi min dörd yüz əlli iki manat, altmış dörd qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar