Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1880/2022 12.10.2022 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X3 qızının katibliyi, Maraqlı şəxs iştirakı ilə, ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı verilmiş "ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması" barədə ərizəyə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, 08 sentyabr 2022-ci il tarixə hesablanmış Dövlət Büdcəsinə olan 3592,21 (üç min beş yüz doxsan iki manat 21 qəpik) manat məbləğində vergi borcunun, Dövlət Sosial Müdafiə Fonduna olan 124,58 (yüz iyirmi dörd manat 58 qəpik) manat məbləğində borcun və İcbari Tibbi Sığorta Fonduna olan 18,87 (on səkkiz manat 87 qəpik) manat məbləğində borcun ödənilməsini təmin etmək üçün vergi ödəyicisi - xx xxxxxx 1966-cı il təvəllüdlü Maraqlı şəxs (VÖEN **********) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Həmin ərizəyə baxılması ilə əlaqədar keçirilən məhkəmə iclasında Maraqlı şəxs ərizə ilə razı olmadığını bildirərək göstərdi ki, o, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olur və Vergi Orqanı tərəfindən ona borc bildirişi gəldikdən sonra sahibkarlıq fəaliyyəti ilə bağlı Dövlət Büdcəsinə, Dövlət Sosial Müdafiə Fonduna və İcbari Tibbi Sığorta Fonduna ödənilməmiş olan bütün borclarını tam ödəmişdir. Buna görə də, o, ərizəçi 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş "ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması" barədə ərizənin təmin edilməməsi haqqında qətnamə qəbul olunmasını xahiş edir. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının ərizəçinin nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-7.2-ci maddəsinə əsasən işə ərizəçinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçısını dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən "ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması" barədə ərizə təmin olunmamalıdır. Belə ki, ərizənin məzmunu və iş materialları ilə müəyyən olunur ki, vergi öhdəliklərini və digər məcburi dövlət ödənişlərini Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyinə görə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs – əsas fəaliyyət növü “ixtisaslaşdırılmamış mağazalarda sair məhsulların pərakəndə satışı” olan xx xxxxxx 1966-cı il təvəllüdlü vergi ödəyicisi Maraqlı şəxs (VÖEN **********), (ünvan: ünvan 1ş Dövlət Büdcəsinə 3592,21 manat məbləğində vergi borcu, Dövlət Sosial Müdafiə Fonduna 124,58 manat məbləğində borcu və İcbari Tibbi Sığorta Fonduna 18,87 manat məbləğində borcu vardır və ona həmin borcların ödənilməsinə dair xəbərdarlıq edilərək, hazırkı ərizə ilə 03 oktyabr 2022-ci ildə məhkəməyə müraciət olunmuşdur. Lakin, həmin ərizə üzrə aparılan məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsində 12 oktyabr 2022-ci il tarixə olan "Vergi borcu barədə" Məlumat (https://www.e-taxes.gov.az/ebyn/vergiBorcu.html) ilə müəyyən olunur ki, vergi ödəyicisi Maraqlı şəxs (VÖEN **********) 12 oktyabr 2022-ci il tarixə ödənilməmiş cəmi 93,50 (doxsan üç manat 50 qəpik) manat məbləğində borcu qalmışdır. Eləcə də, həmin ərizə üzrə aparılan məhkəmə araşdırması zamanı Maraqlı şəxs tərəfindən məhkəməyə təqdim edilmiş "xxxx" ASC tərəfindən 11 oktyabr 2022-ci ildə verilmiş Maraqlı şəxs məxsus Hesabdan Çıxarış ilə müəyyən olunur ki, həmin Çıxarışda qeyd olunan ardıcıllıq ilə 27 sentyabr 2022-ci ildə Dövlət Sosial Müdafiə Fonduna 114,36 (yüz on dörd manat 36 qəpik) manat və 10,22 (on manat 22 qəpik) manat, İcbari Tibbi Sığorta Fonduna 16,67 (on altı manat 67 qəpik) manat və 2,20 (iki manat 20 qəpik) manat, Dövlət Büdcəsinə 3401,29 (üç min dörd yüz bir manat 29 qəpik) manat və 561,21 (beş yüz altmış bir manat 21 qəpik) manat, 30 sentyabr 2022-ci ildə isə Dövlət Büdcəsinə 126,40 (yüz iyirmi altı manat 40 qəpik) və Dövlət Sosial Müdafiə Fonduna 15,33 (on beş manat 33 qəpik) məbləğində ödənişlər edilmişdir. Yəni, hazırkı ərizə məhkəmənin icraatına daxil olduqdan sonra vergi ödəyicisi Maraqlı şəxs 08 sentyabr 2022-ci il tarixə hesablanmış Dövlət Büdcəsinə olan 3592,21 (üç min beş yüz doxsan iki manat 21 qəpik) manat məbləğində vergi borcundan, Dövlət Sosial Müdafiə Fonduna olan 124,58 (yüz iyirmi dörd manat 58 qəpik) manat məbləğində borcundan və İcbari Tibbi Sığorta Fonduna olan 18,87 (on səkkiz manat 87 qəpik) manat məbləğində borcundan 12 oktyabr 2022-ci il tarixində ödənilməmiş cəmi 93,50 (doxsan üç manat 50 qəpik) manat məbləğində borcu qalmışdır. Ona görə də, vergi ödəyicisi olaraq Maraqlı şəxs (VÖEN **********) ödənilməmiş cəmi 93,50 (doxsan üç manat 50 qəpik) manat məbləğində borca görə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması - mütənasib və tətbiq edilməsi zəruri olan tədbir hesab edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyanın 28-ci maddəsinin 3-cü hissəsinə əsasən, qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. “Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 12-ci maddəsinə əsasən, hər hansı bir ölkənin ərazisində qanuni surətdə olan hər kəsin həmin ölkənin hüdudlarında sərbəst şəkildə yer dəyişmək və yaşayış yeri seçmək hüququ var; Hər bir insanın, öz ölkəsi də daxil olmaqla, hər hansı bir ölkəni tərk etmək hüququ var; Yuxarıda xatırlanan hüquqlar qanunda nəzərdə tutulan, dövlət təhlükəsizliyinin, ictimai asayişin, əhalinin sağlamlığının, yaxud mənəviyyatının, yaxud başqalarının hüquq və azadlıqlarının və bu Paktda tanınan hüquqlara uyğun digər hüquqların qorunması üçün zəruri olan məhdudiyyətlərdən başqa, məhdudiyyət obyekti ola bilməz; Heç kəs özbaşına öz ölkəsinə gəlmək hüququndan məhrum edilə bilməz. Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Komitəsinin Beynəlxalq Paktın 12-ci maddəsinə dair qəbul etdiyi 02 noyabr 1999-cu il tarixli 27 saylı X2 göstərilir ki, həmin maddə ilə təmin olunmuş hüquqlara aid icazə verilən məhdudiyyətlər hərəkət sərbəstliyi prinsipini sarsıtmamalıdır. Bu hüquqlara dair məhdudiyyətlərin məqbul sayılması üçün onlar qanunvericilikdə nəzərdə tutulmalı, demokratik cəmiyyətdə Paktın 12-ci maddəsinin 3-cü bəndində göstərilən məqsədlərə nail olmaq üçün zəruri olmalı və Paktda göstərilən bütün digər hüquqlara uyğun gəlməlidir. Dövlətlər Paktın 12-ci maddəsinin 3-cü bəndində icazə verilmiş məhdudiyyətləri əks etdirən qanunları qəbul edərkən, hər zaman bu məhdudiyyətlərin nəzərdən keçirilən hüququn mahiyyətinə toxunmaması prinsipini rəhbər tutmalıdırlar. Məhdudlaşdırıcı tədbirlər mütənasiblik prinsipinə uyğun gəlməlidir; onlar müdafiə funksiyalarının yerinə yetirilməsi üçün yararlı olmalıdır; arzu edilən nəticəyə gətirib çıxara bilən bütün vasitələr sırasında onlar ən az məhdudlaşdırıcı vasitə olmalı və müdafiə olunan maraqlarla mütənasib olmalıdır. Mütənasiblik prinsipinə təkcə müvafiq məhdudiyyətin nəzərdə tutulduğu qanunvericilikdə deyil, həmçinin həmin qanunvericiliyin tətbiq edilməsi prosesi çərçivəsində inzibati və məhkəmə hakimiyyəti orqanlarında da əməl olunmalıdır. İnsan Hüquqlarının və X1 haqqında Konvensiyaya dair 4 saylı Protokolun 2-ci maddəsinə əsasən, qanuni əsaslarla hər hansı dövlətin ərazisində olan hər kəsin həmin ərazidə sərbəst hərəkət etmək və özünə yaşayış yeri seçmək hüququ vardır. Hər kəs öz ölkəsi də daxil olmaqla, hər hansı ölkəni tərk etməkdə azaddır. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq üçün, cinayətlərin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa, heç bir məhdudiyyət qoyula bilməz. Beləliklə də, yuxarıda qeyd olunanlarla müəyyən edilir ki, hazırkı ərizədə qeyd olunan Dövlət Büdcəsinə olan 3592,21 (üç min beş yüz doxsan iki manat 21 qəpik) manat məbləğində vergi borcunun, Dövlət Sosial Müdafiə Fonduna olan 124,58 (yüz iyirmi dörd manat 58 qəpik) manat məbləğində borcun və İcbari Tibbi Sığorta Fonduna olan 18,87 (on səkkiz manat 87 qəpik) manat məbləğində borcun cəmi 93,50 (doxsan üç manat 50 qəpik) manat hissəsinin ödənilməməsi ilə əlaqədar vergi ödəyicisi olaraq Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması - əsassız və qeyri-mütənasib tədbir olardı. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər İdarəsi tərəfindən xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı verilmiş "ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması" barədə ərizə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 305, 355-5, 355-6, 355-7, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı verilmiş "ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması" barədə ərizə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-1880/2022
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1880/2022
12.10.2022 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver