Məhkəmə qərarları › İş №e-2-2(119)-189/2020

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-189/2020

16.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-189/2020 16.09.2020 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X4 qızının katibliyi, iddiaçı “Azərbaycan X3” X1 nümayəndəsi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nümayəndə iştirakı ilə, iddiaçı “Azərbaycan X3” X1 Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «Azərbaycan X3” X2 “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı «Azərbaycan X3” MMC ilə Cavabdeh arasında imzalanmış xx xxxxx 2018-ci il tarixli “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” müqaviləyə əsasən əvəzsiz istifadəyə verilmiş DD markalı soyuducunun dəyərinin iki misli həcmində, yəni 3000 (üç min) ABŞ dolları məbləğində və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun cavabdehdən məcburi qaydadatutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “Azərbaycan X3” X2 ilə Cavabdeh arasında imzalanmış xx xxxxx 2018-ci il tarixli “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” Müqaviləyə əsasən dəyəri 1500 (min beş yüz) ABŞ dolları olan DD markalı 1 (bir) ədəd soyuducu “Azərbaycan X3” MMC tərəfindən istehsal və satışı təşkil edilmiş məhsulların cavabdeh tərəfindən sərinləşdirilib satılmasının təmin edilməsi məqsədilə Cavabdeh əvəzsiz istifadəyə verilmişdir. İstifadəyə verilmiş əmlak üçün istifadə haqqı tələb edilməmişdir. Müqavilənin 2.9-cu bəndinə əsasən “İstifadəyəverən” istifadəyə verilən əmlakı istənilən vaxt geri tələb edə bilər. Belə tələb irəli sürüldükdən sonra 3 gün ərzində “İstifadəçi” əmlakı geri qaytarmadıqda və ya Müqavilənin 2.1.2-ci bəndinin tələblərinə uyğun olmayan şəkildə geri qaytardıqda “İstifadəyəverən”in əmlakın 2 misli həcmində cərimə tələb etmək hüququ yaranır. Müqavilənin 2.7-ci bəndinə əsasən müqaviləyə istənilən səbəbdən xitam verildikdə, “İstifadəçi” əmlakın normal köhnəlməsini nəzərə alaraq 3 (üç) gün ərzində geri qaytarılmasını təmin edir. Əmlakın göstərilən müddət ərzində təhvilini təmin etmədikdə, əmlakın dəyərinin 2 misli həcmində “İstifadəyəverən”ə cərimə ödəməlidir. Həmin Müqavilənin 4.2-ci bəndində göstərilmişdir ki, “İstifadəyəverən” tərəfindən əmlakın geri verilməsi haqqında tələbi irəli sürülənədək Müqavilə qüvvədədir. Qeyd olunan soyuducu uzun müddət cavabdehin əvəzsiz istifadəsində olmuşdur. Lakin, iddiaçı tərəfindən Cavabdeh müqavilə predmeti olan soyuducunun qaytarılması tələb edilsə də, cavabdeh tərəfindən soyuducunun qaytarılması ilə bağlı hər hansı addım atılmamışdır. Bununla bağlı olaraq Cavabdeh pretenziya məktubu ilə rəsmi qaydada müraciət olunaraq, həmin məktubda xx xxxxx 2018-ci il tarixli “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” Müqaviləyə xitam verildiyi və soyuducunun 3 (üç) gün ərzində iddiaçı təşkilata qaytarılması tələb olunmuşdur. Həmin məktubda soyuducu qaytarılmadığı təqdirdə müqavilə üzrə nəzərdə tutulmuş cərimənin ödənilməsi ilə bağlı qanunauyğun tədbirlər görüləcəyi cavabdehin diqqətinə çatdırılmışdır. Pretenziya məktubu cavabdeh tərəfindən qəbul edilməsinə baxmayaraq, bugünə qədər Cavabdeh üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirməmiş və iddiaçı “Azərbaycan X3” MMC-nin əmlakı olan soyuducunu bu günə kimi qaytarmamış və qanunsuz olaraq özündə saxlayaraq özgəninkiləşdirmişdir. Bütün bu halları nəzərə alaraq iddiaçı pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçı «Azərbaycan X3” X1 nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və iddiaçı “Azərbaycan X3” X2 ilə Cavabdeh arasında imzalanmış xx xxxxx 2018ci il tarixli “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” müqaviləyə əsasən əvəzsiz istifadəyə verilmiş DD markalı soyuducunun dəyərinin iki misli həcmində, yəni 3000 ABŞ dolları məbləğində pulun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən məcburi qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx xxxxx 2018-ci il tarixli “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” müqavilənin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, "Azərbaycan X3” X2 – “İstifadəyəverən” və Cavabdeh (VÖEN **********) – “İstifadəçi” olmaqla bağlanmış xx xxxxx 2018-ci il tarixli “Soyuducuların əvəzsiz istifadəyə verilməsi” haqqında Müqaviləyə əsasən “İstifadəyəverən” mülkiyyətində olan reklam xarakterli soyuducunu - 1500 ABŞ dolları dəyərində olan 1 ədəd DD markalı soyuducunu “İstifadəçi”yə əvəzsiz istifadəyə vermiş və istifadəyə verilmiş soyuducu üçün heç bir formada istifadə haqqı tələb edilməmişdir. Həmin Müqavilənin 2.1.2-ci bəndinə əsasən, istifadəyə verilən soyuducu istifadə üçün yararlı, əmtəə görkəmli, heç bir xəsarəti olmayan əmlak olaraq “İstifadəçi”yə təslim edilməlidir. Həmin Müqavilənin 2.7-ci bəndinə əsasən, Müqaviləyə istənilən səbəbdən xitam verildikdə, “İstifadəçi” soyuducunu qəbul etdiyi vəziyyətdə onun normal köhnəlməsini nəzərə alaraq, 3 (üç) gün ərzində geri qaytarılmasını təmin edir. “İstifadəçi” soyuducunun göstərilən müddət ərzində təhvilini təmin etmədikdə, soyuducunun dəyərinin 2 misli həcmində “İstifadəyəverən”ə cərimə ödəməlidir. Həmin Müqavilənin 2.9-cu bəndinə əsasən, “İstifadəyəverən” istifadəyə verilən əmlakın istənilən vaxt geri qaytarılmasını tələb edə bilər. Belə tələb irəli sürüldükdən sonra 3 gün ərzində “İstifadəçi” tərəfindən əmlak geri qaytarılmadıqda və ya 2.1.2-ci maddənin tələblərinə uyğun olmayan vəziyyətdə geri qaytardıqda “İstifadəyəverən”in əmlakın dəyərinin 2 misli həcmində cərimə tələb etmək hüququ yaranır. Həmin Müqavilənin 4.2-ci bəndinə əsasən, Müqavilə imzalandığı andan qüvvəyə minir və “İstifadəyəverən” tərəfindən soyuducunun geri verilməsi haqqında tələb irəli sürülənədək qüvvədədir. İş materiallarında olan “İstifadəyəverən” (iddiaçı) “Azərbaycan X3” MMC tərəfindən “İstifadəçi” (cavabdeh) Cavabdeh ünvanlanmış xx xxxxxx 2019-cu il tarixli 275 nömrəli məktubdan görünür ki, xx xxxxxx 2019-cu ildə “İstifadəçi”yə qarşı dəyəri 1500 ABŞ dolları olan 1 ədəd DD markalı soyucudunun “İstifadəyəverən”ə geri qaytarılması haqqında tələb irəli sürülmüşdür (həmin məktub xx xxxxxx 2019-cu ildə “İstifadəçi”yə təqdim edilmişdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 732-ci maddəsinə əsasən, əvəzsiz istifadə müqaviləsinə görə, hər hansı əşyanı kirayəyə verən onu kirayəçinin istifadəsinə verməyi öhdəsinə götürür, kirayəçi isə həmin əşyanı kirayəyə verənə qaytarmağı öhdəsinə götürür, özü də bu öhdəlikləri iştirakçılar əvəzsiz icra etməlidirlər. Həmin Məcəllənin 735-ci maddəsinə əsasən, kirayəçinin əvəzsiz istifadəyə götürdüyü əşyadan müqavilədə göstəriləndən savayı, başqa təyinatla istifadə etməsinə icazə verilmir. Kirayəyə verənin icazəsi olmadan onun həmin əşyanı üçüncü şəxslərin istifadəsinə vermək hüququ yoxdur. Həmin Məcəllənin 736-cı maddəsinə əsasən, kirayəçi əvəzsiz istifadəyə götürdüyü əşyanı müqavilədə müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra qaytarmağa borcludur (maddə 736.1). Əgər əvəzsiz istifadə müddəti müəyyənləşdirilməyibsə, kirayəçi əşyanı əvəzsiz istifadə məqsədlərinə uyğun istifadə etdikdən sonra qaytarmalıdır. Əgər kirayəçinin əşyadan istifadə edə bilməsi üçün yetərli olan müddət bitərsə, kirayəyə verən əşyanın daha əvvəl qaytarılmasını tələb edə bilər (maddə 736.2). Əgər kirayə müddəti müəyyənləşdirilməyibsə, yaxud əvəzsiz istifadə məqsədlərinə əsasən onu müəyyənləşdirmək mümkün deyildirsə, kirayəyə verən əvəzsiz istifadəyə götürülmüş əşyanın qaytarılmasını istənilən vaxt tələb edə bilər (maddə 736.3). Yuxarıda təsvir olunanlarla müəyyən olunur ki, tərəflər arasında tərtib edilmiş xx xxxxx 2018-ci il tarixli “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” müqaviləyə əsasən“istifadəyəverən” «Azərbaycan X3” MMC tərəfindən 1500 ABŞ dollar dəyərində olan 1 ədəd DD markalı soyuducu “istifadəçi” Cavabdeh əvəzsiz istifadəsinə verilmişdir. Lakin, “istifadəyəverən” “Azərbaycan X3” MMC xx xxxxxx 2019-cu il tarixli məktubla istifadəyə verilən həmin əmlakın qaytarılmasını tələb etsə də, “istifadəçi” Cavabdeh həmin soyuducunu qaytarmamış və bununla da tərəflər arasında bağlanmış xx xxxxx 2018-ci il tarixli Müqavilə üzrəyaranmış “əmlakın qaytarılması” barədə öhdəliyini yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Beləliklə də, təsvir olunanlara əsasən müəyyən olunur ki, iddiaçı (“istifadəyəverən”) “Azərbaycan X3” MMC hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxx 2018-ci il tarixli “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” müqavilənin şərtlərinə uyğun olaraq cərimə kimi müəyyən edilmiş qaytarılmayan 1500 ABŞ dolları dəyərində soyuducunun dəyərinin 2 (iki) misli həddində hesablanmış 3000 ABŞ dolları (1500 ABŞ dolları x 2) məbləğində pulun cavabdeh “istifadəçi” Cavabdeh tutulması tələb olunur. Yəni, cavabdehdən tələb olunan pul vəsaiti Müqavilə şərtlərinə əsasən cərimə kimi müəyyən edilmiş pul vəsaitidir. Bu halda isə məhkəmə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərinə əsasən yüksək dəbbə pulunu (cəriməni və ya penyanı) azalda bilər. Ona görə də, həmin maddənin tələblərinə əsasən məhkəmə hesab edir ki, xx xxxxx 2018-ci ildə 1500 ABŞ dolları dəyərində qiymətləndirilərək əvəzsiz istifadəyə verilmiş soyuducunun uzun müddət istifadə olunduqdan sonra qaytarılmamasına görə “3000 ABŞ dolları məbləğində cərimənin” tələb edilməsi tənasübsüz surətdə yüksək dəbbə pulunun hesablanmasıdır və bu səbəbdən də, həmin cərimə məbləği azaldılaraq, cavabdehdən soyuducunun məlum Müqavilədə qeyd olunan dəyəri həddində, yəni 1500 ABŞ dolları məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinə əsasən, pul öhdəliyi manatla ifadə edilməlidir. Həmin Məcəllənin 439.2-ci maddəsinə əsasən, əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən,hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə də, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və Cavabdeh (VÖEN **********) ödəniş anında Azərbaycan manatının məzənnəsi ilə 1500 (min beş yüz) ABŞ dolları məbləğində pul vəsaiti tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Eləcə də, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 30 (otuz) manat məbləğində dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh (VÖEN **********) ödəniş anında Azərbaycan manatının məzənnəsi ilə 1500 (min beş yüz) ABŞ dolları məbləğində pul vəsaiti və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçı “Azərbaycan X3” X1 xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar