Məhkəmə qərarları › İş №e-2-2(119)-191/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-191/2025

28.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-191/2025 28.02.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Məmmədova Nərminə İdris qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı tərəfindən Cavabdehnə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdehnə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 33116,7 (otuz üç min yüz on altı manat, yetmiş qəpik) manat məbləğində borc, ödənilmiş 197,76 (yüz doxsan yeddi manat, yetmiş altı qəpik) manat məbləğində dövlət rüsumunun və hüquqi xidmətin göstərilməsi ilə bağlı 330 (üç yüz otuz) manat məbləğində pul vəsaitinin əvəzinin iddiaçının xeyrinə tutulması, eyni zamanda 23 avqust 2024-cü il tarixdən ödənilməmiş 33116,7 (otuz üç min yüz on altı manat, yetmiş qəpik) manat pula görə gecikdirilmiş vaxt üçün məhkəmə qətnaməsi tam icra olunduğu tarixə Azərbaycan Respublikası Mərkəzi Bankının bank uçot dərəcəsinin 7.5% olmasını əsas götürməklə icra şöbəsi tərəfindən faiz məbləğinin hesablanaraq İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 31 iyul 2024-cü il tarixli 2024 (00172) nömrəli nəqliyyat ekspedisiyası müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə yaranan bütün öhdəliklər iddiaçı tərəfindən tam şəkildə və vaxtlı-vaxtında icra edilməsinə baxmayaraq, cavabdeh tərəfindən müvafiq ödənişlər lazımınca yerinə yetirilməmişdir. Cavabdehə göstərilmiş xidmətlərin ümumi dəyəri 118116,68 manat təşkil etmiş, cavabdeh həmin xidmətlər üzrə 85000 manat məbləğində ödəniş həyata keçirmişdir. Borcun ödənilməsi ilə bağlı dəfələrlə cavabdehə edilən müraciətlərə baxmayaraq, daşıma haqqının ödənilməsi gecikdirilmiş və icra edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materialları: İş materiallarında olan tərəflər arasında bağlanmış 31 iyul 2024-cü il tarixli 2024 (00172) nömrəli nəqliyyat ekspedisiyası müqaviləsinə əsasən, bu müqavilə və bu müqavilənin ayrılmaz hisssini təşkil edən müvafiq əlavələrə əsasən daşıyıcı (İddiaçı MMC) yükü hər yükə görə tərtib olunmuş beynəlxalq əmtəə yük qaiməsində göstərilən şəhərdən (ölkədən) digər şəhərə (ölkəyə) daşımağı, sifarişçi (Cavabdeh MMC) isə daşıyıcıya yükləmədən sonra əlavədə göstərilən müddət ərzində daşıma haqqını tam ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 5.3-cü bəndinə əsasən, yükün daşıyıcıya təhvili üç nüsxədə tərtib olunmuş qaimə (nəqliyyat növündən aslı olaraq) ilə rəsmiləşdirilir. Qaimənin birinci nüsxəsi sifarişçidə, ikinci nüsxəsi daşıyıcıda qalır, üçüncü nüsxəsi isə malı müşayiət edir. Həmin müqavilənin 8.1-ci bəndinə əsasən, daşıyıcının sifarişçidən daşıma haqqını tələb etmək, eləcə də daşıma haqqını vaxtında ala bilmədikdə itirdiyi və çəkdiyi xərcləri tələb edib almaq hüququ vardır. Həmin müqavilənin 9.2-ci bəndinə əsasən, yükün daşınmasına görə daşıyıcıya bu müqavilə ilə müəyyən edilmiş daşıma haqqını vaxtında ödəmək, gecikmələr olduqda itirilmiş və çəkilmiş xərcləri ödəmək sifarişçinin vəzifəsidir. Həmin müqavilənin 10.1-ci bəndinə əsasən, sifarişçi yükün daşınmasına görə hər yük üçün tərtib olunmuş və imzalanmış qaimədə və əlavədə göstərilən yüklənmə və boşaltma məntəqələrinə uyğun olaraq hər nəqliyyat vasitəsinin yükünə görə haqq ödəyir. Həmin müqavilənin 10.2-ci bəndinə əsasən, ödənişin icra edilməsi öncədən avans olaraq razılaşdırıldığı halda daşıyıcı tərəfindən hesab-faktura təqdim olunduqdan sonra yükün nəqliyyat vasitəsinə yüklənməsi tarixinə kimi sifarişçi tərəfindən icra edilməlidir. Həmin müqavilənin 10.3-cü bəndinə əsasən, ödənişin icra edilməsi iş və xidmətlərin təhvil verilməsindən sonra (yükün təyinat məntəqəsinə çatdırılması tarixi) razılaşdırıldığı halda ödəniş daşıyıcı tərəfindən elektron qaimə təqdim olunduqdan sonrakı 30 (otuz) iş günü ərzində sifarişçi tərəfindən icra edilməlidir. Həmin müqavilənin 10.7-ci bəndinə əsasən, bu müqavilə üzrə nəzərdə tutulan xidmət haqqının və ya cərimələrin tam həyata keçirilməsinədək olan dövr ərzində xidmət haqqının ifadə olunduğu valyutanın xarici valyutaya (ABŞ dolları, Avro və s.) görə olan rəsmi valyuta məzənnələrinə əsasən hesab fakturanı və ya elektron qaimə-fakturanı sifarişçiyə təqdim edir və sifarişçi həmin qaimə-faktura üzrə xidmət haqqını daşıyıcıya ödəyir. İş materiallarında olan hər biri tərəflərin nümayəndələri tərəfindən imzalanmış və hüquqi şəxslərin möhürləri ilə möhürlənmiş xx.xx.2024-cü il tarixli ********** nömrəli, xx.xx.2024-cü il tarixli ********** nömrəli, xx.xx.2024-cü il tarixli ********** nömrəli, xx.xx.2024-cü il tarixli ********** nömrəli, xx.xx.2024-cü il tarixli ********** nömrəli, xx.xx.2024-cü il tarixli ********** nömrəli, xx.xx.2024-cü il tarixli ********** nömrəli, xx.xx.2024-cü il tarixli ********** nömrəli, xx.xx.2024-cü il tarixli ********** nömrəli, xx.xx.2024-cü il tarixli ********** nömrəli və xx.xx.2024-cü il tarixli ********** nömrəli təhviltəslim aktlarından görünür ki, iddiaçı tərəfindən cavabdehə göstərilmiş xidmətlərin ümumi dəyəri 118116,68 manat təşkil edir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə ümumilikdə 118116,68 manat məbləğində xidmətlərin göstərilməsi ilə əlaqədar 23 avqust 2024-cü il tarixli MT2408 seriyalı 11472514 nömrəli, 23 avqust 2024-cü il tarixli MT2408 seriyalı 11474389 nömrəli, 23 avqust 2024-cü il tarixli MT2408 seriyalı 11477721 nömrəli, 23 avqust 2024-cü il tarixli MT2408 seriyalı 11470196 nömrəli, 23 avqust 2024-cü il tarixli MT2408 seriyalı 11468741 nömrəli, 23 avqust 2024-cü il tarixli MT2408 seriyalı 11472265 nömrəli, 23 avqust 2024-cü il tarixli MT2408 seriyalı 11469733 nömrəli, 07 noyabr 2024-cü il tarixli MT2409 seriyalı 10758239 nömrəli, 07 noyabr 2024-cü il tarixli MT2409 seriyalı 10758636 nömrəli, 07 noyabr 2024-cü il tarixli MT2409 seriyalı 10758466 nömrəli və 07 noyabr 2024-cü il tarixli MT2409 seriyalı 10758815 nömrəli elektron qaimə-fakturalar təqdim edilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, cavabdeh "LOGİSTİKA FRUİTS EXPORT” MMC-nin İddiaçı MMC-yə 05 fevral 2025-ci il tarixinə ödəməli olduğu borcunun məbləği 33116,7 manat təşkil edir. İş materiallarında olan hesabdan çıxarış sənədindən görünür ki, cavabdeh tərəfindən 23 avqust 2024-cü il tarixdə 17000 manat, 03 sentyabr 2024-cü il tarixdə 34000 manat və 18 sentyabr 2024-cü il tarixdə 34000 manat olmaqla, ümumilikdə 85000 manat məbləğində pul vəsaiti iddiaçının "xxxx" Açıq Səhmdar Cəmiyyətində olan bank hesabına ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 850.1-ci maddəsinə əsasən, yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Məhkəmənin mövqeyi: Yuxarıda təsvir olunanlara əsasən müəyyən edilir ki, daşıyıcı İddiaçı MMC ilə sifarişçi "LOGİSTİKA FRUİTS EXPORT” MMC arasında 31 iyul 2024-cü il tarixli 2024 (00172) nömrəli nəqliyyat ekspedisiyası müqaviləsi bağlanmış və daşıyıcı qismində çıxış edən iddiaçı tərəfindən sifarişçi qismində çıxış edən cavabdeh üçün müxtəlif vaxtlarda mallar daşınmaqla xidmətlər göstərilmişdir. Göstərilmiş xidmətlərin ümumi dəyəri 118116,68 manat təşkil etmiş, bu xidmətlərə görə cavabdeh tərəfindən iddiaçıya, ümumilikdə 85000 manat məbləğində ödəniş edilsə də, qalan 33116,7 manat ödənilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin cavabdehdən 33116,7 manat məbləğində borcun iddiaçının xeyrinə tutulması hissəsi əsaslıdır və təmin edilməlidir. Məhkəmə iddia tələbinin “ödənilməmiş borca görə gecikdirilmiş vaxt üçün məhkəmə qətnaməsi tam icra olunduğu tarixə Azərbaycan Respublikası Mərkəzi Bankının bank uçot dərəcəsinin 7.5% olmasını əsas götürməklə icra şöbəsi tərəfindən faiz məbləğinin hesablanaraq iddiaçının xeyrinə tutulması” hissəsi ilə bağlı qeyd edir ki, tələbin həmin hissədə əsaslılığı müəyyən olunmadığı üçün təmin edilməməlidir. Eyni zamanda, nəzərə alınmalıdır ki, mülki-prosessual qanunvericiliyə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddia təmin edilərkən məhkəmə əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərməlidir (Mülki Prosessual Məcəllə 222.2-ci maddə). Bundan əlavə, iddia tələbinin hüquqi yardımın göstərilməsi ilə bağlı ödənilmiş 330 manat məbləğində pulun əvəzinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə hissəsinə gəldikdə, iş materiallarına əlavə edilmiş ödəniş qəbzi ilə müəyyən edilir ki, iddiaçı tərəfindən nümayəndəsinin hesabına 330 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Mülki Prosessual Məcəllənin 115.0.6-cı maddəsinə əsasən, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərin sırasına aiddir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbinin bu hissəsi təmin edilməli, iddiaçı tərəfindən vəkilin göstərdiyi yardıma görə ödənilmiş 330 manat məbləğində pul vəsaitinin əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bunlardan başqa, iddia tələbinin 197,76 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə hissəsinə gəldikdə, məhkəmə hesab edir ki, iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq hesablanmış 189,35 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda, dövlət rüsumunun məbləği 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi təşkil edir. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və cavabdehdən 33116,7 manat məbləğində borc, hüquqi yardımla bağlı ödənilmiş 330 manat məbləğində xidmət haqqının və 189,35 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 33636,05 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdehndən 33116,7 (otuz üç min yüz on altı manat, yetmiş qəpik) manat məbləğində borc, hüquqi yardımla bağlı ödənilmiş 330 (üç yüz otuz) manat məbləğində xidmət haqqının, 189,35 (yüz səksən doqquz manat, otuz beş qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 33636,05 (otuz üç min altı yüz otuz altı manat, beş qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar