Məhkəmə qərarları › İş №e-2-2(119)-1916/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1916/2024

31.10.2024 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1916/2024 31.10.2024 Sumqayıt Kommersiya Məhkəməsi Açar sözlər: ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Əliyev İslam Əli oğlunun sədrliyi, Novruzzadə Türkan Hüseyn oğlunun katibliyi ilə, ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı verilmiş "ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması" barədə ərizəyə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları

1. Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 3 saylı Ərazi Vergilər İdarəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizə ilə məhkəməyə müraciət edərək 11 oktyabr 2024-cü il tarixinə hesablanmış dövlət büdcəsinə olan 4185,85 (dörd min yüz səksən beş manat 85 qəpik) manat məbləğində vergi borcu, Dövlət Sosial Müdafiə Fonduna olan 126,95 (yüz iyirmi altı manat 95 qəpik) manat, İcbari Tibbi Sığorta Fonduna olan 37,86 (otuz yeddi manat 86 qəpik) manat və İşsizlikdən Sığorta Fonduna olan 4,68 (dörd manat 68 qəpik) məbləğində borcun ödənilməsini təmin etmək üçün vergi ödəyicisi – 14 oktyabr 1974-cü il təvəllüdlü Maraqlı şəxs (VÖEN:**********) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Maraqlı şəxs “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə etiraz ərizəsi verərək bildirmişdir ki, borc kimi yaranmış ümumilikdə 4355,34 manat pul məbləğinin qarşılığında borcdan əlavə hesablanmış faiz, dəbbə, sanksiya və s. Maraqlı şəxs tərəfindən tam olaraq ödənilmiş və bu barədə ərizəçi tam məlumatlıdır. Borc məbləği tam ödənilsə də ərizəçi indiyədək əsassız ərizəsini məhkəmədən geri götürməmişdir. Bu isə hüquq pozuntusudur. Çünki, tam ödənilmiş borca görə ərizəçi tərəfindən əsassız olaraq maraqlı şəxsin konstitusion hüquqlarının məhdudlaşdırılması ilə bağlı tələb edilməsi Qanunun aliliyinə kölgə salan hal kimi qiymətləndirilməlidir. Qeyd edilənlərə əsaslanaraq, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və tələb üçün əsas kimi göstərilən borcun tam ödənilməsini nəzərə alaraq ərizəçinin ərizəsinin rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir.

3. Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 3 saylı Ərazi Vergilər İdarəsi isə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının ərizəçinin nümayəndəsinin iştirakı olmadan keçirilməsini və ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş "ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması" barədə ərizənin təmin edilməsi haqqında qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-7.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

4. Məhkəmə, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin olunmamalıdır.

5. Belə ki, maraq şəxs Maraqlı şəxs tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə təqdim edilmiş Rekvizitlərdən və Qəbzlərdən görünür ki, maraq şəxs Maraqlı şəxs tərəfindən xx.xx.2024-cü il tarixli 166OPX********** nömrəli Rekvizitə əsasən, 13.18 (on üç manat 18 qəpik) manat məbləğində pul vəsaiti İcbari Tibbi Sığorta Fonduna, xx.xx.2024-cü il tarixli 166OPX********** nömrəli Rekvizitə əsasən, 23.45 (iyirmi üç manat 45 qəpik) manat məbləğində pul vəsaiti Dövlət Sosial Müdafiə Fonduna, xx.xx.2024-cü il tarixli 166OPX********** nömrəli Rekvizitə əsasən, 24.68 (iyirmi dörd manat 68 qəpik) manat məbləğində pul vəsaiti İcbari Tibbi Sığorta Fonduna, xx.xx.2024-cü il tarixli 166OPX********** nömrəli Rekvizitə əsasən, 103.5 (yüz üç manat 50 qəpik) manat məbləğində pul vəsaiti Dövlət Sosial Müdafiə Fonduna, xx.xx.2024-cü il tarixli ********* nömrəli Qəbzə əsasən, 220 (iki yüz iyirmi) manat məbləğində pul vəsaiti dövlət büdcəsinə, xx.xx.2024-cü il tarixli 166OPX********** nömrəli Rekvizitə əsasən, 4609.82 (dörd min altı yüz doqquz manat 82 qəpik) manat məbləğində pul vəsaiti X1, xx.xx.2024-cü il tarixli ********* nömrəli Qəbzə əsasən, 7 (yeddi) manat məbləğində pul vəsaiti dövlət büdcəsinə, xx.xx.2024-cü il tarixli 166OPX12430234AB nömrəli Rekvizitə əsasən, 20.79 (iyirmi manat 79 qəpik) manat məbləğində pul vəsaiti Dövlət Sosial Müdafiə Fonduna ödənilmişdir.

Tətbiq edilən hüquq

6. Azərbaycan Respublikası Konstitusiyanın 28-ci maddəsinin 3-cü hissəsinə əsasən, qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər.

7. “Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 12-ci maddəsinə əsasən, hər hansı bir ölkənin ərazisində qanuni surətdə olan hər kəsin həmin ölkənin hüdudlarında sərbəst şəkildə yer dəyişmək və yaşayış yeri seçmək hüququ var; Hər bir insanın, öz ölkəsi də daxil olmaqla, hər hansı bir ölkəni tərk etmək hüququ var; Yuxarıda xatırlanan hüquqlar qanunda nəzərdə tutulan, dövlət təhlükəsizliyinin, ictimai asayişin, əhalinin sağlamlığının, yaxud mənəviyyatının, yaxud başqalarının hüquq və azadlıqlarının və bu Paktda tanınan hüquqlara uyğun digər hüquqların qorunması üçün zəruri olan məhdudiyyətlərdən başqa, məhdudiyyət obyekti ola bilməz; Heç kəs özbaşına öz ölkəsinə gəlmək hüququndan məhrum edilə bilməz.

8. Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Komitəsinin Beynəlxalq Paktın 12ci maddəsinə dair qəbul etdiyi 02 noyabr 1999-cu il tarixli 27 saylı X3 göstərilir ki, həmin maddə ilə təmin olunmuş hüquqlara aid icazə verilən məhdudiyyətlər hərəkət sərbəstliyi prinsipini sarsıtmamalıdır. Bu hüquqlara dair məhdudiyyətlərin məqbul sayılması üçün onlar qanunvericilikdə nəzərdə tutulmalı, demokratik cəmiyyətdə Paktın 12-ci maddəsinin 3-cü bəndində göstərilən məqsədlərə nail olmaq üçün zəruri olmalı və Paktda göstərilən bütün digər hüquqlara uyğun gəlməlidir. Dövlətlər Paktın 12-ci maddəsinin 3-cü bəndində icazə verilmiş məhdudiyyətləri əks etdirən qanunları qəbul edərkən, hər zaman bu məhdudiyyətlərin nəzərdən keçirilən hüququn mahiyyətinə toxunmaması prinsipini rəhbər tutmalıdırlar. Məhdudlaşdırıcı tədbirlər mütənasiblik prinsipinə uyğun gəlməlidir; onlar müdafiə funksiyalarının yerinə yetirilməsi üçün yararlı olmalıdır; arzu edilən nəticəyə gətirib çıxara bilən bütün vasitələr sırasında onlar ən az məhdudlaşdırıcı vasitə olmalı və müdafiə olunan maraqlarla mütənasib olmalıdır. Mütənasiblik prinsipinə təkcə müvafiq məhdudiyyətin nəzərdə tutulduğu qanunvericilikdə deyil, həmçinin həmin qanunvericiliyin tətbiq edilməsi prosesi çərçivəsində inzibati və məhkəmə hakimiyyəti orqanlarında da əməl olunmalıdır.

9. İnsan Hüquqlarının və X2 haqqında Konvensiyaya dair 4 saylı Protokolun 2-ci maddəsinə əsasən, qanuni əsaslarla hər hansı dövlətin ərazisində olan hər kəsin həmin ərazidə sərbəst hərəkət etmək və özünə yaşayış yeri seçmək hüququ vardır. Hər kəs öz ölkəsi də daxil olmaqla, hər hansı ölkəni tərk etməkdə azaddır. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq üçün, cinayətlərin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa, heç bir məhdudiyyət qoyula bilməz.

10. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

11. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

12. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

13. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

14. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

15. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, vergi ödəyicisi olan Maraqlı şəxs məcburi dövlət ödənişləri üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirdiyindən ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 3 saylı Ərazi Vergilər İdarəsinin ərizəsi təmin edilməsin.

16. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 305, 355-5, 355-6, 355-7, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı verilmiş "ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması" barədə ərizə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən İslam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar