Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-1921/2021 17.12.2021 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Məmmədov Zahid Tahir oğlu, iddiaçı “X2. San. Ltd.” Şirkətinin cavabdeh “TAC METAL" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair iddia ərizəsini və əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN E T D İ: İddiaçı cavabdehə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi Mülki-Prosessual Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Məhkəmə iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri tədqiq edib hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddiaçı tərəfindən iddia ərizəsinin forması və məzmununa dair Mülki- Prosessual Məcəlləsinin 149-cu maddəsinin tələblərinə əməl edilməmişdir. Belə ki, Mülki- Prosessual Məcəllənin 149.2.2-ci maddəsinə əsasən iddia ərizəsində iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməli olduğu halda hazırkı iş üzrə iddiaçının nümayəndəsi tərəfindən elektron qaydada imzalanmış iddia ərizəsində həmin məlumatlar tam göstərilməmişdir. Bundan əlavə, iddiaçı tərəfindən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər cavabdehə göndərilməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 150.1.4 maddənə əsasən bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə olunmalıdır. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən mübahisənin pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd də cavabdehə Mülki Prosessual Məcəllənin 150.2-ci maddəsində müəyyən edilmiş qaydaya uyğun şəkildə göndərilməmişdir. Belə ki, Mülki Prosessual Məcəllənin “İddia ərizəsinə əlavə edilən sənədlər” adlanan 150-ci maddəsinə 01.10.2021-ci ildən qüvvəyə minmiş qanunla edilmiş dəyişikliklərə əsasən həmin Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməlidir. Həmin Məcəllənin 150.2-ci maddəsinə əsasən isə kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Həmçinin məhkəmə bildirir ki, Mülki Prosessual Məcəllənin 149.2.4-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat iddia ərizəsində göstərilməlidir. Lakin, iddia ərizəsinin məzmununda mediasiya prosesində iştirakla bağlı tələbə riayət edilməsinə dair məlumat göstərilməmişdir. Eyni zamanda iddia ərizəsinə İddiaçı “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə”03.12.2021-ci il tarixli arayış əlavə edilsə də, arayışın məzmunundan görünür ki, həmin arayış iddiaçı “X2. San. Ltd.” Şirkətinin deyil, “X1” MMC-nin təmsilçisinin və cabadehin təmsilçisinin ilkin mediasiya sesiyasında iştirak etmələrini təsdiqləyir. Belə olan halda “X1”nun təmsilçisinin hansı əasla iddiaçı “X2. San. Ltd.” Şirkətinin adından ilkin mediasiya sesiyasında iştirak etməsi də iddiaçı tərəfindən dəqiqləşdirilməli, əgər mövcuddursa bu barədə müvafiq sənədlər iddia ərizəsinə əlavə edilməlidir. Mülki Prosessual Məcəllənin 152.1.1-ci maddsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, 152.1.4-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə, 152.1.6-ci maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd, 152.1.6-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda qeyd edilənlərdən əlavə olaraq məhkəmə iddiaçının diqqətinə çatdırmağı zəruri hesab edir ki, iddia ərizəsinə əlavə edilmiş 20.05.2019-cu il tarixdə İstanbul şəhərində imzalanmış müqavilənin mətnindən görünür ki, tərəflər həmin müqavilənin icrasından irəli gələcək istənilən mübahisə və iddialarn İstanbul Məhkəmələri tərəfindən həll ediləcəyi barədə razılığa gəlmişlər. Mülki-Prosessual Məcəlləsinin 40.2-ci maddəsinə tərəflər öz aralarındakı saziş ilə işin ərazi aidiyyətini dəyişdirə bilərlər. Saziş yazılı şəkildə ifadə olunmalıdır. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən saziş tərəflər arasında gələcəkdə baş verə biləcək konkret mübahisə ilə bağlı əvvəlcədən, habelə məhkəmənin icraatında olan müəyyən məhkəmə işi ilə bağlı həmin iş üzrə məhkəmənin hazırlıq iclası keçirilənədək bağlana bilər. Qeyd edilən maddənin tələbləri baxımından məhkəmə mübahisənin aidiyyəti ilə bağlı məsələlərin də iddiaçı tərəfindən nəzərə alınmalı olduğunu bildirir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-152, 263, 264, 267-268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA A L D İ: İddia ərizəsi geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zahid Məmmədov
Məhkəmə qərarları › İş №e-2-2(119)-1921/2021
Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-1921/2021
17.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver