Məhkəmə qərarları › İş №e-2-2(119)-1922/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1922/2025

18.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1922/2025 18.12.2025 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Quliyeva Aynur Pərviz qızının katibliyi, İddiaçı1 nümayəndəsi Nümayəndə1, Cavabdeh nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı1 Cavabdehnə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı1 Cavabdehnə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 31 yanvar 2023-cü il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt əsasında Cavabdeh tərəfindən hesablanmış 1620 (min altı yüz iyirmi) manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh əməkdaşları İddiaçı1 sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu Xaçmaz rayonu, Atatürk küçəsində yerləşən qeyri-yaşayış obyektində olan sayğacı yerindən çıxartmaqla dövlət yoxlamasına göndərmişlər. Bir müddət keçdikdən sonra məlum olmuşdur ki, iddiaçıya bununla bağlı cərimə yazılmışdır. Guya ki, İddiaçı1 sayğaca müdaxilə etmişdir və buna görə də sayğac işləmir. Lakin İddiaçı1 tərəfindən sayğaca heç bir müdaxilə olunmamışdır. Daha sonra “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 31 yanvar 2023-cü il tarixli ******* nömrəli akt tərtib edilərək sayğaca müdaxilə olunduğu qeyd edilmişdir. “Dəymiş ziyanın bərpasına dair tələbnaməyə” əsasən itirilmiş qazın miqdarı 6480 m3 həcmində müəyyən edilmiş, 1620 manat borc hesablanmışdır. Cavabdeh 13 oktyabr 2025-ci il tarixdə məhkəməyə etiraz təqdim edərək İddiaçı1 tərəfindən verilmiş iddianın rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, “Azəriqaz“ X2 RQİİ-nin Xaçmaz xidmət sahəsində qeyri-əhali abonenti kimi qeydiyyatda olan Xaçmaz şəhəri, Atatürk küçəsində yerləşən kafenin sahibi, sahibkarlıq fəaliyyəti ilə məşqul olan fiziki şəxs X3 əhaliyə ictimai iaşə xidməti göstərmək üçün qazpaylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsi əsasında təbii qazdan istifadə edir. İstifadə olunan təbii qazın həcmi müvafiq ölçü cihazları ilə iki tərəfli qaydada müəyyən edilir. İstifadə olunan təbii qazın dəyərinin vaxtında ödənilməsi barədə tərəf üzərinə öhdəlik götürmüşdür. Lakin buna baxmayaraq cavabdeh müqavilə öhdəliklərinə əməl etməmişdir. Beləki, 19 dekabr 2022-ci il tarixdə “Azəriqaz“ İstehsalat Birliyinin işçiləri tərəfindən həmin obyektdə təbii qazın uçotu və TQİQ-na riayət olunmasına baxış keçirilən zaman cavabdehin istifadəsində olan obyektdə quraşdırılmış elster tipli G-6T markalı, 40379444 nömrəli qaz sayğacının “sol tərəfi şübhəli” olduğu müəyyən edilmiş, buna görə də sayğac xətdən açılaraq növbədənkənar dövlət yoxlamasına göndərilmişdir. Bu barədə tərtib edilmiş 19 dekabr 2022-ci il tarixli ******* nömrəli akt iddiaçının nümayəndəsi Nümayəndə1 tərəfindən heç bir irad bildirilmədən imzalanmışdır. Dövlət yoxlamasında sayğacın “plastmas qapağın yan tərəfində və daxili qulaqcıqlarda əzik-cızıq izlərinin olduğu” müəyyən edilmişdir. Bu rəy barədə 29 dekabr 2022-ci il tarixli, MS29/1640-03509 saylı akt daxil olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.3 bəndinə uyğun bağlanmış qazın alqı-satqısı haqqında müqavilənin 2.2.5-ci bəndinə əsasən qaz paylayıcı istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində, habelə abonentlə bağlanmış müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini istehlakçıdan tələb etmək hüququna malikdir. İddiaçı ilə bağlanmış “Qaz paylayıcı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” xx.xx.2021-ci il tarixli, AMX-5608/21 saylı müqavilənin 2.3.3-cü bəndinə əsasən sayğaca müdaxilə etməklə istismar etməklə qazdan istifadə qaydalarını təqsirli hərəkətləri ilə qəsdən pozmuşdur. Belə ki, “Qazdan istifadə Qaydaları”nın 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin kafenin sahibi X1 fəaliyyəti ilə məşqul olan fiziki şəxs olduğu üçün öz qaz sayğacının işlək vəziyyətdə saxlanmasına özü cavabdehdir. Həmin Qaydaların 6.5 bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayrılmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyinə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Buna görə də, X3 barəsində “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 31 yanvar 2023-cü il tarixli ******* nömrəli akt tərtib edilərək itirilmiş qazın bərpası üçün 6480 m3 və ya 1620 manat ziyan məbləği hesablanmışdır. Məhkəmə baxış iclasında iştirak edən iddiaçı İddiaçı1 qanuni nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə2 etirazın məzmununa uyğun izahat verərək məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini, etirazı və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 19 dekabr 2022-ci il tarixli ******* nömrəli akt görünür ki, 19 dekabr 2022-ci il tarixdə “Azəriqaz“ İstehsalat Birliyinin işçiləri tərəfindən İddiaçı1 məxsus Xaçmaz rayonu, Atatürk küçəsində yerləşən sahibkarlıq obyektinə təbii qazın uçotu və TQİQ-na riayət olunmasına dair baxış keçirilən zaman cavabdehin istifadəsində olan obyektdə quraşdırılmış elster tipli G-6 markalı, 40379444 nömrəli qaz sayğacının “sayğacın ekran qapağının sol tərəfi şübhəli” olduğu müəyyən edilmiş və sayğac xətdən açılaraq növbədənkənar dövlət yoxlamasına göndərilmişdir. İş materiallarında olan “Qeyri-əhali qaz sayğacının yoxlanması haqqında” 18 yanvar 2023-cü il tarixli MS-29/1640-03509 nömrəli aktdan görünür ki, Cavabdeh SOCAR**********31791640X03509 nömrəli 22 dekabr 2022-ci il tarixli məktubuna əsasən 23 dekabr 2022-ci il tarixində X5 İstismarı İdarəsindən dövlət yoxlamasına gətirilmiş “G6” markalı mexanika tipli qaz sayğacına 29 dekabr 2022-ci il tarixdə Metrologiya Departamenti tərəfindən baxış keçirilmiş və yoxlamanın nəticəsi kimi “plastmas qapağın yan tərəfində və daxili qulaqcıqlarında əzik-cızıq izləri var” qeyd olunmuşdur. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 31 yanvar 2023-cü il tarixli ******* nömrəli aktda dövlət yoxlamasına göndərilmiş G-6 markalı 40379444 nömrəli qaz sayğacın rəyə görə plastmas qapağın yan tərəfində və daxili qulaqcıqlarında əzik-cızıq izlərinin olduğu qeyd edilmiş, dəymiş ziyanın hesablanması tələb edilmişdir. İş materiallarında olan 31 yanvar 2023-cü il tarixli “Dəymiş ziyanın bərpasına dair” tələbnamədən görünür ki, 31 yanvar 2023-cü il tarixli ******* nömrəli akt əsasında “Qazdan istifadə qaydaları”nın 1.3-cü bəndinə uyğun olaraq bağlanılmış qazın alqı-satqısı barədə müqavilənin 2.2.6-ci bəndinə əsasən sayğacın nominal qaz sərfi 6 m3/saat orta günlük iş rejimi 12 saat və hesabat dövrü 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün 6x12x90=6480 m3 olaraq hesablanmış və həmin hesabatda itirilmiş qazın miqdarı 6480 m3 həcmində müəyyən edilmişdir. İş materiallarında olan abonent saldosundan görünür ki, 2023-ci ilin yanvar ayında akt əsasında İddiaçı1 məxsus Xaçmaz rayonu, Atatürk küçəsində yerləşən sahibkarlıq obyektinə (abonent kodu **********00010) 1620 manat məbləğində borc hesablanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: - 2.11-2-ci bəndinə əsasən qaz paylayıcısının səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə qaz paylayıcısının razılığı olmadan qazpaylayıcı şəbəkəyə sayğacdan kənar qoşulma hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. - 4.2-ci bəndinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir - 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh əməkdaşları tərəfindən iddiaçıya məxsus “G6” markalı mexanika tipli qaz sayğacı dövlət yoxlamasına aparılmış, sayğaca Metrologiya Departamenti tərəfindən 29 dekabr 2022-ci il tarixdə baxış keçirilmiş, yoxlamanın nəticəsində “plastmas qapağın yan tərəfində və daxili qulaqcıqlarında əzik-cızıq izləri var” kimi nöqsanlar aşkar olunaraq “Qeyri-əhali qaz sayğacının yoxlanması haqqında” 18 yanvar 2023-cü il tarixli MS-29/1640-03509 nömrəli akt tərtib edilmiş və həmin akta əsasən dəymiş ziyanın hesablanması qərara alınmaqla 31 yanvar 2023-cü il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilmişdir. Cavabdeh tərəfindən İddiaçı1 məxsus Xaçmaz rayonu, Atatürk küçəsində yerləşən sahibkarlıq obyektinə akta əsasən 1620 (min altı yüz iyirmi) manat borc hesablanmışdır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun: - 2.1-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. - 2.3-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. - 3.2-ci maddəsinə əsasən həmin Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. - 31.2-ci və 31.2.3-cü maddələrinə əsasən yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin: - 1.4-cü bəndinə əsasən Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. - 1.5-ci bəndinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. - 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi, dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması, dayandırılması və ya müddətinin artırılması barədə Reyestrdən çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Yoxlama çıxarışda göstərilən məlumatlara uyğun aparılır. İş materiallarında olan, cavabdeh tərəfindən iddiaçıya məxsus sahibkarlıq obyekti barəsində tərtib edilmiş və hazırda nəticəsi mübahisələndirilən aktdan müəyyən olunur ki, cavabdeh yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmişdir. Belə ki, cavabdeh tərəfindən aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməli, Cavabdeh tərəfindən İddiaçı1 məxsus Xaçmaz rayonu, Atatürk küçəsində yerləşən sahibkarlıq obyektinə (abonent kodu **********00010) “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 31 yanvar 2023-cü il tarixli ******* nömrəli akt əsasında hesablanmış 1620 (min altı yüz iyirmi) manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh tərəfindən İddiaçı1 məxsus Xaçmaz rayonu, Atatürk küçəsində yerləşən sahibkarlıq obyektinə (abonent kodu **********00010) 31 yanvar 2023-cü il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən hesablanmış 1620 (min altı yüz iyirmi) manat məbləğində borc silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı1 məxsus Xaçmaz rayonu, Atatürk küçəsində yerləşən sahibkarlıq obyektinə (abonent kodu **********00010) 31 yanvar 2023-cü il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən hesablanmış 1620 (min altı yüz iyirmi) manat məbləğində borc silinsin Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar