Məhkəmə qərarları › İş №e-2-2(119)-1932/2022

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1932/2022

24.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1932/2022 24.11.2022 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlu, İddiaçı tərəfindən Cavabdehnə qarşı verilmiş “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair kommersiya işinə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə sadələşdirilmiş icraat qaydasında Cavabdehnə qarşı “borcun tutulması” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən İddiaçı xeyrinə ƏDV daxil 1781,20 (bir min yeddi yüz səksən bir manat 20 qəpik) manat əsas borc, ƏDV daxil 2501,15 (iki min beş yüz bir manat 15 qəpik) manat faiz borcu və ödənilmiş 63 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmiş və ərizədə - həmin tələb satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh MMC arasında bağlanmış 29 sentyabr 2020-ci il tarixli alqı-satqı Müqaviləsinin şərtlərinin pozulması ilə əsaslandırılmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə, İddiaçı Cavabdehnə qarşı “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair kommersiya işinə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də, Mülki-Prossesual Qanunvericiliyin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehlərə göndərilmişdir. Məhkəmə, kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iddiaçının “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə təqdim etdiyi iddia ərizəsi və ona əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, satıcı İddiaçı (VÖEN **********) ilə alıcı Cavabdeh (VÖEN **********) arasında bağlanmış 29 sentyabr 2020-ci il tarixli “Alqı-satqı” Müqaviləsinin şərtlərinə uyğun olaraq satıcı İddiaçı (iddiaçı) tərəfindən alıcı Cavabdehnə (cavabdehə) müxtəlif adda məhsullar satılmışdır. İş materiallarında olan 29 sentyabr 2020-ci il tarixli “Alqı-satqı” Müqaviləsi üzrə tərtib edilmiş 22 aprel 2022-ci il tarixli Təhvil-Təslim Aktından görünür ki, 22 aprel 2022-ci ildə satıcı İddiaçı MMC tərəfindən alıcı Cavabdehnə ƏDV daxil cəmi 1781,20 manat (1509,49 manat malın dəyəri + 271,71 manat ƏDV) dəyərində qiymətləndirilmiş müxtəlif adda məhsullar təhvil verilmişdir. İş materiallarında olan 22 aprel 2022-ci il tarixli EBBV 006984 nömrəli Elektron Qaimə ilə müəyyən olunur ki, Müqavilə üzrə satıcı İddiaçı MMC tərəfindən alıcı Cavabdehnə ƏDV daxil cəmi 1781,20 (min yeddi yüz səksən bir manat 20 qəpik) manat (1509,49 manat malın dəyəri + 271,71 manat ƏDV) dəyərində müxtəlif adda məhsulların satılması ilə əlaqədar müvafiq qaydada elektron qaimə təqdim olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci madəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İş materialları ilə müəyyən edilir ki, 29 sentyabr 2020-ci il tarixli “Alqı-satqı” Müqaviləsi üzrə iddiaçı (satıcı) İddiaçı MMC cavabdeh (alıcı) Cavabdeh MMC-nin 1781 manat məbləğində ödənilməmiş borcuna görə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, 1781 manat məbləğində əsas borcun, ƏDV daxil 2501 manat məbləğində faiz borcun, mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 60 manat məbləğində pul vəsaitinin və 3 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etmişdir. İş materiallarından görünür ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl Cavabdeh MMC ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı MMC tərəfindən mediatora 60 (altımış) manat məbləğində xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Beləliklə də, yuxarıda təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh MMC-dən 1781 manat məbləğində bоrcun İddiaçı MMC-nin xeyrinə tutulması hissəsində iddia tələbi əsaslıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, iddianın “cavabdehdən ƏDV daxil 2501,15 (iki min beş yüz bir manat 15 qəpik) manat faiz borcunun tutulması” hissəsi isə əsaslılığı müəyyən edilmədiyindən təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalı və Cavabdeh MMC-dən 1781 manat məbləğində əsas bоrc İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Eləcə də, iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl Cavabdeh MMC ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı MMC tərəfindən 60 (altmış) manat məbləğində mediatora ödənilmiş xidmət haqqı və 3 (üç) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin, hazırkı iddia tələbinin təmin olunmuş hissəsi üzrə hesablanan 37,81 (otuz yeddi manat 81 qəpik) manat məbləğində dövlət rüsumunun ödənilməmiş hissəsi olan 34,81 (otuz dörd manat 81 qəpik) manat (37,81 manat – 3 manat = 34,81manat) məbləğində pul vəsaiti isə dövlət rüsumunun qalığı kimi Cavabdeh MMC-dən dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 284-1 – 284-6, 338-360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehndən 1781 (min yeddi yüz səksən bir) manat məbləğində əsas bоrc, mediasiya ilə əlaqədar ödənilmiş 60 (altmış) manat məbləğində xidmət haqqı və 3 (üç) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1844 (min səkkiz yüz qırx dörd) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdehndən dövlət rüsumunun qalığı kimi 34,81 (otuz dörd manat 81 qəpik) manat məbləğində pul vəsaiti dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar