Məhkəmə qərarları › İş №e-2-2(119)-194/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(119)-194/2025

18.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-194/2025 18.02.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Əliyev İslam Əli oğlunun sədrliyi, Novruzzadə Türkan Hüseyn qızının katibliyi, İddiaçı nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçının xeyrinə cavabdehdən 128519,9 (yüz iyirmi səkkiz min beş yüz on doqquz manat doxsan qəpik) manat məbləğində əsas borc, 7711 (yeddi min yeddi yüz on bir) manat məbləğində dəbbə pulu və ödənilmiş 418,52 (dörd yüz on səkkiz manat əlli iki qəpik) manat məbləğində dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışıdır ki, Cavabdeh ilə İddiaçı arasında imzalanmış 27 dekabr 2022-ci il tarixli 121 nömrəli alqı-satqı müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdeh müəssisəyə un və kəpək məhsulları satılmışdır. Müqavilə şərtlərinə əsasən hesablaşma mal təhvil verildikdən sonra yazılmış elektron qaimə-faktura üzrə köçürmə yolu ilə aparılmalıdır. Həmin müqavilə üzrə satıcı İddiaçı alıcı Cavabdehnə xx.xx.2023-cü il tarixli EBDF seriyalı 156185 nömrəli qaimə faktura-üzrə 7255 manat, xx.xx.2023-cü il tarixli EBDF seriyalı 208779 nömrəli qaimə-faktura üzrə 3640 manat, xx.xx.2023-cü il tarixli EBDF seriyalı 317304 nömrəli qaimə-faktura üzrə 3605 manat, xx.xx.2023-cü il tarixli EBDF seriyalı 388128 nömrəli qaimə-faktura üzrə 7260 manat, xx.xx.2023-cü il tarixli EBDF seriyalı 498508 nömrəli qaimə-faktura üzrə 3605 manat, xx.xx.2023-cü il tarixli EBDH seriyalı 927757 nömrəli qaimə-faktura üzrə 3210,80 manat, xx.xx.2023-cü il tarixli EBDH seriyalı 985260 nömrəli qaimə-faktura üzrə 9319,60 manat, xx.xx.2023-cü il tarixli EBDİ seriyalı 227811 nömrəli qaimə-faktura üzrə 5722,40 manat, xx.xx.2023-cü il tarixli EBDİ seriyalı 438396 nömrəli qaimə-faktura üzrə 2916,40 manat, xx.xx.2023-cü il tarixli EBDİ seriyalı 506087 nömrəli qaimə-faktura üzrə 3256,80 manat, xx.xx.2023-cü il tarixli EBDK seriyalı 444356 nömrəli qaimə-faktura üzrə 23000 manat, xx.xx.2023-cü il tarixli EBDN seriyalı 868416 nömrəli qaimə-faktura üzrə 28102,20 manat, xx.xx.2023-cü il tarixli EBDP seriyalı 490967 nömrəli qaimə-faktura üzrə 3226,70 manat, xx.xx.2023-cü il tarixli EBDQ seriyalı 356017 nömrəli qaimə-faktura üzrə 21000 manat, xx.xx.2023-cü il tarixli EBDQ seriyalı 391380 nömrəli qaimə-faktura üzrə 8400 manat, ümumilikdə 133519,9 (yüz otuz üç min beş yüz on doqquz manat doxsan qəpik) manat dəyərində buğda kəpəyi satılmışdır. Müqavilənin 3.1-ci bəndinə əsasən alıcı müqavilənin 2.1-ci maddəsində nəzərdə tutulan tələblərə uyğun olaraq, malın dəyərini ödəməlidir. Cavabdeh tərəfindən iddiaçıdan alınan mallara görə xx.xx.2023-cü il tarixində cəmi 5000 (beş min) manat pul ödənilmişdir. xx.xx.2022-ci il tarixli 121 nömrəli alqı-satqı müqaviləsi üzrə 128519,9 (yüz iyirmi səkkiz min beş yüz on doqquz manat 90 qəpik) manat borc məbləği naməlum səbəblərə görə ödənilməmiş qalmaqdadır. Bununla bağlı Cavabdehnə müqavilədən irəli gələn öhdəliklərin icrasına dair pretenziya məktubu göndərilsə də, borclu bu istiqamətdə hər hansı ödənişlər etməmişdir.

3. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı nümayəndəsi Vəkil ərizə ilə məhkəməyə müraciət edərək iş üzrə iddia tələbinin təmin olunmasına dair müvafiq qiyabi qətnamə qəbul edilməsini xahiş etmişdir. O həmçinin izahatında bildirmişdir ki, iddiaçı tərəfindən satılan mallarla bağlı cavabdehə elektron qaimələr təqdim edilmiş, məhkəməyə müraciət etməzdən əvvəl mübahisənin məhkəməyəqədər nizama salınması qaydasına əməl olunmuş və iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surəti cavabdehə göndərilmişdir. Cavabdeh tərəfin hazırkı məhkəmə prosesi barədə məlumatı var. Lakin şirkətin rəhbəri dəyişdiyi üçün həmin şəxs hazırda bu borcun ona aid olmadığını hesab edir.

4. Cavabdehnə məhkəmə baxış iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə baxış iclaslarında iştirak etməmə səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən onun nümayəndəsi məhkəməyə gəlməmişdir.

5. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.

6. Sumqayıt Kommersiya Məhkəməsinin 18 fevral 2025-ci il tarixli, e-2-2(119)- 194/2025 nömrəli qərardadı ilə iddiaçının ərizəsi nəzərə alınaraq işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır.

7. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir.

8. İş materiallarında olan satıcı İddiaçı (VÖEN: **********) ilə alıcı Cavabdeh (VÖEN: **********) arasında bağlanmış 27 dekabr 2022-ci il tarixli 121 nömrəli alqı-satqı müqaviləsinin 1-ci bəndinə əsasən satıcı alınan malları realizə edir, alıcı isə dəyərini ödəməklə qəbul edir. Malların tam siyahısı, ölçü vahidləri və qiymətləri əlavə olaraq faktura əsasında müəyyənləşdirilir. satıcı adı, qiyməti, çeşidi və digər göstəriciləri dəqiq olaraq qaimə fakturalarda və ya kassa sənədlərində göstərilən, alıcının təlabatına uyğun un və kəpək məhsullarını, hazırkı müqavilədəki şərtlərlə alıcıya satmağı, alıcı isə həmin şərtlər daxilində malı qəbul edib dəyərinin ödənilməsini öz üzərinə götürür. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən satıcı malı qanunvericiliklə müəyyən edilmiş normalara uyğun olan keyfiyyətdə, qüsursuz, qarşılıqlı razılaşdırılmış çeşiddə və miqdarda alıcıya təhvil verməlidir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən satıcı bu müqavilə üzrə nəzərdə tutulmuş malı qarşılıqlı razılaşdırılmış müddətə qədər alıcıya verməzsə, gecikdirdiyi hər gün üçün həmin malın dəyərinin 0,1 %-i məbləğində cərimə ödəyəcəkdir. Həmin müqavilənin 3.3-cü bəndinə əsasən alıcı bu müqavilə üzrə nəzərdə tutulmuş malın dəyərini qarşılıqlı razılaşdırılmış müddətdə ödəməzsə, gecikdirdiyi hər gün üçün ödəməli olan məbləğin 0,1 %-i məbləğində cərimə ödəyəcəkdir. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən müqavilə üzrə hesablaşma mal təhvil verildikdən sonra yazılmış elektron qaimə üzrə köçürmə yolu ilə aparılır.

9. İş materiallarından görünür ki, İddiaçı tərəfindən Cavabdehnə 7255 manat dəyərində malların satılması ilə bağlı 08 may 2023-cü il tarixli EBDF seriyalı 156185 nömrəli, 3640 manat dəyərində malların satılması ilə bağlı 09 may 2023-cü il tarixli EBDF seriyalı 208779 nömrəli, 3605 manat dəyərində malların satılması ilə bağlı 10 may 2023cü il tarixli EBDF seriyalı 156185 nömrəli, 7260 manat dəyərində malların satılması ilə bağlı 11 may 2023-cü il tarixli EBDF seriyalı 388128 nömrəli, 3605 manat dəyərində malların satılması ilə bağlı 12 may 2023-cü il tarixli EBDF seriyalı 498508 nömrəli, 3210,8 manat dəyərində malların satılması ilə bağlı 15 iyun 2023-cü il tarixli EBDH seriyalı 927757 nömrəli, 9319,6 manat dəyərində malların satılması ilə bağlı 16 iyun 2023-cü il tarixli EBDH seriyalı 985260 nömrəli, 5722,4 manat dəyərində malların satılması ilə bağlı 20 iyun 2023-cü il tarixli EBDİ seriyalı 227811 nömrəli, 2916,4 manat dəyərində malların satılması ilə bağlı 22 iyun 2023-cü il tarixli EBDİ seriyalı 438396 nömrəli, 3256,8 manat dəyərində malların satılması ilə bağlı 23 iyun 2023-cü il tarixli EBDİ seriyalı 506087 nömrəli, 23000 manat dəyərində malların satılması ilə bağlı 22 iyul 2023-cü il tarixli EBDK seriyalı 444356 nömrəli, 28102,2 manat dəyərində malların satılması ilə bağlı 08 sentyabr 2023-cü il tarixli EBDN seriyalı 868416 nömrəli, 3226,7 manat dəyərində malların satılması ilə bağlı 30 sentyabr 2023-cü il tarixli EBDP seriyalı 490967 nömrəli, 21000 manat dəyərində malların satılması ilə bağlı 12 oktyabr 2023-cü il tarixli EBDQ seriyalı 356017 nömrəli, 8400 manat dəyərində malların satılması ilə bağlı 13 oktyabr 2023-cü il tarixli EBDQ seriyalı 391380 nömrəli elektron qaimə təqdim olunmuşdur.

10. İş materiallarında olan kredit haqqında bildirişdən görünür ki, 27 dekabr 2022-ci il tarixli 121 nömrəli müqaviləyə əsasən verilmiş EBDF seriyalı 156185 nömrəli elektron qaimə üzrə 14 iyul 2023-cü il tarixdə Cavabdeh tərəfindən İddiaçı hesabına 5000 manat məbləğində ödəniş olunmuşdur.

Tətbiq edilən hüquq

11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci madəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

12. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

13. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

14. Göründüyü kimi, işin halları ilə müəyyən olunur ki, tərəflər arasında 27 dekabr 2022-ci il tarixli 121 nömrəli alqı-satqı müqaviləsi bağlanmış, iddiaçı tərəfindən müvafiq mallar cavabdehə verilmiş, lakin Cavabdeh tərəfindən öhdəlik icra edilməyərək malların dəyəri ödənilməmişdir. Buna görə də, hazırkı iddia ərizəsində ödənilməmiş cavabdehdən 128519,9 (yüz iyirmi səkkiz min beş yüz on doqquz manat doxsan qəpik) manat məbləğində əsas borc, 7711 (yeddi min yeddi yüz on bir) manat məbləğində dəbbə pulunun Cavabdehndən İddiaçı xeyrinə tutulması xahiş olunmuşdur.

15. İş materiallarından görünür ki, ödənilməmiş borcun lazımi qaydada ödənilməsi ilə bağlı cavabdehə müvafiq qaydada xəbərdarlıq edilmişdir.

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

17. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

18. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

19. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

20. Göründüyü kimi, Cavabdeh ilə İddiaçı arasında 27 dekabr 2022-ci il tarixli 121 nömrəli alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, lakin cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəliyini lazımi qaydada yerinə yetirməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi həmin müqavilə üzrə ödənilməmiş cavabdehdən 128519,9 (yüz iyirmi səkkiz min beş yüz on doqquz manat doxsan qəpik) manat məbləğində əsas borcun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində əsaslıdır və təmin edilməlidir.

21. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

22. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər.

23. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

24. Məhkəmə hesab edir ki, iddianın tələbinin “cavabdehdən iddiaçının xeyrinə 7711 (yeddi min yeddi yüz on bir) manat məbləğində dəbbə pulunun tutulması” hissəsi qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla cərimənin məbləği azaldılaraq cavabdehdən iddiaçının xeyrinə 1000 (min) manat məbləğində cərimə tutulmalıdır.

25. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.4-cü maddəsinə əsasən iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda, 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi məbləğində dövlət rüsumu tutulur.

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

27. İddia tələbinin 418,52 (dörd yüz on səkkiz manat 52 qəpik) manat məbləğində dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsi ilə bağlı məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə də əsaslı olduğundan təmin olunmalıdır.

28. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

31. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

32. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdehndən (VÖEN: **********) 128519,90 (yüz iyirmi səkkiz min beş yüz on doqquz manat doxsan qəpik) manat məbləğində əsas borc, 1000 (min) manat məbləğində cərimə və 418,52 (dörd yüz on səkkiz manat əlli iki qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 129938,4 (yüz iyirmi doqquz min doqquz yüz otuz səkkiz manat qırx qəpik) manat məbləğində pul vəsaiti İddiaçı (VÖEN: **********) xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir.

33. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdehndən (VÖEN: **********) 128519,90 (yüz iyirmi səkkiz min beş yüz on doqquz manat doxsan qəpik) manat məbləğində əsas borc, 1000 (min) manat məbləğində cərimə və 418,52 (dörd yüz on səkkiz manat əlli iki qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 129938,4 (yüz iyirmi doqquz min doqquz yüz otuz səkkiz manat qırx qəpik) manat məbləğində pul vəsaiti İddiaçı (VÖEN: **********) xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə həmin qətnamənin ləğvi barədə cavabdeh tərəfindən ərizə verilə bilər. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində - qiyabi qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: İslam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar