Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-195/2025 13.03.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Məmmədova Nərminə İdris qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı tərəfindən Cavabdehnə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək tərəflər arasında bağlanmış 04 iyun 2024-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 11130 (on bir min yüz otuz) manat məbləğində borc, 162 (yüz altmış beş) manat məbləğində cərimə, 2782 (iki min yeddi yüz səksən iki) manat məbləğində faiz borcu, 4674 (dörd min altı yüz yetmiş dörd) manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 18748 (on səkkiz min yeddi yüz qırx səkkiz) manat məbləğində pul vəsaitinin, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş 1200 (min iki yüz) manat məbləğində xidmət haqqının və 148 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə satıcı qismində çıxış edən iddiaçı alıcı qismində iştirak edən cavabdehi həmin müqavilənin predmetini təşkil edən ağac kömürü ilə təchiz etməyi, cavabdeh isə həmin malları qəbul edib onların dəyərini müqavilə ilə razılaşdırılmış qaydada satıcıya ödəməyi öhdəsinə götürmüş, müqavilə üzrə öhdəlik iddiaçı tərəfindən icra edilsə də, cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi, yəni aldığı malların dəyərini ödəməmiş, nəticədə onun iddiaçıya 11130 manat məbləğində borcu yaranmışdır. Müqavilənin 4.3-cü bəndi ilə müəyyən edilmişdir ki, alıcı müqavilədə nəzərdə tutulmuş qaydada ödəniş etmədiyi halda, ödənişi gecikdirdiyi hər gün üçün satıcıya ödənilməli olan məbləğin 0,01 faizi məbləğində cərimə ödəməlidir. Bununla əlaqədar ödənişin gecikdirildiyi 146 gün üçün 162 manat məbləğində cərimə hesablanmışdır. Bunlardan başqa, öhdəliklərin vaxtında icra edilməməsi nəticəsində iddiaçı zərərə məruz qalmış, buna görə də 2782 manat məbləğində faiz borcu və 4674 manat məbləğində əldən çıxmış fayda məbləği hesablanmışdır. Cavabdehlə mübahisənin pretenziya qaydasında həll edilməsinə cəhd göstərilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddiaçı 23 yanvar 2025-ci il tarixli iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək tərəflər arasındakı müqavilənin 14 iyun 2024-cü il tarixdə bağlanmasına baxmayaraq iddia ərizəsinin məzmununun bəzi sətirlərində texniki səhvə yol verilərək müqavilənin tarixi 04 iyun 2024-cü il kimi göstərilmiş, məhkəmədən bu halın nəzərə alınması xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. O, həmçinin izahatında bildirdi ki, təhvil-təslim aktının xx.xx.2024-cü il tarixdə tərtib edilməsinə baxmayaraq elektron qaimə-fakturanın cavabdehə xx.xx.2024-cü il tarixdə göndərilməsinin səbəbi cavabdehin əvvəllər göndərilmiş elektron qaimə-fakturanı təsdiq etməməsidir. Bundan başqa, pul öhdəliyinin icra edilməməsinə görə Azərbaycan Respublikasının Mülki Məcəllənin 445.7-ci maddəsinə əsaslanaraq 5 % məbləğində faiz borcu hesablanmışdır. Həmin məbləğ hesablanarkən müqavilənin bağlanıldığı xx.xx.2024-cü il tarixdən cavabdehə pretenziya məktubunun göndərildiyi 2024-cü ilin noyabr ayınadək olan müddət nəzərə alınmışdır. Bu beş aylıq müddət ərzində ödənilməyən əsas borcun 5%-i 2782 manat təşkil edir. Bunlardan əlavə, əldən çıxmış fayda qismində 6 ay üçün 7%-lə hesablanmaqla 4674 manat məbləğində məbləğ hesablanmışdır. Əldən çıxmış faydanın qanuni əsası və hesablanma aparılarkən Mülki Məcəllənin 21.1-ci, 21.2-ci və 449.1-ci maddələri əsas götürülmüşdür. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materialları: İş materiallarında olan tərəflər arasında bağlanmış 14 iyun 2024-cü il tarixli AP24/2024 nömrəli korporativ satış üzrə alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən, bu müqaviləyə əsasən satıcı (İddiaçı MMC) müqavilə qüvvədə olduğu müddətdə müqavilənin ayrılmaz tərkib hissələri olan qiymət razılaşma protokollarında dəqiq adları, qiymətləri və digər göstəriciləri göstərilmiş malları satmağı, alıcı (Cavabdeh MMC) isə satın aldığı malların dəyərini bu müqaviləyə və onun əlavələrində, həmçinin qaiməfakturalarda göstərilən məbləğdə dəyərini ödəməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 2.4-cü bəndinə əsasən, bu müqavilənin əlavə razılaşmasında göstərilən qiymətlər əsasında malın dəyərinin 50 %-ni avans əsasında, qalıq 50 % ödənişi isə malı təhvil aldıqdan sonra satıcının bank hesabına ödəməlidir. Həmin müqavilənin 4.3-cü bəndinə əsasən, alıcı müqavilənin tərkib hissəsi olan razılaşma protokolunun şərtlərinə əsasən malların dəyərinin ödənilməsində yol verdiyi hər gecikmə gününə görə satıcıya ödənilməli olan məbləğin 0,01 %-i həcmində dəbbə pulu ödəməlidir. Həmin müqaviləyə əlavə olan 14 iyun 2024-cü il tarixli 001 nömrəli razılaşma protokolundan görünür ki, iddiaçı tərəfindən 11130 manat məbləğində malların cavabdehə satılması tərəflər arasında razılaşdırılmışdır. Satılan malların adları, ölçü vahidləri, miqdarları, vahidinin qiyməti həmin protokolda göstərilmişdir. İş materiallarında olan tərəflərin nümayəndələri tərəfindən imzalanaraq möhürlənmiş 14 iyun 2024 cü il tarixli 001 nömrəli təhvil-təslim aktından görünür ki, 14 iyun 2024-cü il tarixli 001 nömrəli razılaşma protokolunda nəzərdə tutulmuş adda və miqdarda mallar cavabdehə təhvil verilmişdir. İş materiallarında olan 18 oktyabr 2024-cü il tarixli MT2410 seriyalı 11255914 nömrəli elektron qaimə-fakturadan görünür ki, həmin elektron qaimə-faktura iddiaçı tərəfindən cavabdehə 11130 manat manat dəyərində malların satılması ilə əlaqədar təqdim edilmişdir. İş materiallarında olan 18 oktyabr 2024-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdehlə bağlanmış 14 iyun 2024-cü il tarixli müqavilə üzrə onun əsas borcunun məbləği 11130 manat təşkil edir, 2182 AZN manat məbləğində faiz borcu, 162 manat məbləğində cərimə, əldən çıxmış fayda qismində 4674 manat hesablanmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən, bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 567-ci madəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğı satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Beləliklə, təsvir olunanlarla müəyyən edilir ki, iddiaçı və cavabdeh arasında 14 iyun 2024-cü il tarixli AP24/2024 nömrəli korporativ satış üzrə alqı-satqı müqaviləsi bağlanılmış, müqavilə öhdəliklərinə uyğun olaraq satıcı qismində olan iddiaçı həmin müqavilənin predmeti olan malları cavabdehin mülkiyyətinə vermiş, alıcı qismində iştirak edən cavabdeh isə müqavilə öhdəliklərinə riayət etməyərək həmin malların dəyərini iddiaçıya ödəməmiş, nəticədə onun iddiaçıya 11130 manat məbləğində borcu yaranmışdır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, 14 iyun 2024-cü il tarixli AP24/2024 nömrəli korporativ satış üzrə alqı-satqı müqaviləsinə əsasən 11130 manat məbləğində borcun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində iddia tələbi əsaslıdır və təmin edilməlidir. Bundan başqa, iddia tələbinin borcun ödənilməsinin gecikdirilməsinə görə illik beş faizlə hesablanmış 2782 manat məbləğində faiz borcunun cavabdehdən tutulmasına dair hissəsi ilə bağlı qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı iddia tələbinin həmin hissədə qismən əsaslılığı müəyyən edilmişdir. Tərəflər arasında tərtib edilmiş təhvil-təslim aktı, yəni 14 iyun 2024-cü il tarixli təhvil-təslim aktı imzalandıqdan sonra iddiaçı tərəfindən cavabdehdən borcun ödənilməsi tələb edilsə də, bu, icra edilməmişdir. Buna görə də iddia həmin hissədə də qismən təmin edilməli, sonuncu partiya malın təhvil verildiyi 2024-cü ilin iyun ayından iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi 2024-cü ilin noyabr ayına qədər olan 5 aylıq müddət ərzində 11130 manat məbləğində olan əsas borcun ödənilməsinin gecikdirilməsinə görə Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən illik 5 % məbləğində hesablanmış gecikmə məbləği olan 231,87 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır (11130 : 100 x 5) : 12 x 5 = 231,87). İddia tələbinin cavabdehdən 162 manat məbləğində cərimənin tutulmasına aid hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, cavabdehin ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə təsdiq edildiyindən və həmin müqavilədə öhdəliklərin icra edilməməsinə görə cərimə ödənilməsi də nəzərdə tutulduğundan (korporativ satış üzrə alqı-satqı müqaviləsinin 4.3-cü bəndi) iddiaçı cavabdehdən cərimənin ödənilməsini də tələb etməkdə haqlıdır və iddia tələbi bu hissədə də təmin edilməlidir. Bundan əlavə iddia tələbinin cavabdehdən əldən çıxmış fayda kimi hesablanmış 4674 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması hissəsi ilə bağlı məhkəmə araşdırması zamanı iddia tələbinin həmin hissədə əsaslılığı müəyyən edilməmişdir. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 2.4-cü bəndinə əsasən, bu müqavilənin əlavə razılaşmasında göstərilən qiymətlər əsasında malın dəyərinin 50 %-ni avans əsasında, qalıq 50 % ödənişi isə malı təhvil aldıqdan sonra satıcının bank hesabına ödəməli olmasını tərəflər öz aralarında razılaşdırmış və iş materiallarındakı təhvil-təslim aktına əsasən iddiaçı tərəfindən mallar 14 iyun 2024-cü il tarixdə cavabdehə təhvil verilmişdir. Yəni malın dəyərinin 50 faizini avans əsasında, qalıq 50 faiz ödənişi isə malı təhvil aldıqdan sonra satıcının bank hesabına ödəməli olması barədə razılığa gəlinsə də və bu razılıq müqavilədə ifadə edilsə də, iddiaçının bilavasitə özü müqavilənin həmin normasının tələblərini pozaraq müvafiq ödənişləri almadan malları cavabdehə təhvil verməklə, əldən çıxmış fayda qismində məbləği tələb etmək hüququnu məhdudlaşdırmışdır. Digər tərəfdən, bu da qeyd edilməlidir ki, iddiaçı həmin məbləği Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən tələb edildiyini qeyd etməsinə və həmin maddədə məbləğin qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsi əsas götürülməklə təmin edilməli olması göstərilməsinə baxmayaraq məbləğin, məhz bank uçot dərəcəsi ilə hesablanması barədə məhkəməyə təsdiqedici sənədlər təqdim edilməmişdir. Bundan əlavə, iddia tələbinin hüquqi yardımın göstərilməsi ilə bağlı ödənilmiş 1200 manat məbləğində pulun əvəzinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə hissəsinə gəldikdə, iş materiallarına əlavə edilmiş 04 noyabr 2024-cü il tarixli OD7 nömrəli ödəniş qəbzi ilə göstərilən hüquqi yardıma görə 1200 manat məbləğində pul vəsaitinin Bakı şəhəri “Fides” Vəkil bürosuna ödənildiyi müəyyən edilir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.6-cı maddəsinə əsasən, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərin sırasına aiddir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov və Ağazadə Azərbaycana qarşı” iş üzrə 18 dekabr 2008-ci i ltarixli qərarında göstərilir ki, “ərizəçi xərc və məsrəflərin ödənilməsi hüququna yalnız o halda malikdir ki, onların həqiqətən və zərurətlə xərcləndiyi göstərilsin və bu məbləğlər həcminə görə əsaslı olsun”. Göründüyü kimi, mülki-prosessual qanunvericiliyin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqelərinə görə məhkəmə proseslərində iştirak edən nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərcin “ağlabatan məbləğdə və zərurətlə xərcləndiyi halda” tutulmasına yol verilir. Məhkəmənin hazırkı iş üzrə gəldiyi qənaət budur ki, iddiaçı tərəfindən cavabdehdən tələb olunan hüquqi yardımın göstərilməsinə görə 1200 manat pulun əvəzinin tutulması hazırkı iş üzrə ağlabatan və zərurətlə xərclənən məbləğ hesab edilə bilməz. Buna görə də, həmin məbləğin hamısı deyil, yalnız hazırkı iş üzrə mövcud şəraitdə və dövrdə ağlabatan və zərurətlə xərclənən hissəsi cavabdehə aid edilə bilər. Beləliklə, hüquqi xidmətlərə görə cavabdehdən tələb olunan 1200 manat məbləğində pulun həqiqətən və zərurətlə xərcləndiyi sübut edilmədiyindən və bu məbləğ həcminə görə ağlabatan və əsaslı olmadığından həmin hissədə iddia tələbi qismən təmin edilməli və cavabdehdən hüquqi xidmətlərlə əlaqədar çəkilmiş xərcə görə ağlabatan məbləğdə, yəni 700 manat məbləğində pul tutulmalıdır. Bundan başqa, iş materiallarında olan 19 noyabr 2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilən zaman 148 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Hazırkı iddia tələbi üzrə iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumunun məbləği 124,57 manat təşkil etdiyindən həmin məbləğdə pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda, 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 11130 manat məbləğində borc, bu məbləğin beş ay müddətində ödənilməsinin gecikdirilməsinə görə gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanmış 231,87 manat məbləğində faiz borcu, 162 manat məbləğində cərimə, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş 700 manat məbləğində xidmət haqqının və 124,57 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 12348,44 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdehndən 11130 (on bir min yüz otuz) manat məbləğində əsas borc, bu məbləğin 5 (beş) ay müddətində ödənilməsinin gecikdirilməsinə görə gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanmış 231,87 (iki yüz otuz bir manat, səksən yeddi qəpik) manat məbləğində faiz borcu, 162 (yüz altmış iki) manat məbləğində cərimə, hüquqi yardımla bağlı ödənilmiş 700 (yeddi yüz) manat məbləğində xidmət haqqının və 124,57 (yüz iyirmi dörd manat, əlli yeddi qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 12348,44 (on iki min üç yüz qırx səkkiz manat, qırx dörd qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-195/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-195/2025
13.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver