Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-196/2022 05.04.2022 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X4 qızının katibliyi, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nümayəndə, Cavabdeh iştirakı ilə, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən Cavabdeh qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 13 iyul 2017-ci il tarixli 737-L/17 nömrəli müqavilə üzrə 6573 (altı min beş yüz yetmiş üç) manat məbləğində əsas borcun, 1600,35 (min altı yüz manat 35 qəpik) manat məbləğində cərimənin və hüquqi yardımla bağlı ödənilmiş 350 (üç yüz əlli) manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində iddia tələbi onunla əsaslandırılmışıdır ki, Lizinq verən "xxxx" ASC ("xxxx" ASC) ilə Lizinq alan Cavabdeh arasında bağlanılmış 13 iyul 2017-ci il tarixli 737-L/17 nömrəli müqaviləyə əsasən Lizinq alan dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq ödəmək şərti ilə kənd təsərrüfatı texnikalarını lizinqə götürmüşdür. Cavabdeh həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və nəticədə cavabdehin məhkəməyə təqdim olunan Maliyyə Arayışının tərtib edildiyi 17 sentyabr 2021-ci il tarixinə 13 iyul 2017-ci il tarixli 737-L/17 nömrəli müqavilə üzrə 6573 (altı min beş yüz yetmiş üç) manat gecikdirilmiş əsas borcu və 1600,35 (min altı yüz manat 35 qəpik) manat cərimə borcu yaranmışdır. Cavabdehə öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, onun tərəfindən ödənişlər yerinə yetirilməmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya proseduruna riayət olunmuş və nəticədə mediasiya proseduru “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilməməsi” barədə mediatorun 16 dekabr 2021-ci il tarixli MŞİH-07771 saylı arayışı ilə rəsmiləşdirilmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 4.2-ci bəndinin tələblərinə görə lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, Lizinq verən Lizinq alandan borc məbləği və gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malikdir. Eyni zamanda, bu iş üzrə hüquqi yardım göstərilməsi üçün vəkilə də müraciət edilmiş və hüquqi yardım göstərilməsi haqqında müqaviləyə əsasən hüquqi yardıma görə haqqın məbləği 350 manat müəyyənləşdirilərək ödənilmişdir. Bu məbləğ də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir (Qeyd: "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2020-ci il tarixli Fərmanınından irəli gələrək "xxxx" ASC-nin adı dəyişdirilərək "xxxx" ASC adlandırılmış və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçmişdir (ötürülmüşdür)). Cavabdeh tərəfindən 01 mart 2022-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə “iddia tələbinə etiraz” təqdim edilərək, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin ona qarşı “borcun tutulması” barədə iddia tələbinin təmin olunmaması haqqında qətnamə qəbul edilməsi xahiş olunmuş və həmin “Etiraz” onunla əsaslandırılmışdır ki, iddiaçıdan yaranmış borcla əlaqədar cavabdehə öncədən hər hansı şifahi və yazılı məlumat, bildiriş, pretenziya və ya məktub daxil olmamış və borcla bağlı cavabdehə məlumat mediasiya proseduru çərçivəsində təyin edilmiş Mediator tərəfindən telefon zəngi ilə verilmişdi. O, məlumatı alan kimi təyin edilmiş ilkin Mediasiya prosesində iştirak etmiş və iddiaçı tərəfindən tələb olunan əsas borc məbləğini tam ödəyərək, məsələnin bu mərhələdə barışıq ilə həll edilməsini xahiş etsə də, qarşı tərəf bununla razılaşmamışdı. Eyni zamanda qeyd edir ki, o, kənd təsərrüfati avadanlığının lizinqinə dair müqavilə üzrə ödənişləri illərlə vaxtlı-vaxtında etmişdir. Lakin, 2020-ci ilin əvvəlindən başlamış Pandemiya səbəbindən və təsərrüfatın aparılması üçün zəruri olan su mənbələrinin azalması nəticəsində gözlənilən həddə məhsul əldə edilməmiş və fəaliyyəti nəinki qazanc, hətta zərərlə nəticələnmişdir. Bu səbəbdən ödənişlərdə çətinlik yaranmış və müəyyən gecikmələrə yol verilmişdir. Lakin, buna baxmayaraq daha əvvəl qeyd edildiyi kimi gecikmiş əsas borcun ödənilməsi məsuliyyətini hiss edərək, bu öhdəliyi tam yerinə yetirilmişdir (qəbz əlavə olunur). Həmçinin, qeyd edir ki, onunla iddiaçı arasında mövcud olan Lizinq müqaviləsi üzrə ödənişlər 30 iyun 2027-ci ilədək davam edəcəkdir. Həmin vaxta qədər o, hər rüb qrafik üzrə 714 manat məbləğində ödənişlər etməlidir. O, çalışacaq ki, gələcək ödənişlərdə də gecikmələr olmasın. Ona görə də, yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmədən iddianın təmin edilməməsini xahiş edir. Məhkəmə iclasında iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirib, iddia tələbinə qarşı vermiş olduğu yazılı “Etiraz”da göstərilənlərə uyğun izahat verərək, 13 iyul 2017-ci il tarixli 737-L/17 nömrəli müqavilə üzrə 6573 manat məbləğində əsas borcu tam ödədiyini bildirdi və iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən ona qarşı verilmiş “borcun tutulması” barədə iddia tələbinin təmin edilməməsi haqqında qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh suallara cavab olaraq bildirdi ki, o, əvvəllər lizinq müqaviləsi üzrə ödənişləri həmişə vaxtı-vaxtında etmiş olsa da, Pandemiya ilə əlaqədar məhdudiyyətlər başlandıqdan sonra ödəniş edə bilməmişdir. Lakin, borcla əlaqədar mediator tərəfindən xəbərdar edilən kimi pul tapıb əsas borcunu tam ödəmiş və bundan sonra qrafik ödənişlərini də yerinə yetirmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini, iddia tələbinə qarşı verilmiş Etirazı və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, “Lizinq verən” "xxxx" Açıq Səhmdar Cəmiyyəti (hal-hazırda kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəliklər iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçmişdir) ilə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan “Lizinq alan” Cavabdeh (VÖEN **********) arasında bağlanmış 13 iyul 2017-ci il tarixli 737-L/17 nömrəli “ "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi” barədə Müqaviləyə, həmin Müqavilənin spesifikasıyasına (Əlavə № 1) və ödəniş qrafikinə (Əlavə № 2) əsasən “Lizinq verən” "xxxx" ASC tərəfindən “Lizinq alan” Cavabdeh “Belarus-1221” markalı traktoru 10 (on) il müddətinə və “5 gövdəli asma Can-P.-5” markalı kotanı isə 2 (iki) il müddətinə dəyərinin 40%-nə güzəşt tətbiq edilməklə, dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra Lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verilmişdir. Həmin Müqavilənin 1.2-ci bəndinə əsasən, Lizinq alan lizinq predmetinin dəyərindən Spesifikasiyada (Əlavə № 1) göstərilən ilkin ödənişi ödədikdən sonra qalan hissəni Ödəniş Qrafikinə (Əlavə № 2) müvafiq olaraq ödəməyi öhdəsinə götürür. Ödəniş Qrafikində müəyyən edilmiş ödəniş qaydalarına görə lizinq alan tərəfindən hər rübdə bir dəfə ödəniş edilməlidir və iş materiallarından görünür ki, lizinq alan Cavabdeh tərəfindən 2020-ci ilin 2ci rübünədək Müqavilə üzrə müvafiq qaydada ödənişlər aparılmışdır. İddiaçı tərəfindən tərtib edilərək məhkəməyə təqdim olunmuş 17 sentyabr 2021-ci il tarixli Maliyyə Arayışında göstərilir ki, 13 iyul 2017-ci il tarixli 737-L/17 nömrəli müqavilə üzrə lizinq alan Cavabdeh tərəfindən cəmi 20540 (iyirmi min beş yüz qırx) manat məbləğində ödəniş edilmiş və 17 sentyabr 2021-ci il tarixinə lizinq alan Cavabdeh həmin Müqavilə üzrə 6573 (altı min beş yüz yetmiş üç) manat məbləğində ödənilməmiş əsas borcu və 1600,35 (min altı yüz manat 35 qəpik) manat məbləğində cərimə borcu yaranmışdır. Lakin, məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi məhkəməyə təqdim olunanadək, yəni 11 yanvar 2022-ci il tarixinədək Cavabdeh tərəfindən 13 iyul 2017-ci il tarixli 737-L/17 nömrəli müqavilə üzrə 17 sentyabr 2021-ci il tarixinə hesablanmış 6573 (altı min beş yüz yetmiş üç) manat məbləğində əsas borc tam şəkildə ödənilmişdir. Yəni, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyətinin vasitəsilə həyata keçirilən 14 dekabr 2021-ci il tarixli ********* nömrəli Ödəniş Qəbzindən görünür ki, Cavabdeh tərəfindən 14 dekabr 2021-ci ildə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına cəmi 6573 (altı min beş yüz yetmiş üç) manat məbləğində pul vəsaiti daxil edilmişdir (Hazırkı iddia ərizəsi isə məhkəmənin icraatına 11 yanvar 2022-ci ildə daxil olmuşdur). Eləcə də, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyətinin vasitəsilə həyata keçirilən 14 dekabr 2021-ci il tarixli ********* nömrəli Ödəniş Qəbzindən görünür ki, Cavabdeh tərəfindən 14 dekabr 2021-ci ildə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına qrafik üzrə ödəniş olan 720 (yeddi yüz iyirmi) manat məbləğində pul vəsaiti daxil edilmişdir. Həmçinin, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş “CİB” tətbiqi vasitəsilə həyata keçirilən 01 mart 2022-ci il tarixli ********** nömrəli Ödəniş Qəbzindən görünür ki, Cavabdeh tərəfindən 01 mart 2022-ci ildə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına qrafik üzrə ödəniş olan 714 (yeddi yüz on dörd) manat məbləğində pul vəsaiti də daxil edilmişdir. Eyni zamanda, iş materialları ilə müəyyən olunur ki, iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş 17 sentyabr 2021-ci il tarixli Maliyyə Arayışı tərtib edilənədək, cavabdehə 13 iyul 2017-ci il tarixli 737-L/17 nömrəli müqavilə üzrə ödənilməli olan borc və hesablanan cərimə barədə hər hansısa bildirişin və yaxud xəbərdarlığın göndərilməsi iş materialları ilə təsdiq edilmir. Eləcə də, iş materiallarında olan cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəddən görünür ki, “Pretenziya” məktubu cavabdehə Dövlət Vergi Xidmətinin X1 elektron kabinetinə 03 dekabr 2021-ci il tarixində göndərilmişdir. İş materiallarına 16 dekabr 2021-ci il tarixli MŞİH-07771 nömrəli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə Arayış əlavə edilmiş və həmin Arayışda isə mediasiya sessiyasının 16 dekabr 2021-ci il tarixində saat 1000-a təyin edildiyi qeyd olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 747-2-ci maddəsinə əsasən, lizinqin obyekti Azərbaycan Respublikasının qanunlarına əsasən sərbəst mülki dövriyyədən çıxarılmış və ya mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar istisna olmaqla, qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid olan daşınar və ya daşınmaz əşyalardır. Həmin Məcəllənin 748-1.12.4-cü maddəsinə əsasən, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə Lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 748-10.2-ci maddəsinə əsasən, lizinq ödənişlərinin məbləği həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Göründüyü kimi, yuxarıda qeyd olunanlarla müəyyən edilir ki, cavabdeh tərəfindən 13 iyul 2017-ci il tarixli 737-L/17 nömrəli müqavilə üzrə 2020-ci ilin 2-ci rübünədək qrafik üzrə ödənişlər müvafiq qaydada ödənilsə də, həmin dövrdən sonra, yəni COVİD-19 pandemiyası ilə əlaqədar məhdudiyyətlər başlandıqdan sonra qrafik üzrə ödənişlərin edilməsində fasilə yaranmışdır. Lakin, iddiaçı tərəfindən borcla əlaqədar xəbərdar edildikdən və məhkəməyə hazırkı iddia ərizəsi ilə müraciət olunmamışdan təxminən bir ay əvvəl, yəni 14 dekabr 2021-ci ildə cavabdeh tərəfindən əsas borc tam ödənilmişdir. İddiaçı isə tələb olunan əsas borcun 14 dekabr 2021-ci ildə tam ödənməsini nəzərə almadan, 11 yanvar 2022-ci ildə “6573 (altı min beş yüz yetmiş üç) manat məbləğində əsas borcun və 1600,35 (min altı yüz manat 35 qəpik) manat məbləğində cərimə borcunun” tutulması üçün hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Halbuki, cavabdehə məhkəməyədək olan pretenziya qaydasında müraciət nəticə vermiş və o, müqavilə üzrə nəzərdə tutulan gecikdirilmiş borcu tam şəkildə könüllü olaraq ödəmiş olduğundan, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunarkən ödənilməmiş əsas borc məbləği mövcud olmamışdır. Beləliklə də, təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, 13 iyul 2017-ci il tarixli 737-L/17 nömrəli Müqavilə üzrə 17 sentyabr 2021-ci il tarixinədək hesablanmış 6573 (altı min beş yüz yetmiş üç) manat məbləğində əsas borc hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl, yəni 14 dekabr 2021-ci ildə tam ödənilmiş olduğundan, həmin borcun Cavabdeh tutulması barədə iddia tələbi təmin edilməməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, əsas borcun hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl, yəni mübahisənin məhkəməyədək (pretenziya qaydasında) nizama salınması mərhələsində tam ödənilmiş olması, eləcə də cərimənin hesablandığı 17 sentyabr 2021-ci il tarixinədək cavabdehə borcun yubadılması ilə əlaqədar heç bir rəsmi xəbərdarlıqların olmaması, müqavilə üzrə ödənişlərdə fasilə verildiyi halda iddiaçının müqavilə şərtlərinə və qanunvericilik normalarına uyğun vaxtında lazımi tədbirlər görməyərək, gecikdirilən borc məbləği artdıqdan və xeyli miqdarda cərimə hesablandıqdan sonra borcun yaranması barədə cavabdehə məlumat verilməsi və cavabdehin isə həmin məlumatı alan kimi məhkəməyə müraciət olunmasını gözləmədən müqavilə üzrə hesablanmış əsas borcunu tam ödəməsi, Lizinq alan cavabdehin kənd təsərrüfatı sahəsində fəaliyyət göstərməsi və bu sahənin xüsusiyyətləri, cavabdehin Pandemiya ilə əlaqədar məhdudiyyətlər tətbiq olunanadək ödənişləri lazımi qaydada etməsi və məlum borcun Pandemiya dövründə yaranması nəzərə alınaraq, iddia tələbi cavabdehdən “1600,35 (min altı yüz manat 35 qəpik) manat məbləğində cərimənin tutulması” hissəsində də təmin olunmamalıdır. Bununla əlaqədar məhkəmə qeyd etməyi lazım bilir ki, iddiaçı tərəfindən hesablanmış cərimə məbləğinin cavabdehdən tutulmaması digər hallarla yanaşı, tərəflər arasında bağlanmış Lizinq Müqaviləsinin tələblərinə görə lizinqə verilmiş avadanlığın dəyərinin ödənilmə müddətinin və qaydasının dəqiq müəyyən edilməsinə baxmayaraq, Ödəniş Qrafikinə riayət olunmadığı halda - iddiaçı tərəfindən bununla bağlı tərəflər arasında bağlanmış Müqavilə şərtlərinə və qanunvericilik normalarına uyğun lazımi tədbirlər görülməyərək uzun müddət sonra Lizinq alana rəsmi müraciət edilməsi və bununla əlaqədar da gecikdirilən borcun və cərimə məbləğinin də artması və cərimə məbləğinin yaranmasına iddiaçı tərəfin də hərəkətsizliyinin səbəb olması nəzərə alınmalıdır. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəllənin 425.2-ci maddəsinin tələblərinə görə, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmçinin, məhkəmə hesab edir ki, iddianın “hüquqi yardımla bağlı ödənilmiş 350 (üç yüz əlli) manat məbləğində pul vəsaitinin tutulması" hissəsi də təmin olunmamalıdır. Belə ki, cavabdeh borcu ilə əlaqədar xəbərdar edildikdən sonra məhkəməyə müraciət olunmasının qarşısının alınması məqsədilə məhkəməyə müraciət edilənədək əsas borcu tam ödəmiş olsa da, iddiaçı bunu nəzərə almadan hazırkı iddia ərizəsi ilə yenə də məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 121.1-ci maddəsinin tələblərinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alabilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov və Ağazadə Azərbaycana qarşı” iş üzrə 18 dekabr 2008-ci i ltarixli qərarında göstərilir ki, ərizəçi xərc və məsrəflərin ödənilməsi hüququna yalnız o halda malikdir ki, onların həqiqətən və zərurətlə xərcləndiyi göstərilsin və bu məbləğlər həcminə görə əsaslı olsun. Göründüyü kimi, Mülki-Prosessual Məcəllənın tələblərinə və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə məhkəmə proseslərində iştirak edən nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərcin “ağlabatan məbləğdə və zərurətlə xərcləndiyi halda” tutulmasına yolverilir. Bu halda, məhkəməyə müraciət olunanadək cavabdeh tərəfindən tələb olunan əsas borc məbləğinin ödənilməsinə baxmayaraq, yenə də həmin borcun tələb olunması barədə məhkəməyə iddia ərizəsinin verilməsi - hazırkı iş üzrə “hüquqi xidmətlərə görə 350 (üç yüz əlli) manat məbləğində pul vəsaitinin” zərurətlə xərcləndiyini təsdiq etmir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, əsaslılığı sübuta yetmədiyinə görə iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən Cavabdeh qarşı verilmiş “borcun tutulması” barədə iddia tələbi təmin edilməməlidir. Eləcə də, iddia təmin edilmədiyindən, məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən Cavabdeh qarşı verilmiş “borcun tutulması” barədə iddia tələbi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçının özünə aid edilsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-196/2022
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-196/2022
05.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver