Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1967/2025 19.11.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Əliyev İslam Əli oğlunun sədrliyi, Novruzzadə Türkan Hüseyn qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə1 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları
1. İddiaçı Cavabdehnə qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdehndən 2482,97 (iki min dörd yüz səksən iki manat doxsan yeddi qəpik) manat məbləğində pulun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş dövlət rüsumunun İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, satıcı qismində İddiaçı ilə alıcı qismində Cavabdeh arasında 13 mart 2025-ci il tarixli 03/25-197 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı MMC tərəfindən tibbi ləvazimatlar və s. mallar müqavilədə müəyyən edilən şərtlər daxilində Cavabdeh MMC-yə təhvil verilmişdir. Hazırda İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təqdim olunan mallara görə yaranan borcun məbləği 2482,97 (iki min dörd yüz səksən iki manat doxsan yeddi qəpik) manat təşkil edir. Belə ki, tərəfər arasında bağlanan müqavilənin 3-cü hissəsinin 2-ci bəndinə görə alıcı müqavilə üzrə ödəmələri satıcı tərəfindən qaimə və ya hesab faktura göndərildiyi vaxtdan 15 gün ərzində satıcının bank hesabına köçürməlidir. Müqavilədə nəzərdə tutulan mallar satıcı tərəfindən alıcıya təqdim edilsə də, alıcı tərəfindən bu günə qədər həmin mallar üzrə heç bir ödəniş edilməmişdir. Göründüyü kimi, cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, müqavilə ilə nəzərdə tutulan hərəkətləri yerinə yetirməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, özünün risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıyır.
3. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. O, həmçinin izahatında 039862 nömrəli və 040069 nömrəli yol vərəqələri ilə cavabdehə təqdim olunmuş 56,42 (əlli altı manat qırx iki qəpik) manat və 130,56 (yüz otuz manat əlli altı qəpik) manat dəyərində mallarla bağlı elektron qaimə-fakturalar göndərilmədiyini bildirmişdir.
4. Cavabdeh MMC məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən onun nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş proses iştirakçılarının gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə proses iştirakçılarının icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
6. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir.
7. Belə ki, iş materiallarında olan satıcı İddiaçı ilə alıcı Cavabdeh arasında bağlanmış 13 mart 2025-ci il tarixli 03/25-197 nömrəli alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən satıcı müqavilədə nəzərdə tutulan müddət ərzində alıcını sifariş aktı ilə sifariş edilmiş tibbi adavadanlıq, ümumi, xüsusi və laboratoriyada istifadə edilən materiallarla təmin etməyə, alıcı isə qaimə-faktura ilə malları qəbul etməyə və dəyərini satıcıya ödəməyə borcludur.
8. Həmin müqavilənin 2.3.2-ci bəndinə əsasən alıcı qaimə-faktura ilə müəyyən edilmiş malın dəyərini satıcıya bu müqavilənin 3.2-ci bəndində nəzərdə tutulmuş müddətdə ödəməyi öhdəsinə götürmüşdür.
9. Həmin müqavilənin 3.2-ci bəndinə görə alıcı qaimə-faktura üzrə qəbul etdiyi malın dəyərini malın qəbul edildiyi vaxtdan sonra 15 (on beş) təqvim günündən gec olmamaq şərti ilə ödəməlidir.
10. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən müqavilə qüvvəyə mindikdən sonra satıcı malı alıcının müraciəti ilə onun sifarişi əsasında və bu müqavilə ilə müəyyən edilmiş qaydaları nəzərə almaqla ona qaimə-faktura əsasında verir.
11. İş materiallarından görünür ki, İddiaçı tərəfindən Cavabdehnə 523,21 manat dəyərində malların satılması ilə bağlı 18 mart 2025-ci il tarixli MT2503 seriyalı 11321916 nömrəli, 505,81 manat dəyərində malların satılması ilə bağlı 19 mart 2025-ci il tarixli MT2503 seriyalı 11478483 nömrəli, 396,48 manat dəyərində malların satılması ilə bağlı 01 aprel 2025-ci il tarixli MT2504 seriyalı 10013307 nömrəli, 870,49 manat dəyərində malların satılması ilə bağlı 16 aprel 2025-ci il tarixli MT2504 seriyalı 11331022 nömrəli elektron qaimə-faktura təqdim olunmuşdur.
Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
13. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
14. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
15. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
16. Həmin Məcəllənin 430.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir.
17. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
18. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
19. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
20. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
21. Yuxarıda təsvir olunanlarla müəyyən olunur ki, cavabdeh ilə iddiaçı arasında alqısatqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, lakin cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəliyini lazımi qaydada yerinə yetirməmiş, aldığı malların dəyərini iddiaçıya ödəməmişdir. İddia ərizəsində cavabdehdən 2482,97 (iki min dörd yüz səksən iki manat doxsan yeddi qəpik) manat məbləğində pulun tutulması tələb edilsə də, iş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə ümumilikdə 2295,99 (iki min iki yüz doxsan beş manat doxsan doqquz qəpik) manat dəyərində malların satılması ilə bağlı elektron qaimələr təqdim olunmuş, ərizədə göstərilən 56,42 (əlli altı manat qırx iki qəpik) manat və 130,56 (yüz otuz manat əlli altı qəpik) manat dəyərində malların cavabdehə təhvil verilməsi ilə bağlı iddiaçı tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir.
22. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli və Cavabdehndən 2295,99 (iki min iki yüz doxsan beş manat doxsan doqquz qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulmalıdır.
23. Həmçinin hazırkı iddia tələbinin həcminə uyğun hesablanmış 42,96 (qırx iki manat doxsan altı qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
24. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur.
25. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
26. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək istinad edilən qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 2295,99 (iki min iki yüz doxsan beş manat doxsan doqquz qəpik) manat məbləğində əsas borc və 42,96 (qırx iki manat doxsan altı qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 2338,95 (iki min üç yüz otuz səkkiz manat doxsan beş qəpik) manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır.
27. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
30. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
31. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdehndən 2295,99 (iki min iki yüz doxsan beş manat doxsan doqquz qəpik) manat məbləğində borc və 42,96 (qırx iki manat doxsan altı qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 2338,95 (iki min üç yüz otuz səkkiz manat doxsan beş qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: İslam Əliyev