Məhkəmə qərarları › İş №e-2-2(119)-1975/2022

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1975/2022

16.11.2022 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1975/2022 16.11.2022 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X3 qızının katibliyi ilə, ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı verilmiş "ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması" barədə ərizəyə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, 11 oktyabr 2022-ci il tarixinə hesablanmış vergi ödəyicisi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Dövlət Büdcəsinə olan cəmi 971549,99 (doqquz yüz yetmiş bir min beş yüz qırx doqquz manat 99 qəpik) manat məbləğində vergi borcunun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri - xx xxxx 1987-ci il təvəllüdlü Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırlması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Həmin ərizəyə baxılması ilə əlaqədar Maraqlı şəxs məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi isə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə baxışının ərizəçinin nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-7.2-ci maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən "ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması" barədə ərizə təmin olunmamalıdır. Belə ki, ərizənin məzmunu ilə müəyyən olunur ki, vergi öhdəliklərini Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyinə görə xx xxxx 1987-ci il təvəllüdlü Maraqlı şəxs (ünvan: ünvan 1ğu hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) Dövlət Büdcəsinə 11 oktyabr 2022-ci il tarixə hesablanmış cəmi 971549,99 manat məbləğində vergi borcu vardır və ona vergi borcunun ödənilməsinə dair xəbərdarlıq edilərək, hazırkı ərizə ilə 24 oktyabr 2022-ci ildə məhkəməyə müraciət olunmuşdur. Lakin, həmin ərizə üzrə aparılan məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsində 16 noyabr 2022-ci il tarixə olan "Vergi borcu barədə" Məlumat (https://www.e-taxes.gov.az/ebyn/vergiBorcu.html) ilə müəyyən olunur ki, vergi ödəyicisi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Dövlət Büdcəsinə (VÖEN **********) 16 noyabr 2022-ci il tarixə ödənilməmiş cəmi 100 (yüz) manat məbləğində borcu qalmışdır. Yəni, hazırkı ərizə məhkəmənin icraatına daxil olduqdan sonra vergi ödəyicisi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 11 oktyabr 2022-ci il tarixə hesablanmış Dövlət Büdcəsinə olan 971549,99 (doqquz yüz yetmiş bir min beş yüz qırx doqquz manat 99 qəpik) manat məbləğində vergi borcundan 16 noyabr 2022-ci il tarixində ödənilməmiş cəmi 100 (yüz) manat məbləğində borcu qalmışdır. Ona görə də, vergi ödəyicisi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) Dövlət Büdcəsinə ödənilməmiş cəmi 100 (yüz) manat məbləğində borca görə həmin hüquqi şəxsin icra orqanının rəhbəri Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması - mütənasib və tətbiq edilməsi zəruri olan tədbir hesab edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyanın 28-ci maddəsinin 3-cü hissəsinə əsasən, qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. “Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 12-ci maddəsinə əsasən, hər hansı bir ölkənin ərazisində qanuni surətdə olan hər kəsin həmin ölkənin hüdudlarında sərbəst şəkildə yer dəyişmək və yaşayış yeri seçmək hüququ var; Hər bir insanın, öz ölkəsi də daxil olmaqla, hər hansı bir ölkəni tərk etmək hüququ var; Yuxarıda xatırlanan hüquqlar qanunda nəzərdə tutulan, dövlət təhlükəsizliyinin, ictimai asayişin, əhalinin sağlamlığının, yaxud mənəviyyatının, yaxud başqalarının hüquq və azadlıqlarının və bu Paktda tanınan hüquqlara uyğun digər hüquqların qorunması üçün zəruri olan məhdudiyyətlərdən başqa, məhdudiyyət obyekti ola bilməz; Heç kəs özbaşına öz ölkəsinə gəlmək hüququndan məhrum edilə bilməz. Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Komitəsinin Beynəlxalq Paktın 12-ci maddəsinə dair qəbul etdiyi 02 noyabr 1999-cu il tarixli 27 saylı X2 göstərilir ki, həmin maddə ilə təmin olunmuş hüquqlara aid icazə verilən məhdudiyyətlər hərəkət sərbəstliyi prinsipini sarsıtmamalıdır. Bu hüquqlara dair məhdudiyyətlərin məqbul sayılması üçün onlar qanunvericilikdə nəzərdə tutulmalı, demokratik cəmiyyətdə Paktın 12-ci maddəsinin 3-cü bəndində göstərilən məqsədlərə nail olmaq üçün zəruri olmalı və Paktda göstərilən bütün digər hüquqlara uyğun gəlməlidir. Dövlətlər Paktın 12-ci maddəsinin 3-cü bəndində icazə verilmiş məhdudiyyətləri əks etdirən qanunları qəbul edərkən, hər zaman bu məhdudiyyətlərin nəzərdən keçirilən hüququn mahiyyətinə toxunmaması prinsipini rəhbər tutmalıdırlar. Məhdudlaşdırıcı tədbirlər mütənasiblik prinsipinə uyğun gəlməlidir; onlar müdafiə funksiyalarının yerinə yetirilməsi üçün yararlı olmalıdır; arzu edilən nəticəyə gətirib çıxara bilən bütün vasitələr sırasında onlar ən az məhdudlaşdırıcı vasitə olmalı və müdafiə olunan maraqlarla mütənasib olmalıdır. Mütənasiblik prinsipinə təkcə müvafiq məhdudiyyətin nəzərdə tutulduğu qanunvericilikdə deyil, həmçinin həmin qanunvericiliyin tətbiq edilməsi prosesi çərçivəsində inzibati və məhkəmə hakimiyyəti orqanlarında da əməl olunmalıdır. İnsan Hüquqlarının və X1 haqqında Konvensiyaya dair 4 saylı Protokolun 2-ci maddəsinə əsasən, qanuni əsaslarla hər hansı dövlətin ərazisində olan hər kəsin həmin ərazidə sərbəst hərəkət etmək və özünə yaşayış yeri seçmək hüququ vardır. Hər kəs öz ölkəsi də daxil olmaqla, hər hansı ölkəni tərk etməkdə azaddır. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq üçün, cinayətlərin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa, heç bir məhdudiyyət qoyula bilməz. Beləliklə də, yuxarıda təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, hazırkı ərizədə qeyd olunan hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) 971549,99 (doqquz yüz yetmiş bir min beş yüz qırx doqquz manat 99 qəpik) manat məbləğində borcun cəmi 100 (yüz) manat hissəsinin ödənilməməsi ilə əlaqədar həmin hüquqi şəxsin icra orqanının rəhbəri olaraq Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması - əsassız və qeyri-mütənasib olan tədbir olardı. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər İdarəsi tərəfindən xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı verilmiş "ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması" barədə ərizə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 305, 355-5, 355-6, 355-7, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı verilmiş "ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması" barədə ərizə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar