Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-199/2025 25.02.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Məmmədova Nərminə İdris qızının katibliyi ilə, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti 06 dekabr 2024-cü il tarixdə Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ona verilmiş tomat məhsullarının dəyəri olan 64090 (altmış dörd min doxsan) manat məbləğində pul vəsaitinin, müqaviləyə əsasən gecikdirilən hər gün üçün malın ümumi dəyərinin 0,5 faizi məbləğində hesablanmış 78510 (yetmiş səkkiz min beş yüz on) manat məbləğində cərimənin, vurulmuş maddi və mənəvi zərərə görə 20000 (iyirmi min) manat məbləğində pul vəsaitinin, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş 320 (üç yüz iyirmi) manat məbləğində xidmət haqqının və 453 (dörd yüz əlli üç) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 163373 (yüz altmış üç min üç yüz yetmiş üç) manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin direktoru X1 ilə Cavabdeh arasında ilkin olaraq şifahi razılaşmaya əsasən, İran İslam Respublikasının istehsalı olan “Delara” adlı tomat məhsulunun satışı barədə razılığa gəlinmiş və məhsul gətirildikdən sonra tərəflər arasında müqavilə bağlanılması qərara alınmışdır. Qarşılıqlı razılaşma əsasında 10 aprel 2024-cü il tarixdə Alim Ruşanov tərəfindən Cavabdeh hər qutusunun qiyməti 26 manat olmaqla, 64090 manat dəyərində 2465 qutu 800 qramlıq “Delara” pastası təhvil verilmişdir. Bu barədə tərəflər arasında “Satış fakturası” tərtib edilmiş, fakturanı hər iki tərəf imzalamış və 14 oktyabr 2024-cü il tarixli elektron-qaimə faktura ilə də təsdiq olunmuşdur. Cavabdeh tərəfindən alınmış məhsulun dəyəri vaxtında ödənilmədiyindən və müqavilə bağlanmasından imtina edildiyindən dəfələrlə telefon vasitəsilə əlaqə saxlanılmış, lakin cavabdeh məhsulun dəyərini ödəməkdən və müqavilə bağlamaqdan imtina etmiş, ona görə də bununla bağlı Sumqayıt şəhər Polis İdarəsinə müraciət olunmuşdur. Sumqayıt şəhər Polis İdarəsində məsələ ilə bağlı araşdırma aparılmış və 28 iyul 2024-cü il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir. Polis tərəfindən aparılan araşdırmanın və aparılmış yazışmaların nəticəsində Cavabdeh müqavilə bağlanmasına razılıq vermiş, 10 aprel 2024-cü il tarixdə verilmiş məhsula görə “Delara” adlı tomat pastası və digər çeşidli ərzaq mallarının alqı-satqısına dair İddiaçı MMC-nin direktoru X1 ilə Cavabdeh arasında 21 sentyabr 2024-cü il tarixli 001/9-2024 nömrəli müqavilə bağlanılmışdır. İran İslam Respublikasında olan şirkət tərəfindən malın dəyəri tələb edildiyindən Cavabdeh avqust-sentyabr aylarında teleqram vurulmuş, məktublar yazılaraq məhsulun dəyərinin ödənilməsi və müqavilənin bağlanması tələb edilmişdir. Tərəflər arasında bağlanmış məhsulların alqı-satqı müqaviləsinə əsasən, satıcı qismində çıxış edən iddiaçı həmin müqavilənin predmetini təşkil edən “Delera” adlı tomat pastasını alıcı qismində iştirak edən cavabdehə satmağı, cavabdeh isə həmin malları qəbul edib onların dəyərini müqavilə ilə razılaşdırılmış qaydada satıcıya ödəməyi öhdəsinə götürmüş, müqavilə üzrə öhdəlik iddiaçı tərəfindən icra edilsə də, cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi, yəni aldığı malların dəyərini tam şəkildə ödəməmiş, nəticədə cavabdehin 64090 manat məbləğində əsas borcu yaranmışdır. Göstərilənlərə əsasən cavabdehdən malın dəyəri olan 64090 manat, müqaviləyə əsasən gecikdirilən hər gün üçün malın dəyərinin 0,5 faizi miqdarında cərimə olunmaqla xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan 245 gün üçün, hər gün üçün 320,45 manat olmaqla, cəmi 78510 manat məbləğində cərimə, həmçinin iddiaçıya vurulan maddi və mənəvi zərərə görə 20000 manat məbləğində olmaqla - cəmi 162600 manat, hüquqi xidmətə görə ödənilmiş 320 manat məbləğində və iddia ərizəsinin verilməsinə görə 453 manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 163373 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iclaslarında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahatlar verərək, həmçinin bildirmişdir ki, məhsullar İran İslam Respublikasında yerləşən şirkətdən alınmışdır, ödəniş gecikdirildiyi üçün həmin şirkət tərəfindən təmsil etdiyi təşkilata cərimə tətbiq edilmişdir. Həmçinin həmin məhsullar İran İslam Respublikasından Naxçıvan Muxtar Respublikasına, oradan da Bakıya gətirilmişdir, buna görə də iddiaçı təşkilat tərəfindən sürücülərə xidmət haqqı verilmişdir. Eyni zamanda əldən çıxmış fayda kimi iddiaçı təşkilat bir neçə müştərisini itirmişdir. Dövriyyəsindən 64090 manat məbləğində pul vəsaiti çıxdığı üçün bunun şirkətin fəaliyyətinə də mənfi təsirləri olmuşdur. Odur ki, borcla yanaşı, cavabdehdən maddi və mənəvi zərərin əvəzi kimi 20000 manat məbləğində pul vəsaiti də iddiaçının xeyrinə tutulmalıdır. Cavabdeh müqavilə bağlamaqdan yayındığına görə, müqavilə 21 sentyabr 2024-cü il tarixində bağlanmış, lakin məhsullar cavabdehə 2024-cü ilin aprel ayında təhvil verilmişdir. İddiaçının nümayəndəsi göstərilənlərin nəzərə alınaraq, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materialları: İş materiallarında olan tərəflər arasında bağlanmış 21 sentyabr 2024-cü il tarixli 001/9-2024 nömrəli alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən, satıcı (İddiaçı MMC) alıcının (Cavabdeh) sifarişi əsasında “DELARA” markalı tomat pastası və digər çeşidli ərzaq malları satır, alıcı isə malı qəbul etməyi və dəyərini ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən, malın qiyməti, miqdarı hesab-fakturalarla müəyyən edilir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, alıcı aldığı malın dəyərini malı təhvil aldıqdan sonra ödəyir. Həmin müqavilənin 3.4-cü bəndinə əsasən, alıcı aldığı məhsulun dəyərini 5 iş günü müddətində ödəməlidir. Həmin müqavilənin 3.5-ci bəndinə əsasən, alıcı tərəfindən ödənişin gecikdirilməsi halında gecikmənin hər günü üçün alıcı sifariş olunan malın 0.5% miqdarında cərimə ödəməlidir. Həmin müqavilənin 3.6-cı bəndinə əsasən, alıcının məsuliyyətsizliyi üzündən əmələ gəlmiş ziyana görə satıcı cavabdeh deyil. Həmin müqavilənin 3.8-ci bəndinə əsasən, malın dəyərinin vaxtında ödənilməməsi, maldan əsaslandırılmadan imtina edilməsi və başqa səbəblər nəticəsində tərəflərin hər hansı birinə dəymiş ziyan təqsirli tərəfin hesabına kompensasiya edilir. İş materiallarında olan 10 aprel 2024-cü il tarixli satış fakturasından görünür ki, cavabdehə ümumi dəyəri 64090 manat məbləğində mal təhvil verilmişdir. İş materiallarında olan 10 aprel 2024-cü il tarixli 14 nömrəli qaimə-fakturadan görünür ki, bir ədədinin qiyməti 26 manat olmaqla, 64090 manat dəyərində 2465 qutu “Delara” pastası Alim Ruşanov tərəfindən sürücü Əkbər Səfərova təhvil verilmiş, Əkbər Səfərov tərəfindən isə həmin mallar Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan Sumqayıt şəhər Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi tərəfindən aparılmış araşdırmanın nəticəsinə dair qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 28 iyul 2024-cü il tarixli qərarla hazırkı iddiaçının şikayəti ilə əlaqədar cavabdehin əməllərində cinayət hadisəsi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan 14 oktyabr 2024-cü il tarixli Mt2410 seriyalı 10860346 nömrəli elektron qaimə-fakturadan görünür ki, həmin elektron qaimə-faktura iddiaçı tərəfindən cavabdehə 64090,0049 manat manat dəyərində malın satılması ilə əlaqədar təqdim edilmişdir. İş materiallarında olan 05 avqust 2024-cü il tarixli cavabdeh tərəfindən iddiaçının qanuni təmsilçisinə ünvanlanmış teleqramın məzmunundan görünür ki, Cavabdeh 2024-cü ilin may ayında İddiaçı MMC-nin nümayəndəsi tərəfindən 64142 manat dəyərində malın (tomat pastasının) Biləsuvarda ona təhvil verildiyini bildirmiş və tərəflər arasında müqavilə bağlanılması və ödənişin rəsmi qaydada həyata keçirilməsi üçün İddiaçı MMC-dən bank rekvizitlərinin təqdim edilməsi xahiş edilmişdir. İş materiallarında olan 05 avqust 2024-cü il tarixli teleqrama cavab məktubunda iddiaçı bildirmişdir ki, 05 avqust 2024-cü ilə qədər Cavabdeh tərəfindən iddiaçıya edilmiş nə rəsmi, nə də şifahi qaydada hər hansı müraciət qeydə alınmamışdır. Məktubda, həmçinin qeyd edilmişdir ki, Cavabdeh iddiaçıya zəng edərək ona bir tır tomat lazım olduğunu, iddiaçı isə tərəflər arasında müqavilə bağlanılması üçün sənədlərin təqdim edilməsini, bundan sonra müqavilə bağlanılaraq rəsmi qaydada elektron qaimə vurulmasının mümkün olduğunu bildirilmişdir. Cavabdeh malların gətirilib çatdırılmasından sonra müqavilə bağlanılmasını xahiş etmişdir. İddiaçı sözügedən malları Biləsuvar gömrük məntəqəsindən keçirərək cavabdehin verdiyi ünvana çatdırmış, sürücünün iştirakı ilə həmin tomat pastası bir-bir sayılaraq cavabdehə təhvil verilmişdir. Lakin cavabdeh tərəfindən hansısa sənəd təqdim edilməmişdir. İddiaçı 64142 manat məbləğində pulun köçürülməsini xahiş etmiş, İranda yerləşən zavod qarşısında borc öhdəliklərinin mövcud olduğunu bildrmiş, borc məbləğini ödəmək üçün cavabdehə 5 gün müddətinə vaxt vermişdir. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçının qanuni təmsilçisinə ünvanlanmış 21 sentyabr 2024-cü il tarixli teleqramın məzmunundan qeyd edilmişdir ki, sözügedən mallar iddiaçı tərəfindən təhvil verildiyinə görə müqavilə də iddiaçı tərəfindən hazırlanmalıdır. Həmçinin müqaviləni hazırlanıb imzalanması üçün cavabdehə məxsus bank rekvizitlərinin iddiaçıya təqdim edildiyi bildirilmişdir. İş materiallarında olan 25 yanvar 2025-ci il tarixində Əkbər Səfərov tərəfindən verilmiş izahatda bildirilmişdir ki, Əkbər Səfərov ona məxsus avtomobil ilə Alim Ruşanovun müraciəti əsasında 2465 qutu tomaq pastasını Cavabdeh tələbi ilə 1250 qutusunu Biləsuvar rayonunda yerləşən anbara, qalan 1215 qutusunu isə Sumqayıt şəhərində yerləşən Cavabdeh işlətdiyi mağazaya təhvil vermişdir. İş materiallarında olan 31 oktyabr 2024-cü il tarixli teleqramın məzmununda qeyd edilmişdir ki, “yazaraq sizə bildirmək istəyirəm ki, xx.xx.2024 tarixində verdiyim "Delare" tomat pastasının (bundan sonra mal adlandırılacaq) borcunu əsassız səbəblər gətirərək xx.xx.2024-cü il tarixinədək uzatmısınız. xx.xx.2024 tarixində vurduğunuz teleqram vasitəsilə müqaviləni imzalayaraq məndən malı adığınızı təsdiq etmiş və eyni zamanda məndən təcili olaraq elektron qaimə vurmağımı tələb etmisiniz. Mən də qarşılığında xx.xx.2024 tarixində tələb etdiyiniz elektron qaiməni vurmuşam. Qaiməni təcili olaraq tələb etməyinizə rəğmən bugün etibarilə 17 gündür ki, sizdən heç bir ödəniş almamışam. Sizdən tələb edirəm ki, mənim borcumu ən qısa zaman ərzində ödəyəsiniz. Bu zaman müddətində (xx.xx.2024-xx.xx.2024) 6 ay 21 gün mənə sadəcə 64090 manat zərər dəyməyib. Bu müddət ərzində qurduğum şirkətin fəaliyyəti dayanmış və biznes həyatımda aylıq gəlir qazana bilməyəcək hala düşmüşəm. Bildirmək istəyirəm ki, ən qısa zamanda borcunuzu (malın dəyəri olaraq 64090 manat və hər gecikdirilən günə görə malın dəyərinin 0.5% miqdarında cəriməni) ödəməsəniz müvafiq orqanlara müraciət edəcəyəm”. İş materiallarında olan xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək olan dövrü əhatə edən iddiaçının müvafiq bank hesabından çıxarışa əsasən, qeyd edilən dövrlər ərzində cavabdeh tərəfindən iddiaçı təşkilata hansısa ödəniş edilməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 23.1-ci maddəsinə əsasən, fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. Həmin Məcəllənin 23.6-cı maddəsinə əsasən, bu maddənin fiziki şəxsin işgüzar nüfuzunun müdafiəsinə dair qaydaları müvafiq olaraq hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 567-ci madəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə, şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Alı Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il Qərarında qeyd edilmişdir ki, mənəvi zərərin ödənilməsi barədə Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları baxımından mənəvi zərərin ödənilməsini tələb etmək hüququ yalnız fiziki şəxslərə aiddir. Fiziki şəxslərin işgüzar nüfuzunu ləkələyən məlumatların yayılması ilə bağlı mənəvi zərərin ödənilməsini tənzimləyən qaydalar sahibkarlar barəsində belə məlumatların yayılması hallarına da şamil edilir. Hüquqi şəxsin təsərrüfat fəaliyyəti və s. funksiyaları barədə yanlış məlumatların yayılması, haqsız rəqabət üsul və vasitələrindən istifadə olunması (təsərrüfat fəaliyyətinin nüfuzdan salınması və təqlidi, istehlakçıların çaşdırılması və s.) nəticəsində onun işgüzar nüfuzuna qəsd edildikdə həmin hüquqi şəxs Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 1097.1-ci maddələrinə müvafiq olaraq ona vurulmuş maddi zərərin ödənilməsini tələb edə bilər. Məhkəmənin mövqeyi: Yuxarıda təsvir olunanlara əsasən müəyyən edilir ki, iddiaçı və cavabdeh arasında bağlanmış şifahi razılaşma əsasında iddiaçı cavabdehə 10 aprel 2024-cü il tarixində hər qutusunun qiyməti 26 manat, ümumi dəyəri 64090 manat olan 2465 qutu “Delara” tomat pastası təhvil vermiş, tərəflər daha sonra aralarındakı ticarət əməliyyatını rəsmiləşdirərək 21 sentyabr 2024-cü il tarixli 001/9-2024 nömrəli alqı-satqı müqaviləsi bağlamışlar. Cavabdeh aralarındakı şifahi razılaşmanın şərtlərinə və müqavilə öhdəliklərinə riayət etməyərək həmin malların dəyərini iddiaçıya tam ödəməmiş, nəticədə onun iddiaçıya 64090 manat məbləğində borcu yaranmışdır. Bu göstərilənlər yuxarıda istinad edilən sübutlarla - 10 aprel 2024-cü il tarixli satış fakturası, 10 aprel 2024-cü il tarixli 14 nömrəli qaimə-faktura, 05 avqust 2024-cü il tarixli cavabdeh tərəfindən iddiaçının qanuni təmsilçisinə ünvanlanmış teleqram, sürücü Əkbər Səfərovun izahatı, 21 sentyabr 2024-cü il tarixli 001/9-2024 nömrəli alqı-satqı müqaviləsi, 14 oktyabr 2024-cü il tarixli Mt2410 seriyalı 10860346 nömrəli elektron qaimə-faktura, xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək olan dövrü əhatə edən bank hesabından çıxarışla tam təsdiq edilməkdədir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehdən 21 sentyabr 2024-cü il tarixli 001/9-2024 nömrəli alqı-satqı müqaviləsi üzrə 64090 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. İddia tələbinin cavabdehdən 78510 manat məbləğində cərimənin tutulmasına aid hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, cavabdeh tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan (alqı-satqı müqaviləsinin yuxarıda istinad edilmiş 3.5-ci bəndi) iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya)qanun və yamüqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd olunanlarla bağlı məhkəmə hesab edir ki, tələb olunan cərimənin əsas borc məbləğinə nisbəti, o cümlədən həm kreditorun, həm də ki, borclunun əmlak mənafeləri və işin digər halları nəzərə alınmaqla iddia tələbinin cavabdehdən 78510 manat məbləğində cərimənin tutulmasına aid hissəsi qismən təmin edilməli, tələb edilən cərimənin məbləği azaldılaraq cavabdehdən cəmi 3205 manat məbləğində cərimə tutulmalıdır. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bundan başqa, iddia tələbində, həmçinin 20000 manat məbləğində maddi və manat məbləğində mənəvi zərərin əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə hesab edir ki, iddia həmin hissədə əsaslı hesab edilə bilməz. Belə ki, iş materiallarına hansı miqdarda zərərin dəyməsi, bu zərərin necə hesablanması ilə bağlı sübutlar əlavə edilməmişdir. Mənəvi zərərin əvəzinin ödənilməsi ilə bağlı isə nəzərə alınmalıdır ki, qanunvericiliyinin müddəaları baxımından mənəvi zərərin ödənilməsini tələb etmək hüququ yalnız fiziki şəxslərə aiddir, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda istinad edilən 03 noyabr 2008-ci il tarixli Qərarında göstərildiyi kimi, hüquqi şəxsin işgüzar nüfuzuna qəsd edildikdə həmin hüquqi şəxs Mülki Məcəllənin 21-ci maddəsinə əsasən dəymiş maddi zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Odur ki, göstərilən hallarla bağlı hansısa sübut təqdim etdilmədiyindən və tələbin əsası kimi yalnız şifahi mülahizələrə istinad edildiyindən, iddia həmin hissədə təmin edilməməlidir. Həmçinin iddia tələbinin hüquqi yardıma görə ödənilmiş 320 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 29 noyabr 2024-cü il tarixli və 02 dekabr 2024-cü il tarixli ödəniş qəbzlərindən görünür ki, iddiaçı tərəfindən vəkilin göstərdiyi hüquqi yardıma görə Bakı şəhəri 37 saylı Vəkil Bürosunun hesabına 300 manat məbləğində ödəniş edilmişdir. Odur ki, iddiaçı tərəfindən vəkilin göstərilmiş hüquqi yardıma görə 300 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 115.0.6-cı maddəsinə əsasən, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərin sırasına aiddir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Bundan əlavə, iddia tələbinin 453 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə hissəsinə gəldikdə məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməli, iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq hesablanmış 291,88 manat məbləğdə pul vəsaiti cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda dövlət rüsumunun məbləği 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi təşkil edir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək, istinad edilən qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia qismən təmin edilməli, 64090 manat məbləğində borc, 3205 manat məbləğində cərimə, hüquqi yardımla bağlı ödənilmiş 300 manat məbləğində xidmət haqqının, 291,88 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 67886,88 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 64090 (altmış dörd min doxsan) manat məbləğində borc, 3205 (üç min iki yüz beş) manat məbləğində cərimə, hüquqi yardımla bağlı ödənilmiş 300 (üç yüz) manat məbləğində xidmət haqqının, 291,88 (iki yüz doxsan bir manat, səksən səkkiz qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 67886,88 (altmış yeddi min səkkiz yüz səksən altı manat, səksən səkkiz qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-199/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-199/2025
25.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver