Məhkəmə qərarları › İş №e-2-2(119)-20/2021

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-20/2021

12.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-20/2021 12.11.2021 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X1 qızının katibliyi, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nümayəndə iştirakı ilə, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti 21 may 2020-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə sadələşdirilmiş icraat qaydasında Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 6186 (altı min yüz səksən altı) manat məbləğində əsas borcun, 2072,79 (iki min yetmiş iki manat 79 qəpik) manat məbləğində cərimənin və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən 21 may 2020-ci ildə məhkəməyə təqdim olunmuş həmin iddia ərizəsində iddia tələbi onunla əsaslandırılmışıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 mart 2005-ci il tarixli 58 nömrəli Qərarı ilə təsdiq olunmuş “ "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının hüquqi və fiziki şəxslərə lizinqə verilməsi və ya lizinq yolu ilə satılması” Qaydalarına müvafiq olaraq lizinq verən "xxxx" ASC ilə lizinq alan Cavabdeh arasında bağlanmış 12 oktyabr 2017-ci il tarixli 2042- GL/17 nömrəli Müqaviləyə əsasən sonuncu lizinq predmetləri olan “MTZ-1221” markalı traktoru və “AG-14-5” markalı kotanı lizinqə götürmüşdür. Lakin, lizinq alan Cavabdeh üzərinə götürdüyü müqavilə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və həmin Müqavilə üzrə onun 6186 (altı min yüz səksən altı) manat məbləğində əsas borcu və lizinq müqaviləsinin 4.2-ci bəndinə əsasən hesablanmış 2072,79 (iki min yetmiş iki manat 79 qəpik) manat məbləğində cərimə borcu yaranmışdır. Belə ki, tərəflər arasında bağlanmış Müqavilənin 2.2.2-ci bəndinə əsasən lizinq alan lizinq ödənişlərini vaxtında və tam həcmdə ödəməyi öhdəsinə götürmüşdür. Lakin, lizinq alan Cavabdeh lizinq verən "xxxx" ASC ilə bağladığı müqavilənin həmin bəndi ilə nəzərdə tutulmuş lizinq ödənişlərinin qrafik üzrə vaxtında və tam ödənilməsinə dair üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Cavabdehə öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, onun tərəfindən müqavilə üzrə ödənişlər yerinə yetirilməmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 16 iyun 2020-ci il tarixli e-2-2(119)-365/2020 nömrəli qərardadı ilə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Cavabdeh qarşı verilmiş “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İş materialları ilə müəyyən olunur ki, Azərbaycan Respublikası Prezidentinin “ "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında” 17 avqust 2020-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki "xxxx" Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək "xxxx" Açıq Səhmdar Cəmiyyəti adlandırılmış və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə verilmişdir. Buna görə də, Sumqayıt Kommersiya Məhkəməsinin 23 sentyabr 2020-ci il tarixli qərardadı ilə hazırkı iddia ərizəsinə dair kommersiya işi üzrə icraat Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 254.1.1-ci maddəsinin tələblərinə əsasən Azərbaycan Respublikası Prezidentinin “ "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında” 17 avqust 2020-ci il tarixli Fərmanı ilə adı və səlahiyyətləri dəyişdirilmiş "xxxx" ASC tərəfindən verilmiş iddia ərizəsində nəzərdə tutulan mübahisənin mahiyyəti üzrə düzgün həll edilməsi üçün Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin işə qoşulması və əsl iddiaçının iştirakı ilə məhkəmə araşdırılmasının davam etdirilməsi məqsədi ilə dayandırılmışdır. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi 15 sentyabr 2021-ci ildə məhkəməyə daxil olmuş 13 sentyabr 2021-ci il tarixli ərizəsində iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair e-2-2(119)-20/2021 nömrəli kommersiya işinin icraatının təzələnməsi və iddiaçının iş üzrə əsl iddiaçı olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi ilə əvəz olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Buna görə də, Sumqayıt Kommersiya Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli qərardadı ilə hazırkı iş üzrə icraat təzələnərək, məhkəmə baxışı davam etdirilmiş və iş üzrə “iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti” əsl iddiaçı olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi ilə əvəz edilmişdir. Kommersiya işi üzrə keçirilən məhkəmə baxış iclasında iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və lizinq verən "xxxx" ASC ilə lizinq alan Cavabdeh arasında bağlanmış 12 oktyabr 2017-ci il tarixli 2042-GL/17 nömrəli lizinq müqaviləsinə əsasən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunduğu vaxt mövcud olan 6186 manat məbləğində əsas borcun, 2072,79 manat məbləğində cərimənin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, “lizinq verən” "xxxx" Açıq Səhmdar Cəmiyyəti (hal-hazırda Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi) ilə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan “lizinq alan” Cavabdeh (VÖEN **********) arasında bağlanmış 31 mart 2014-cü il tarixli 427-L/14 nömrəli və 11 avqust 2014-cü il tarixli 1160-L-14 nömrəli “ "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə” Müqavilələrinə əsasən dəyərləri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra Lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə bir ədəd “MTZ-1221” (“Belarus”) markalı traktor və bir ədəd “AG-14-5” markalı kotan sonuncuya lizinqə verilmişdir (traktorun lizinqə verilməsi barədə Müqavilənin müddətinin 2023-cü ilin birinci rübündə, kotanın lizinqə verilməsi barədə Müqavilənin müddətinin isə 2019-cü ilin ikinci rübündə bitməsi nəzərdə tutulmuşdur). Yəni, 31 mart 2014-cü il tarixli 427-L/14 nömrəli Müqaviləyə əsasən “Lizinq verən” "xxxx" ASC tərəfindən “Lizinq alan” Cavabdeh bir ədəd ilkin qiyməti 37500 manat məbləğində olan “MTZ-1221” markalı traktor (həmin Müqavilənin 1.2-ci bəndinə əsasən, Lizinq alan texnikanın dəyərindən 3750 manat məbləği əvvəlcədən Lizinq verənə ödəyir, qalan hissəsini isə ödəniş qrafikinə (Əlavə № 1) müvafiq olaraq ödəməyi öhdəsinə götürür) və 11 avqust 2014-cü il tarixli 1160-L-14 nömrəli Müqaviləyə əsasən “Lizinq verən” "xxxx" ASC tərəfindən “Lizinq alan” Cavabdeh bir ədəd ilkin qiyməti 3200 manat məbləğində olan “AG-14-5” markalı kotan (həmin Müqavilənin 1.2-ci bəndinə əsasən, Lizinq alan texnikanın dəyərindən 320 manat məbləği əvvəlcədən Lizinq verənə ödəyir, qalan hissəsini isə ödəniş qrafikinə (Əlavə № 1) müvafiq olaraq ödəməyi öhdəsinə götürür) lizinqə verilmişdir (həmin lizinq pretmetləri lizinq alana təhvil verilmişdir). Lakin, bundan sonra 31 mart 2014-cü il tarixli 427-L/14 nömrəli və 11 avqust 2014-cü il tarixli 1160-L-14 nömrəli Müqavilələrlə lizinqə götürülmüş bir ədəd “MTZ- 1221” markalı traktorun və bir ədəd “AG-14-5” markalı kotanın lizinqə verilməsinə güzəştli şərtlərin tətbiq olunması ilə əlaqədar “lizinq verən” "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə “lizinq alan” Cavabdeh (VÖEN **********) arasında 12 oktyabr 2017-ci il tarixli 2042-GL/17 nömrəli “ "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə” yeni Müqavilə bağlanmış (31 mart 2014-cü il tarixli 427-L/14 nömrəli və 11 avqust 2014-cü il tarixli 1160-L-14 nömrəli Müqavilələrə xitam verilmişdir) və həmin Müqaviləyə, həmin Müqavilənin spesifikasiyasına (Əlavə № 1) və ödəniş qrafikinə (Əlavə № 2) əsasən “Lizinq verən” "xxxx" ASC tərəfindən “Lizinq alan” Cavabdeh bir ədəd “MTZ- 1221” markalı traktorun və bir ədəd “AG-14-5” markalı kotanın lizinqə verilməsinə güzəştli şərtlər tətbiq edilmişdir. Bu Müqaviləyə əsasən “MTZ-1221” markalı traktora görə tətbiq olunan güzəştdən sonrakı qalıq məbləği 14790 manat məblğində müəyyən edilərək həmin traktor 6 il müddətinə, “AG-14-5” markalı kotana görə tətbiq olunan güzəştdən sonrakı qalıq məbləği isə 1060 manat məbləğində müəyyən edilərək həmin kotan da 2 il müddətinə lizinqə verilmişdir (12 oktyabr 2017-ci il tarixli 2042-GL/17 nömrəli Müqavilə bağlananadək lizinq alan tərəfindən “MTZ-1221” markalı traktora görə 7710 manat məbləğində, kotana görə isə 860 manat məbləğində pul ödənilmişdir). Məhkəməyə təqdim olunmuş hazırkı iddia ərizəsi və iş materialları ilə müəyyən olunur ki, iddia ərizəsi ilə 21 may 2020-ci ildə məhkəməyə müraciət olunarkən 12 oktyabr 2017-ci il tarixli 2042-GL/17 nömrəli Müqavilə üzrə lizinq alan Cavabdeh 6186 (altı min yüz səksən altı) manat məbləğiində ödənilməmiş əsas borcu və lizinq müqaviləsinin 4.2-ci bəndinə əsasən hesablanmış 2072,79 (iki min yetmiş iki manat 79 qəpik) manat məbləğində cərimə borcu vardır (həmin Müqavilənin 4.2-ci bəndinə əsasən, Lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə Lizinq verən Lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə (peniya) tələb edir). İş materiallarından görünür ki, iş üzrə məhkəmə prosesi zamanı Cavabdeh poçt vasitəsi ilə məhkəməyə göndərdiyi ərizələrində lizinqə götürmüş olduğu traktorun yararsız çıxdığını bildirərək, iddia tələbinə etiraz etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 747-2-ci maddəsinə əsasən, lizinqin obyekti Azərbaycan Respublikasının qanunlarına əsasən sərbəst mülki dövriyyədən çıxarılmış və ya mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar istisna olmaqla, qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid olan daşınar və ya daşınmaz əşyalardır. Həmin Məcəllənin 748-1.12.4-cü maddəsinə əsasən, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə Lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 748-10.2-ci maddəsinə əsasən, lizinq ödənişlərinin məbləği həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. Həmin Məcəllənin 748-10.4-cü maddəsinə əsasən, lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. Təsvir olunanlarla müəyyən olunur ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikalarının lizinqə verilməsi ilə əlaqədar bağlanmış 12 oktyabr 2017-ci il tarixli 2042-GL/17 nömrəli müqavilə üzrə Cavabdeh 21 may 2020-ci il tarixinə 6186 (altı min yüz səksən altı) manat məbləğində əsas borcu yaranmış və "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən həmin borca 2072,79 (iki min yetmiş iki manat 79 qəpik) manat məbləğində cərimə hesablanmışdır. İş materiallarından görünür ki, cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, 12 oktyabr 2017-ci il tarixli 2042- GL/17 nömrəli lizinq müqaviləsi üzrə 21 may 2020-ci il tarixinə hesablanmış 6186 (altı min yüz səksən altı) manat məbləğində əsas borcun Cavabdeh iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır və həmin hissədə iddia təmin olunmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, iddianın Cavabdeh iddiaçının xeyrinə 2072,79 (iki min yetmiş iki manat 79 qəpik) manat məbləğində cərimənin tutulması tələbinə aid hissəsi isə qismən təmin olunmalı və işin halları, o cümlədən də cavabdehin kənd təsərrüfatı sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olması nəzərə alınmaqla, tələb edilən cərimə məbləği azaldılaraq, cavabdehdən cəmi 200 (iki yüz) manat məbləğində cərimə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə də, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və Cavabdeh (VÖEN **********) 12 oktyabr 2017-ci il tarixli 2042-GL/17 nömrəli lizinq müqaviləsi üzrə 21 may 2020-ci il tarixinə hesablanmış 6186 (altı min yüz səksən altı) manat məbləğində əsas borc və 200 (iki yüz) manat məbləğində cərimə iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Eləcə də, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 30 (otuz) manat məbləğində dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Cavabdeh (VÖEN **********) 6186 (altı min yüz səksən altı) manat məbləğində əsas borc, 200 (iki yüz) manat məbləğində cərimə və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla - cəmi 6416 (altı min dörd yüz on altı) manat məbləğində pul vəsaiti iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar