Məhkəmə qərarları › İş №e-2-2(119)-20/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-20/2025

30.06.2025 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-20/2025 30.06.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Calalova Jalə Habil qızının katibliyi, Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X1, Maraqlı şəxs nümayəndəsinin Nümayəndə2 iştirakları ilə, Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı verilmiş “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizəyə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi 21 noyabr 2023-cü il tarixində xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizə ilə məhkəməyə müraciət edərək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) 09 oktyabr 2023-cü il tarixinə hesablanmış Dövlət Sosial Müdafiə Fonduna olan 5,91 (beş manat, doxsan bir qəpik) manat məbləğində borcunun, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə olan 6567,41 (altı min beş yüz altmış yeddi manat, qırx bir qəpik) manat məbləğində vergi borcunun, Dövlət Sosial Müdafiə Fonduna olan 3,92 (üç manat, doxsan iki qəpik) manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxslərin icra orqanının rəhbəri - xx xxxxxxxx 1964-cü il təvəllüdlü Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Maraqlı şəxs 24 noyabr 2023-cü il tarixində məhkəməyə etirazla müraciət edərək bildirmişdir ki, ərizədə qeyd olunan borc bu günə kimi mübahisələndirilir. Bu barədə dəfələrlə Dövlət Vergi Xidmətinə müraciət edərək, həmin borcun texniki səhv ucbatından yarandığını, həmin borc barədə məlumatın səhvən onun tərəfindən göstərildiyini, dəqiqləşmə aparmaq istəyəndə isə müddət bitdiyi üçün həmin dəqiqləşmənin sistem tərəfindən qəbul edilmədiyini bildirmişdir. Bu məqsədlə ərizəçi təşkilata altsistemin açılması və dəqiqləşmə üçün ona şərait yaradılması barədə xahiş ünvanlamışdır. Amma ərizəçi təşkilat bu qanuni tələbi bilərəkdən təmin etməməklə “süni borclanma” yaranmasına səbəb olmuşdur və onun qanunsuz olaraq ikiqat vergiyə cəlb edilməyinə çalışır. Ərizədə göstərilən borc məbləği ilə bağlı audit keçirilməsini xahiş etmiş, lakin həmin xahiş də təmin edilməmişdir. Bu isə həm bir vətəndaş kimi, həm də bir sahibkar kimi hüquqlarının kobud surətdə pozulması deməkdir. Müvafiq vergi orqanına edilən son müraciətə cavab verilməmişdir. Əgər imtina cavabı gələrsə və ya qanunla müəyyən edilmiş müddət ərzində cavab gəlməsə, bu barədə məhkəməyə müraciət edəcəkdir. Maraqlı şəxs borc məbləği ilə bağlı mübahisənin olduğunu nəzərə alaraq məhkəmədən ərizənin təmin edilməməsini xahiş etdi. Ərizəçi 25 dekabr 2023-cü il tarixində ərizənin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 09 oktyabr 2023-cü il tarixinə borcunun olmadığını, vergi ödəyicisi ”Əli-MB” Məhdud Məsuliyyətli Cəmiyyətinin isə dövlət büdcəsinə 15477,82 manat məbləğində vergi borcunun və Dövlət Sosial Müdafiə Fonduna 3,92 manat məbləğində borcunun olduğunu bildirmişdir. Ərizədə qeyd edilən halın nəzərə alınması və "xxxx" MMC-nin göstərilən borclarının ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul olunması xahiş edilmişdir. Həmin ərizəyə baxılması ilə əlaqədar 29 dekabr 2023-cü ildə keçirilən məhkəmə baxışı iclasında Maraqlı şəxs nümayəndəsi şifahi vəsatətlə məhkəməyə müraciət edərək, ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən Maraqlı şəxs qarşı verilmiş "ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması" barədə ərizəyə dair kommersiya işinin baxılmamış saxlanmasını xahiş etmiş və həmin vəsatəti onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə verilmiş ilkin ərizədə Maraqlı şəxs icra orqanının rəhbəri olduğu ”Əli-MB” MMC-nin dövlət büdcəsinə 6567,41 manat məbləğində vergi borcunun olduğu qeyd olunsa da, 25 dekabr 2023-cü ildə təqdim olunan “tələbin dəqiqləşdirilməsi” barədə ərizədə isə həmin borcun 15477,82 manat məbləğində olduğu qeyd olunmuşdur. Lakin bu borc məbləğləri ilə əlaqədar vergi ödəyicisi ”Əli-MB” Məhdud Məsuliyyətli Cəmiyyətinə Vergi Məcəlləsi ilə nəzərdə tutulan qaydada tərtib edilmiş heç bir “bildiriş” təqdim olunmamışdır. 2020-ci ilin mart ayında vergi ödəyicisinə göndərilən borc barədə “bildiriş”də isə borc məbləği 29000 manat məbləğində göstərilmişdir. Maraqlı şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə hesablanmış vergi borcu ilə razı olmadığı üçün vergi idarəsinə müvafiq qaydada müraciətlər etmiş və 09 dekabr 2023-cü ildə rəsmi qəbulda olmuşdur. Həmin qəbuldan sonra 09 dekabr 2023-cü ildə elektron qaydada maraqlı şəxsə məktub göndərilmiş və ona bəyannamələrin yenidən yoxlanılması üçün vergi orqanına yazılı qaydada müraciət edilməsi tövsiyə olunmuşdur. Ona görə də, Maraqlı şəxs həmin tarixdə ”Əli-MB” MMC-də səyyar vergi yoxlamasının yenidən keçirilməsi üçün elektron qaydada vergi orqanına müraciət etmişdir. Həmin müraciətə cavab olaraq 15 dekabr 2023-cü ildə vergi orqanı tərəfindən maraqlı şəxsə məktub göndərilərək, ona vergi ödəyicisində Vergi Məcəlləsinin 37.2-ci maddəsində nəzərdə tutulan 30 iş günü ərzində kameral vergi yoxlamasının keçiriləcəyi barədə məlumat verilmişdir. Lakin hal-hazıradək vergi orqanı tərəfindən həmin məktubda qeyd olunan kameral vergi yoxlamasının keçirilməsi təmin edilməmiş və kameral vergi yoxlamasının keçirilməsi üçün Vergi Məcəlləsinin 37.2-ci maddəsində nəzərdə tutulan 30 iş günü müddəti isə hələ ötməmişdir. Bütün bu hallarla da müəyyən olunur ki, vergi orqanı ilə vergi ödəyicisi ”Əli-MB” MMC arasında mübahisənin qabaqcadan məhkəmədən kənar, yəni pretenziya qaydasında həll edilməsi qaydalarına lazımi qaydada riayət edilməmiş və bu qaydanı tətbiq etmək imkanı itirilməmişdir. Çünki bu halın özü 15 dekabr 2023-cü ildə vergi orqanı tərəfindən maraqlı şəxsə göndərilmiş məktubda qeyd olunan “vergi ödəyicisində Vergi Məcəlləsinin 37.2-ci maddəsində nəzərdə tutulan 30 iş günü ərzində kameral vergi yoxlamasının keçirilməsi” barədə məlumatla da öz təsdiqini tapır. Sumqayıt Kommersiya Məhkəməsinin 29 dekabr 2023-cü il tarixli e-2-2(119)- 1543/2023 nömrəli qərardadı ilə həmin vəsatət təmin edilərək ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı verilmiş "ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması" barədə ərizə baxılmamış saxlanılmışdır. Ərizəçi 16 yanvar 2024-cü il tarixdə məhkəməyə 29 dekabr 2023-cü il tarixli e-2- 2(119)-1543/2023 nömrəli qərardaddan şikayətlə müraciət edərək, həmin qərardadın ləğv olunmasını və ərizəyə baxılmasının təmin edilməsini xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 19 yanvar 2024-cü il tarixli e-2-2(119)- 1543/2023 nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi, həmin qərardadın qüvvədə saxlanılması və 29 dekabr 2023-cü il tarixli e-2-2(119)-1543/2023 nömrəli qərardaddan ərizəçi tərəfindən verilmiş şikayətin iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasnın 19 fevral 2024-cü il tarixli 2-2(105)-34/2024 nömrəli qərardadı ilə ərizəçinin şikayətinin təmin edilməsi, Sumqayıt Kommersiya Məhkəməsinin 29 dekabr 2023-cü il tarixli e-2-2(119)-1543/2023 nömrəli qərardadının və həmin qərardadın dəyişdirilmədən saxlanılmasına dair 19 yanvar 2024-cü il tarixli qərardadın ləğv edilməsi və e-2-2(119)-1543/2023 nömrəli işin baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş üzrə 27 mart 2024-cü il tarixində keçirilən məhkəmə baxışı iclasında Maraqlı şəxs nümayəndəsi “iş üzrə icraatın dayandırılması” barədə yazılı vəsatət (ərizə) ilə məhkəməyə müraciət edib, Maraqlı şəxs qarşı verilmiş “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizəyə dair hazırkı kommersiya işi üzrə mübahisə predmeti olan ”Əli-MB” Məhdud Məsuliyyətli Cəmiyyətinin vergi borcunu inzibati icraat qaydasında mübahisələndirilərək, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı müvafiq iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət olunduğunu və həmin iddia ərizəsinin icraata qəbul edilərək məhkəmə prosesinin başlandığını bildirib, Sumqayıt İnzibati Məhkəməsinin icraatında olan iddiaçı ”Əli-MB” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı verilmiş “səyyar vergi yoxlamasının keçirilməsi” tələbi barədə iddia ərizəsinə dair inzibati iş üzrə yekun məhkəmə qərarı qəbul edilənədək, Sumqayıt Kommersiya Məhkəməsinin icraatında olan ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi İdarəsinin Maraqlı şəxs qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizəyə dair kommersiya işi üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 27 mart 2024-cü il tarixli e-2-2(119)-481/2024 nömrəli qərardadı ilə maraqlı şəxsin “iş üzrə icraatın dayandırılması” barədə vəsatətinin təmin edilməsi, Sumqayıt İnzibati Məhkəməsinin icraatında olan iddiaçı ”Əli-MB” MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “səyyar vergi yoxlamasının keçirilməsi” tələbi barədə iddia ərizəsinə dair 2-1(112)-2691/2024 nömrəli inzibati iş üzrə yekun məhkəmə aktı qəbul edilib qanuni qüvvəyə minənədək, Sumqayıt Kommersiya Məhkəməsinin icraatında olan ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən Maraqlı şəxs qarşı verilmiş “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizəyə dair e-2- 2(119)-481/2024 nömrəli kommersiya işi üzrə icraatın dayandırılması qərara alınmışdır. Ərizəçi 27 may 2025-ci il tarixində məhkəməyə ərizə təqdim edərək icraatın dayandırılmasına səbəb olmuş hal aradan qalxdığına görə iş üzrə icraatın təzələnməsini xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 29 may 2025-ci il tarixli e-2-2(119)-20/2025 nömrəli qərardadı ilə ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı verilmiş "ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması" barədə ərizəyə dair kommersiya işi üzrə icraatın təzələnməsi qərara alınmışdır. Maraqlı şəxsin nümayəndəsi 02 iyun 2025-ci il tarixində məhkəməyə vəsatətlə müraciət edərək bildirmişdir ki, hazırkı iş üzrə icraat Sumqayıt İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edildiyindən dayandırılmışdır. Həmin iddia məhkəmə tərəfindən mümkünsüz hesab edilmişdir. Məhkəmənin hüquqi yardımı nəticəsində daha uyğun hüquqi müdafiə üsulu seçərək hazırda başqa bir iddia ilə inzibati məhkəməyə müraciət etmişdir və iddia ərizəsi Sumqayıt İnzibati Məhkəməsinin icraatındadır. Maraqlı şəxsin nümayəndəsi göstərilənlərin nəzərə alınaraq məhkəmədən həmin iş baxılıb qurtarana qədər hazırkı iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Məhkəmənin 30 iyun 2025-ci il tarixli iclasında həmin vəsatət müzakirə edilərək təmin edilməməsi qərara alınmışdır. Məhkəmə iclaslarında ərizəçinin nümayəndəsi məhkəməyə təqdim edilmiş ərizənin dəqiqləşdirilməsi haqqında ərizənin “09 oktyabr 2023-cü il tarixinə dövlət büdcəsinə olan 15477,82 manat məbləğində borc olan hissəsini” müdafiə edərək, həmçinin bildirmişdir ki, maraqlı şəxsin Dövlət Sosial Müdafiə Fonduna olan müvafiq borcu silinmişdir. Kommersiya işi məhkəməyə 2023-cü ildə daxil olmuşdur. Vergi ödəyicisi tərəfindən vergi borcu inzibati icraat qaydasında mübahisələndirildiyindən iş üzrə icraat dayandırılmışdır. Maraqlı şəxsin 02 iyun 2025-ci il tarixli vəsatəti əsasızdır. Hazırda yenidən maraqlı şəxs tərəfindən müvafiq tələblə məhkəməyə müraciət edilmiş və hazırkı iş üzrə icraatın dayandırılması xahiş edilmişdir. Vergi ödəyicisi məqsədli şəkildə eyniməzmunlu ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir, çünki maraqlı şəxs ölkədən getmək hüququnun məhdudlaşdırılmasını istəmir. Əgər digər məhkəmə icraatı üzrə yekun məhkəmə aktı ilə maraqlı şəxsin borcunun olmadığı müəyyən edilərsə, ölkədən getmək hüququna qoyulan məhdudiyyət götürüləcəkdir. Ərizəçinin nümayəndəsi göstərilənlərin nəzərə alınaraq məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclaslarında maraqlı şəxsin nümayəndəsi ərizəni qəbul etməyərək izahatlarında bildirmişdir ki, ərizədə qeyd edilən hər hansı vergi borcu mövcud deyildir. Ərizəçi maraqlı şəxs tərəfindən ödənilmiş məbləği ikinci dəfə ödəməyə məcbur edilir. Bu yanlışlığa "xxxx" MMC-nin mühasibi tərəfindən yol verilmişdir. Belə ki, həmin şəxs 2017-ci ildə ödədiyi vergi borcunu 2020-ci ildə yenidən borc olaraq göstərmişdir. Borcun mövcud olmadığını ərizəçi özü də bilir, düzəltmək üçün cəhd etdikdə isə 3 il müddət keçdiyindən mümkün olmamışdır. Yəni vergi orqanı bu borcu hər hansı yoxlamanın nəticəsi olaraq hesablamamışdır. Hazırda iddia tələbini dəyişərək yenidən inzibati məhkəməyə müraciət etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi 2-1(105)-819/2024 nömrəli iş üzrə icraat zamanı iddianın mümkün olmaması səbəbindən müvafiq inzibati qanuvericilikdə təsbit olunan “məhkəmələrin yardım etmək vəzifəsi”nə uyğun olaraq yenidən iddia ilə məhkəməyə müraciət etmək üçün köməklik göstərmişdir. Lakin 13 sentyabr 2024-cü il tarixli 2-1(105)-819/2024 nömrəli qərardadın tam mətnində bu barədə qeyd təsbit edilməmişdir. İnzibati məhkəməyə yeni iddia ilə 2025-ci il mart ayında müraciət edilmiş, həmin iddia ərizəsi 3 aydan çoxdur ki, icraata qəbul edilməsinə baxmayaraq hələ ilk iclas keçirilməmişdir. Maraqlı şəxs müalicə məqsədilə ildə 2 dəfə İran İslam Respublikasına gedirdi. Lakin son 1 ildir ki, artıq getmir. Bu halı təsdiq edən sənədləri məhkəməyə təqdim edə bilməyəcəkdir. Maraqlı şəxsin nümayəndəsi göstərilənlərin nəzərə alınaraq məhkəmədən ərizənin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə, proses iştirakçılarını dinləyib, ərizəni, ərizənin dəqiqləşdirilməsi barədə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən "ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması" barədə ərizə təmin edilməlidir. İş materialları: İş materiallarında olan ərizəçi tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanlanmış 03 mart 2020-ci il tarixli vergi borcunun ödənilməsinə dair bildirişdən görünür ki, "xxxx" MMC-nin 03 mart 2020-ci il tarixinə dövlət büdcəsinə ümumilikdə 29103,86 manat məbləğində vergi borcu mövcud olmuşdur. İş materiallarında olan ərizəçi tərəfindən Maraqlı şəxs ünvanlanmış 15 sentyabr 2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, maraqlı şəxs "xxxx" MMC-nin Dövlət Sosial Müdafiə Fonduna olan 5,91 manat məbləğində borcunun, "xxxx" MMC-nin dövlət büdcəsinə olan 6567,41 manat məbləğində vergi borcunun, Dövlət Sosial Müdafiə Fonduna 3,92 manat məbləğində borcunun 5 gün ərzində ödənilməyəcəyi təqdirdə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məqsədilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan “Hüquqi şəxs haqqında” məlumat sənədlərindən görünür ki, "xxxx" MMC-nin (VÖEN: **********) və "xxxx" MMC-nin rəhbəri Maraqlı şəxsdur. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi Xidmətinin rəsmi portalından əldə edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şəxsi hesab vərəqəsindən (çap olunma tarixi: xx.xx.2025) görünür ki, "xxxx" (VÖEN: **********) MMC-nin dövlət büdcəsinə 15477,82 manat məbləğində vergi borcu vardır. Həmin şəxsi hesab vərəqəsinin “Muzdlu işlə əlaqədar MDSS haqqı üzrə vərəqə” bölməsindən görünür ki, "xxxx" MMC tərəfindən 28 noyabr 2023-cü il tarixində 5,91 manat məbləğində ödəniş həyata keçirilmiş, hazırda məcburi dövlət sosial sığorta haqqı üzrə borc mövcud deyildir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının iddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iş üzrə 02 avqust 2023-cü il tarixli 2-1(102)-661/2023 nömrəli qərarının “Birinci instansiya məhkəməsində icraat” hissəsinin 2-ci bəndinə əsasən, iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən hesablanmış 10437,49 manat ƏDV borcunun və buna görə hesablanmış 3886,54 manat faizlərin silinməsi, eləcə də artıq ödənmiş 3104,88 manatın iddiaçıya qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Həmin qərarın “Birinci instansiya məhkəməsində icraat” hissəsinin 5-ci bəndinə əsasən, Sumqayıt İnzibati Məhkəməsinin 11 aprel 2022-ci il tarixli 2-1(118)-381/2022 nömrəli qərarı ilə iddia rədd edilmişdir. Həmin qərarın “Apellyasiya instansiyası məhkəməsində icraat” hissəsinin 8-ci bəndinə əsasən, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 noyabr 2022-ci il tarixli 2-1(105)-488/2022 nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 11 aprel 2022-ci il tarixli, 2-1(118)-381/2022 nömrəli qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır. Həmin qərarın “Qərara aldı” hissəsində iddiaçı "xxxx" MMC tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilmədiyi, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-488/2022 nömrəli 25 noyabr 2022-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanıldığı qeyd edilmişdir. İş materiallarında olan Sumqayıt İnzibati Məhkəməsinin 23 may 2024-cü il tarixli 2- 1(118)-2691/2024 nömrəli qərardadı ilə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “səyyar (və ya kameral) vergi yoxlamasının həyata keçirilməsi” tələbinə dair inzibati mübahisə üzrə idida mümkün sayılmamışdır. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 sentyabr 2024-cü il tarixli 2-1(105)-819/2024 nömrəli qərardadı ilə apellyasiya şikayətinin təmin edilməməsi, Sumqayıt İnzibati Məhkəməsinin 23 may 2024-cü il tarixli 2- 1(118)-2691/2024 nömrəli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarına, həmçinin iddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “vergi borcunun olmamasının müəyyən edilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməyə ünvanlanmış 03 mart 2025-ci il tarixli iddia ərizəsi əlavə edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Mülki Prosessual Məcəllənin 2.1-ci maddəsinə əsasən, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Həmin Məcəllənin 305.1.12-ci maddəsinə əsasən, vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işə baxır. Həmin Məcəllənin 355-5.1-ci maddəsinə əsasən, vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 355-7.3-cü maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. Məhkəmənin mövqeyi: Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizədən göründüyü kimi, vergi və məcburi dövlət sosial sığorta haqları üzrə ödənişlərin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirilmədiyi əsas gətirilərək Maraqlı şəxs icra orqanının rəhbəri olduğu hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət büdcəsinə 15477,82 manat məbləğində vergi borcunun, İcbari Tibbi Sığorta Fonduna 3,92 manat məbləğində borcunun olması barədə hazırkı ərizə ilə məhkəməyə müraciət edilmişdir. İş materiallarına əlavə edilmiş çap tarixi 23 may 2025-ci il olan "xxxx" MMC-nin şəxsi hesab vərəqəsindən göründüyü kimi, "xxxx" MMC-nin dövlət büdcəsinə 15477,82 manat məbləğində vergi borcu vardır. Həmçinin "xxxx" MMC tərəfindən 28 noyabr 2023-cü il tarixində 5,91 manat məbləğində ödəniş həyata keçirilmiş, məcburi dövlət sosial sığorta haqqı üzrə borc mövcud deyildir (ərizəçinin nümayəndəsi maraqlı şəxs tərəfindən ödəniş edildiyini məhkəmə iclasında izahatı ilə təsdiq etmişdir). Maraqlı şəxsin Sumqayıt İnzibati Məhkəməsinə 03 mart 2025-ci il tarixində iddia ərizəsi ilə müraciət etdiyinə görə həmin işə baxılıb yekunlaşana qədər hazırkı iş üzrə icraatın dayandırılmalı olması barədə dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, maraqlı şəxs hesablanmış vergi borcunu mübahisələndirməklə iki dəfə: “cavabdeh tərəfindən hesablanmış 10437,49 manat ƏDV borcunun və buna görə hesablanmış 3886,54 manat faizlərin silinməsi, eləcə də artıq ödənilmiş 3104,88 manatın iddiaçıya qaytarılması” və “səyyar (və ya kameral) vergi yoxlamasının həyata keçirilməsi” barədə iddia ərizələri ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmiş, həmin iddia ərizələri üzrə yuxarı instansiya məhkəmələri tərəfindən iddiaların mümkün sayılmaması barədə müvafiq qərarlar qəbul edilmişdir. Bundan sonra, maraqlı şəxs oxşarməzmunlu “vergi borcunun olmamasının müəyyən edilməsi” barədə iddia ərizəsi ilə yenidən Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. Məhkəmə hesab edir ki, hazırkı ərizənin predmeti olan vergi borcu maraqlı şəxs tərəfindən iki dəfə mübahisələndirildiyindən və iş üzrə yekun məhkəmə aktları mövcud olduğundan, oxşarməzmunlu iddia tələbi ilə üçüncü dəfə məhkəməyə müraciət edilməsi iş üzrə icraatın dayandırılmasına səbəb ola və ya maraqlı şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılmasına əngəl törədə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, maraqlı şəxsin nümayəndəsi təmsil etdiyi şəxsin müalicə məqsədilə ildə 2 dəfə xarici ölkəyə getdiyini qeyd etsə də, bu halı təsdiq edən sənədlər məhkəməyə təqdim edilməmişdir. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, 09 oktyabr 2023-cü il tarixinə hesablanmış 15477,82 manat məbləğində vergi borcu dövlət büdcəsinə ödənilənədək vergi ödəyicisi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) icra orqanının rəhbəri – xx xxxxxxxx 1964-cü il təvəllüdlü Maraqlı şəxs (FİN: xxxxxxx) ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 305, 355-5, 355-6, 355-7, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: Ərizə təmin edilsin. 09 oktyabr 2023-cü il tarixinə hesablanmış 15477,82 (on beş min dörd yüz yetmiş yeddi manat, səksən iki qəpik) manat məbləğində vergi borcu dövlət büdcəsinə ödənilənədək vergi ödəyicisi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) icra orqanının rəhbəri - xx xxxxxxxx 1964-cü il təvəllüdlü Maraqlı şəxs (FİN: xxxxxxx) ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə qəbul edildikdən dərhal sonra qanuni qüvvəyə minir və qətnamədən şikayət verilməsi onun icrasını dayandırmır. Sədrlik edən: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar