Məhkəmə qərarları › İş №e-2-2(119)-2009/2022

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-2009/2022

31.10.2022 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-2009/2022 31.10.2022 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlu, ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı verilmiş “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN E T D İ: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Maraqlı şəxs qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizə ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi Mülki-Prosessual Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 306.1-ci maddəsinə əsasən, məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30 - 40-6cı fəsillərində ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Məhkəmə icraatının mümkünlüyünün yoxlanılması ilə əlaqədar ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı verilmiş “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən həmin ərizə geri qaytarılmalıdır. Belə ki, ərizədə Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması - onun icra orqanının rəhbəri olduğu "Həyat" X1 (VÖEN **********) Dövlət Büdcəsinə 316,50 manat məbləğində vergi borcunun, Dövlət Sosial Müdafiə Fonduna 13187,41 manat məbləğində və İşsizlikdən Sığorta Fonduna 15,74 manat məbləğində borcunun olması ilə əsaslandırılmış olsa da, ərizədə həmin borcların sahibkarlıq fəaliyyəti ilə əlaqədar yaranıb-yaranmaması qeyd olunmamışdır. Halbuki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 26.2-ci maddəsinin tələblərinə görə, kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Lakin, sahibkarlıq fəaliyyəti ilə əlaqədar olmadıqda isə bu kimi ərizələrə ümumi (rayon, şəhər) məhkəmələrində baxıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.5-ci madəsinə əsasən, hüquqi şəxslər fəaliyyətinin əsas məqsədi mənfəət götürməkdən ibarət olan (kommersiya hüquqi şəxsləri) və ya əsas məqsədi mənfəət götürməkdən ibarət olmayan və götürülən mənfəəti iştirakçıları arasında bölüşdürməyən (qeyri-kommersiya hüquqi şəxsləri), habelə ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan (publik hüquqi şəxslər) qurumlar ola bilər. Həmin Məcəllənin 43.6-cı maddəsinə əsasən, qeyri-kommersiya qurumları olan hüquqi şəxslər ictimai birliklər, fondlar, hüquqi şəxslərin ittifaqları formasında, habelə qanunvericilikdə nəzərdə tutulan digər formalarda yaradıla bilər. Qeyri-kommersiya hüquqi şəxsləri sahibkarlıq fəaliyyəti ilə yalnız o hallarda məşğul ola bilərlər ki, bu fəaliyyət onların yaradılması zamanı qarşıya qoyulmuş məqsədlərə nail olmağa xidmət etsin və bu məqsədlərə uyğun gəlsin. Sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün qeyri-kommersiya hüquqi şəxsləri təsərrüfat cəmiyyətləri yarada bilər və ya onlarda iştirak edə bilərlər. “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, ictimai birlik - təsis sənədlərində müəyyən olunmuş məqsədlərlə ümumi maraqlar əsasında birləşmiş bir neçə fiziki və (və ya) hüquqi şəxsin təşəbbüsü ilə yaradılmış könüllü, özünüidarəedən, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan və əldə edilən gəliri öz üzvləri arasında bölməyən qeyri-hökumət təşkilatdır. “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikası Qanununyn 1-ci maddəsinə əsasən, X2 (Birlik) - istifadəsinə verilən meliorasiya və irriqasiya sistemlərini idarə etmək və xidmət göstərdiyi ərazidə əkinləri suvarma suyu ilə təmin etmək məqsədi ilə kənd təsərrüfatı istehsalçıları tərəfindən bu Qanuna uyğun yaradılan və fəaliyyət göstərən qeyri-kommersiya qurumunun xüsusi formasıdır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli 10 saylı Qərarının 21-ci bəndində məhkəmələrə izah edilir ki, subyekt tərkibi ilə bağlı meyarın qiymətləndirilməsi zamanı məhkəmələr əlavə olaraq nəzərə almalıdır ki, qeyri-hökumət təşkilatlarının və publik hüquqi şəxslərin fəaliyyətini tənzimləyən qanunlarla (“Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” və “Publik hüquqi şəxslər haqqında” Qanunlar) onların ikili, yəni həm qeyrisahibkarlıq, həm də sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq imkanları nəzərdə tutulmuşdur. Məhz bu fərqləndirici xüsusiyyət mübahisələrin məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı qeyri-hökumət təşkilatları və publik hüquqi şəxslərə münasibətdə fərqli yanaşmanın sərgilənməsini tələb edir. Həmin Qərarın 22-ci bəndində isə məhkəmələrə izah edilir ki, qeyri-kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların kommersiya mübahisəsinin subyekti olması imkanı mübahisənin onların qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi hallarda mümkün olacaqdır. Göründüyü kimi, hüquqi şəxs "Həyat" X1 icra orqanının rəhbəri Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə əlaqədar müraciətə Sumqayıt Kommersiya Məhkəməsində baxılmalı olmasının müəyyən edilməsi üçün zəruri olan məlumatlar və hallar hazırkı ərizədə göstərilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-6-cı maddəsinə əsasən, vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizədə məhdudlaşdırmaya əsas olan hallar qeyd olunmalı və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 149.2.3-cü maddəsi ilə tələb olunur ki, iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində öz əksini tapmalıdır. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə görə vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizəyə məhkəmə tərəfindən 10 gün müddətində baxılmalı olduğu (355-7.1 maddə) üçün - ərizəçi tərəfindən həmin ərizə ilə məhkəməyə müraciət olunarkan qanunvericiliyin bütün tələblərinə riayət olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.4-cü maddəsinin tələblərinə görə, ərizənin qaytarılması - nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-152, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA ALDİ: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı verilmiş “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizə geri qaytarılsın. Ərizəçiyə izah olunsun ki, ərizənin qaytarılması - nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar