Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-201/2022 06.04.2022 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X5 qızının katibliyi, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nümayəndə, Cavabdeh iştirakı ilə, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən Cavabdeh qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 13 mart 2015-ci il tarixli 282-GL/15 nömrəli müqavilə üzrə 1007 (min yeddi) manat gecikdirilmiş əsas borc və 929,04 (doqquz yüz iyirmi doqquz manat 04 qəpik) manat hesablanmış cərimə, 13 oktyabr 2015-ci il tarixli 2169-GL/15 nömrəli müqavilə üzrə 1186 (min yüz səksən altı) manat gecikdirilmiş əsas borc və 779,31 (yeddi yüz yetmiş doqquz manat 31 qəpik) manat hesablanmış cərimə və 25 yanvar 2019-cu il tarixli 306-GL/19 nömrəli müqavilə üzrə 10710 (on min yeddi yüz on) manat gecikdirilmiş əsas borc və 2889,72 (iki min səkkiz yüz səksən doqquz manat 72 qəpik) manat hesablanmış cərimə və hüquqi yardımla bağlı ödənilmiş 350 (üç yüz əlli) manat olmaqla, cəmi 17851,07 (on yeddi min səkkiz yüz əlli bir manat 07 qəpik) manat pul vəsaitinin Cavabdeh tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində iddia tələbi onunla əsaslandırılmışdır ki, lizinq verən "xxxx" ASC ("xxxx" ASC) ilə lizinq alan Cavabdeh arasında bağlanılmış 13 mart 2015-ci il tarixli 282- GL/15 nömrəli, 13 oktyabr 2015-ci il tarixli 2169-GL/15 nömrəli və 25 yanvar 2019-cu il tarixli 306- GL/19 nömrəli lizinq müqavilələrinə əsasən Lizinq alan dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə müqavilənin tərkib hissəsi olan Ödəniş Qrafikinə uyğun olaraq ödəmək şərti ilə kənd təsərrüfatı texnikalarını lizinqə götürmüşdür. Cavabdeh həmin müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və nəticədə cavabdehin məhkəməyə təqdim olunan Maliyyə Arayışının tərtib edildiyi 31 avqust 2021-ci il tarixinə 13 mart 2015-ci il tarixli 282-GL/15 nömrəli müqavilə üzrə 1007 manat gecikdirilmiş əsas borcu və 929,04 manat hesablanmış cərimə məbləği, 13 oktyabr 2015-ci il tarixli 2169-GL/15 nömrəli müqavilə üzrə 1186 manat gecikdirilmiş əsas borcu və 779,31 manat hesablanmış cərimə məbləği və 25 yanvar 2019-cu il tarixli 306-GL/19 nömrəli müqavilə üzrə 10710 manat gecikdirilmiş əsas borcu və 2889,72 manat hesablanmış cərimə borcu yaranmışdır. Cavabdehə öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, onun tərəfindən ödənişlər yerinə yetirilməmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya proseduruna riayət olunmuş və nəticədə mediasiya proseduru “ilkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə mediatorun 27 oktyabr 2021-ci il tarixli 2021- 005639 saylı arayışı ilə rəsmiləşdirilmişdir. Tərəflər arasında bağlanmış müqavilələrin 4.2-ci bəndinin tələblərinə görə lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, Lizinq verən Lizinq alandan borc məbləği və gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malikdir. Eyni zamanda, bu iş üzrə hüquqi yardım göstərilməsi üçün vəkilə də müraciət edilmiş və hüquqi yardım göstərilməsi haqqında müqaviləyə əsasən hüquqi yardıma görə haqqın məbləği 350 manat müəyyənləşdirilərək ödənilmişdir. Bu məbləğ də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir (Qeyd: "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2020-ci il tarixli Fərmanınından irəli gələrək "xxxx" ASC-nin adı dəyişdirilərək "xxxx" ASC adlandırılmış və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçmişdir (ötürülmüşdür)). Məhkəmə iclasında iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirib, 13 mart 2015-ci il tarixli 282-GL/15 nömrəli müqavilə üzrə 1007 manat məbləğində, 13 oktyabr 2015-ci il tarixli 2169-GL/15 nömrəli müqavilə üzrə 1186 manat məbləğində və 25 yanvar 2019-cu il tarixli 306-GL/19 nömrəli müqavilə üzrə 10710 manat məbləğində əsas borcları hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunanadək tam ödədiyini bildirdi və ona görə də, əsassız olduğu üçün iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin ona qarşı “borcun tutulması” barədə iddia tələbinin təmin edilməməsi haqqında qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, “Lizinq verən” "xxxx" Açıq Səhmdar Cəmiyyəti (hal-hazırda kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəliklər iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçmişdir) ilə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan “Lizinq alan” Cavabdeh (VÖEN **********) arasında bağlanmış 13 mart 2015-ci il tarixli 282-GL/15 nömrəli, 13 oktyabr 2015-ci il tarixli 2169-GL/15 nömrəli və 25 yanvar 2019-cu il tarixli 306-GL/19 nömrəli Lizinq Müqavilələri üzrə sonuncu tərəfindən öhdəliklər lazımi qaydada yerinə yetirilməyərək, vaxtlı-vaxtında lizinq ödənişləri edilmədiyindən iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən hər bir müqavilə üzrə gecikdirilmiş əsas borc məbləğləri və cərimə məbləğləri hesablanaraq, hazırkı iddia ərizəsi ilə 11 yanvar 2022-ci ildə məhkəməyə müraciət olunmuşdur: - Yəni, “Lizinq verən” "xxxx" ASC ilə “Lizinq alan” Cavabdeh arasında bağlanmış 13 mart 2015-ci il tarixli 282-GL/15 nömrəli “ "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi” barədə Müqaviləyə, həmin Müqavilənin spesifikasıyasına (Əlavə № 1) və ödəniş qrafikinə (Əlavə № 2) əsasən “Lizinq verən” "xxxx" ASC tərəfindən “Lizinq alan” Cavabdeh 4 (dörd) il müddətinə “Belarus-1221” markalı traktor ilkin dəyərinin 40%-nə güzəşt tətbiq edilməklə dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra Lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verilmişdir. Həmin Müqavilənin 1.2-ci bəndinə əsasən, Lizinq alan Texnikanın qalıq məbləğini Ödəniş Qrafikinə (Əlavə № 2) müvafiq olaraq ödəməyi öhdəsinə götürür. İddiaçı tərəfindən tərtib edilərək məhkəməyə təqdim olunmuş 31 avqust 2021-ci il tarixli Maliyyə Arayışında göstərilir ki, 13 mart 2015-ci il tarixli 282-GL/15 nömrəli müqavilə üzrə lizinq alan Cavabdeh tərəfindən cəmi 8043 (səkkiz min qırx üç) manat məbləğində ödəniş edilmiş və 31 avqust 2021-ci il tarixinə lizinq alan Cavabdeh həmin Müqavilə üzrə 1007 (min yeddi) manat məbləğində ödənilməmiş əsas borcu və 929,04 (doqquz yüz iyirmi doqquz manat 04 qəpik) manat məbləğində cərimə borcu vardır (həmin Müqavilənin müddəti bitmişdir). - Bundan əlavə, “Lizinq verən” "xxxx" ASC ilə “Lizinq alan” Cavabdeh arasında bağlanmış 13 oktyabr 2015-ci il tarixli 2169-GL/15 nömrəli “ "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi” barədə Müqaviləyə, həmin Müqavilənin spesifikasıyasına (Əlavə № 1) və Ödəniş Qrafikinə (Əlavə № 2) əsasən “Lizinq verən” "xxxx" ASC tərəfindən “Lizinq alan” Cavabdeh 5 (beş) il müddətinə “AGHBM-N24” markalı taxılsəpən gübrəsəpənlə ilkin dəyərinin 40%-nə güzəşt tətbiq edilməklə dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra Lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verilmişdir. Həmin Müqavilənin 1.2-ci bəndinə əsasən, Lizinq alan Texnikanın qalıq məbləğini ödəniş qrafikinə (Əlavə № 2) müvafiq olaraq ödəməyi öhdəsinə götürür. İddiaçı tərəfindən tərtib edilərək məhkəməyə təqdim olunmuş 31 avqust 2021-ci il tarixli Maliyyə Arayışında göstərilir ki, 13 oktyabr 2015-ci il tarixli 2169-GL/15 nömrəli müqavilə üzrə lizinq alan Cavabdeh tərəfindən cəmi 1254 (min iki yüz əlli dörd) manat məbləğində ödəniş edilmiş və 31 avqust 2021-ci il tarixinə lizinq alan Cavabdeh həmin Müqavilə üzrə 1186 (min yüz səksən altı) manat məbləğində ödənilməmiş əsas borcu və 779,31 (yeddi yüz yetmiş doqquz manat 31 qəpik) manat məbləğində cərimə borcu vardır (həmin Müqavilənin müddəti bitmişdir). - Bundan əlavə, “Lizinq verən” "xxxx" ASC ilə “Lizinq alan” “Lizinq alan” Cavabdeh arasında bağlanmış 25 yanvar 2019-cu il tarixli 306-GL/19 nömrəli “ "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi” barədə Müqaviləyə əsasən “Lizinq verən” "xxxx" ASC tərəfindən “Lizinq alan” Cavabdeh 10 (on) il müddətinə “New Holland TC 4.90” markalı taxılyığan Kombayn ilkin dəyərinin 40%-nə güzəşt tətbiq edilməklə dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra Lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verilmişdir. Həmin Müqavilənin 1.2-ci bəndinə əsasən, Lizinq alan Texnikanın qalıq məbləğini Ödəniş Qrafikinə (Əlavə № 1) müvafiq olaraq ödəməyi öhdəsinə götürür. İddiaçı tərəfindən tərtib edilərək məhkəməyə təqdim olunmuş 31 avqust 2021-ci il tarixli Maliyyə Arayışında göstərilir ki, 25 yanvar 2019-cu il tarixli 306-GL/19 nömrəli müqavilə üzrə lizinq alan Cavabdeh tərəfindən cəmi 7400 (yeddi min dörd yüz) manat məbləğində ödəniş edilmiş və 31 avqust 2021-ci il tarixinə lizinq alan Cavabdeh həmin Müqavilə üzrə 10710 (on min yeddi yüz on) manat məbləğində gecikdirilmiş əsas borcu və 2889,72 (iki min səkkiz yüz səksən doqquz manat 72 qəpik) manat məbləğində cərimə borcu vardır Lakin, məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi məhkəməyə təqdim olunanadək, yəni 11 yanvar 2022-ci il tarixinədək Cavabdeh tərəfindən 13 mart 2015-ci il tarixli 282-GL/15 nömrəli müqavilə üzrə ödənilməli olan 1007 (min yeddi) manat məbləğində, 13 oktyabr 2015-ci il tarixli 2169-GL/15 nömrəli müqavilə üzrə ödənilməli olan 1186 (min yüz səksən altı) manat məbləğində və 25 yanvar 2019-cu il tarixli 306-GL/19 nömrəli müqavilə üzrə ödənilməli olan 10710 (on min yeddi yüz on) manat məbləğində əsas borclar müvafiq hesablara tam şəkildə ödənilmişdir (Hazırkı iddia ərizəsi məhkəmənin icraatına 11 yanvar 2022-ci ildə daxil olmuşdur). Yəni, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş “E-manat” ödəniş portalı vasitəsilə həyata keçirilən 04 dekabr 2021-ci il tarixli ********** nömrəli Ödəniş Qəbzindən görünür ki, Cavabdeh tərəfindən 04 dekabr 2021-ci ildə "xxxx" ASC-nin hesabına 1185 (min yüz səksən beş) manat məbləğində pul vəsaiti, “E-manat” ödəniş portalı vasitəsilə həyata keçirilən 04 dekabr 2021-ci il tarixli ********** nömrəli Ödəniş Qəbzindən görünür ki, Cavabdeh tərəfindən 04 dekabr 2021-ci ildə "xxxx" ASC-nin hesabına 1008 (min yüz səkkiz) manat məbləğində pul vəsaiti və “X4” vasitəsilə həyata keçirilən 09 dekabr 2021-ci il tarixli ********* nömrəli Mədaxil Qəbzindən görünür ki, Cavabdeh tərəfindən 09 dekabr 2021-ci ildə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına 12000 (on iki min) manat (31 avqust 2021-ci il tarixinə hesablanmış 10710 manat məbləğində əsas borc + qrafik ödənişi) məbləğində pul vəsaiti daxil edilmişdir. Həmçinin, “E-manat” ödəniş portalı vasitəsilə həyata keçirilən 18 yanvar 2022-ci il tarixli ********** nömrəli Ödəniş Qəbzindən görünür ki, Cavabdeh tərəfindən 18 yanvar 2022-ci ildə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına müddəti bitməmiş 25 yanvar 2019-cu il tarixli 306-GL/19 nömrəli Müqavilə üzrə 2400 (iki min dörd yüz) manat məbləğində qrafik üzrə ödəniş olan pul vəsaiti də daxil edilmişdir. Məhkəmə prosesi zamanı cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən Cavabdeh ünvanlanmış 21 fevral 2022-ci il tarixli MİHO/1.2.2-2-2022- 537 nömrəli “Müraciətə baxılmasına dair” Məktubdan görünür ki, lizinq alan Cavabdeh 13 mart 2015-ci il tarixli 282-GL/15 nömrəli, 13 oktyabr 2015-ci il tarixli 2169-GL/15 nömrəli və 25 yanvar 2019-cu il tarixli 306-GL/19 nömrəli müqavilələr üzrə gecikdirilmiş əsas borcları yoxdur. Eyni zamanda, iş materialları ilə müəyyən olunur ki, iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş 31 avqust 2021-ci il tarixli Maliyyə Arayışları tərtib edilənədək, cavabdehə məlum lizinq müqavilələri üzrə ödənilməli olan borc və hesablanan cərimə barədə hər hansı bildirişin və yaxud xəbərdarlığın göndərilməsi iş materialları ilə təsdiq edilmir. Eləcə də, iş materiallarında olan cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəddən görünür ki, “Pretenziya” məktubu cavabdehə Dövlət Vergi Xidmətinin X1 elektron kabinetinə 19 dekabr 2021-ci il tarixində göndərilmişdir. İş materiallarına 27 oktyabr 2021-ci il tarixli 2021-005639 nömrəli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə Arayış əlavə edilmiş və həmin Arayışda mediasiya sessiyasının 27 oktyabr 2021-ci il saat 1125 - 1145-ə təyin edildiyi qeyd olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 747-2-ci maddəsinə əsasən, lizinqin obyekti Azərbaycan Respublikasının qanunlarına əsasən sərbəst mülki dövriyyədən çıxarılmış və ya mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar istisna olmaqla, qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid olan daşınar və ya daşınmaz əşyalardır. Həmin Məcəllənin 748-1.12.4-cü maddəsinə əsasən, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə Lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 748-10.2-ci maddəsinə əsasən, lizinq ödənişlərinin məbləği həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Göründüyü kimi, yuxarıda qeyd olunanlarla müəyyən edilir ki, cavabdeh tərəfindən 13 mart 2015-ci il tarixli 282-GL/15 nömrəli, 13 oktyabr 2015-ci il tarixli 2169-GL/15 nömrəli və 25 yanvar 2019-cu il tarixli 306-GL/19 nömrəli Lizinq Müqavilələri üzrə qrafik üzrə ödənişlərin edilməsində fasilə yaranmış olsa da, iddiaçı tərəfindən borcla əlaqədar xəbərdar edildikdən və məhkəməyə hazırkı iddia ərizəsi ilə müraciət olunmamışdan təxminən bir ay əvvəl, yəni 04 dekabr və 09 dekabr 2021-ci il tarixlərində cavabdeh tərəfindən iddia ərizəsində ödənilməsi tələb olunan əsas borclar tam ödənilmişdir. Lakin, İddiaçı tələb olunan əsas borcların hər bir müqavilə üzrə ayrı-ayrılıqda 04 dekabr və 09 dekabr 2021-ci il tarixlərində tam ödənməsini nəzərə almadan, 11 yanvar 2022-ci ildə “13 mart 2015-ci il tarixli 282-GL/15 nömrəli müqavilə üzrə 1007 manat gecikdirilmiş əsas borcun və 929,04 manat hesablanmış cərimə borcunun, 13 oktyabr 2015-ci il tarixli 2169- GL/15 nömrəli müqavilə üzrə 1186 manat gecikdirilmiş əsas borcun və 779,31 manat hesablanmış cərimə borcunun və 25 yanvar 2019-cu il tarixli 306-GL/19 nömrəli müqavilə üzrə 10710 manat gecikdirilmiş əsas borcun və 2889,72 manat hesablanmış cərimə borcunun” tutulması üçün hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Halbuki, cavabdehə məhkəməyədək olan pretenziya qaydasında müraciət nəticə vermiş və o, müqavilələr üzrə nəzərdə tutulan gecikdirilmiş borcları tam şəkildə könüllü olaraq ödəmiş olduğundan, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunarkən ödənilməmiş əsas borc məbləği mövcud olmamışdır. Beləliklə də, təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, 13 mart 2015-ci il tarixli 282-GL/15 nömrəli, 13 oktyabr 2015-ci il tarixli 2169-GL/15 nömrəli və 25 yanvar 2019-cu il tarixli 306-GL/19 nömrəli Lizinq Müqavilələri üzrə 31 avqust 2021-ci il tarixinədək hesablanmış əsas borc məbləğləri hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl, yəni 04 dekabr və 09 dekabr 2021-ci il tarixlərində tam ödənilmiş olduğundan, həmin borcların Cavabdeh tutulması barədə iddia tələbi təmin edilməməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iddia ərizəsində tələb olunan əsas borcların hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl, yəni mübahisənin məhkəməyədək (pretenziya qaydasında) nizama salınması mərhələsində tam ödənilmiş olması, eləcə də cərimənin hesablandığı 31 avqust 2021-ci il tarixinədək cavabdehə borcun yubadılması ilə əlaqədar heç bir rəsmi xəbərdarlıqların olmaması, müqavilə üzrə ödənişlərdə fasilə verildiyi halda iddiaçının müqavilə şərtlərinə və qanunvericilik normalarına uyğun vaxtında lazımi tədbirlər görməyərək, gecikdirilən borc məbləği artdıqdan və xeyli miqdarda cərimə məbləğləri hesablandıqdan sonra borcun olması barədə cavabdehə məlumat verilməsi və cavabdehin isə həmin məlumatı alan kimi məhkəməyə müraciət olunmasını gözləmədən müqavilələr üzrə hesablanmış əsas borclarını tam ödəməsi, Lizinq alan cavabdehin kənd təsərrüfatı sahəsində fəaliyyət göstərməsi və bu sahənin xüsusiyyətləri, cavabdehin əvvəllər ödənişlər etməsi və məlum borcun əsas hissəsinin yaranmasının pandemiya dövrünə təsadüf etməsi nəzərə alınaraq, iddia tələbi cavabdehdən “ayrı-ayrı müqavilələr üzrə hesablanmış cərimə məbləğlərinin tutulması” hissəsində də təmin olunmamalıdır. Məhkəmə qeyd etməyi lazım bilir ki, iddiaçı tərəfindən hesablanmış cərimə məbləğlərinin cavabdehdən tutulmaması - digər hallarla yanaşı, tərəflər arasında bağlanmış Lizinq Müqaviləsinin tələblərinə görə lizinqə verilmiş avadanlığın dəyərinin ödənilmə müddətinin və qaydasının dəqiq müəyyən edilməsinə baxmayaraq, Ödəniş Qrafikinə riayət olunmadığı halda - iddiaçı tərəfindən bununla bağlı tərəflər arasında bağlanmış Müqavilə şərtlərinə və qanunvericilik normalarına uyğun lazımi tədbirlər görülməyərək uzun müddət sonra Lizinq alana rəsmi müraciət edilməsi və bununla əlaqədar da gecikdirilən borcun və cərimə məbləğlərinin də artması və cərimə məbləğinin yaranmasına iddiaçı tərəfin də hərəkətsizliyinin səbəb olması nəzərə alınmalıdır. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəllənin 425.2-ci maddəsinin tələblərinə görə, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmçinin, məhkəmə hesab edir ki, iddianın “hüquqi yardımla bağlı ödənilmiş 350 (üç yüz əlli) manat məbləğində pul vəsaitinin tutulması" hissəsi də təmin olunmamalıdır. Belə ki, cavabdeh borcu ilə əlaqədar xəbərdar edildikdən sonra məhkəməyə müraciət olunmasının qarşısının alınması məqsədilə məhkəməyə müraciət edilənədək əsas borcu tam ödəmiş olsa da, iddiaçı bunu nəzərə almadan hazırkı iddia ərizəsi ilə yenə də məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 121.1-ci maddəsinin tələblərinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alabilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov və Ağazadə Azərbaycana qarşı” iş üzrə 18 dekabr 2008-ci i ltarixli qərarında göstərilir ki, ərizəçi xərc və məsrəflərin ödənilməsi hüququna yalnız o halda malikdir ki, onların həqiqətən və zərurətlə xərcləndiyi göstərilsin və bu məbləğlər həcminə görə əsaslı olsun. Göründüyü kimi, Mülki-Prosessual Məcəllənın tələblərinə və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə məhkəmə proseslərində iştirak edən nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərcin “ağlabatan məbləğdə və zərurətlə xərcləndiyi halda” tutulmasına yolverilir. Bu halda, məhkəməyə müraciət olunanadək cavabdeh tərəfindən tələb olunan əsas borc məbləğinin ödənilməsinə baxmayaraq, yenə də həmin borcun tələb olunması barədə məhkəməyə iddia ərizəsinin verilməsi - hazırkı iş üzrə “hüquqi xidmətlərə görə 350 (üç yüz əlli) manat məbləğində pul vəsaitinin” zərurətlə xərcləndiyini təsdiq etmir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, əsaslılığı sübuta yetmədiyinə görə iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən Cavabdeh qarşı verilmiş “borcun tutulması” barədə iddia tələbi təmin edilməməlidir. Eləcə də, iddia təmin edilmədiyindən, məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən Cavabdeh qarşı verilmiş “borcun tutulması” barədə iddia tələbi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçının özünə aid edilsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-201/2022
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-201/2022
06.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver