Məhkəmə qərarları › İş №e-2-2(119)-2038/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-2038/2024

26.12.2024 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-2038/2024 26.12.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Əsədli Şəfa Zahir qızının katibliyi, Maraqlı şəxsin nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı verilmiş "ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması" barədə ərizəyə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizə ilə məhkəməyə müraciət edərək 01 noyabr 2024-cü il tarixinə hesablanmış Dövlət Sosial Müdafiə Fonduna olan 2072,91 (iki min yetmiş iki manat, doxsan bir qəpik) manat məbləğində borcun, İcbari Tibbi Sığorta Fonduna olan 340,25 (üç yüz qırx manat, iyirmi beş qəpik) manat məbləğində borcun, İşsizlikdən Sığorta Fonduna olan 78,91 (yetmiş səkkiz manat, doxsan bir qəpik) manat məbləğində borcun ödənilməsini təmin etmək üçün vergi ödəyicisi - xx xxxxxx 1968-ci il təvəllüdlü Maraqlı şəxs (VÖEN: **********) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının ərizəçinin nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-7.2-ci maddəsinə əsasən işə ərizəçinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 06 dekabr 2024-cü il tarixində keçirilmiş məhkəmə iclasında maraqlı şəxsin nümayəndəsi izahatında bildirdi ki, hazırkı iş üzrə Maraqlı şəxs onun arvadıdır. Ərizədə tələb olunan borc məbləğləri işlətdikləri ingilis dili kursunun fəaliyyətinə görə hesablanmışdır. Koronavirus pandemiyası dövrünə qədər kursda həm tam ştat, həm də yarımştat işləyən müəllimlərə aylıq müvafiq əmək haqları ödənilirdi. Pandemiya dövründən sonra fəaliyyət zəiflədiyinə və tələbələrin sayı azaldığına görə, müəllimlərin çoxuna saathesabı əmək haqqı ödəməli olmuşlar. 2024-cü il iyun ayının 1-dən kursun fəaliyyətini dayandırmağa məcbur olmuş, ödənilmiş saathesabı əmək haqlarına görə hesabat tərtib edərək müvafiq vergi orqanına təqdim etmiş, lazımi ödənişləri həyata keçirmişlər. Lakin vergi orqanı tərəfindən məcburi dövlət ödənişləri kameral hesablandığına görə, hazırda əsassız olaraq artıq məbləğdə borcun tutulması tələb edilməkdədir. Bununla əlaqədar müvafiq vergi orqanına müraciət etmiş və həmin müraciətə baxılması ilə əlaqədar müvafiq vergi orqanından məktub göndərilmişdir. 26 dekabr 2024-cü il tarixində keçirilmiş məhkəmə iclasında maraqlı şəxsin nümayəndəsi izahatında bildirdi ki, vergi borcunun əsassız hesablanması ilə bağlı maraqlı şəxsin müraciətinə baxılması üzrə aparılan araşdırmanın nəticəsi barədə dövlət orqanı tərəfindən onlara məlumat verilməmişdir. Hazırda maraqlı şəxsin ölkə xaricinə getmək fikri olmasa da, müəyyən müddət sonra ölkədən getmək niyyəti olarsa və vergi borcu sıfırlandığı təqdirdə ölkədən çıxmağa qoyulan məhdudiyyət aradan qaldırılmazsa, onun üçün problem yarana bilər. Maraqlı şəxsin nümayəndəsi göstərilənlərə əsasən, ərizənin təmin edilməməsini xahiş etdi. Məhkəmə, proses iştirakçısını dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, o cümlədən işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən "ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması" barədə ərizə təmin edilməlidir. Belə ki, ərizənin məzmunu və iş materialları ilə müəyyən edilir ki, vergi, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyinə görə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs xx xxxxxx 1968-ci il təvəllüdlü vergi ödəyicisi Maraqlı şəxs 01 noyabr 2024-cü il tarixinə hesablanmış Dövlət Sosial Müdafiə Fonduna 2072,91 manat məbləğində borcu, İcbari Tibbi Sığorta Fonduna 340,25 manat məbləğində borcu, İşsizlikdən Sığorta Fonduna 78,91 manat məbləğində borcu vardır və ona həmin borclarının ödənilməsinə dair xəbərdarlıqlar edilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 1.4-cü maddəsinə əsasən, bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Həmin Məcəllənin 16.1.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək - vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 23.1.15-3-cü maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək - vergi orqanın hüququdur. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 9.3.6-1-ci maddəsinə əsasən, vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcları və faizləri, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarını ödəməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda - məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək vətəndaşın ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 305.1.12-ci maddəsinə əsasən, vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işə baxır. Həmin Məcəllənin 355-5.1-ci maddəsinə əsasən, vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 355-7.4-cü maddəsinə əsasən, vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, vergi ödəyicisi olan Maraqlı şəxs məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta haqları və işsizlikdən sığorta haqları üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyindən ərizəçinin ərizəsi əsaslıdır və təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 305, 355-5, 355-6, 355-7, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: Ərizə təmin edilsin. 01 noyabr 2024-cü il tarixinə hesablanmış 2072,91 (iki min yetmiş iki manat, doxsan bir qəpik) manat məbləğində borc Dövlət Sosial Müdafiə Fonduna, 340,25 (üç yüz qırx manat, iyirmi beş qəpik) manat məbləğində borc İcbari Tibbi Sığorta Fonduna, 78,91 (yetmiş səkkiz manat, doxsan bir qəpik) manat məbləğində borcu İşsizlikdən Sığorta Fonduna ödənilənədək vergi ödəyicisi - xx xxxxxx 1968-ci il təvəllüdlü Maraqlı şəxs (FİN: xxxxxxx, VÖEN: **********) ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə qəbul edildikdən dərhal sonra qanuni qüvvəyə minir və qətnamədən şikayət verilməsi onun icrasını dayandırmır. Sədrlik edən: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar