Məhkəmə qərarları › İş №e-2-2(119)-2040/2022

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-2040/2022

01.12.2022 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-2040/2022 01.12.2022 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X2 qızının katibliyi ilə, ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsi tərəfindən xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı verilmiş "ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması" barədə ərizəyə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsi 02 noyabr 2022-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, 24 oktyabr 2022-ci il tarixə hesablanmış Dövlət Büdcəsinə olan cəmi 12704,02 (on iki min yeddi yüz dörd manat 02 qəpik) manat məbləğində vergi borcunun ödənilməsini təmin etmək üçün vergi ödəyicisi - xx xxxx 1975ci il təvəllüdlü Maraqlı şəxs (VÖEN **********) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Həmin ərizəyə baxılması ilə əlaqədar 11 noyabr 2022-ci ildə keçirilən məhkəmə baxış iclasında iştirak etmiş Maraqlı şəxs ərizədə qeyd olunan vergi borcunun vergi orqanı ilə araşdırılması üçün məhkəmə baxış iclasının təxirə salınmasını xahiş etmiş və öz mövqeyini onunla əsaslandırmışdır ki, o, heç vaxt müvafiq qaydada qeydiyyatdan keçərək hər hansı bir sahibkarlıq fəaliyyəti ilə məşğul olmamış və vergi ödəyicisi kimi qeydiyyatdan keçməmiş, məhkəməyə çağırılana kimi VÖEN-i olması və vergi borcunun olması barədə onun heç bir məlumatı olmamış, məhkəmə tərəfindən göndərilmiş bildirişi almış olsa da, Vergi orqanı tərəfindən vergi borcu ilə əlaqədar ona heç bir bildiriş və sair göndərilməmişdir. Lakin, maraqlı şəxsin vəsatəti əsasında 01 dekabr 2022-ci il tarixinə təxirə salınmış məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Maraqlı şəxs həmin iclasa gəlməmişdir. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsi isə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının ərizəçinin nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-7.2-ci maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və ərizə ilə birlikdə məhkəməyə təqdim edilmiş sənədləri araşdıraraq hesab edir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsi tərəfindən xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı verilmiş "ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması" barədə ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, ərizəçi tərəfindən ərizəyə əlavə edilərək məhkəməyə təqdim olunmuş sənədlərlə müəyyən olunur ki, “sair ərzaq məhsullarının pərakəndə satışı” kimi qeyd edilməklə Maraqlı şəxs 10 iyun 2021-ci ildə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsində vergi qeydiyyatına alınmış və ona VÖEN (VÖEN **********) verilmişdir. Məhkəməyə təqdim olunmuş sənədlərlə müəyyən olunur ki, vergi ödəyicisinə ünvanlanmış vergi borcunun ödənilməsinə dair “Bildiriş” və digər sənədlər vergi ödəyicisi Maraqlı şəxs elektron kabinet vasitəsi ilə göndərilmiş və bunu təsdiq edən “Vergi ödəyiciləri ilə yazışmalar barədə Hesabat” ərizəyə əlavə edilərək məhkəməyə təqdim olunmuşdur. Lakin, iş materiallarına vergi ödəyicisi Maraqlı şəxs ilə müvafiq Vergi Orqanı arasında "Elektron sənəd mübadiləsi haqqında" Müqavilə əlavə edilməmiş və eyni zamanda, ərizəyə əlavə edilərək məhkəməyə təqdim olunmuş sənədlərlə də tərəflərin arasında belə bir müqavilənin olması müəyyən edilmir. Yəni, iş materialları ilə Maraqlı şəxs vergi orqanı ilə vergi ödəyicisi arasında bağlanmış müqaviləyə əsasən yaradılan, vergi orqanı tərəfindən verilən kod-parol ilə daxil olmağa imkan verən, vergi ödəyicisi ilə vergi orqanı arasında qarşılıqlı məlumat mübadiləsini təmin edən elektron kabinetə malik olması təsdiq edilmir. Belə olan halda isə, ərizəçi tərəfindən məhkəməyə təqdim olunmuş sənədlərlə hazırkı ərizə ilə məhkəməyə müraciət olunanadək Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq vergi ödəyicisi olan Maraqlı şəxs həmin vergi borcu ilə əlaqədar hər hansı bir formada məlumatlandırılması və xəbərdar edilməsi müəyyən olunmur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.72-ci maddəsinə əsasən, elektron kabinet – vergi orqanı ilə vergi ödəyicisi arasında bağlanmış müqaviləyə əsasən yaradılan, vergi orqanı tərəfindən verilən kod-parol ilə daxil olmağa imkan verən, vergi ödəyicisi ilə vergi orqanı arasında qarşılıqlı məlumat mübadiləsini təmin edən fərdi elektron səhifədir. Həmin Məcəllənin 16.1.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək - vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 65.1-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə vergi orqanı bu Məcəlləyə müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair vergi ödəyicisinə bildiriş göndərir. Həmin Məcəllənin 23.1.15-3-cü maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası Vergi Məcəlləsinin yuxarıda qeyd edilən tələbləri ilə müəyyən olunur ki, Vergi orqanı hesablanmış vergiləri ödəməyən vergi ödəyicisinə vergilərin 5 gün müddətində ödənilməsinə dair bildiriş göndərməli və bundan sonra ödənilməyən vergi borcunun ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etməli idi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.3-cü maddəsinə əsasən, əgər qanunla müəyyən kateqoriya kommersiya mübahisələri üçün məhkəməyə qədər nizamlama (pretenziya) qaydası müəyyən olunarsa və yaxud bu, tərəflər arasında müqavilə ilə nəzərdə tutularsa, mübahisə həmin qaydaya riayət edildikdən sonra kommersiya məhkəməsinin həllinə verilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 306.1-ci maddəsinə əsasən, məhkəmələr tərəfindən xüsusi icraat işlərinə bu Məcəllənin ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Göründüyü kimi, yuxarıda təsvir olunan həmin hallar hazırkı mübahisə ilə əlaqədar məhkəməyə müraciət etməzdən əvvəl ərizəçi tərəfindən Azərbaycan Respublikası Vergi Məcəlləsinin və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinin lazımi qaydada yerinə yetirilmiş olmasını təsdiq etmir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.1-ci maddəsinə əsasən, məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə - ərizə baxılmamış saxlanılır. Yuxarıda təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, hazırkı iş üzrə ərizənin baxılmamış saxlanılması üçün əsaslar mövcud olduğundan ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsi tərəfindən xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı verilmiş "ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması" barədə ərizə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.1-ci maddəsinə əsasən baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 260.4-cü maddəsinə əsasən, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259, 260, 263, 264, 267 və 268-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsi tərəfindən xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı verilmiş "ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması" barədə ərizə baxılmamış saxlanılsın. Ərizənin baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ərizəçi ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə yenidən müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar