Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-205/2025 04.03.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Məmmədova Nərminə İdris qızının katibliyi, İddiaçı qanuni təmsilçisi Qanuni nümayəndə və nümayəndəsi Vəkil1 iştirakları ilə, İddiaçı tərəfindən Cavabdehnə qarşı verilmiş “maddi zərərin əvəzinin ödənilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdehnə qarşı “maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən dəymiş ziyana görə 8051 (səkkiz min əlli bir) ABŞ dolları - Azərbaycan manatının məzənnəsi ilə 13686 (on üç min altı yüz səksən altı) manat məbləğində pul vəsaitinin, hüquqi yardımın göstərilməsinə görə ödənilmiş 400 (dörd yüz) manat məbləğində pul vəsaitinin və 135 (yüz otuz beş) manat məbləğində dövlət rüsumunun əvəzinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 30 avqust 2021-ci il tarixdə nəqliyyat xidməti müqaviləsi bağlanmışdır. 08 dekabr 2021-ci il tarixli 67 nömrəli hesab faktura üzrə İddiaçı MMC-yə məxsus 18270 kq kənd təsərrüfatı məhsulu olan xurma meyvəsi cavabdeh "xxxx" MMC-nin **-AC-*** və **-ZA-*** dövlət qeydiyyat nişanlı avtomobilləri vasitəsilə Rusiya Federasiyasının Çelyabinsk şəhərinə daşınmışdır. Daşınma zamanı göstərilən məhsula 8051 ABŞ dolları məbləğində, 08 dekabr 2021-ci il tarixə Azərbaycan Respublikasının Mərkəzi Bankının Azərbaycan manatı məzənnəsi ilə 13686 manat məbləğində ziyan dəymişdir. Ziyandəyməni yük maşının sürücüsü X1 23 dekabr 2021-ci il tarixli nəzarət hesabat aktında öz imzası ilə təsdiq etmişdir. Bundan əlavə, 17 fevral 2022-ci il tarixdə iddiaçının direktoru Qanuni nümayəndə cavabdehin icraçı direktoru X4 və əməkdaşı X2 iştirakları ilə dəymiş ziyanla bağlı akt tərtib edilmiş, hər iki tərəf öz imzası ilə aktı təsdiq etmişdirlər. Həmin aktda 30 avqust 2021-ci il tarixdə imzalanmış müqavilə üzrə öhdəliyin yerinə yetirilməməsi göstərilmişdir. İddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilənin 4.2-ci bəndinə əsasən, tərəflər müqavilə ilə qəbul edilən öhdəliklərin yerinə yetirilməməsi və ya lazımi qaydada yerinə yetirilməməsinə görə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. Müqavilənin 4.5-ci bəndinə əsasən, icraçı sifarişçinin yükünə vurduğu ziyana görə öz məsuliyyəti çərçivəsində cavabdehlik daşıyır. Dəymiş ziyanın ödənilməsi ilə bağlı dəfələrlə cavabdehə edilən müraciətlərə baxmayaraq, ziyanın ödənilməsi icra edilməmişdir. Cavabdehin nümayəndəsi 28 dekabr 2024-cü il tarixdə iddiaya etirazla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddiaçı tərəfindən iddia müddəti ötürülməklə məhkəməyə müraciət edilmişdir. Belə ki, Mülki Məcəllənin 861.1-ci maddəsinə əsasən, daşıyıcıya qarşı iddialar müddətin keçməsinə görə 1 ildən sonra, yəni yükün məhv olduğu, itirildiyi və ya gecikdirildiyi təqdirdə çatdırmanın həyata keçirilməli olduğu gündən, yük zədələndikdə isə onun yük alana verildiyi gündən qüvvəsini itirir. Etiraz qaydasında yük alan və ya yük göndərən istənilən vaxt öz pretenziyalarını irəli sürə bilərlər, bu şərtlə ki, onlar 1 illik müddət ərzində reklamasiya haqqında öz tələblərini bildirmiş olsunlar və iddia yükün qəbul edilməsi nəticəsində qüvvəsini itirməsin. Göründüyü kimi, yük yük alana təhvil verildiyi gündən, digər hallarda isə 1 il ərzində iddialar qüvvəsini itirir. İşin hallarından göründüyü kimi, cavabdeh yükü 23 dekabr 2021-ci il tarixdə yük alana vermişdir. Bundan başqa, tərəflər arasında yükün hansı formada daşınması barədə öhdəlik mövcud deyildir. Hazırkı münasibətlərdə yükün daşınma temperaturuna, kəmiyyətinə, keyfiyyətinə, dəyərinə və s. xüsusiyyətlərinə görə məsuliyyəti formalaşdıran öhdəlik öz əksini tapmır. Halbuki tərəflər arasında bağlanmış 30 avqust 2021-ci il tarixli nəqliyyat xidməti müqaviləsinin 3.7-ci bəndində sifarişçi yükün daşınması üçün yükün qəbul (təhvil) yerini, son təyinat məntəqəsini, növünü, çəkisini, həcmini, xüsusiyyətlərini və s. məlumatlarını özündə əks etdirən yazılı sifarişi icraçıya təqdim etmək vəzifəsi öz əksini tapmışdır. Başqa sözlə desək, iddiaçı cavabdehin təqsiri nəticəsində ona ziyanın dəydiyini iddia etsə də, qanunvericiliyə uyğun olaraq bu halların cavabdehin hərəkət və ya hərəkətsizliyi nəticəsində baş verdiyini təsdiq edən sübutları, tərəflər arasında hüquq məsuliyyəti formalaşdıran sübutları məhkəməyə təqdim etməmişdir. Buna görə də sübuta söykənməyən tələb əsaslı hesab edilə bilməz. Belə ki, iddiaçı tələbini mülahizə xarakterli izahata əsaslanmaqla sübut etməyə çalışmışdır. İddiaçı iddia ərizəsinin dəlillərinə istinad edərək, ziyanın məhz cavabdehin təqsirli, hüquqazidd hərəkətləri nəticəsində vurulmasını göstərəcək dəlilləri təqdim etməklə, istinad etdiyi hallara dair məhkəməyə mötəbər sübutlar təqdim etməli və bu halları sübuta yetirməli idi. Lakin bu hallarla bağlı yalnız iddiaçının mülahizə xarakterli izahatı mövcuddur ki, həmin izahat da formal əsaslar kimi qiymətləndirilməlidir. 17 fevral 2022-ci il tarixli akt həqiqi sənəd deyildir və aktdakı imzalar fotoşopdur (xüsusi proqram vasitəsilə başqa bir həqiqi sənədin üzərindəki yazının köçürülərək başqa sənədin üzərində əks olunması). Bununla belə, qeyd edilməlidir ki, iddiaçının təqdim etdiyi 17 fevral 2022-ci il tarixli akt zərər faktını təsdiq edən sübut kimi istifadə edilə bilməz. Çünki həmin aktda cavabdeh şirkətin möhürü yoxdur, direktor X4 və X2 imzası deyildir, fotoşopdur. Belə ki, direktor Əziz Əzizovun imzasının həmin aktda əks olunmaması etibarnamədəki onun imzası ilə müqayisəli şəkildə müəyyən edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 89.3-cü maddəsinə əsasən, yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Odur ki, aktın üzərindəki imzalar fotoşop olduğundan və həqiqi (əsl) sənəd olmadığından sübut qismində istifadəsi yolverilməzdir. İddiaçının nümayəndəsi “İddia ərizəsinə verilmiş etiraz ərizəsinə dair mülahizə” iıə məhkəməyə müraciət edərək sənədin məzmununda qeyd etmişdir ki, “cavabdehin nümayəndəsinin iddia ərizəsinə verdiyi etiraz ərizəsində Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 861-ci maddəsinə istinad edilir. Məcəllənin həmin maddəsində daşıcıya qarşı iddialar müddətin keçməsinə görə bir ildən sonra, yəni yükün məhv olduğu və ya gecikdirildiyi təqdirdə çatdırmanın həyata keçirilməli olduğu güdən, yük zədələndikdə isə onun yük alana verdiyi gündən qüvvəsini itirir. Etiraz qaydasında yük alan və ya yük göndərən istənilən vaxt öz pretenziyalarım irəli sürə bilərlər, bu şərtlə ki, onlar bir illik müddət ərzində reklamasiya haqqında öz tələblərini bildirmiş olsunlar və iddia yükün qəbul edilməsi nəticəsində qüvvəsini itirməsin. Daşıyıcının qəsdi və ehtiyatsızlığı istisna təşkil edir. Halbuki tərəfimizdən reklamasiya irəli sürülmüş tərəflər 17 fevral 2022-ci il tarixdə akt imzalayıb ki, həqiqətən yükə ziyan dəyib, cavabdeh tərəf qəbul edib ki, ziyanı ödəyəcəm. Artıq burda daşıma müqaviləsi üzrə faktiki olaraq mübahisələr həmin hissədə aktla həll olunub. Bundan sonıa tərəflər arasında yeni bir münasibət yaranır. Yəni, daşıma müqaviləsi üzrə düzgün yerinə yetirmədiyi üçün dəymiş ziyanın ödənilməsi ilə bağlı yeni bir öhdəlik yaranmışdır. Aktla cavabdeh ödəniş öhdəliyini qəbul etmiş və nəticə etibarilə həmin öhdəliyi yerinə yetirməlidir. Göstərdiyimiz kimi, həmin daşıma müqaviləsi üzrə tərəflər arasında mübahisə həmin aktla fakliki olaraq öz həllini tapmışdır. Bundan sonra akta əsasən tərəflər arasında ödəniş öhdəliyi mövcud olmuşdur. İddia ərizəsində göstərildiyi kimi, Mülki Məcəllənin 380.1-ci maddəsinə əsasən, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər eldikdə iddia müddətinin axımı kəsilir. Həmçinin daşıma müqaviləsi 3 il müddətinə bağlanılmışdır və müqavilənin müddətinin bitməsinə 1 həftə qalmış tərəflər birbirinə müqaviləyə xitam vermək niyyətləri barədə məlumat vermədikdə, müqavilə növbəti 3 il müddətinə uzadılmış olur. Cavabdehin nümayəndəsinin istinad etdiyi yuxarıda göstərilən kimi iddia müddətinin ötürülməsi iddiasına dair əlavə olaraq qeyd etmək istəyirəm ki, daşıma müqaviləsi zamanı əgər cavabdeh yükləri daşımasaydı və 1 il müddəti ərzində iddiaçıya dəymiş ziyanın ödənilməsindən imtina etsəydi, iddia 1 il müddətində qaldırılmalıydı. Cavabdeh aktla ziyanı qəbul edib və dəymiş ziyanı ödəməyi öhdəsinə götürmüşdür. Biz qanuni gözlənti olaraq gözləmişik ki, cavabdeh dəymiş ziyanı ödəyəcək, hansı ki, müqavilə davam etmişdir, lakin ödəməmişdir. Hazırkı iddia bu öhdəliyin yerinə yetirilməməsi və eyni zamanda mülki hüquq pozuntusu (delikt) nəticəsində yaranmış mübahisəyə görə qaldırılmışdır və bu səbəbdən iddia müddəti ötürülməmişdir”. Cavabdehin qanuni təmsilçisi 19 fevral 2025-ci il tarixində məhkəməyə ərizə ilə müraciət edərək müraciətində göstərmişdir ki, “iddiaçı 17 fevral 2022-ci il tarixli akt təqdim edib ki, guya həmin aktda mən (X4) imza atmışam. Halbuki, həmin aktı mən imzalamamışam, aktda “X4” sözlərinin qarşısındakı imza mənə məxsus deyil”. Məhkəmə iclaslarında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahatlar verərək bildirmişdir ki, tərəflər arasında nəqliyyat xidməti müqaviləsi bağlanılmışdır. Daşınma 23 dekabr 2021-ci il tarixdə baş tutumuşdur. Daşıyıcı, yəni cavabdeh təşkilatın sürücüsü xurma meyvəsini soyuducunu işə salmadan apardığına görə təmsil etdiyi təşkilata ziyan dəymiş və sürücü müvafiq aktda bu halı öz imzası ilə təsdiq etmişdir. Daşımanın həyata keçirilməsi ilə bağlı cavabdeh təşkilat sürücüyə təlimat və ya digər sənəd təqdim etməli idi. Çünki cavabdeh təşkilat məhsulu salamat şəkildə təyinat ünvanına çatdırmağı öhdəsinə götürmüşdür. 17 fevral 2022-ci il tarixdə tərəflərin nümayəndələrinin iştirakları ilə dəymiş ziyanla bağlı akt tərtib edilmiş, hər iki tərəf öz imzası ilə aktı təsdiq etmişlər. Həmin aktda 30 avqust 2021-ci il tarixdə imzalanmış müqavilə üzrə öhdəliyin yerinə yetirilməməsi göstərilmişdir. Cavabdeh isə yükdaşımanın müddətinin ötürüldüyünü və imzaların saxta olduğunu qeyd edir. Halbuki iddiaçı tərəfindən reklamasiya irəli sürülmüşdür. 17 fevral 2022-ci ildə akt imzalanmışdır. Həmin akta əsasən cavabdeh yükə dəymiş ziyanı qəbul etmişdir. Artıq tərəflər arasında yeni münasibətlər yaranmışdır. Daşıma müqaviləsi üzrə öhdəliklərini düzgün yerinə yetirmədiyi üçün cavabdeh məsuliyyət daşıyır. Sözügedən akta imza çəkməklə də, cavabdeh bunu qəbul etmişdir. İddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilənin 4.2ci bəndinə əsasən, tərəflər müqavilə ilə qəbul edilən öhdəliklərin yerinə yetirilməməsi və ya lazımi qaydada yerinə yetirilməməsinə görə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. 17 fevral 2022-ci ildə akt hüquqşünas tərəfindən tərtib edilməmişdir. Əks halda bu müqaviləyə şəxsin öhdəliyini nə zaman icra etməli olması ilə bağlı müvafiq maddə daxil edilmiş olardı. Amma hər bir halda şəxs akta könüllü surətdə qol çəkərək, ziyanı ödəməklə bağlı öhdəliyini qəbul etmişdir. İddia tələbinin qanuni əsası olaraq həm tərəflər arasında olan öhdəlik hüquq münasibətləri, həm də deliktdən əmələ gələn öhdəlik əsas göstərilə bilər. Tərəflər arasında olan müqavilə üzrə iddia müddəti 3 il nəzərdə tutulur, delikt üzrə də bu müddət zərər vurulduğu andan 3 il müddət müəyyən edilmişdir. İddiaçı müqavilənin cavabdeh tərəfindən icra edilməsinə şərait yaratmaq məqsədilə 3 il müddətində gözləmişdir. Cavabdeh ödəniş edəcəyi ilə bağlı hər dəfə vədlər vermişdir, lakin bu müddətdən sonra da cavabdehə pretenziya məktubu göndərilmişdir. Daşıma müqaviləsi üzrə əgər cavabdeh yükləri daşımasaydı, 1 il iddia müddəti ərzində iddiaçıya dəymiş ziyanın ödənilməsindən imtina etsəydi, iddia 1 il müddətində qaldırılmalı idi. Bu baxımdan iddia müddəti ötürülməmişdir. İddiaçının nümayəndəsi göstərilənlərin nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. 27 dekabr 2024-cü il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, yükün daşınması 23 dekabr 2021-ci il tarixdə həyata keçirilsə də, iddiaçı tərəfindən 09 dekabr 2024-cü il tarixdə məhkəməyə müraciət edilməklə qanunvericilikdə nəzərdə tutulmuş 1 illik iddia müddəti ötürülmüşdür. Həmçinin tərəflər arasında bağlanmış müqavilədə yükün daşınma temperaturu ilə bağlı müddəa qeyd edilməmişdir. Müqavilənin 3.7-ci bəndinə əsasən, sifarişçi yükün daşınması üçün lazım olan müəyyən sənədləri icraçıya təhvil verməlidir. Təmsil etdiyi təşkilatın sürücüsünə daşıma ilə bağlı təlimatı əks etdirən sənəd təqdim edilməli idi. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən, iddia təmin edilməməlidir. İş materialları: İş materiallarında olan tərəflər arasında bağlanmış 30 avqust 2021-ci il tarixli nəqliyyat xidməti müqaviləsinin 1.13-cü bəndinə əsasən, icraçı (Cavabdeh MMC) sifarişçinin (İddiaçı MMC-nin) sifarişinə əsasən ekspedisiya xidməti (tələb olunan marşrut hissəsi və ya hissələri üzrə), yüklərin daşınması, tərəflərin razılığı ilə digər əməliyyatlardan birini və ya bir neçəsini yerinə yetirməyi və ya onların yerinə yetirilməsini təşkil etməyi, sifarişçi isə həmin əməliyyatlar müqabilində icraçıya muzd ödəməyi öhdəsinə götürür. Hər bir əməliyyat üzrə xüsusi şərtlər və qiymətlər müqaviləyə edilən əlavələrdə öz əksini tapacaqdır. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, sifarişçi göstərilən xidmətlər üçün ödənişi, icraçının təqdim etdiyi hesab-fakturaya əsasən həyata keçirir. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən, sifarişçinin sifarişinə əsasən müqavilənin 1.1-ci bəndində əks edilmiş əməliyyatları yerinə yetirmək və ya onların yerinə yetirilməsini təşkil etmək icraçının öhdəliyidir. Həmin müqavilənin 3.7-ci bəndinə əsasən, sifarişçi tərəfindən sifariş edilmiş əməliyyatın başladılması üçün sifarişçi icraçıya yükün daşınması üçün yükün qəbul (təhvil) yerini, son təyinat məntəqəsini, növünü, çəkisini, həcmini, xüsusiyyətlərini və s. məlumatları özündə əks etdirən yazılı sifarişi, yükün mənşə ölkəsini göstərən sənədləri, o cümlədən yükün idxal (ixrac) gömrük sənədlərini, yükün idxalının (ixracının) gömrük rəsmiləşdirilməsi üçün gömrük və ya digər dövlət orqanları tərəfindən əsaslı olaraq tələb olunan zəruri sənədləri təqdim etməlidir. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən, tərəflər müqavilə ilə qəbul edilən öhdəliklərin yerinə yetirilməməyi və ya lazımi qaydada yerinə yetirilməməyinə görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. Həmin müqavilənin 6.2-ci bəndinə əsasən, danışıqlar yolu ilə həll edilə bilməyən mübahisələr Azərbaycan Respublikası məhkəmələri tərəfindən Azərbaycan hüququ tətbiq edilərək həll ediləcəkdir. Həmin müavilənin 8.1-ci bəndinə əsasən, bu müqavilə imzalandığı andan qüvvəyə minir və 3 il müddətinə qüvvədədir. Müqavilənin müddətinin bitməsinə 1 həftə qalmış tərəflər bir-birinə müqaviləyə xitam vermək niyyətləri barədə məlumat vermədikdə, müqavilə növbəti 3 il müddətinə uzadılmış hesab olunur. İş materiallarında olan 30 avqust 2021-ci il tarixli müqavilə əsasında tərtib edilmiş 17 fevral 2022-ci il tarixli aktın məzmununda qeyd edilmişdir ki, İddiaçı MMC-nin 08 dekabr 2021-ci il tarixli 67-ci hesab faktura üzrə 18270 kq kənd təsərrüfatı məhsulu olan xurma meyvəsi Cavabdeh MMC-nin **-AC-***/**-ZA-*** nömrəli nəqliyyat vasitəsilə Rusiya Federasiyasının Çelyabinsk şəhərinə daşınmışdır. Daşınma zamanı qeyd olunan məhsula 8051 ABŞ dolları məbləğində, 17 fevral 2021-ci il tarixə Mərkəzi Bankın məzənnəsinə uyğun olaraq 13686,7 manat məbləğində ziyan dəymişdir. Bununla da, 30 avqust 2021-ci il tarixdə imzalanmış müqavilə üzrə öhdəlik yerinə yetirilməmişdir. Dəymiş ziyanın ödənilməsini "xxxx" MMC-nin rəhbərliyi öz üzərinə götürür. Nəqliyyat vasitəsinin sürücüsünün izahatı akta əlavə olunur”. İş materiallarında olan 23 dekabr 2021-ci il tarixli daxil olan nəzarət hesabatından görünür ki, **-AC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə daşınan 1728 qutu xurma məhsulu +4 +7,5 temperaturda qəbul edilmişdir, həmin xurma məhsulları 100% qüsurludur, qüsurun yaranma səbəbi temperatur rejiminin pozulmasıdır. İş materiallarında olan 23 dekabr 2021-ci il tarixli alıcı "xxxx" MMC-nin və satıcı İddiaçı MMC-nin nümayəndələri tərəfindən imzalanmış “Təchizatçıya malların keyfiyyəti ilə bağlı iddia” sənədində qeyd edilmişdir ki, “23 dekabr 2021-ci ildə mal alanın anbarında 2088 qutu həcmində mal (təzə xurma) qəbul edilib, xalis çəkisi 18270 kq, 08 dekabr 2021ci il tarixli 67S nömrəli qaimə-faktura, AC841/ZA265 nömrəli avtomobillə gəlib. Soyuducuda quraşdırılmış 792705 saylı temperatur sensorunun göstəricilərinə əsasən temperatur normaya uyğun gəlmir və 4-7.5 dərəcə arasında dəyişir (termoqramın çapı, sürücüdən izhaat yazısı və 23 dekabr 2021-ci il tarixli daxil olan yoxlama aktı əlavə olunur). Temperatur rejiminin pozulması nəticəsində xurma yüksək yetişmə dərəcəsi ilə təhvil verilib, GOST tələblərinə cavab vermir və pərakəndə satış şəbəkələrində satıla bilməz, qiymətdən çıxarılıb silinir. Yuxarıda göstərilənlərin nəticəsi olaraq, alıcı satıcıdan 12789 ABŞ dolları məbləğində endirim tələb edir”. İş materiallarında olan 23 dekabr 2021-ci il tarixli giriş nəzarət aktından görünür ki, 27AC841 nömrəli nəqliyyat vasitəsilə daşınan 1728 qutu xurma məhsulu +4 +7,5 temperaturda qəbul edilmişdir, həmin xurma məhsulları 100% qüsurludur, qüsurun yaranma səbəbi temperatur rejiminin pozulmasıdır. İş materiallarında olan 23 dekabr 2021-ci il tarixli alıcı "xxxx" MMC-nin və satıcı İddiaçı MMC-nin nümayəndələri tərəfindən imzalanmış “Tədarükçüyə qarşı malın keyfiyyətinə dair iddia” sənədində qeyd edilmişdir ki, “23 dekabr 2021-ci ildə yük alanın anbarında 2088 qutu həcmində, netto çəkisi 18270 kq, 08 dekabr 2021-ci il tarixli 67S nömrəli hesab-faktura, AC841/ZA265 nömrəli avtomobilində gətirilmiş məhsul (təzə xurma) qəbul edilib. Malın qəbulu zamanı malın aşağıdakı keyfiyyətlər üzrə pozuntuları aşkar edilmişdir: avtomobilin soyuducusunda quraşdırılmış 792705 nömrəli temperatur sensorunun göstəricilərinə əsasən, temperatur rejimi normaya uyğun olmayıb və 4.0-dən 7,5 dərəcəyə qədər təşkil edib (termoqramın çap edilmiş siyahısı, sürücünün izahlı qeydləri, 23 dekabr 2021-ci il tarixli giriş nəzarət aktı əlavə edilir). Temperatur rejimin pozulması nəticəsində xurma yüksək yetişkinlik dərəcəsində çatdıırlıb ki, bu da DÜST tələblərinə cavab verrmir və pərakəndə satış şəbəkələrində satılmır, qiymət endiriminə və silinməyə məruz qalır. Yuxarıda qeyd edilənlər nəticəsində alıcı satıcıdan 12789 ABŞ dolları həcmində endirim etməyi xahiş edir”. İş materiallarında olan Beynəlxalq qaimədən (CMR) görünür ki, yük göndərən İddiaçı MMC-yə məxsus olan 1728 plastik qutu və 360 taxta qutu təzə xurma məhsulu daşıyıcı Cavabdeh MMC vasitəsilə Rusiya Federasiyasının Çelyabinsk şəhərində yerləşən yük alan "xxxx" MMC-yə daşınmışdır. İş materiallarında olan AA 385526 nömrəli Forma CT-1 malın mənşəyi haqqında sertifikatdan görünür ki, yük göndərən İddiaçı MMC 1728 plastik qutu və 360 taxta qutu “P” mənşəli təzə xurmalı məhsulunu Rusiya Federasiyasının Çelyabinsk şəhərində yerləşən yük alan "xxxx" MMC-yə göndərmişdir. İş materiallarında olan 12 noyabr 2024-cü il tarixli 67S nömrəli hesab fakturaya əsasən, satıcı İddiaçı MMC tərəfindən alıcı "xxxx" MMC-nin hesabına 1728 plastik qutu və 360 taxta qutu təzə xurma məhsuluna görə cəmi 12789 ABŞ dolları məbləğində pul vəsaiti köçürülmüşdür. İş materiallarında olan 12 iyul 2023-cü il tarixli 06 nömrəli və 06 noyabr 2024-cü il tarixli 09 nömrəli İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış məktubların məzmununda cavabdehdən dəymiş ziyanın əvəzi olan 13686,7 manat məbləğində pul vəsaitinin 10 gün müddətində iddiaçıya ödənilməsi tələb edilmiş, əks halda məhkəməyə müraciət ediləcəyi qeyd edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14-cü maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.4-cü maddəsinə əsasən, tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 850.1-ci maddəsinə əsasən, yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 861.1-ci maddəsinə əsasən, daşıyıcıya qarşı iddialar müddətin keçməsinə görə bir ildən sonra, yəni yükün məhv olduğu, itirildiyi və ya gecikdirildiyi təqdirdə çatdırmanın həyata keçirilməli olduğu gündən, yük zədələndikdə isə onun yük alana verildiyi gündən qüvvəsini itirir. Etiraz qaydasında yük alan və ya yük göndərən istənilən vaxt öz pretenziyalarını irəli sürə bilərlər, bu şərtlə ki, onlar bir illik müddət ərzində reklamasiya haqqında öz tələblərini bildirmiş olsunlar və iddia yükün qəbul edilməsi nəticəsində qüvvəsini itirməsin. Daşıyıcının qəsdi və kobud ehtiyatsızlığı halları istisna təşkil edir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Yuxarıda qeyd olunanlara əsasən müəyyən edilir ki, iddiaçı və cavabdeh arasında 30 avqust 2021-ci il tarixdə nəqliyyat xidməti müqaviləsi bağlanılmış, müqaviləyə əsasən yük göndərənin - iddiaçının sifarişinə əsasən daşıyıcı - cavabdeh 18270 kq kənd təsərrüfatı məhsulu olan xurma meyvəsini Rusiya Federasiyasının Çelyabinsk şəhərində fəaliyyət göstərən yük alana - "xxxx" MMC-yə 23 dekabr 2021-ci il tarixdə təhvil vermişdir. Cavabdehin nümayəndəsi məhkəməyə iddia müddətinin tətbiqi ilə bağlı ərizə təqdim edərək iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün qanunvericiliklə müəyyən edilmiş müddətin ötürülməsi səbəbindən iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə müəyyən etdi ki, iddiaçının hazırkı iddia ərizəsi iddia müddəti ötürüldükdən sonra məhkəməyə verilmişdir. Belə ki, malların 23 dekabr 2021-ci il tarixdə təyinat yerinə çatdırılması işin mübahisəsiz halıdır. Yükü alan "xxxx" MMC-nin və yük göndərən İddiaçı MMC-nin nümayəndələri tərəfindən tərtib edilmiş 23 dekabr 2021-ci il tarixli “Təchizatçıya malların keyfiyyəti ilə bağlı iddia” və eynitarixli “Tədarükçüyə qarşı malın keyfiyyətinə dair iddia” sənədlərindən görünür ki, daşınan malda qüsurlar iddiaçıya həmin tarixdə - 23 dekabr 2021-ci il tarixdə məlum olmuş, iddiaçı isə hazırkı iddia ərizəsi ilə məhkəməyə daşıyıcıya qarşı tələblər üzrə qanunla müəyyənləşdirilmiş bir illik iddia müddəti keçdikdən sonra - 09 dekabr 2024-cü il tarixdə müraciət etmişdir. Başqa sözlə, iddiaçının zədələnmiş malın təhvil verildiyi 23 dekabr 2021-ci ildən başlayaraq 1 il müddətində dəymiş ziyanın ödənilməsini tələb etmək hüququ olmasına baxmayaraq, bu hüququndan istifadə etməmiş, yəni hüququnun müdafiəsi üçün müəyyən edilmiş müddəti ötürmüşdür. İddia müddəti başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququdur. İddiaçının belə bir hüquqdan istifadəsi müəyyən müddətlə məhdudlaşdırılmışdır və bu cür müddətlərə riayət edilməsi qanunvericiliyin imperativ tələbidir. İstər daxili qanunvericilikdə, istərsə də İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin müvafiq qərarlarında hüququ pozulmuş şəxs tərəfindən öz hüququnun müdafiəsi üçün vaxtında tədbirlər görməli olmasının zəruriliyi xüsusi vurğulanmışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 3 iyun 2013-cü il tarixli Qərarında qeyd edilmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Bundan başqa, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 dekabr 2001-ci il tarixli Qərarında göstərilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir və bu müddət potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur, məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir (“Stanyo Belçikaya qarşı” 7 iyul 2009-cu il tarixli qərar). Mülki Məcəllənin 373.4-cü maddəsində qeyd edilmişdir ki, tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. “Yüklərin daşınması zamanı iddia müddətləri” adlanan Mülki Məcəllənin 861-ci maddəsinin 1-ci hissəsində təsbit edilir ki, daşıyıcıya qarşı iddialar müddətin keçməsinə görə bir ildən sonra, yəni yükün məhv olduğu, itirildiyi və ya gecikdirildiyi təqdirdə çatdırmanın həyata keçirilməli olduğu gündən, yük zədələndikdə isə onun yük alana verildiyi gündən qüvvəsini itirir. Göründüyü kimi, Mülki Məcəllənin 861-ci maddəsində nəzərdə tutulmuş iddia müddəti xüsusi iddia müddəti, daha konkret ifadə olunarsa, qısaldılmış xüsusi iddia müddətidir və hazırkı iş üzrə cavabdehə (daşıyıcıya) qarşı iddiaçı (yük göndərən) tərəfindən bir il ərzində irəli sürülmədiyindən öz qüvvəsini itirmişdir. İddiaçının nümayəndəsi iddia müddətinin tətbiqi haqqında ərizəyə etiraz edərək və Mülki Məcəllənin 380.1-ci maddəsinə istinad edərək daşıma müqaviləsinin 3 il müddətinə bağlanıldığını, tərtib edilmiş 17 fevral 2022-ci il tarixli aktla tərəflər arasında faktiki olaraq yeni münasibətlər formalaşmış olduğunu, həmin aktla dəymiş ziyanın ödənilməsi ilə bağlı yeni öhdəlik yarandığını və bu akta əsasən cavabdehin ödəniş öhdəliyini qəbul etdiyini və nəticə etibarilə həmin öhdəliyi yerinə yetirməli olduğunu, cavabdeh sözügedən aktla ziyanı qəbul edərək ödəməyi öhdəsinə götürdüyündən iddiaçının qanuni gözlənti olaraq gözləmiş olduğunu, hazırkı iddianın bu öhdəliyin yerinə yetirilməməsi, eyni zamanda mülki hüquq pozuntusu (delikt) nəticəsində yaranmış mübahisəyə görə qaldırıldığını qeyd edərək iddia müddətinin ötürülmədiyini bildirmişdir. Məhkəmə aşağıdakı səbəblərdən bu dəlilləri əsaslı hesab etmir: - ilk növbədə qeyd edilməlidir ki, iddiaçının istinad etdiyi - tərəflərin nümayəndələri tərəfindən tərtib edilmiş 17 fevral 2022-ci il tarixli aktın bilavasitə özünün məzmununda aktın, məhz tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli nəqliyyat xidməti müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsi səbəbindən tərtib edildiyi qeyd edilmişdir. Yəni həmin akt, iddiaçının nümayəndəsinin iddia etdiyi kimi tərəflər arasında yeni öhdəlik münasibətləri yaratmamış, əksinə müddəti davam etməkdə olan yükdaşıma müqaviləsi üzrə daşıyıcı tərəfindən yük göndərənə vurulmuş ziyanın miqdarı barədə müqavilə tərəflərinin gəldiyi nəticəni ifadə etmiş, bir növ tərəflər arasında bağlanmış “Üzləşmə aktı” rolunu oynamışdır; - həmin akt tərəflər arasında, həm də ona görə yeni öhdəlik münasibətləri yaratmamışdır ki, aktın məzmununda yeni yaranmış öhdəliyə xas hər hansı yeni müddəalar öz əksini tapmamışdır. Məsələn, borcun hansısa tarixdən hansısa tarixədək ödəniləcəyi barədə müəyyən razılaşma və digər bu kimi və buna bənzər şərtlər nəzərdə tutulmamış, əksinə, yuxarıda qeyd edildiyi kimi, aktın bilavasitə daşıma müqaviləsinin tərkib hissəsi kimi bağlandığı qeyd edilmişdir. Bu isə həmin aktın yeni öhdəlik münasibətləri yaradan müqavilə və ya razılaşma kimi nəzərdən keçirilməsini istisna edir; - daşıma müqaviləsinin 3 il müddətinə bağlanılması və buna əsasən iddia müddətinin ötürülməməsi barədə dəlil də əsassız hesab edilməlidir. Çünki, yuxarıda qeyd edildiyi kimi, qanunvericinin 861.1-ci maddəsində müəyyən etdiyi müddət, qısaldılmış xüsusi iddia müddətlərinə aiddir və müqavilənin qüvvədə olmasından və ya qüvvəsinin bitməsindən asılı olmayaraq iddia müddətinin axımı yük zədələndikdə onun yük alana verildiyi gündən başlayır və bir il sonra öz qüvvəsini itirir; - iddiaçının nümayəndəsinin digər dəlili olan hazırkı zərərin mülki hüquq pozuntusu (delikt) nəticəsində yaranmış mübahisəyə görə qaldırılmış olması və bu səbəbdən iddia müddətinin ötürülməməsi barədə dəlil də əsassızdır. Belə ki, mülki hüquq pozuntusu nəticəsində yaranmış məsuliyyət müqavilə münasibətlərinin olmadığı şəraitdə bir tərəfin digər tərəfə vurduğu zərərdən yaranan öhdəlikləri ehtiva edir. Hazırkı iş üzrə tərəflər arasında müqavilə münasibətləri mövcud olduğundan və iddia tələbinin qanuni əsası Mülki Məcəllənin 850-861-ci maddələrində nəzərdə tutulmuş yük daşınması müqaviləsinə dair müddəalar olduğundan vurulmuş zərərlə bağlı məsuliyyət məsələlərinin həlli də məhz bu çərçivədə nəzərdən keçirilməlidir; - bu göstərilənlərlə yanaşı, həm də nəzərə alınmalıdır ki, istinad edilən 17 fevral 2022-ci il tarixli aktdan sonra iddiaçı cavabdehə 12 iyul 2023-cü il tarixli 06 nömrəli və 06 noyabr 2024-cü il tarixli 09 nömrəli məktublar ünvanlamış, həmin məktubların məzmunlarında cavabdehdən dəymiş ziyanın əvəzi olan 13686,7 manat məbləğində pul vəsaitinin 10 gün müddətində iddiaçıya ödənilməsi tələb edilmişdir. Həmin məktubların məzmunlarında iddiaçı zərərin əvəzini tələb edərkən 17 fevral 2022-ci il tarixli akta deyil, bilavasitə xx.xx.2021-ci il tarixli nəqliyyat xidməti müqaviləsinə istinad etmişdir. Yəni iddiaçı hazırda 17 fevral 2022-ci il tarixli aktın yeni öhdəlik münasibətləri yaratmış olduğunu iddia etməsinə baxmayaraq, cavabdehlə yazışmalarında zərərin əvəzini həmin akta əsasən deyil, məhz xx.xx.2021-ci il tarixli nəqliyyat xidməti müqaviləsinə əsasən tələb etmişdir. Bu da özü-özlüyündə onu göstərir ki, iddiaçı özü də hazırkı iddia ərizəsi ilə məhkəmə müraciət edənədək və hətta cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edilənədək cavabdehlə aralarında öhdəlik münasibətləri yaradan sənədin məhz xx.xx.2021-ci il tarixli nəqliyyat xidməti müqaviləsi olduğunu hesab etmişdir. Məhkəmə, iddia müddətinin tətbiqi haqqında ərizəni əsaslı hesab etdiyindən və bu əsasla iddianın təmin edilməməli olduğu qənaətinə gəldiyindən, prosessual qənaət prinsipinin tələblərindən çıxış edərək hesab edir ki, iş üzrə cavabdehin digər dəlilləri tərəflər arasında yükün hansı formada daşınması barədə öhdəliyin mövcud olmaması, 17 fevral 2022-ci il tarixli aktdakı imzaların xüsusi proqram (Photoshop) vasitəsilə çəkilmiş olması və aktın üzərində cavabdeh hüquqi şəxsin möhürünün olmaması səbəbindən həmin aktın mötəbər sənəd hesab edilməli olmaması barədə dəlillərinə münasibət bildirilməsinə zərurət yoxdur. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq, istinad olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, hazırkı iddia ərizəsi mülki-prosessual qanunvericiliklə müəyyən edilmiş müddətdə verilmədiyindən, yəni həmin müddət ötürülmüş olduğundan iddia təmin edilməməlidir. İddia tələbinin məhkəmə xərcinin cavabdehdən tutulması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddia tələbi təmin edilmədiyindən məhkəmə xərci iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı tərəfindən Cavabdehnə qarşı verilmiş “maddi zərərin əvəzinin ödənilməsi” tələbi barədə iddia təmin edilməsin. Məhkəmə xərcləri iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-205/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-205/2025
04.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver