Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-2054/2025 22.01.2026 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Quliyeva Aynur Pərviz qızının katibliyi, İddiaçı nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı tərəfindən Cavabdeh2 qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh2 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh2 17693,63 (on yeddi min altı yüz doxsan üç manat altmış üç qəpik) manat məbləğində əsas borc, 29 iyun 2024-cü il tarixindən 03 oktyabr 2025-ci il tarixinədək dövr üçün hesablanmış 1118 (min yüz on səkkiz) manat məbləğində faiz borcu, hüquqi yardımla bağlı vəkilə ödənilmiş 300 (üç yüz) manat məbləğində xidmət haqqı və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 147,78 (yüz qırx yeddi manat yetmiş səkkiz qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 19259,41 (on doqquz min iki yüz əlli doqquz manat qırx bir qəpik) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 23 may 2024-cü il tarixdə İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış KBT-QSM/TM-38/24 nömrəli müqavilə və ona edilmiş əlavə razılaşmalar əsasında iddiaçı üzərinə götürdüyü öhdəlikləri tam icra etmiş, malları cavabdehə təhvil vermiş və bu barədə müvafiq təhvil-təslim aktları tərtib olunmuşdur. Lakin Cavabdeh2 verilmiş malların dəyərini hazıradək ödəməmişdir. 2024-cü ilin iyun ayını əhatə edən dövr üzrə tərtib edilmiş aralıq ödəniş sertifikatları və müvafiq elektron qaiməfakturalar əsasında hesablanmış ümumi qalıq borc məbləği 17693,63 (on yeddi min altı yüz doxsan üç manat altmış üç qəpik) manat təşkil edir. 22 sentyabr 2025-ci il tarixində iddiaçı tərəfindən cavabdehə borcun könüllü qaydada ödənilməsi tələbi ilə rəsmi pretenziya məktubu göndərilərək 10 təqvim günü əlavə möhlət verilmiş, buna baxmayaraq göstərilən müddət ərzində də borc ödənilməmişdir. İddiaçı cavabdehdən Mülki Məcəllənin 439.3-cü və 449.1-ci maddələrinə uyğun olaraq 461 gün üzrə hesablanmış 1118 (min yüz on səkkiz) manat qanuni faiz borcunun ödənilməsini tələb edir. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı nümayəndəsi Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh2 məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan satıcı İddiaçı ilə alıcı Cavabdeh2 arasında bağlanmış 23 may 2024-cü il tarixli KBT-QSM/TM-38/24 nömrəli müqaviləyə əsasən satıcı müqavilənin ayrılmaz tərkib hissəsi sayılan alış sifarişi əlavə №1-də göstərilən tərkibdə, həcmdə və texniki göstəricilərə uyğun vəziyyətdə olan malları satır, alıcı isə bunun müqabilində bu müqavilə ilə razılaşdırılmış məbləğdə malın dəyərini satıcıya ödəməyi və malları qəbul etməyi öz öhdəsinə götürür. Malın adı, miqdarı, ölçü vahidi, qiyməti və digər zəruri xüsusiyyətlər bbu müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavə alış sifarişlərində öz əksini tapmışdır. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən müvafiq sifarişdə başqa hal nəzərdə tutulmadığı halda, satıcı, təsdiq olunmuş sifariş üzrə alınacaq malların təchizatını 24 (iyirmi dörd) saat ərzində həyata keçirir. Mallar satıcı tərəfindən alıcının təyin etdiyi ünvana çatdırılır və onun səlahiyyətli nümayəndəsinə təhvil verilir. Malların çatdırılma xərcləri malların qiymətinə daxildir. Mallar onların növünə uyğun olaraq müvafiq qaydada qablaşdırılmalıdır. Sifariş üzrə çatdırılmış malların alıcıya təhvili müvafiq qaimə-faktura ilə təsdiq olunur. Həmin müqavilənin 3-cü bəndinə əsasən alıcı hər sifariş üzrə malların dəyərini satıcı tərəfindən təqdim olunmuş hesab fakturaya əsasən razılaşdırılmış qaydada ödənişi həyata keçirir. Tərəflər arasında hesablaşma bank köçürmə yolu ilə həyata keçirilir. İş materiallarında olan 23 may 2024-cü il tarixli KBT-QSM/TM-38/24 nömrəli müqaviləyə 23 may 2024-cü il tarixli Əlavə-alış sifarişi ilə tərəflər malın təsnifatı, ölçü vahidi, miqdarı, vahid qiyməti barədə razılığa gəlmişlər. Əlavənin 1.1-ci bəndinə əsasən alıcıya sifariş üzrə müqavilədə razılaşdırılmış qaydada təhvil verilən hər bir mal-material üzrə əvvəl təhvil-təslim aktı tərtib edilir və tərəflərin səlahiyyətli nümayəndələrinin imzası ilə təsdiqlənir. Həmin təhvil təslim aktları əsasında elektron qaimə vurulur və elektron qaimə vurulduqdan sonra 7 (yeddi) iş günü ərzində həmin məbləği alıcı satıcının bank hesabına ödəyir. İş materiallarından görünür ki, İddiaçı tərəfindən Cavabdeh2 10317,33 manat dəyərində malların satılması ilə əlaqədar 03 iyun 2024-cü il tarixl, MT2408 seriyalı 11406307 nömrəli və 7376,30 manat dəyərində malların satılması ilə əlaqədar 29 iyun 2024-cü il tarixli MT2406 seriyalı 11660846 nömrəli, elektron qaimə-fakturalar təqdim olunmuşdur. İş materiallarında olan tərəflərin imzası ilə təsdiq edilmiş satıcı İddiaçı ilə alıcı Cavabdeh2 arasında mal-material dövriyyəsinə dair 1 saylı akta əsasən 23 may 2024-cü il – 31 may 2024-cü il dövrü ərzində dəyəri 8743,5 manat (ƏDV-siz) olan, 2 saylı akta əsasən 01 iyun 2024-cü il – 12 iyun 2024-cü il dövrü ərzində dəyəri 6251,1 manat (ƏDVsiz) olan mallar iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir. İş materiallarında olan kontragentlə qarşılıqlı hesablaşmalar üzrə cədvəldən görünür ki, 23 may 2024-cü il tarixli KBT-QSM/TM-38/24 nömrəli müqavilə üzrə Cavabdeh2 17693,63 manat məbləğində borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci madəsinə əsasən mallar (işlər və ya xidmətlər) üzrə satınalma müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən mallar (işlər və ya xidmətlər) üzrə satınalma müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu mallar (işlər və ya xidmətlər) üzrə satınalma müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Yuxarıda təsvir olunanlarla müəyyən olunur ki, tərəflər arasında 23 may 2024-cü il tarixli, KBT-QSM/TM-38/24 nömrəli alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən İddiaçı Cavabdeh2 ümumilikdə 17693,63 (on yeddi min altı yüz doxsan üç manat altmış üç qəpik) manat dəyərində mal satılaraq təhvil verilmişdir. Cavabdeh öz öhdəliklərini lazımi qaydada yerinə yetirməyərək malların dəyərini ödəmədiyindən İddiaçı Cavabdeh2 qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, lakin cavabdeh müqavilə ilə üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetiməmişdir. Buna görə də, iddia tələbi 23 may 2024-cü il tarixli KBT-QSM/TM-38/24 nömrəli alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 17693,63 (on yeddi min altı yüz doxsan üç manat altmış üç qəpik) manat məbləğində əsas borcun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində əsaslıdır və təmin edilməlidir. Bundan başqa iddiaçı iddia ərizəsində Mülki Məcəllənin 439.3-cü və 449.1-ci maddələrinə əsasən cavabdeh tərəfindən 29 iyun 2024-cü il tarixdən 03 oktyabr 2025-ci il tarixə qədər hər hansı bir ödəniş olunmadığı üçün illik 5 %-lə hesablanmış 1118 (min yüz on səkkiz) manat məbləğində faiz borcunun ödənilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.3-cü maddəsinə əsasən qanuna və ya müqaviləyə əsasən borcun üstünə faizlər hesablanmalı olduqda, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onlar iki faiz bəndi əlavə edilməklə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında, lakin ildə azı beş faiz miqdarında hesablanır. Göründüyü kimi, istinad edilən maddə qanuna və ya müqaviləyə əsasən borcun üzərinə pul vəsaitindən istifadəyə görə faizlər hesablanması nəzərdə tutulduğu, lakin həmin faizlərin dərəcəsi qanunda və ya müqavilədə müəyyən edilmədiyi halda tutulmalı olan qanuni faizlərin dərəcəsini müəyyən edir. Həmin maddədə nəzərdə tutulan qanuni faizlər öhdəliyin pozulmasına görə mülki məsuliyyət tədbiri hesab edilmir və həmin faizlərin tətbiqi borclunun öz öhdəliyini pozması ilə şərtləndirilmir. Sözügedən faizlər mahiyyət etibarilə pul vəsaitlərin istifadəyə görə haqq olmaqla hüquqi təbiəti kreditdən istifadəyə görə hesablanan faizlərin hüquqi təbiəti ilə eynilik təşkil edir. İş materiallarından isə görünür ki, hazırkı halda cavabdehin 23 may 2024-cü il tarixli, KBT-QSM/TM-38/24 nömrəli alqı-satqı müqaviləsi üzrə borcunun üzərinə faiz hesablanmalı olması müqavilədən irəli gəlmir, eləcə də qanunvericilikdə nəzərdə tutulmamışdır. Belə olan halda işin halları Mülki Məcəllənin 439.3-cü maddəsinin dispozisiya şərtlərinə uyğun gəlmir. Bundan başqa Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2009-cu il tarixli qərarına ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin “ondan faydalanmağa görə” müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutmuşdur. Lakin iddiaçı ona məxsus pul vəsaitindən normada sadalandığı kimi cavabdeh tərəfindən hər hansı gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əldə edilməsi halını məhkəmə prosesi zamanı sübuta yetirə bilməmiş, buna dair hər hansı sübut təqdim etməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddianın tələbi həmin hissədə əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 121.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara ala bilər. Bundan əlavə iddiaçı iddia tələbində hüquqi yardımla bağlı vəkilə ödənilmiş 300 (üç yüz) manat məbləğində xidmət haqqının da cavabdehdən tutulmasını xahiş etmiş, bununla bağlı iddia ərizəsinə hüquqi yardıma görə 300 (üç yüz) manat məbləğində pul ödənilməsini təsdiq edən qəbz əlavə etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbinin “hüquqi yardımla əlaqədar vəkilə ödənilmiş 300 (üç yüz) manat məbləğində xidmət haqqının tutulması” hissəsi əsaslı olduğundan təmin edilməli və həmin məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. İddia tələbinin “147,78 (yüz qırx yeddi manat yetmiş səkkiz qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddia tələbinin təmin edilmiş hissəsinə uyğun hesablanmış 143,08 (yüz qırx üç manat səkkiz qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh2 tutularaq iddiaçı Körpü-Bina-Tikinti” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 17693,63 (on yeddi min altı yüz doxsan üç manat altmış üç qəpik) manat məbləğində əsas borc, hüquqi yardımla bağlı vəkilə ödənilmiş 300 (üç yüz) manat məbləğində xidmət haqqı və 143,08 (yüz qırx üç manat səkkiz qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 18136,71 (on səkkiz min yüz otuz altı manat yetmiş bir qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 17693,63 (on yeddi min altı yüz doxsan üç manat altmış üç qəpik) manat məbləğində əsas borc, hüquqi yardımla bağlı vəkilə ödənilmiş 300 (üç yüz) manat məbləğində xidmət haqqı və 143,08 (yüz qırx üç manat səkkiz qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 18136,71 (on səkkiz min yüz otuz altı manat yetmiş bir qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Aliyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-2054/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-2054/2025
22.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver