Məhkəmə qərarları › İş №e-2-2(119)-207/2022

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-207/2022

28.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-207/2022 28.02.2022 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Tağıyev Xəqani Qəhrəman oğlunun sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh X3 iştirakı ilə İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin cavabdeh X4 qarşı pul tələbinə dair iddiası üzrə kommersiya işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi cavabdeh X4 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ("xxxx" ASC) ilə cavabdeh arasında bağlanılmış 23.05.2017-ci il tarilxli 1081-GL/17 nömrəli müqaviləyə əsasən cavabdeh dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq ödəmək şərti ilə kənd təsərrüfatı texnikalarını lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə, cavabdehin maliyyə arayışının tərtib edildiyi 01.09.2021-ci il tarixə 23.05.2017-ci il tarilxli 1081-GL/17 nömrəli müqavilə üzrə 11.473 (on bir dörd yüz yetmiş üç) manat gecikdirilmiş əsas borcu və 3.391,4 (üç min üç yüz doxsan bir manat, 40 qəpik) manat hesablanmış cərimə borcu yaranmışdır. Cavabdehə öhdəliklərin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 4.2-ci maddəsinə görə lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə lizinq verən lizinq alandan borc məbləği və gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malikdir. Mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 (altmış) manat məbləğində mediasiyaya dair xərc də Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən ödənilib. Bu məbləğ də məhkəmə xərci kimi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Eləcə də, hüquqi yardım göstərilməsi üçün vəkilə müraciət edilmişdir. Hüquqi yardım göstərilməsi haqqında müqaviləyə əsasən hüquqi yardıma görə haqqın məbləği 350 (üç yüz əlli manat) manat müəyyənləşdirilmişdir. Bu məbləğ də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən, iddiaçı məhkəmədən 23.05.2017-ci il tarilxli, 1081- GL/17 nömrəli müqavilə üzrə 11.473 (on bir min dörd yüz yetmiş üç) manat gecikdirilmiş əsas borc və 3.391,4 (üç min üç yüz doxsan bir manat, 40 qəpik) manat hesablanmış cərimə borcunun, hüquqi yardımla bağlı ödənilmiş 350 (üç yüz əlli) manat, cəmi: 15.214,40 (on beş min iki yüz on dörd manat 40 qəpik) manat pul vəsaitinin cavabdehdən tutularaq, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonra iddiaçının nümayəndəsi və vəkili Nümayəndə “iddia tələbinin həcminin azaldılması barədə” ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə prosesinin gedişatı zamanı cavabehin 2021-ci ilin sonunadək əsas borc məbləğini tam ödədiyini bildirmiş, məhkəmədən 23.05.2017-ci il tarixli, 1081-GL/17 nömrəli müqavilə üzrə 3.391,4 (üç min üç yüz doxsan bir manat, 40 qəpik) manat hesablanmış cərimə borcunun, hüquqi yardımla bağlı ödənilmiş 350 (üç yüz əlli) manat və ödənilmiş 60 (altmış) manat mediasiya xərcinin cavabdehdən tutularaq, iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə etmişdir. O, sonuncu məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək, iclasın onun iştirakı olmadan keçirilməsini və iddianın təmin olunması barədə məhkəmə aktının çıxarılmasını xahiş etmişdir. Məhkəmədə cavabdeh X5 izahat verərək müqavilə üzrə əsas borcu ödədiyini bildirmiş, məhkəmədən cərimə borcunun silinməsini xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını və təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 23.05.2017-ci il tarilxli, 1081-GL/17 nömrəli müqavilənin surətindən görünür ki, "xxxx" ASC ümumi dəyəri 59.713 manat olan və Spesifikasiyada (Əlavə № 1) göstərilən kənd təsərrüfatı texnikalarını ilkin dəyərinin 40%nə güzəşt edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra Lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə vermişdir. Həmin müqavilənin 1.2-ci bəndinə görə, lizinq alan texnikanın qalıq məbləğini ödəniş qrafikinə (Əlavə № 2) müvafiq olaraq ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 01.09.2021-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, X3 23.05.2017-ci il tarilxli, 1081-GL/17 nömrəli müqavilə üzrə 11.473 manat məbləğində gecikdirilmiş borcu və 3.391,40 manat məbləğində cərimə borcu vardır. İş materiallarında olan 16 dekabr 2021-ci il tarixli, 2021-01400 nömrəli “İlkin medasiya sessiyasında iştirak edilməməsi barədə” Arayışın surətindən görünür ki, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi ilkin mediasiya sessiyasında iştirak etmiş va ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. İş materiallarında olan 28.12.2021-ci il tarixli, 000İPX12136208D9 nömrəli ödəniş qəbzinin surətindən görünür ki, iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi hüquqi yardım göstərilməsi üçün vəkilə 350 manat ödəniş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1.-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin məcəllənin 386.1-ci maddəyə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin məcəllənin 427.2-ci maddəsinə görə əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi ilə X5 arasında bağlanmış müqaviləyə əsasən X1 təsərrüfatı texnikalarını lizinqə götürmüş, lakin üzərinə götürdüyü öhdəliyi vaxtında yerinə yetirməmişdir. Buna görə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 23.05.2017-ci il tarilxli, 1081-GL/17 nömrəli müqavilə üzrə 11.473 (on bir dörd yüz yetmiş üç) manat gecikdirilmiş əsas borc və 3.391,4 (üç min üç yüz doxsan bir manat, 40 qəpik) manat hesablanmış cərimə borcunun, hüquqi yardımla bağlı ödənilmiş 350 (üç yüz əlli) manat, cəmi: 15.214,40 (on beş min iki yüz on dörd manat 40 qəpik) manat pul vəsaitinin tutulmasını tələb etmişdir. Məhkəmə prosesi gedişində cavabdeh əsas borcla bağlı öhdəliklərini yerinə yetirdiyindən, iddiaçı “iddia tələbinin həcminin azaldılması barədə” ərizə ilə məhkəməyə müraciət edərək, 23.05.2017-ci il tarilxli, 1081- GL/17 nömrəli müqavilə üzrə 3.391,4 (üç min üç yüz doxsan bir manat, 40 qəpik) manat hesablanmış cərimə borcunun, hüquqi yardımla bağlı ödənilmiş 350 (üç yüz əlli) manat və ödənilmiş 60 (altmış) manat mediasiya xərcinin cavabdehdən tutularaq, iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, cavabdeh müqavilə üzrə öhdəliklərini vaxtında yerinə yetirmədiyi üçün ondan cərimə borcu tutulmalıdır, lakin, 23.05.2017-ci il tarixli, 1081-GL/17 nömrəli müqavilə üzrə 3.391.4 manat cərimə hesablanması tənasübsüz surətdə yüksək olduğuna görə cərimə 300 manata qədər azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Göstərilənləri nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, iddia qismən əsaslı olduğu üçün qismən təmin edilməli, 23.05.2017-ci il tarixli, 1081-GL/17 nömrəli müqavilə üzrə 300 manat məbləğində tutulmalı, iddia qalan hissədə əsassız olduğu üçün təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Eləcə də, iş üzrə çəkilmiş məhkəmə xərclərinin 91%-i iddiaçıya, 9%-i cavabdehə aid edilməlidir. İddiaçı tərəfindən ödənilmiş 60 manat məbləğində mediasiya haqqının 91%-i iddiaçıya, 9%-i cavabdehə aid edilməlidir. Ödənilmiş mediasiya haqqına görə cavabdehdən 5,4 manat alınaraq iddiaçıya verilməlidir. Hüquqi yardım üçün iddiaçının vəkilə ödədiyi 350 manat məbləğində xidmət haqqının 91%-i yəni, 318 manatı iddiaçıya, 9%-i yəni, 32 manatı cavabdehə aid edilməlidir. Cavabdehdən vəkilə ödənilmiş xidmət haqqının əvəzi olaraq 32 manat pul tutularaq, iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220-ci maddələrinin tələbini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin cavabdeh X4 qarşı pul tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh X2 23.05.2017-ci il tarixli, 1081-GL/17 nömrəli müqavilə üzrə 300 manat məbləğində cərimə tutularaq, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə xərclərinin 91%-i iddiaçıya, 9%-i cavabdehə aid edilsin. İddiaçı tərəfindən ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş 60 manat məbləğin 91%-i iddiaçıya, 9%-i cavabdehə aid edilsin. Cavabdehdən ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə çəkilmiş xərcin əvəzi olaraq 5,4 manat pul tutularaq, iddiaçıya ödənilsin. İddiaçı tərəfindən hüquqi yardım göstərilməsinə görə vəkilə ödənilmiş 350 manat məbləğində xidmət haqqının 91%-i iddiaçıya, 9%-i cavabdehə aid edilsin. Cavabdehdən vəkilə ödənilmiş xidmət haqqının əvəzi olaraq 32 manat pul tutularaq, iddiaçıya ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Xəqani Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar