Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-208/2025 18.03.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Əliyev İslam Əli oğlunun sədrliyi, Novruzzadə Türkan Hüseyn qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları
1. İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən 26888,72 (iyirmi altı min səkkiz yüz səksən səkkiz manat yetmiş iki qəpik) manat məbləğində borc və ödənilmiş 170,67 (yüz yetmiş manat altmış yeddi qəpik) manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, 13 iyun 2023-cü il tarixində İddiaçı MMC ilə Cavabdeh ASC arasında 41-T/23 nömrəli alqı-satqı müqaviləsi imzalanmışdır. İddiaçı MMC hər zaman müqavilə öhdəliklərini yerinə yetirmiş, müqavilə şərtlərinə uyğun vaxtlıvaxtında Cavabdeh ASC-ni müvafiq mallarla təmin etmişdir. Lakin Cavabdeh ASC müqavilə şərtlərini pozaraq verilən malların dəyərini ödəmək öhdəliyini pozmuşdur. Beləliklə, şirkətlər arasında imzalanmış xx.xx.2024-cü il tarixli üzləşmə aktına əsasən Cavabdeh ASC-nin İddiaçı MMC-yə 26888,72 manat borcu yaranmışdır. Dəfələrlə borcun ödənilməsi tələb edilsə də, Cavabdeh ASC borcun ödənilməsindən yayınmışdır. Cavabdehə borcun ödənilməsi ilə bağlı xx.xx.2024-cü ildə pretenziya məktubu göndərilmişdir. Həmin məktuba da cavab verilməmişdir.
3. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək məhkəmədən iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. 20 fevral 2025-ci il tarixdə Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən məhkəməyə ərizə ünvanlanaraq üzləşmə aktında qeyd olunan borcun ödənilməsi üçün növbəti iclasın daha uzun tarixə təyin edilməsi xahiş olunmuşdur.
5. Lakin Cavabdeh Açıq Səhmdar Cəmiyyəti məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə baxışı iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş proses iştirakçılarının gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə proses iştirakçılarının icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
7. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir.
8. Belə ki, iş materiallarında olan satıcı İddiaçı ilə alıcı Cavabdeh Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 13 iyun 2023-cü il tarixli 41-T/23 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, satıcı hər dəfə alıcının sifarişi əsasında tərtib olunacaq və müqaviləyə əlavə olunacaq müvafiq Əlavələrdə göstərilən (Qiymətlərin razılaşdırma protokolarında) malları həmin Əlavələrdə nəzərdə tutulan miqdarda və qiymətlərlə alıcının təyin etdiyi ünvana çatdırmağı və sonuncuya təhvil verməyi öz öhdəsinə götürmüşdür.
9. İş materiallarından görünür ki, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək iddiaçı tərəfindən cavabdehə ümumilikdə 26900,89 manat dəyərində malların satılması ilə əlaqədar müvafiq elektron qaimələr təqdim edilmişdir.
10. İş materiallarında olan tərəflər arasında imzalanmış “Hesablaşmaların qarşılıqlı üzləşmə aktı”ndan görünür ki, 30 sentyabr 2024-cü il tarixə Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin İddiaçınə 26888,72 manat məbləğində borcunun olduğu müəyyənləşdirilmişdir.
Tətbiq edilən hüquq
11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci madəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
12. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
14. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
15. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
16. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
17. Həmin Məcəllənin 430.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir.
18. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
19. Beləliklə, yuxarıda təsvir olunanlarla müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh Açıq Səhmdar Cəmiyyəti arasında 13 iyun 2023-cü il tarixli 41-T/23 nömrəli alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən İddiaçı üzərinə düşən öhdəlikləri icra edərək Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə müvafiq mallar satmış, lakin cavabdeh həmin malların dəyərini tam ödəməmiş və tərəflər arasında 30 sentyabr 2024-cü il tarixə cavabdehin iddiaçıya 26888,72 manat məbləğində borcunun olduğunu təsdiq edən “Hesablaşmaların qarşılıqlı üzləşmə aktı” imzalanmışdır. Buna görə İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında alqısatqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, lakin cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəliyini lazımi qaydada yerinə yetirməmişdir. Buna görə məhkəmə hesab edir ki, həmin müqavilə üzrə ödənilməmiş 26888,72 (iyirmi altı min səkkiz yüz səksən səkkiz manat yetmiş iki qəpik) manat məbləğində borcun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində iddia tələbi əsaslıdır və təmin edilməlidir.
20. Məhkəmə qeyd edir ki, iddia tələbinin “cavabdehdən iddiaçının xeyrinə 170,67 (yüz yetmiş manat altmış yeddi qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumun əvəzinin tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddia tələbi həmin hissədə də təmin edilməli və iddiaçı tərəfindən ödənilmiş 170,67 (yüz yetmiş manat altmış yeddi qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
21. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur.
22. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
23. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək istinad edilən qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 26888,72 (iyirmi altı min səkkiz yüz səksən səkkiz manat yetmiş iki qəpik) manat məbləğində borc və ödənilmiş 170,67 (yüz yetmiş manat altmış yeddi qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi iddiaçının xeyrinə tutulmalıdır.
24. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
27. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir.
28. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
29. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən 26888,72 (iyirmi altı min səkkiz yüz səksən səkkiz manat yetmiş iki qəpik) manat məbləğində borc və ödənilmiş 170,67 (yüz yetmiş manat altmış yeddi qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: İslam Əliyev