Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-209/2024 15.03.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Abdulrəhimov Kamran Hüseyn oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə borcun və digər ödənişlərin tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı 18 yanvar 2024-cü il tarixdə “Elektron məhkəmə” İnformasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə borcun və digər ödənişlərin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 27612,5 (iyirmi yeddi min altı yüz on iki manat, əlli qəpik) manat məbləğində borc, 12728,21 (on iki min yeddi yüz iyirmi səkkiz manat, iyirmi bir qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 40340,71 (qırx min üç yüz qırx manat, yetmiş bir qəpik) manat məbləğində pul vəsaitinin, həmçinin 200 (iki yüz) manat məbləğində mediasiyaya xərcinin əvəzinin və hüquqi yardımın göstərilməsi ilə bağlı ödənilmiş 3000 (üç min) manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı 16 fevral 2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək həmin alqı-satqı müqaviləsi üzrə 27612,5 (iyirmi yeddi min altı yüz on iki manat, əlli qəpik) manat məbləğində borc, 12728,21 (on iki min yeddi yüz iyirmi səkkiz manat, iyirmi bir qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 40340,71 (qırx min üç yüz qırx manat, yetmiş bir qəpik) manat məbləğində pul vəsaitinin, həmçinin 210 (iki yüz on) manat məbləğində mediasiyaya xərcinin əvəzinin və 173,40 (yüz yetmiş üç manat, qırx qəpik) dövlət rüsumunun əvəzinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 01 iyun 2022-ci il tarixli alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən satıcı - İddiaçı MMC polipropilen kisələri alıcının - Cavabdeh MMC-nin mülkiyyətinə verməyi, alıcı isə həmin malları qəbul edib onların dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüş, müqavilə üzrə öhdəlik iddiaçı tərəfindən icra edilsə də, cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi, yəni aldığı malların dəyərini tam ödəməmiş, nəticədə təhvil verilmiş mallar üzrə cavabdehin 27612,5 manat məbləğində borcu yaranmışdır. Bununla əlaqədar cavabdehin ünvanına pretenziya məktubu göndərilmiş, o cümlədən mübahisənin mediasiya vasitəsilə həllinə cəhd edilmiş, lakin göstərilənlər hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmənin 05 mart 2024-cü il tarixində keçirilmiş iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək bildirdi ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 01 iyun 2022-ci il tarixli alqı-satqı müqaviləsinə, hesab faktura sənədinə, elektron qaiməyə və təhvil-təslim aktına əsasən sonuncuya təhvil aldığı məhsulların miqdarı və qiymətləri məlum olsa da, o, öhdəliyin tam icrasından boyun qaçırmışdır. İddiaçının nümayəndəsi məhkəmədən iddia tələbinin təmin edilməsini, cavabdehdən 27612,5 manat məbləğində borc, 12728,21 manat məbləğində cərimə olmaqla, cəmi 40340,71 manat məbləğində borcun, həmçinin 210 manat məbləğində mediasiyaya xərcinin əvəzinin və 173,40 (yüz yetmiş üç manat, qırx qəpik) dövlət rüsumunun əvəzinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, iddia ərizəsini, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 01 iyun 2022-ci il tarixli, TP/BNFFC-010622 nömrəli alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən, satıcı (İddiaçı MMC) bu müqavilədə müəyyən olunmuş şərtlərlə polipropilen kisəni alıcıya (Cavabdeh MMC-yə) satmağı, alıcı isə həmin şərtlər daxilində malı qəbul edib dəyərini ödəməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən, malın adı, çeşidi, forması, qiyməti, ödəmə tarixi və şərtləri müqavilənin ayrılmaz hissəsi olan X1 və hesab fakturada öz əksini tapır. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən, alıcı müqavilənin 1.2-ci bəndində nəzərdə tutulan tələblərə uyğun olaraq, malın dəyərini ödəməlidir. Həmin müqavilənin 3.3-cü bəndinə əsasən, alıcı müqavilə üzrə nəzərdə tutulmuş malın razılaşdırılmış dəyərini vaxtında ödəməzsə, gecikdirdiyi hər bir gün üçün həmin malın dəyərinin 0.1 %-i məbləğində cərimə ödəyəcəkdir. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən, malın qiyməti müqavilənin ayrılmaz hissəsi sayılan X1 müəyyən edilir. İş materiallarında olan 03 iyun 2022-ci il tarixli Qiymətlərin razılaşdırılması protokolundan görünür ki, 10000 ədəd 95x95x80 ölçülü “Biq-Baq” kisələrinin qiyməti 150450 manat olaraq tərəflər arasında razılaşdırılmışdır. İş materiallarında olan 03 iyun 2022-ci il tarixli, 00116/2022 nömrəli hesab-faktura sənədində 10000 ədəd 95x95x80 ölçülü “Biq-Baq” kisələrinin cavabdehin iddiaçıya 150450 manat məbləğində pul ödəməli olduğu qeyd edilmişdir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə 150450 manat dəyərində malın satılması ilə əlaqədar 22 iyul 2022-ci il tarixli EBCA seriyalı 496856 nömrəli elektron qaimə təqdim edilmişdir. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 12 fevral 2024-cü il tarixli PB/VB-OUT-00492-2024 nömrəli məktubundan görünür ki, 01 iyun 2022-ci il tarixli alqısatqı müqaviləsinə əsasən, cavabdeh tərəfindən iddiaçının bank hesabına 06 iyun 2022-ci il tarixində 63750 manat, 27 iyul 2022-ci il tarixində 31875 manat və 11 oktyabr 2022-ci tarixində 8474,57 manat məbləğində ödənişlər həyata keçirilmişdir. İş materiallarında olan iddiaçı tərəfindən tərtib olunaraq təqdim olunmuş maliyyə arayışına əsasən, 22 iyul 2022-ci il tarixli EBCA seriyalı 496856 nömrəli elektron qaimə üzrə cavabdehin 27612,5 manat məbləğində borc, 12728,21 manat məbləğində cərimə olmaqla, cəmi 40340,71 manat məbləğində borcu vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş götməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 567-ci madəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göründüyü kimi, yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, iddiaçı ilə cavabdeh arasında 01 iyun 2022-ci il tarixli, №TP/BNFFC010622 nömrəli alqı-satqı müqaviləsi bağlanılmış, müqavilə öhdəliklərinə uyğun olaraq satıcı qismində olan iddiaçı həmin müqavilənin predmeti olan polipropilen kisələri cavabdehin mülkiyyətinə vermiş, alıcı qismində iştirak edən cavabdeh isə müqavilə öhdəliklərinə riayət etməyərək həmin malların dəyərini iddiaçıya tam ödəməmiş, nəticədə onun iddiaçıya 27612,5 manat məbləğində borcu yaranmışdır. Bu hal yuxarıda istinad edilən sübutlarla (xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi, 03 iyun 2022-ci il tarixli Qiymətlərin razılaşdırılması protokolu, 22 iyul 2022-ci il tarixli EBCA seriyalı 496856 nömrəli elektron qaimə, "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli PB/VB-OUT-00492-2024 nömrəli məktubu, maliyyə arayışı) tam sübut olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehdən 01 iyun 2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 27612,5 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. İddia tələbinin cavabdehdən 12728,21 manat məbləğində cərimənin tutulmasına aid hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, cavabdeh tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd olunanlarla bağlı məhkəmə hesab edir ki, tələb olunan cərimənin əsas borc məbləğinə nisbəti, o cümlədən həm kreditorun, həm də ki, borclunun əmlak mənafeləri və işin digər halları nəzərə alınmaqla iddia tələbinin cavabdehdən 12728,21 manat məbləğində cərimənin tutulmasına aid hissəsi qismən təmin olunmalı, tələb olunan cərimənin məbləği azaldılaraq cavabdehdən cəmi 1500 manat məbləğində cərimə tutulmalıdır. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bundan əlavə, iddia tələbinin ödənilmiş 210 manat məbləğində mediasiya xərcinin əvəzinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə hissəsinə gəldikdə, iş materiallarında olan 09 yanvar 2024-cü il tarixli MŞS/MT030/2023-02764 nömrəli “İlkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə” arayışa və 09 yanvar 2024-cü il tarixli ödəniş qəbzinə əsasən müəyyən olunur ki, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət edilməmişdən əvvəl cavabdehlə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədilə iddiaçı tərəfindən 210 manat məbləğində mediasiya xərci (200 manat mediasiya haqqı + 10 manat kargüzarlıq xərci) ödənilmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia tələbinin 210 manat məbləğində mediasiya xərcinin cavabdehdən tutulması hissəsi də təmin edilməli, yuxarıda göstərilənlər və “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədilə iddiaçı tərəfindən ödənilmiş 210 manat məbləğində mediasiya xərcinin əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bunlardan əlavə, iddia tələbinin 173,40 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə hissəsinə gəldikdə, iş materiallarında olan 07 dekabr 2023-cü il tarixli ********** nömrəli ödəniş qəbzinə əsasən müəyyən olunur ki, məhkəməyə hazırkı iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 173,40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda, dövlət rüsumunun məbləği 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi təşkil edir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iddia təmin edildiyindən istinad olunan qanunvericilik normalarının tələblərinə əsasən məhkəməyə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 173,40 manat məbləğində dövlət rüsumunun əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək, istinad olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 01 iyun 2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 27612,5 manat məbləğində borc, 1500 manat məbləğində cərimə, həmçinin 210 manat məbləğində mediasiya xərcinin əvəzi və 173,40 manat məbləğində dövlət rüsumunun əvəzi, cəmi 29495,9 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdehndən (VÖEN: **********) 01 iyun 2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 27612,5 (iyirmi yeddi min altı yüz on iki manat, əlli qəpik) manat məbləğində borc, 1500 (min beş yüz) manat məbləğində cərimə, həmçinin 210 (iki yüz on) manat məbləğində mediasiya xərcinin əvəzi və 173,40 (yüz yetmiş üç manat, qırx qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 29495,9 (iyirmi doqquz min dörd yüz doxsan beş manat, doxsan qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-209/2024
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-209/2024
15.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver