Məhkəmə qərarları › İş №e-2-2(119)-210/2022

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-210/2022

02.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-210/2022 02.08.2022 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Abdulrəhimov Kamran Hüseyn oğlunun katibliyi, iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Vəkil1, Cavabdeh nümayəndəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Vəkil2 iştirakı ilə, iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq məhəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 04 noyabr 2016-cı il tarixli, 1337-L/16 nömrəli müqavilə üzrə 4980 manat gecikdirilmiş borc və hesablanmış 2104,38 manat cərimə borcu, 17 oktyabr 2017-ci il tarixli, 04-LA/17 nömrəli müqavilə üzrə 187272 manat gecikdirilmiş borc və hesablanmış 94198,36 manat cərimə borcu, hüquqi yardımla bağlı ödənilmiş 500 manat, mediasiyaya dair xərc 400 manat olmaqla, cəmi 289454,74 manat pul vəsaitinin cavabeh Cavabdeh tutularaq iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanılmış 04 noyabr 2016-cı il tarixli, 1337-L/16 nömrəli müqavilə üzrə lizinq alan kənd təsərrüfatı texnikasını dəyərindən 5400 manatı əvvəlcədən, qalan hissəsini isə müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq ödəmək şərti ilə, 17 oktyabr 2017-ci il tarixli, 04-LA/17 nömrəli müqavilə üzrə isə lizinq alan soyuducu kamera avadanlıqlarını dəyərindən 17000 manatı əvvəlcədən, qalan hissəsini isə müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq ödəmək şərti ilə lizinqə götürmüşdür. Cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi 18 may 2021-ci il tarixinə 04 noyabr 2016-cı il tarixli, 1337-L/16 nömrəli müqavilə üzrə 4980 manat gecikdirilmiş əsas borcu və 2104,38 manat cərimə borcu, 17 oktyabr 2017-ci il tarixli, 04-LA/17 nömrəli müqavilə üzrə 187272 manat gecikdirilmiş əsas borcu və 94198,36 manat cərimə borcu yaranmışdır. Cavabdehə öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, onun tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Məhkəməyə müraciət olunmamışdan əvvəl bu mübahisə ilə əlaqədar mediasiya prosesinin təşkil olunmasına baxmayaraq, mediasiya vasitəsi ilə mübahisənin həll edilməsi mümkün olmamışdır. Eləcə də, hazırkı mübahisə ilə əlaqədar hüquqi yardım göstərilməsi üçün vəkilə müraciət edilmiş və hüquqi yardım göstərilməsi haqqında müqaviləyə əsasən hüquqi yardıma görə vəkilə 500 manat məbləğində pul ödənilmişdir. İddiaçının nümayəndəsi Vəkil1 məhkəmə iclasında iddia ərizəsində göstərilən xüsusatları təsdiq etdiyini bildirərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Vəkil2 iddianı qəbul etmədiyini bildirərək, iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, öz mövqeyini iddianın əsassız olması və iddiaçı tərəfindən Cavabdeh 40 faizlik güzəştin tətbiq olunmaması ilə əsaslandırmışdır. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iddia ərizəsi ilə birlikdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə təqdim olunmuş sənədlərlə müəyyən olunur ki, “Lizinq verən” "xxxx" Açıq Səhmdar Cəmiyyəti (hal-hazırda kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəliklər iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçmişdir) ilə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan “Lizinq alan” Cavabdeh (VÖEN: **********) arasında bağlanmış 04 noyabr 2016-cı il tarixli, 1337-L/16 nömrəli və 17 oktyabr 2017-ci il tarixli, 04-LA/17 nömrəli müqavilələr üzrə sonuncu tərəfindən öhdəliklər lazımi qaydada yerinə yetirilməyərək, vaxtlı-vaxtında lizinq ödənişləri edilmədiyindən iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən hər bir müqavilə üzrə gecikdirilmiş əsas borc məbləğləri və cərimə borcları hesablanmışdır. - Yəni, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 04 noyabr 2016-cı il tarixli, 1337-L/16 nömrəli “kənd təsərrüfatı texnikasının lizinqə verilməsi” barədə müqaviləyə, həmin müqavilənin spesifikasiyasına (Əlavə № 1) və ödəniş qrafikinə (Əlavə № 2) əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh 10 (on) il müddətinə "CPD-18-CJ2” markalı elektrik yük yükləyicinin dəyərinin 5400 (beş min dörd yüz) manatı əvvəlcədən, qalan hissəsi isə müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verilmişdir. İddiaçı tərəfindən tərtib edilərək məhkəməyə təqdim olunmuş 18 may 2021-ci il tarixli maliyyə arayışında göstərilir ki, 04 noyabr 2016-cı il tarixli, 1337-L/16 nömrəli müqavilə üzrə lizinq alan Cavabdeh tərəfindən cəmi 4607 (dörd min altı yüz yeddi) manat məbləğində ödəniş edilmiş və 18 may 2021-ci il tarixinə lizinq alan Cavabdeh həmin müqavilə üzrə 4980 (dörd min doqquz yüz səksən) manat ödənilməmiş əsas borcu və 2104,38 (iki min yüz dörd manat 38 qəpik) manat məbləğində cərimə borcu vardır. - Bundan əlavə "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 17 oktyabr 2017-ci il tarixli, 04-LA/17 nömrəli “soyuducu kamera avadanlıqlarının lizinqə verilməsi” barədə müqaviləyə, həmin müqavilənin spesifikasiyasına (Əlavə № 1) və ödəniş qrafikinə (Əlavə № 2) əsasən "xxxx" ASC tərəfindən Cavabdeh 5 (beş) il müddətinə soyuducu kamera avadanlıqları dəyərinin 17000 (on yeddi min) manatı əvvəlcədən, qalan hissəsi isə müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verilmişdir. İddiaçı tərəfindən tərtib edilərək məhkəməyə təqdim olunmuş 18 may 2021-ci il tarixli maliyyə arayışında göstərilir ki, 17 oktyabr 2017-ci il tarixli, 04-LA/17 nömrəli müqavilə üzrə lizinq alan Cavabdeh tərəfindən cəmi 29000 (iyirmi doqquz min) manat məbləğində ödəniş edilmiş və 18 may 2021-ci il tarixinə lizinq alan Cavabdeh həmin müqavilə üzrə 187272 (yüz səksən yeddi min iki yüz yetmiş iki) manat gecikdirilmiş əsas borcu və 94198,36 (doxsan dörd min yüz doxsan səksən manat 36 qəpik) manat məbləğində cərimə borcu vardır. İş üzrə Cavabdeh nümayəndəsi Vəkil2 vəsatəti əsasında keçirilmiş məhkəməmühasibat ekspertizasının 01 iyun 2022-ci il tarixli 9/3136 nömrəli ekspert rəyi ilə 04 noyabr 2016-cı il tarixli, 1337-L/16 nömrəli müqavilə üzrə "xxxx" ASC-yə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqavilənin şərtləri nəzərə alınmaqla Cavabdeh 18 may 2021-ci il tarixinə "xxxx" ASC-yə olan əsas borcu 4980 manat, cərimə borcu 2020 manat məbləğində müəyyən edilmişdir. 17 oktyabr 2017-ci il tarixli, 04-LA/17 nömrəli müqavilə üzrə isə “Aqrolizinq ASC-yə məxsus soyuducu kamera avadanlıqlarının lizinqə verilməsi barədə müqavilənin şərtləri nəzərə alınmaqla Cavabdeh 18 may 2021-ci il tarixinə "xxxx" ASC-yə olan əsas borcu 187272 manat, cərimə borcu 85654 manat məbləğində müəyyən edilmişdir. Qeyd etmək lazımdır ki, lizinq verən və lizinq alan arasında bağlanmış yuxarıda qeyd olunan 04 noyabr 2016-cı il tarixli, 1337-L/16 nömrəli və 17 oktyabr 2017-ci il tarixli, 04- LA/17 nömrəli müqavilələrin 4.2-ci bəndlərinə əsasən lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 747-2-ci maddəsinə əsasən, lizinqin obyekti Azərbaycan Respublikasının qanunlarına əsasən sərbəst mülki dövriyyədən çıxarılmış və ya mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar istisna olmaqla, qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid olan daşınar və ya daşınmaz əşyalardır. Həmin Məcəllənin 748-1.12.4-cü maddəsinə əsasən, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə Lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 748-10.2-ci maddəsinə əsasən, lizinq ödənişlərinin məbləği həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. Həmin Məcəllənin 748-10.4-cü maddəsinə əsasən, lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. Beləliklə, yuxarıda təsvir olunanlarla müəyyən edilir ki, iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə (əvvəlki "xxxx" Açıq Səhmdar Cəmiyyətinə) məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi ilə əlaqədar bağlanmış 04 noyabr 2016-cı il tarixli 1337-L/16 nömrəli müqavilə üzrə 18 may 2021-ci il tarixinə 4980 manat məbləğində əsas borc və 2104,38 manat məbləğində cərimə borcu, soyuducu kamera avadanlıqlarının lizinqə verilməsi ilə əlaqədar bağlanmış 17 oktyabr 2017-ci il tarixli, 04-LA/17 nömrəli müqavilə üzrə 18 may 2021-ci il tarixinə 187272 manat məbləğində əsas borc və 94198,36 manat məbləğində cərimə borcu hesablanaraq, həmin borcların Cavabdeh tutulması üçün hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur. İş materiallarından görünür ki, cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq olunmuşdur. İş materialları ilə müəyyən olunur ki, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl Cavabdeh ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən mediatora 400 (dörd yüz) manat məbləğində xidmət haqqı ödənilmişdir (02 oktyabr 2021-ci il tarixli 2021-001898 nömrəli mediasiya arayışı). İş materialları ilə müəyyən olunur ki, hazırki iddia tələbi ilə əlaqədar iddiaçı tərəfindən ona hüquqi yardım göstərilməsi ilə əlaqədar 500 (beş yüz altmış) manat məbləğində xidmət haqqı ödənilmişdir (24 iyun 2021-ci il tarixli 000İPX12117519C6 nömrəli qəbz və 02 iyun 2021 tarixli 1093 nömrəli hüquqi yardımın göstərilməsi haqqında müqavilə). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, 18 may 2021-ci il tarixinə hesablanmış 04 noyabr 2016-cı il tarixli 1337-L/16 nömrəli müqavilə üzrə 4980 (dörd min doqquz yüz səksən) manat məbləğində əsas borcun və 17 oktyabr 2017-ci il tarixli, 04- LA/17 nömrəli müqavilə üzrə 187272 (yüz səksən yeddi min iki yüz yetmiş iki) manat məbləğində əsas borcun Cavabdeh iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır və həmin hissədə iddia təmin olunmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, iddianın cavabdehdən hər bir müqavilə üzrə ayrı-ayrılıqda hesablanmış cərimə məbləğlərinin tutulması tələbinə aid hissəsi isə qismən təmin olunmalı və işin halları, o cümlədən də cavabdehin kənd təsərrüfatı sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olması nəzərə alınmaqla, cərimə məbləğləri azaldılmalı və Cavabdeh 04 noyabr 2016-cı il tarixli 1337-L/16 nömrəli müqavilə üzrə 150 (yüz əlli) manat və 17 noyabr 2017-ci il tarixli 04-LA/17 nömrəli müqavilə üzrə 5000 (beş min) manat cərimə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Həmçinin, qeyd etmək lazımdır ki, iddiaçı tərəfindən hesablanmış cərimə məbləğləri azaldılarkən digər hallarla yanaşı, tərəflər arasında bağlanmış lizinq müqavilələrinin tələblərinə görə lizinqə verilmiş avadanlığın dəyərinin ödənilmə müddətinin və qaydasının dəqiq müəyyən edilməsinə baxmayaraq, ödəniş qrafikinə riayət olunmadığı halda - iddiaçı tərəfindən həmin müqavilə şərtlərinə və qanunvericilik normalarına uyğun müvafiq tədbirlər vaxtında görülməyərək uzun müddət sonra məhkəməyə müraciət edilməsi və bununla əlaqədar hesablanan cərimə məbləğlərinin də yüksək həddə artması və cərimə məbləğlərinin artmasına iddiaçı tərəfin də hərəkətsizliyinin səbəb olması nəzərə alınmalıdır. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəllənin 425.2-ci maddəsinin tələblərinə görə, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və cavabdeh Cavabdeh (VÖEN: **********) 18 may 2021-ci il tarixinə hesablanmış 04 noyabr 2016-cı il tarixli 1337-L/16 nömrəli müqavilə üzrə 4980 (dörd min doqquz yüz səksən) manat məbləğində əsas borc və 150 (yüz əlli) manat məbləğində cərimə, 17 noyabr 2017ci il tarixli 04-LA/17 nömrəli müqavilə üzrə 187272 (yüz səksən yeddi min iki yüz yetmiş iki) manat məbləğində əsas borc və 5000 (beş min) manat məbləğində cərimə olmaqla, cəmi 197402 (yüz doxsan yeddi min dörd yüz iki) manat məbləğində pul vəsaiti iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Eləcə də, iddiaçı tərəfindən hazırkı mübahisə üzrə mediasiya xidməti ilə əlaqədar mediatora ödənilmiş 400 (dörd yüz) manat məbləğində xidmət haqqı və iddia ərizəsi ilə məhkəməyə müraciət olunarkən hüquqi yardımla əlaqədar nümayəndəyə ödənilmiş olan 500 (beş yüz) manat məbləğində xidmət haqqı da Cavabdeh tutularaq iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməlidir. Həmçinin, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat məbləğində pul vəsaiti və 487,4 (dörd yüz səksən yeddi manat 40 qəpik) manat məbləğində dövlət rüsumu cavabdeh Cavabdeh dövlət nəfinə tutularaq, dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.4-cü maddəsinə əsasən, iddia qiyməti iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara ala bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh (VÖEN **********) 18 may 2021-ci il tarixinə hesablanmış 04 noyabr 2016cı il tarixli 1337-L/16 nömrəli müqavilə üzrə 4980 (dörd min doqquz yüz səksən) manat məbləğində əsas borc və 150 (yüz əlli) manat məbləğində cərimə, 17 noyabr 2017-ci il tarixli 04-LA/17 nömrəli müqavilə üzrə 187272 (yüz səksən yeddi min iki yüz yetmiş iki) manat məbləğində əsas borc və 5000 (beş min) manat məbləğində cərimə, hüquqi yardımla əlaqədar ödənilmiş 500 (beş yüz) manat məbləğində xidmət haqqı və 400 (dörd yüz) manat məbləğində mediasiya xərci olmaqla - cəmi 198302 (yüz doxsan səkkiz min üç yüz iki) manat məbləğində pul vəsaiti iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh dövlət nəfinə 487,4 (dörd yüz səksən yeddi manat 40 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan cəmi 200 (iki yüz) manat məbləğində pul vəsaiti Cavabdeh dövlət nəfinə tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar