Məhkəmə qərarları › İş №e-2-2(119)-2102/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-2102/2024

26.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-2102/2024 26.12.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Əsədli Şəfa Zahir qızının katibliyi, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı verilmiş “lizinq müqaviləsi üzrə borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi 21 noyabr 2024-cü il tarixində “Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Cavabdeh qarşı iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək tərəflər arasında bağlanmış 19 iyun 2015-ci il tarixli 1176-GL/15 nömrəli lizinq müqaviləsi üzrə cavabdehdən 2040,04 (iki min qırx manat, dörd qəpik) manat məbləğində əsas borc, 2418,57 (iki min dörd yüz on səkkiz manat, əlli yeddi qəpik) manat məbləğində cərimə, həmçinin hüquqi yardımın göstərilməsi ilə bağlı ödənilmiş 500 (beş yüz) manat məbləğində pul vəsaitinin əvəzi olmaqla, ümumilikdə 4958,61 (dörd min doqquz yüz əlli səkkiz manat, altmış bir qəpik) manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ("xxxx" ASC) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli 1176-GL/15 nömrəli müqaviləyə əsasən cavabdeh (lizinq alan) kənd təsərrüfatı texnikasını lizinqə götürmüş, lakin lizinq ödənişlərini vaxtında ödəməməklə müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi xx.xx.2024-cü il tarixinə xx.xx.2015-ci il tarixli lizinq müqaviləsi üzrə 2040,04 manat məbləğində borcu və 2418,57 manat cərimə borcu yaranmışdır. Cavabdehlə mübahisənin pretenziya qaydasında həllinə cəhd edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirdi ki, iddia ərizəsi ilə tələb olunan əsas borc məbləği ilə razı olsa da, cərimə və hüquqi yardımla bağlı tələb olunan pul vəsaiti ilə razı deyildir. Lizinq ödənişlərini ödəməyə cəhd etsə də, müqavilə bağladığı təşkilat ləğv edildikdən sonra ödəniş həyata keçirməsi mümkün olmamışdır. Belə ki, 2022ci ilə qədər lizinq müqaviləsi üzrə ödənişləri ardıcıl olaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin müvafiq filialına yaxınlaşaraq ödəmişdir. 2022-ci ildə ödəniş həyata keçirmək üçün bankın filialına yaxınlaşdıqda, ödəniş üçün tələb edilən kodun dəyişildiyi, ödənişin həyata keçirilməsinin mümkün olmadığı bildirilmişdir. 2 il ərzində iddiaçı təşkilat tərəfindən ona ödənişin həyata keçirilməsi tələbi ilə bağlı zəng edilməmiş və ya məktub göndərilməmişdir. Xaçmaz rayonunda iddiaçı təşkilatla analoji müqavilələr bağlayan bir çox şəxs ödənişlə bağlı bu cür problemlərlə üzləşmişdir. Cavabdeh iddia tələbində qeyd edilən əsas borcu qəbul etdiyini və ödəyəcəyini, izahatında qeyd etdiyi hallara görə cərimə və hüquqi yardımın göstərilməsi üçün ödənilmiş pulun əvəzinin ondan tutulması ilə razı olmadığını və iddianı bu hissədə qəbul etmədiyini bildirərək qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 19 iyun 2015-ci il tarixli 1176-GL/15 nömrəli lizinq müqaviləsinin 1.1-ci bəndinə əsasən, lizinq verən ("xxxx" ASC) ümumi məbləği 7040 manat olan və həmin müqavilənin spesifikasiyasında göstərilən kənd təsərrüfatı texnikasını ilkin dəyərinin 40 %-nə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın (Cavabdeh) mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən, lizinq alan texnikanın qalıq məbləğini 2 nömrəli Əlavədə qeyd olunmuş ödəniş qrafikinə uyğun olaraq ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.2.1-ci yarımbəndinə əsasən, lizinq alan lizinq ödənişlərini 2 nömrəli Əlavədə qeyd olunmuş qrafik üzrə vaxtında və tam həcmdə ödəyir. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən, lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir. İş materiallarında olan həmin müqavilənin spesifikasiyasından görünür ki, 1 ədəd “PLCKUP Baler” markalı, 1547S model küləş presləyən cavabdehə lizinqə verilmişdir. İş materiallarında olan həmin müqaviləyə əsasən verilmiş ödəniş qrafikindən görünür ki, cavabdehin bu müqavilə üzrə son ödəniş tarixi 18 may 2022-ci ildir. İş materiallarında olan 18 oktyabr 2024-cü il tarixli maliyyə arayışından və 19 iyun 2015-ci il tarixli tarixli lizinq müqaviləsi üzrə ödənişlərə görə cərimənin hesablanması qrafikindən görünür ki, cavabdehin həmin müqavilə üzrə 2040,04 manat məbləğində əsas borc, 2418,57 manat məbləğində cərimə borcu olmaqla, ödəməli olduğu məbləğin cəmi 4458,61 manat olmuşdur. Azərbaycan Respublikası Prezidentinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında” 17 avqust 2020-ci il tarixli 1137 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki "xxxx" Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək "xxxx" Açıq Səhmdar Cəmiyyəti adlandırılmışdır. Həmin Fərmanın 2.2-ci bəndinə əsasən, "xxxx" ASC-nin lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 385.1ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş götməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-10.2-ci maddəsinə əsasən, lizinq ödənişlərinin məbləği həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. Həmin Məcəllənin 748-10.4-cü maddəsinə əsasən, lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, iddiaçı və cavabdeh arasında 19 iyun 2015-ci il tarixli 1176-GL/15 nömrəli lizinq müqaviləsi bağlanılmış, lizinq verən qismində çıxış edən hazırkı iddiaçı müqavilə öhdəliklərinə uyğun olaraq həmin müqavilənin predmeti olan kənd təsərrüfatı texnikasını ilkin dəyərinin 40 %-nə güzəşt tətbiq edilməklə qalıq dəyəri isə tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra cavabdehin mülkiyyətinə verilməsi şərti ilə ona lizinqə vermiş, lizinq alan qismində iştirak edən cavabdeh isə müqavilə öhdəliklərinə riayət etməyərək müvafiq lizinq ödənişlərini əvvəlcədən razılaşdırılmış dövrlər üzrə vaxtında ödəməli olsa da, bunu yerinə yetirməmiş, nəticədə onun onun müqavilə üzrə 2040,04 manat məbləğində borcu yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış 19 iyun 2015-ci il tarixli 1176-GL/15 nömrəli nömrəli lizinq müqaviləsi üzrə 2040,04 manat məbləğində borcun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. Hazırkı iddia tələbinin cavabdehdən həmin lizinq müqaviləsi üzrə 2418,57 manat məbləğində cərimənin tutulmasına aid hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, cavabdeh tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan (müqavilənin yuxarıda istinad edilən 4.2-ci bəndi) iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd olunanlarla bağlı məhkəmə belə nəticəyə gəlir ki, tələb olunan cərimənin əsas borc məbləğinə nisbəti, o cümlədən həm kreditorun, həm də ki, borclunun əmlak mənafeləri və işin digər halları nəzərə alınmaqla iddia tələbinin cavabdehdən cərimənin tutulmasına aid hissəsi qismən təmin olunmalı, tələb olunan cərimənin məbləği azaldılaraq cavabdehdən 105 manat məbləğində cərimə tutulmalıdır. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bundan əlavə, iddia tələbinin hüquqi yardımın göstərilməsi ilə bağlı ödənilmiş 500 manat məbləğində pulun əvəzinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə hissəsinə gəldikdə, iş materiallarına əlavə edilmiş 09 dekabr 2024-cü il tarixli 000İPX1243444ECD nömrəli ödəniş qəbzi ilə müəyyən edilir ki, iddiaçı tərəfindən göstərilən hüquqi yardıma görə Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına 500 manat məbləğində ödəniş edilmişdir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.6-cı maddəsinə əsasən, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərin sırasına aiddir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov və Ağazadə Azərbaycana qarşı” işi üzrə 18 dekabr 2008-ci il tarixli qərarında göstərilir ki, “ərizəçi xərc və məsrəflərin ödənilməsi hüququna yalnız o halda malikdir ki, onların həqiqətən və zərurətlə xərcləndiyi göstərilsin və bu məbləğlər həcminə görə əsaslı olsun”. Göründüyü kimi, mülki-prosessual qanunvericiliyin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqelərinə görə məhkəmə proseslərində iştirak edən nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərcin “ağlabatan məbləğdə və zərurətlə xərcləndiyi halda” tutulmasına yol verilir. Bundan başqa, hazırkı iş üzrə bir hazırlıq, bir məhkəmə baxış iclası olmaqla, iki iclas keçirilmişdir. Eyni zamanda, cavabdeh izahatında 2022-ci ilə qədər lizinq müqaviləsi üzrə ödənişləri ardıcıl olaraq "xxxx" ASC-nin müvafiq filialına yaxınlaşaraq ödədiyini, 2022-ci ildə ödəniş həyata keçirmək üçün bankın filialına yaxınlaşdıqda, ödəniş üçün tələb edilən kodun dəyişilməsi, ödənişin həyata keçirilməsinin mümkün olmadığının bildirildiyini, həmin vaxtdan sonra 2 il ərzində iddiaçı təşkilat tərəfindən ona ödənişin həyata keçirilməsi ilə bağlı xəbərdarlıq edilmədiyini göstərərək bununla əlaqədar cərimə və hüquqi yardımın göstərilməsi üçün ödənilmiş pulun əvəzinin ondan tutulması ilə bağlı hissədə iddiaya etiraz etdiyini bildirmişdir. Göstərilənlərə əsasən, məhkəmənin hazırkı iş üzrə gəldiyi qənaət budur ki, iddiaçı tərəfindən cavabdehdən tələb olunan hüquqi yardımın göstərilməsinə görə 500 manat pulun əvəzinin tutulması hazırkı iş üzrə ağlabatan və zərurətlə xərclənən məbləğ hesab edilə bilməz. Buna görə də, həmin məbləğin hamısı deyil, yalnız hazırkı iş üzrə mövcud şəraitdə və dövrdə ağlabatan və zərurətlə xərclənən hissəsi cavabdehə aid edilə bilər. Beləliklə, hüquqi xidmətlərə görə cavabdehdən tələb olunan 500 manat məbləğində pulun həqiqətən və zərurətlə xərcləndiyi sübut edilmədiyindən və bu məbləğ həcminə görə ağlabatan və əsaslı olmadığından həmin hissədə iddia tələbi qismən təmin edilməli və cavabdehdən hüquqi xidmətlərlə əlaqədar çəkilmiş xərcə görə ağlabatan məbləğdə, yəni 300 manat məbləğində pul tutulmalıdır. Həmçinin hazırkı iddia tələbi üzrə iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumunun məbləği 41,45 manat təşkil etdiyindən, həmin məbləğdə pul vəsaiti cavabdehdən dövlət mədaxilinə tutulmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq, istinad olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 19 iyun 2015-ci il tarixli 1176-GL/15 nömrəli müqavilə üzrə 2040,04 manat məbləğində əsas borc, 105 manat məbləğində cərimə, habelə hüquqi yardımla bağlı ödənilmiş 300 manat xidmət haqqının əvəzi olmaqla, cəmi 2445,04 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməli, cavabdehdən dövlət nəfinə 41,45 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 19 iyun 2015-ci il tarixli 1176-GL/15 nömrəli müqavilə üzrə 2040,04 (iki min qırx manat, dörd qəpik) manat məbləğində əsas borc, 105 (yüz beş) manat məbləğində cərimə, habelə hüquqi yardımla bağlı ödənilmiş 300 (üç yüz) manat xidmət haqqının əvəzi olmaqla, cəmi 2445,04 (iki min dörd yüz qırx beş manat, dörd qəpik) manat məbləğində pul vəsaiti iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh dövlət nəfinə 41,45 (qırx bir manat, qırx beş) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar