Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-215/2024 22.01.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh X1 qarşı “lizinq predmetinin geri qaytarılması və müqavilə üzrə borcun və digər ödənişlərin tutulması” tələbi barədə iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdeh X1 qarşı “lizinq predmetinin geri qaytarılması və müqavilə üzrə borcun və digər ödənişlərin tutulması” tələbi barədə iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək 28 oktyabr 2020-ci il tarixli lizinq müqaviləsinə əsasən lizinq predmetlərinin (1 ədəd traktor, 1 ədəd dərman səpən və 1 ədəd diskli mala) saz və işlək vəziyyətdə geri qaytarılması və müqavilə üzrə yaranmış 11522,01 (on bir min beş yüz iyirmi iki manat, bir qəpik) manat məbləğində əsas borc, 3595,89 (üç min beş yüz doxsan beş manat, səksən doqquz qəpik) cərimə borcu olmaqla, ümumilikdə 15117,90 (on beş min yüz on yeddi manat, doxsan qəpik) və 200 (iki yüz) manat məbləğində mediasiya xərcinin əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatının mümkünlüyünün yoxlanılması ilə əlaqədar iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən həmin iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə verilmiş iddia ərizəsinin “Giriş” hissəsinin “Tərəflər” bölməsində cavabdeh (kimliyi və həmin qrafada onun barəsində tələb olunan digər məlumatlar) qeyd edilməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin tələblərinə görə iddia ərizəsinin həmin hissəsində tərəflərin, yəni iddiaçının və cavabdehin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 149.2.2-ci maddəsinə əsasən, iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) iddia ərizəsində göstərilməlidir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin Mülki-Prosessual Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarılır. Qeyd olunanlarla yanaşı məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı iddia ərizəsində 11522,01 manat əsas borc və 3595,89 cərimə borcunun cavabdehdən tutulmasını xahiş etsə də, bunların əsaslılığını sübuta yetirən hər hansısa sənədi (maliyyə arayışı, hesablanmanı əks etdirən sənəd və ya sübut qismində qiymətləndirilə bilən digər sənədlər və.s) iş materiallarına əlavə edərək məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsinə əlavə olunmalıdır. Bundan əlavə, iddiaçı tərəfindən “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə təqdim olunmuş sənədlərlə iddiaçının cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənədin "Onlayn Kargüzarlıq” vasitəsilə cavabdehə göndərilməsi müəyyən olunsa da, həmin sənədin özü, yəni pretenziya məktubunun mətni məhkəməyə təqdim olunmamışdır. Pretenziya məktubundakı tələblərin həcmi ilə iddia ərizəsində qeyd edilmiş tələblərin həcminin eyni olması və ya ən azından, iddia ərizəsində göstərilən tələblərin həcminin pretenziya məktubunda göstəriləndən çox olmaması zəruri olduğundan, pretenziya məktubunun özünün iş materiallarına əlavə edilməməsi məhkəməyə yuxarıda göstərilən halı yoxlamağa imkan vemir. Həmin məktubun digər tərəfə xx.xx.2023-cü il tarixində göndərilməsi nəzərə alındıqda, belə yoxlamanın aparılması zəruridir. Beləliklə, Mülki Prosessual Məcəllənin yuxarıda qeyd olunan tələblərinə riayət edilməklə verilmədiyinə görə iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi Mülki-Prosessual Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-152, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA A L D I: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh X1 qarşı “lizinq predmetinin geri qaytarılması və müqavilə üzrə borcun və digər ödənişlərin tutulması” tələbi barədə iddia ərizəsi iddiaçıya geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması - nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-215/2024
Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-215/2024
22.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver