Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-2168/2025 09.01.2026 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Əliyev İslam Əli oğlunun sədrliyi, Novruzzadə Türkan Hüseyn qızının katibliyi, İddiaçı nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı Cavabdeh2 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları
1. İddiaçı Cavabdeh2 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh2 8000 (səkkiz min) manat məbləğində borcun və ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (VÖEN: **********) ilə Cavabdeh2 fiziki (VÖEN: **********) arasında 05 avqust 2024-cü il tarixdə Bakı şəhərində bağlanmış malların alqı-satqısı haqqında 02/24 nömrəli müqaviləyə əsasən satıcı “7 Rəng" MMC alıcı Cavabdeh2 tələb olunan malı satmağı, alıcı isə həmin malı qəbul etməyi və müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəməyi öz öhdəsinə götürmüşdür. Bağlanmış müqaviləyə 05 avqust 2024-cü il tarixli 1 nömrəli əlavədən də aydın görünür ki, alıcı satıcıdan dəyəri 15000 (on beş min) manat olan printer (4 Epson i3200-U1 heads) almışdır. Məhsul cavabdeh tərəfindən qəbul edilmiş, qaimə təsdiq olunmuşdur. Cavabdeh bir neçə dəfə müqavilə öhdəliklərini yerinə yetirmiş, 7000 (yeddi min) manat məbləğində ödəniş etmişdir. Lakin bir müddət sonra cavabdeh müqavilədən irəli gələn öhdəliklərini yerinə yetirməkdən imtina etmişdir. Bir neçə dəfə bu barədə cavabdehə xəbərdarlıq olunsa da, cavbdeh hər dəfə öz öhdəliklərini yerinə yetirməkdən boyun qaçırmışdır. Ümumilikdə cavabdehin ödənilməmiş 8000 (səkkiz min) manat borcu vardır. Tərəflər arasında bağlanmış müqavilənin müddəalarına əsasən iddiaçı tərəfindən cavabdehə pretenziya mətubu göndərilsə də, cavabdehdən mənfi və ya heç bir müsbət cavab gəlməmişdir. Bu səbəbdən hazırkı ərizə ilə məhkəməyə müraciət edilmişdir.
3. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir.
4. Cavabdeh2 məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş proses iştirakçılarının gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə proses iştirakçılarının icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
6. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materialları
7. Belə ki, iş materiallarında olan satıcı İddiaçı ilə alıcı Cavabdeh2 arasında bağlanmış 05 avqust 2024-cü il tarixli 02/24 nömrəli alqı-satqı müqaviləsinin 2.1-ci bəndinə əsasən satıcı alıcıya tələb olunan malı (bundan sonra “mal”) satır, alıcı isə həmin malı qəbul edir və hazırkı müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəyir.
8. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən malın növü, çeşidi, tərkibi, rəngi, digər əlamətləri və xarakterik xüsusiyyətləri tərəflərin razılaşması ilə bu müqaviləyə tərtib olunmuş Əlavələrlə müəyyən olunur.
9. Həmin müqavilənin 5.4-cü bəndinə əsasən ödəniş satıcının hazırkı müqavilənin rekvizitlərində göstərilmiş hesablaşma hesabına malın məbləği köçürmə yolu ilə həyata keçirilir.
10. İş materiallarında olan satıcı İddiaçı ilə alıcı Cavabdeh2 arasında imzalanmış 05 avqust 2024-cü il tarixli 02/24 nömrəli alqı-satqı müqaviləsinə 1 nömrəli Əlavədən görünür ki, satıcı tərəfindən çatdırılması nəzərdə tutulan malın (1 ədəd printer (“4 Epson i3200-U1 Heads”)) dəyəri ƏDV daxil olmaqla, 15000 (on beş min) manat müəyyən olunmuşdur.
11. İş materiallarından görünür ki, İddiaçı tərəfindən Cavabdeh2 05 avqust 2024-cü il tarixli 02/24 nömrəli alqı-satqı müqaviləsi üzrə 15000 (on beş min) manat dəyərində malın satılması ilə bağlı 14 avqust 2024-cü il tarixli MT2408 seriyalı 10916038 nömrəli elektron qaimə-faktura təqdim edilmişdir.
12. İş materiallarında olan İddiaçı "xxxx" ASC-dəki bank hesabından çıxarışdan görünür ki, Cavabdeh2 tərəfindən 01 yanvar 2024-cü il tarixdən 10 dekabr 2025-ci il tarixinədək olan dövr ərzində İddiaçı hesabına 07 avqust 2024-cü il tarixdə 5932,2 manat məbləğində ödəniş olunmuşdur.
13. İş materiallarında olan İddiaçı ƏDV sub-uçot hesabından çıxarışdan görünür ki, 05 avqust 2024-cü il tarixli 02/24 nömrəli alqı-satqı müqaviləsi üzrə Cavabdeh2 tərəfindən 07 avqust 2024-cü il tarixdə 1067,8 manat məbləğində ödəniş olunmuşdur.
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
15. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
16. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
17. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
18. Həmin Məcəllənin 430.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir.
19. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
20. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
21. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
22. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmənin mövqeyi
23. Yuxarıda təsvir olunanlarla müəyyən olunur ki, tərəflər arasında 05 avqust 2024cü il tarixli 02/24 nömrəli alqı-satqı müqaviləsi bağlanmış, iddiaçı tərəfindən cavabdehə 15000 (on beş min) manat dəyərində (ƏDV məbləği daxil olmaqla) malın satılması ilə əlaqədar elektron qaimə-faktura göndərilmiş, lakin cavabdeh tərəfindən satılmış malın dəyəri iddiaçıya tam ödənilməmişdir. Buna görə İddiaçı Cavabdeh2 qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
24. Məhkəmə qeyd edir ki, iş materiallarında olan ödəniş qəbzlər ilə təsdiq olunur ki, Cavabdeh2 tərəfindən İddiaçınə 05 avqust 2024-cü il tarixli 02/24 nömrəli alqı-satqı müqaviləsi üzrə cəmi 7000 (yeddi min) manat məbləğində ödəniş olunmuş, cavabdehin iddiaçıya 8000 (səkkiz min) manat məbləğində borcu qalmışdır.
25. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının cavabdehdən 8000 (səkkiz min) manat məbləğində borcun tutulması barədə iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.
26. Həmçinin hazırkı iddia tələbinin həcminə uyğun hesablanmış 100 (yüz) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
27. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur.
28. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
29. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək istinad edilən qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 8000 (səkkiz min) manat məbləğində əsas borc və 100 (yüz) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 8100 (səkkiz min yüz) manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır.
30. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
33. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
34. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdeh2 8000 (səkkiz min) manat məbləğində borc və ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 8100 (səkkiz min yüz) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: İslam Əliyev