Məhkəmə qərarları › İş №e-2-2(119)-217/2021

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-217/2021

02.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-217/2021 02.04.2021 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Tağıyev Xəqani Qəhrəman oğlunun sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi, İddiaçı” MMC-nin nümayəndəsi X2 iştirakı ilə İddiaçı MMC-nin cavabdeh “Cavabdeh” MMC-yə qarşı pul tələbinə dair iddiası üzrə kommersiya işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh “Cavabdeh” MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx xxxxxx 2018-ci il tarixində İddiaçı MMC ilə “Cavabdeh” MMC arasında № 219A/2018 №-li “alğı-satqı” müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən İddiaçı MMC, yəni satıcı həmin müqaviləyə əlavə edilmiş və onun ayrılmaz tərkib hissəsi sayılan qiymət razılaşma protokolunda göstərilən malları “Cavabdeh” MMC-yə, yəni alıcıya sataraq onun mülkiyyətinə verməyi, alıcı isə həmin malları qəbul edərək, müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müvafiq müqavilənin “Ödəniş şərtləri” başlıqlı 6-cı maddəsinə əsasən alıcı bu müqavilə üzrə satılan mallara görə satıcıya müqaviləyə əlavə edilmiş qiymətlərin razılaşma protokoluna uyğun olaraq və qaimə-faktura ilə nəzərdə tutulmuş malların 100% dəyərinin ödənilməsini təmin etməyi öhdəsinə götürmüşdür. Həmin maddənin 2-ci bəndində göstərilir ki, qiymətlərin razılaşma protokolunda müəyyənləşdirilmiş məbləğ alıcı tərəfindən bu müqavilənin şərtlərinə uyğun olaraq birdəfəlik olaraq qabaqcadan nağdsız bank köçürməsi şəklində satıcıya ödənilməlidir. Həmin bənddə göstərilmiş qaydada malların tam dəyəri ödənilmədikdə satıcı onun ödənilməsini alıcıdan tələb etməyə haqlıdır. Lakin, xx.xx.2018-ci il tarixli müqavilə əsasında baş tutmuş alğı-satqı proseslərini təsdiq edən 155815 №-li və 155487 №-li elektron qaimələrdə əks olunmuş mallar, satıcı tərəfindən alıcının mülkiyyətinə verilməsinə baxmayaraq, alıcı, yəni “Cavabdeh” MMC 155815 №-li elektron qaiməyə əsasən ƏDV ilə birlikdə 684,40 manat (altı yüz səksən dörd manat qırx qəpik) və 155487 №-li elektron qaiməyə əsasən ƏDV ilə birlikdə 12.310,94 manat (on iki min üç yüz on manat doxsan dörd qəpik) məbləğlərində malların dəyərini tərəflərin müqavilə üzrə razılaşdırdıqları, eləcə də, alıcının üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq satıcıya, yəni İddiaçı MMC-yə ödəməmişdir. Müqavilənin ödənişlə bağlı hissəsinin icra edilməməsinə görə cavabdeh tərəfə dəfələrlə şifahi şəkildə telefon vasitəsilə və üzbəüz görüşərək müraciət olunmasına baxmayaraq, yuxarıda qeyd edilən elektron qaimələr əsasında yaranmış ümumilikdə 12.995,34 manat (on iki min doqquz yüz doxsan beş manat otuz dörd qəpik) borcun ödənilməsi barədə cavabdeh tərəfindən heç bir tədbir görülməmişdir. “Cavabdeh” MMC müqavilə üzrə ödəniş öhdəliklərini yerinə yetirməməklə və ondan boyun qaçırmaqla AR Mülki Məcəlləsinin normalarını kobud şəkildə pozmuşdur. Bundan əlavə, müqavilənin dəbbə pulu ilə əlaqəli 9.4-cü maddəsi, eləcə də, ödənişlə əlaqəli digər maddələri nəzərə alınmaqla xx.xx.2018-ci il tarixli 155487 №-li elektron qaiməyə əsasən 1.231,09 manat (min iki yüz otuz bir manat doqquz qəpik) və 155815 №-li elektron qaiməyə əsasən 68,44 manat (altmış səkkiz manat qırx dörd qəpik) dəbbə pulu olmaqla, ümumilikdə 1.299,53 manat (min iki yüz doxsan doqquz manat əlli üç qəpik) dəbbə pulu “Cavabdeh” MMC tərəfindən İddiaçı MMC-yə ödənilməlidir. Göstərilənləri nəzərə alaraq, iddiaçı məhkəmədən xx xxxxxx 2018-ci il tarixli, 219A/2018 №-li “alğı-satqı” müqaviləsi əsasında yaranmış 12.995,34 manat (on iki min doqquz yüz doxsan beş manat otuz dörd qəpik) borc və adı çəkilən müqavilənin pozulması əsasında hesablanmış 1.299,53 manat (min iki yüz doxsan doqquz manat əlli üç qəpik) dəbbə pulu olmaqla, ümumilikdə 14.294,87 manat (on dörd min iki yüz doxsan dörd manat səksən yeddi qəpik) pul vəsaitinin “Cavabdeh” MMC-dən tutularaq, İddiaçı MMC-yə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iddiaçının nümayəndəsi P.Hüseynov izahat verərək bildirdi ki, cavabdeh “Cavabdeh” MMC sadəcə hüquqi şəxs kimi qeydiyyatdan keçib. Ünvanları olsa da, həmin ünvanda fəaliyyət göstərmirlər. “Cavabdeh” MMC ilə İddiaçı MMC arasında boya satışı ilə bağlı alğı-satqı müqaviləsi bağlanıb. “Cavabdeh” MMC alğı-satqı müqaviləsinə əsasən İddiaçı MMC-dən boyaları alıb, lakin ödənişi həyata keçirməyib. Bundan əlavə o, qeyd etdi ki, ödəniş üçün İddiaçı MMC tərəfindən bütün mümkün təkliflər edilsə də, qarşı tərəfin nümayəndələri borcu ödəyəcəklərini bildirimiş, aidiyyəti qurumlara şikayət verilməməsini xahiş etmişlər. Bununla bağlı İddiaçı MMC polisə müraciət edərək şikayətində Rəşad Məmmədovu nümayəndə kimi göstərib. Polisə izahatında da R.Məmmədov özü “Cavabdeh” MMC-nin nümayəndəsi olduğunu etiraf edib. Qeyd olunanları nəzərə alaraq P.Hüseynov iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh “Cavabdeh” MMC-yə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən, cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə gəlmiş tərəfi dinləyib, iş materiallarını və təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan xx xxxxxx 2018-ci il tarixli İddiaçı MMC ilə “Cavabdeh” MMC arasında № 219A/2018 nömrəli alğı-satqı müqaviləsindən görünür ki, İddiaçı MMC həmin müqaviləyə əlavə edilmiş və onun ayrılmaz tərkib hissəsi sayılan qiymət razılaşma protokolunda göstərilən malları “Cavabdeh” MMC-yə sataraq onun mülkiyyətinə verməyi, alıcı isə həmin malları qəbul edərək, müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 6-cı maddəsinə əsasən alıcı bu müqavilə üzrə satılan mallara görə satıcıya müqaviləyə əlavə edilmiş qiymətlərin razılaşma protokoluna uyğun olaraq və qaimə-faktura ilə nəzərdə tutulmuş malların 100% dəyərinin ödənilməsini təmin etməyi öhdəsinə götürmüşdür. Məhkəməyə təqdim olunmuş xx.xx.2018-ci il tarixli, O-32027 №-li və xx.xx.2018-ci il tarixli, O-32086 №-li satış fakturalarından görünür ki, cavabdeh tərəfindən İddiaçı MMCdən alınan müvafiq olaraq 580 manat və 10.433 manat dəyərində mallar “Cavabdeh” MMC-nin nümayəndəsi Nicat Rəhimov tərəfindən qəbul edilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli 155815 nömrəli və xx.xx.2018-ci il tarixli, 155487 nömrəli elektron qaimələrdən görünür ki, İddiaçı MMC-dən alınan mallara görə cavabdeh “Cavabdeh” MMC tərəfindən İddiaçı MMC-yə 684,40 manat və 12.310,94 manat olmaqla, ümumilikdə 12.995,34 manat məbləğində pul ödənilməlidir. İş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2019-cu il tarixli Qərardan görünür ki, İddiaçı MMC-nin direktoru X1 RPİ-nə müraciət edərək “Cavabdeh” MMC-nin nümayəndəsi X4 xx.xx.2018-ci il tarixdə 10.433 manat, xx.xx.2018-ci il tarixdə isə 580 manat dəyərində mal götürməsi və həmin malların pulunu ödəməməsi barədə məlumat vermişdir. Müraciətlə bağlı aparılan araşdırma zamanı X8 izahatında bildirmişdir ki, 6-7 ildir ki, İddiaçı MMC ilə əməkdaşlıq edir. O, bu müddət ərzində İddiaçı MMC-dən həm nisyə, həm də nağd şəkildə mallar almış, razılaşdıqları müddətdə də pulunu ödəmişdir. 2018-ci ilin yanvar ayında o, yenidən İddiaçı MMC-yə gələrək sifarişi olduğunu, 1 ay müddətinə nisyə olaraq boya almaq istədiyini demiş, ancaq İddiaçı MMC-də ona boyaları yalnız hansısa şirkət adından müqavilə bağladığı təqdirdə verə biləcəkləri bildirilmişdir. Buna görə də, R.Məmmədli Vüqar adlı tanışından ona məxsus olan “Cavabdeh” MMC adından İddiaçı MMC ilə müqavilə bağlamağı xahiş etmiş, həmin tanışı da buna etiraz etməmişdir. Bundan sonra “Cavabdeh” MMC-nin direktoru Vüqar Atabayevlə İddiaçı MMC arasında müqavilə bağlanmışdır. Həmin müqavilədə nəzərdə tutulan malları R.Məmmədli alaraq təmir sifarişi götürdüyü evdə istifadə etmiş, lakin təmir etdiyi evin sahibindən pulunu ala bilmədiyi üçün İddiaçı MMC-yə aldığı malların pulunu qaytara bilməmişdir. Bundan əlavə o, izahatında qeyd etmişdir ki, borcunu cəm şəkildə ödəyə bilməsə də, hər at 1000-2000 manat olmaqla İddiaçı MMC-yə ödəniş etməyə hazırdır. Sadalananlara əsasən məhkəmə hesab edir ki, cavabdeh “Cavabdeh” MMC alğısatqı müqaviləsi əsasında İddiaçı MMC-dən mal almaq hüququna malik olduğu kimi, eyni zamanda, göstərilən müqavilə əsasında həmin malların məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş cərimələri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh alğı-satqı müqaviləsi əsasında iddiaçıdan razılaşdırılmış miqdarda, çeşiddə və keyfiyyətdə malları almasına dair hüququndan istifadə etmiş, malların dəyərini və yaranan cərimələri ödəməli olmasına dair öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, İddiaçı MMC cavabdehdən alğı-satqı müqaviləsi ilə bağlı yaranmış əsas borcu və cərimə borcunu tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1.-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin məcəllənin 386.1-ci maddəyə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin məcəllənin 427.2-ci maddəsinə görə əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəyə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1.-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı MMC ilə “Cavabdeh” MMC arasında bağlanmış alğı-satqı müqaviləsinə əsasən “Cavabdeh” MMC razılaşdırılmış malları əldə etmiş, lakin malların dəyərini ödəməklə bağlı üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirməmişdir. Buna görə də, iddiaçı məhkəməyə hazırkı iddia tələbi ilə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə hesab edir ki, iddianın əsas borcla bağlı hissəsi və iş materialları ilə öz təsdiqini tapır. Buna görə də iddia əsas borc tələb olunan hissədə təmin olunmalıdır. Məhkəmə hesab edir ki, əsas borc 12.995,34 manat təşkil etdiyi halda, 1.299,53 manat cərimə hesablanması tənasübsüz surətdə yüksək olduğuna görə cərimə borcu 200 manata qədər azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Göstərilənləri nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, iddia əsas borc tələbinə dair hissədə tam əsaslı olduğu üçün tam təmin olunmalı, cərimə tələbinə dair hissədə isə qismən əsaslı olduğu üçün cərimə 200 manat məbləğində tutulmalı, qalan hissədə əsassız olduğu üçün təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220-ci maddələrinin tələbini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı MMC-nin cavabdeh “Cavabdeh” MMC-yə qarşı pul tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh “Cavabdeh” MMC-dən xx xxxxxx 2018-ci il tarixli № 219A/2018 saylı “alğısatqı” müqaviləsi əsasında yaranmış, 12.995,34 (on iki min doqquz yüz doxsan beş manat otuz dörd qəpik) manat əsas borc, 200 (iki yüz) manat cərimə olmaqla, ümumilikdə 13.195,34 (on üç min yüz doxsan beş manat otuz dörd qəpik) manat məbləğində pul tutularaq, İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 7%-i iddiaçıya, 93%-i cavabdehə aid edilsin. Cavabdehdən 28 manat (iyirmi səkkiz) manat dövlət rüsumunun əvəzi tutularaq iddiaçıya ödənilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Xəqani Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar