Məhkəmə qərarları › İş №e-2-2(119)-2186/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-2186/2024

13.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-2186/2024 13.12.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlu, İddiaçı tərəfindən Cavabdeh şirkətinə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN E T D İ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Cavabdeh şirkətinə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 319 275,15 ABŞ dolları (üç yüz on doqquz min iki yüz yetmiş beş ABŞ dolları, on beş sent) məbləğində borcun, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş 320 (üç yüz iyirmi) manat məbləğində pul vəsaitinin əvəzi və 900 (doqquz yüz) manat məbləğində dövlət rüsumunun əvəzinin iddiaçıdan cavabdehin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatının mümkünlüyünün yoxlanılması ilə əlaqədar iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən həmin iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iş materialları nəzərdən keçirilərkən müəyyən edildi ki, iddiaçı tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin, eləcə də mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) həll edilməsinə dair sənədin cavabdehə göndərilməsi haqqında poçt qəbzləri iş materiallarına əlavə olunaraq məhkəməyə təqdim edilsə də, ərizəyə əlavə olunan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, cavabdeh şirkət artıq yuxarıda qeyd olunan sənədlərin göndərildiyi ünvanda (DMCC Business center, level No 1, Jewellery & Gemplex 3, Dubai/X2) fəaliyyət göstərmir və Türkiyə Respublikasında yerləşən digər ünvana (İVEDİKOSB mah. 1377. sokak NO: 39, Yenimahelle, Ankara, Türkiye) köçmüşdür. Göründüyü kimi, iddiaçı cavabdehin həmin ünvanda fəaliyyət göstərmədiyini bildiyi halda, qeyd olunan sənədlərin cavabdehin faktiki olaraq fəaliyyət göstərdiyi digər ünvana göndərilməsini təmin etməmiş, təmin etdiyi halda isə bunu təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Bununla da, məhkəmə belə qənaətə gəlir ki, həmin sənədlər cavabdehə göndərilərkən formallığa yol verilmiş, iddiaçı mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) həll edilməsinə nail olmağa çalışmamışdır. Digər tərəfdən bu da əlavə olaraq qeyd edilməlidir ki, əlavə edilən zərflərlə iddia ərizəsinin yoxsa pretenziya məktubunun (yaxud hər ikisinin) göndərilməsini müəyyən etmək mümkün deyildir. Bundan başqa, iddia ərizəsinə “Elektron ünvan ” adlı elektron poçt ünvanı vasitəsilə Sadiq adlı şəxsin elektron poçt ünvanına ünvanlanmış məktub əlavə edilmiş, məktubun məzmununda məktubun müəllifi tərəfindən cavab göndərilən şəxsin məktubunun qəbul edildiyi qeyd edilmişdir. Lakin Elektron ünvan elektron poçt ünvanına hansı sənədlərin göndərilməsi qeyri-müəyyəndir, digər tərəfdən Sadiq adlı şəxsin cavabdehin səlahiyyətli nümayəndəsi olması ilə bağlı məhkəməyə sənəd təqdim edilməmiş və onun hansı məktubuna cavab verilməsi açıq ifadə olunmamışdır. Buna görə də məhkəmə hesab edir ki, elektron poçt vasitəsi ilə göndərilmiş cavab məktubu cavabdeh tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin, eləcə də mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) həll edilməsinə dair sənədin alınmasına dair rəsmi sənəd kimi qəbul edilə bilməz. İddiaçı nəzərə almalıdır ki, mülki-prosessual qanunvericiliyə əsasən, əgər cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, o cümlədən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemində elektron kabinetə malik deyildirsə, iddia ərizəsinin surəti və ona əlavə edilmiş sənədlər, həmçinin mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) həll edilməsinə dair sənəd “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ona çatdırılmalı və bu çatdırılmanı təsdiq edən sənədlər iş materiallarına əlavə edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 150.1.4-cü maddəsinə əsasən, bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilir. Həmin Məcəllənin 150.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) iddia ərizəsinə əlavə edilir. Göründüyü kimi, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin, eləcə də mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsinə dair sənədin cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada göndərilməsini və çatdırılmasını təsdiq edən sənədlər məhkəməyə təqdim edilməmiş və bununla da hazırkı iddia ərizəsi Mülki Prosessual Məcəllənin 150.1.4-cü və 150.1.6-cı maddələrinin tələblərinə riayət edilməklə verilməmişdir. Həmin Məcəllənin 152.1.4-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.1.6-cı maddəsinə əsasən, kommersiya mübahisələri üzrə müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, Mülki Prosessual Məcəllənin yuxarıda qeyd olunan tələblərinə riayət edilməklə verilmədiyinə görə iddiaçının cavabdehə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 149-152, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA A L D I: İddiaçı tərəfindən Cavabdeh şirkətinə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar