Məhkəmə qərarları › İş №e-2-2(119)-2188/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-2188/2024

13.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-2188/2024 13.12.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlu, İddiaçı tərəfindən Cavabdehnə qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN E T D İ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Cavabdehnə qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 8728,58 (səkkiz min yeddi yüz iyirmi səkkiz manat, əlli səkkiz qəpik) manat məbləğində borcun, pul məbləğinin ödənilməsinin gecikdirilməsinə görə 436,42 (dörd yüz otuz altı manat, qırx iki qəpik) manat məbləğində faiz borcunun, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş 320 (üç yüz iyirmi) manat məbləğində pul vəsaitinin əvəzinin və 112 (yüz on iki) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatının mümkünlüyünün yoxlanılması ilə əlaqədar iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən həmin ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddiaçı tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə təqdim olunmuş iddia ərizəsinin “Tərəflər” bölməsində, o cümlədən ərizənin məzmununda cavabdehin ünvanı (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı) barədə məlumatlar göstərilməmişdir. Halbuki mülkiprosessual qanunvericiliyin tələbinə görə iddiaçı tərəfindən yuxarıda qeyd olunan məlumatlar iddia ərizəsinə əlavə edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-3.2.2-ci maddəsinə əsasən, iddiaçının, onun nümayəndəsinin (əgər ərizəni nümayəndə verirsə), cavabdehin soyadı, adı, atasının adı, yaşayış yeri (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, həmin şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) iddia ərizəsində göstərilməlidir. Göründüyü kimi, iddiaçı iddia ərizəsinin “Tərəflər” bölməsinə cavabdehin ünvanı barədə məlumatları əlavə etməməklə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilmiş iddia ərizəsinin forma və məzmununa dair tələbləri müəyyən edən Mülki Prosessual Məcəllənin 284-3-cü maddəsinin tələblərini pozmuşdur. Mülki Prosessual Məcəllənin 284-3.5-ci maddəsinə əsasən, ərizənin bu Məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Beləliklə, mülki prosessual qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə riayət edilməklə verilmədiyinə görə iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Mülki Prosessual Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 284-3.5-ci maddəsinin ikinci cümləsinə əsasən, ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 149-152, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA A L D I: İddiaçı tərəfindən Cavabdehnə qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilmiş “borcun tutulması” barədə ərizə iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, ərizənin qaytarılması nöqsan aradan qaldırıldıqdan sonar kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar