Məhkəmə qərarları › İş №e-2-2(119)-219/2021

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-219/2021

30.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-219/2021 30.03.2021 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Tağıyev Xəqani Qəhrəman oğlunun sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi, Cavabdehin nümayəndəsi və vəkili X1 iştirakı ilə İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətnin Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətnə qarşı pul tələbinə dair iddia ərizəsi üzrə kommersiya işinə Sumqayıt Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətnə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında əvvəllər kommersiya münasibətləri olmuş və bu münasibətlər çərçivəsində iddiaçı ilə cavabdeh arasında mütəmadi olaraq alqı-satqı əməliyyatları baş tutmuşdur. Tərəflər arasında aparılan alqı-satqı əməliyyatları üzrə cavabdehin iddiaçıya məhkəməyə müraciət edilən tarixə 7526 manat borcu yaranmışdır. Borcun ödənilməsi ilə bağlı iddiaçı tərəfindən cavabdehə dəfələrlə müxtəlif vaxtlarda müraciət edilsə də, hətta bu barədə rəsmi qaydada yazılı şıkildə göndərilən pretenziya məktubu cavabdeh tərəfindən qəbul edilsə də, cababdeh tərəf bu günədək borcun ödənişindən qərəzli olaraq yayınır. Cavabdeh tərəf yalnız bir dəfə - xx.xx.2019-cu il tarixli məktubla İddiaçı MMC-yə yazılı müraciət edərək, guya İddiaçı MMC-dən aldığı sürtgü yağlarının keyfiyyət standartlarına cavab vermədiyindən onlara məxsus nəqliyyat vasitələrinin mühərriklərində ciddi problemlər yaratmaqla onlara ziyan vurulduğunu bildirmişdir. Bundan sonra iddiaçı tərəfindən sözügedən məktuba cavab olaraq Cavabdeh MMC-yə yazılı məktub göndərilərək qeyd etdikləri xüsusatla bağlı məhz hansı marka, hansı model, hansı adda olan malların (sürtgü yağlarının) keyfiyyətsiz olmaqla onlara nə kimi ziyan vurması barədə məlumat verilməsi cavabdehdən xahiş edilmişdir. Lakin buna baxmayaraq, məsələyə cavabdeh tərəfindən hər hansı münasibət bildirilməmişdir. Bundan da belə qənaətə gəlmək olar ki, cavabdeh tərəf iddiaçıya olan borcunu qaytarmaqdan qərəzli olaraq boyun qaçırır. İddia ərizəsinə əlavə edilən elektron qaimə fakturalardan görünür ki, iddiaçı tərəf müxtəlif tarixlərdə göndərilən (cavabdehə təhvil verilən) mallara dair cavabdehin elektron ünvanına elektron hesab-faktura təqdim etmişdir. Cavabdeh isə həmin hesab fakturaları qəbul etsə də, bu günədək ona təhvil verilmiş malların müqabilində müəyyən olunan ödənişi yerinə yetirməmişdir. Göstərilənlərə əsasən, iddiaçı məhkəmədən Cavabdeh MMC-dən 7526 (yeddi min beş yüz iyirmi altı) manat borc pulun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada və müddətdə xəbərdar edilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə prosesinə gəlməmiş, sonuncu iclasdan əvvəl yazılı məktubla müraciət edərək, məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcəyini qeyd etmiş və işə iddiaçının və onun nümayəndəsinin iştirakı olmadan, işdə olan sübutlar əsasında baxıb yekun qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmədə cavabdehin nümayəndəsi və vəkili X2 iddianı qəbul etməyərək bildirmişdir ki, onlar İddiaçı MMC-ni tanımırlar, həmin müəssisə ilə heç bir işləri olmayıb, onunla hər-hansı, o cümlədən alqı-satqı müqaviləsi və əməliyyatı olmayıb. Bir dəfə hansısa firmanın nümayəndəsi maşınla gətirib onların çilingəri Vüsal Alməmmədova mühərrik yağı təklif edib. Cavabdeh MMC xeyli sayda avtobus istismar etdiyi üçün mühərrik yağlarına daim ehtiyac olur. Həmin vaxt mühərrik yağı qurtardığı üçün çilingər rəhbərliyə məlumat vermədən təklif olunan yağdan bir qədər alıb, pulunu da ödəyib. Həmin yağ keyfiyyətsiz olduğu üçün bir neçə avtobusun mühərrikində ciddi problemlər yaranıb. Araşdırarkən məlum olub ki, səyyar şəkildə gətirib satılan yağ İddiaçı MMC-yə məxsus olub. Onlar həmin müəssisəyə bununla bağlı məktub göndəriblər. Hətta vurulmuş ziyanın ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmək istəyiblər. Lakin aralarında heç bir müqavilə olmadığı üçün bu fikirdən daşınıblar. Ş.Quliyev bildirmişdir ki, təqdim olunan elektron qaimələri Cavabdeh MMC tərəfindən heç kim qəbul etməyib. Məhkəməyə təqdim olunmuş öhdəliklərin qarşlıqlı üzləşdirilməsi aktı və pretenziya məktubunu Xəlil Həşimov adlı şəxs imzalayıb. Cavabdeh MMC-də belə bir şəxs işləmir. Onu heç kim tanımır. İddiaçı tərəfdən məhkəməyə heç kim gəlmir ki, bu məsələlərə aydınlıq gətirilsin. O, göstərilənləri nəzərə alaraq, iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə gəlmiş tərəfi dinləyib, iş materiallarını və təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli 1 ədəd və xx.xx.2020-ci il tarixli 4 ədəd elektron qaimədən görünür ki, İddiaçı MMC-dən Cavabdeh MMC-yə cəmi 9901 manatlıq mühərrik yağları göndərilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli öhdəliklərin qarşlıqlı üzləşdirilməsi aktından görünür ki, satılmış mühərrik yağlarına görə Cavabdeh MMC-nin İddiaçı MMC-yə 7526 manat borcu vardır. Aktı Cavabdeh MMC tərəfindən Həşimov Xəlil adlı şəxs imzalamışdır. İş materiallarında olan Cavabdeh” MMC-nin icraçı direktoru Ə.Əzizovun İddiaçı MMC-nin icraçı direktoru Nümayəndə ünvanladığı xx.xx.2019-cu il tarixli məktubda qeyd olunur ki, İddiaçı MMC-dən alınmış mühərrik yağlarının keyfiyyəti standartlara cavab vermədiyindən avtobusların mühərriklərində ciddi problemlər yaranmaqla avtobuslara ziyan vurulmuşdur. İş materiallarında olan İddiaçı MMC-nin direktoru Nümayəndə Cavabdeh” MMC-nin icraçı direktoru Ə.Əzizova ünvanladığı məktubdan görünür ki, Cavabdeh MMC-yə göndərilmiş mallardan hansıların keyfiyyətsiz olması barədə ən qısa zamanda məlumat verilməsi xahiş olunur. Məhkəmədə şahid X3 bildirmişdir ki, o, çilingərdir, Cavabdeh MMC-yə məxsus avtobusların yağını dəyişib. Fəaliyyət göstərdiyi ərazidə üzdən tanıdığı, lakin adlarını xatırlamadığı şəxslər səyyar mühərrik yağı satışı ilə məşğul olurdular. Daha doğrusu, həmin vaxt orda reklam edə-edə yağ satışını həyata keçirirdilər. Yağ lazım olduğu üçün rəhbərliyə demədən onlardan 200 litrlik baçoklarda 1 baçoku 865 manatdan, 3 baçok yağ alıb. Bir dəfəyə deyil, hissə-hissə olmaqla. Pulunu da öz cibindən ödəyib. Yağ keyfiyyətsiz olduğundan sonradan avtobusların motorlarında problem yaranıb. Bu barədə də onlara məlumat verilib. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.2-ci maddəsinə görə əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Mülki Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı MMC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh MMC ilə aralarında əvvəllər kommersiya münasibətlərinin olduğunu və bu münasibətlər çərçivəsində iddiaçı ilə cavabdeh arasında mütəmadi olaraq alqı-satqı əməliyyatları baş tutduğunu, aralarında aparılan alqı-satqı əməliyyatları üzrə cavabdehin ona 7526 manat borcu yarandığını, dəfələrlə müxtəlif vaxtlarda müraciət edilsə də, cababdehin borcun ödənişindən qərəzli olaraq yayındığını bildirmişdir. Nəticədə, iddiaçı məcbur olaraq məhkəməyə müraciət etmişdir. İddiaçı MMC hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etsə də, nümayəndəsi məhkəməyə gəlməmiş və sonuncu iclasdan əvvəl yazılı məktubla müraciət edərək, məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcəyini qeyd etmiş, işə iddiaçının və onun nümayəndəsinin iştirakı olmadan, işdə olan sübutlar əsasında baxıb yekun qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmədə cavabdehin nümayəndəsi və vəkili X2 iddianı qəbul etməyərək bildirmişdir ki, onlar İddiaçı MMC-ni tanımırlar, həmin müəssisə ilə heç bir işləri olmayıb, onunla hər-hansı, o cümlədən alqı-satqı müqaviləsi və əməliyyatı olmayıb. Bir dəfə hansısa firmanın nümayəndəsi maşınla gətirib onların çilingəri Vüsal Alməmmədova mühərrik yağı təklif edib. Həmin vaxt mühərrik yağı qurtardığı üçün çilingər rəhbərliyə məlumat vermədən təklif olunan yağdan bir qədər alıb, pulunu da ödəyib. Həmin yağ keyfiyyətsiz olduğu üçün bir neçə avtobusun mühərrikində ciddi problemlər yaranıb. Araşdırarkən məlum olub ki, səyyar şəkildə gətirib satılan yağ İddiaçı MMC-yə məxsus olub. Onlar həmin müəssisəyə bununla bağlı məktub göndəriblər. Hətta vurulmuş ziyanın ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmək istəyiblər. Lakin aralarında heç bir müqavilə olmadığı üçün bu fikirdən daşınıblar. Ş.Quliyev bildirmişdir ki, təqdim olunan elektron qaimələri Cavabdeh MMC tərəfindən heç kim qəbul etməyib. Məhkəməyə təqdim olunmuş öhdəliklərin qarşlıqlı üzləşdirilməsi aktı və pretenziya məktubunu Xəlil Həşimov adlı şəxs imzalayıb. Cavabdeh MMC-də belə bir şəxs işləmir. Onu heç kim tanımır. İddiaçı tərəfdən məhkəməyə heş kim gəlmir ki, bu məsələlərə aydınlıq gətirilsin. Göründüyü kimi, İddiaçı MMC hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müəyyən sənədlər təqdim etmiş, lakin nümayəndəsi məhkəməyə gəlməmiş və iddianı müdafiə etmək üçün hər hansə cəhd göstərilməmişdir. Cavabdehin nümayəndəsi və vəkili isə iddianı qəbul etməmiş, iddiaçı ilə aralarında hər-hansı müqavilə münasibətlərinin və alqı satqı əməliyyatının olmadığını bildirmiş, iddiaçının təqdim etdiyi sənədlərin mötəbərliyini şübhə altına almış və təqdim olunan sənədləri Cavabdeh MMC tərəfindən imzalamış Həşimov Xəlil adında şəxsi tanımadıqlarını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Vüsal Alməmmədov bildirmişdir ki, Cavabdeh MMC-də çilingər işləyir, bir-iki dəfə tanımadığı şəxslər maşınla gətirib ona mühərrik yağı təklif etmiş, ehtiyac olduğu üçün o, rəhbərliyə demədən özü pulunu ödəyərək həmin yagdan almış, işlətmiş və sonradan məlum olmuşdir ki, yağlar keyfiyyətsiz olduğu üçün avtobusların mühərrikində problemlər yaranmışdır. Məhkəmə qeyd edir ki, İddiaçı MMC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, istinad etdiyi hallara dair sənədlər təqdim etsə də, cavabdeh tərəf həmin sənədlərin mötəbərliyini şübhə altına almış, iddiaçı tərəf məhkəmədə iştirak etmədiyi üçün mübahisəyə yalnız təqdim olunmuş sübutlar əsasında baxılmış, bununla da cavabdeh tərəfin etirazının əsası kimi göstərdiyi hallar təkzib edilməmiş qalmışdır. Bu halda məhkəmə belə hesab edir ki, iddiaçı tərəfin təqdim etdiyi sübutlar iddianın əsaslılığını təsdiq edəcək qədər mötəbər sayıla bilməz. Göstərilənləri nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, iddia əsassız sayılaraq təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220-ci maddələrinin tələbini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Xəqani Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar