Məhkəmə qərarları › İş №e-2-2(119)-219/2022

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-219/2022

29.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-219/2022 29.04.2022 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Tağıyev Xəqani Qəhrəman oğlunun sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2, Cavabdeh "xxxx" MMC-nin direktoru X1 iştirakı ilə İddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair iddiası üzrə kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksində, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC cavabdeh "xxxx" MMC-yə qarşı sadələşdirilmiş icraat qaydasında pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki tərəflər "xxxx" LTD MMC ilə (bundan sonra (icraçı) "xxxx" MMC (bundan sonra sifarişçi) arasında 30.04.2020-ci il tarixdə AZTX/125 saylı texniki xidmət müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən icraçı sifarişçinin sifarişinə əsasən onun tərəfindən təqdim edilmiş tikinti avadanlıqlarını icraçının fəaliyyət göstərdiyi Bakı şəhəri, Bakı-Şamaxı şosesi 15-ci km ünvanında yerləşən servis mərkəzində öncədən razılaşdırılmış qiymətlər ilə texniki-təmir xidmətlərinin göstərilməsini və həmin texnikaları ehtiyat hissələri ilə təchiz etməyi öhdəsinə götürür. Sifarişçi isə müqaviləyə əsasən müəyyən edilmiş texniki-təmir xidmətlərinin və ehtiyat hissələrinin dəyərininin ödənilməsini öhdəsinə götürür. Lakin, tərəflər arasında bağlanmış texnikixidmət müqaviləsi üzrə icraçı tərəfindən həyata keçirilmiş servis xidmətlərinin dəyəri sifarişçi tərəfindən ödənilməmişdir. Belə ki, hazırki iddia ərizəsinə əlavə edilmiş sənədlərdən də tam aydın olur ki, **********7 saylı, 11.08.2020-ci il tarixli 2.757,20 manat məbləğində “İnvoys” və EB AZ seriyalı, №:596695 saylı, 13.08.2020-ci il tarixli 2.757,20 manat dəyərində elektron qaimə cavabdehə göndərilmişdir. Lakin, cavabdeh elektron qaimənin göndərilməsinə baxmayaraq, ödənilməli olan pul məbləğini bu günə qədər ödəməmişdir. Tərəflər arasında bağlanan AZTX/125 saylı, 30.04.2020-ci il tarixli texniki xidmət müqaviləsinin 2.6-cı maddəsinə əsasən icraçı tərəfindən nəqliyyat vasitəsinə xidmətə başlamazdan qabaq sifarişçi əvvəlcədən tam məbləğin (təmir, xidmət, ehtiyat hissələri və materialları) 50%-ni, işi təhvil aldıqdan sonrakı 30 (otuz) gün müddətində ödənişin (köçürmə üzrə) qalan hissəsini təmin etməlidir. Həmin müqavilənin 4.5-ci maddəsinə əsasən sifarişçi bu müqavilə üzrə göstərilən xidmətlərin dəyərini müqavilədə göstərilən müddət bitdiyi gündən sonra ödənişin gecikdirildiyi hər günə görə həmin ödənişin gecikdirilmiş hissəsinin 0.1 %-i (sıfır tam onda bir faizi) məbləğində dəbbə pulu ödəməyə borcludur. Beləliklə, tərtib edilmiş maliyyə arayışından da məlum olur ki, cavabdeh tərəfindən xidmət haqqının gecikdirilməsinə görə ümumilikdə 598,17 (beş yüz doxsan səkkiz manat, 17 qəpik) manat dəbbə pulu hesablanmışdır. İddia ərizəsinə əlavə edilmiş maliyyə arayışından da görünür ki, icraçı tərəfindən 2.336,61 (iki min üç yüz otuz altı manat, 61 qəpik) manat əsas məbləğ və 420,59 (dörd yüz iyirmi manat, 59 qəpik) manat ƏDV məbləği dəyərində servis xidməti sifarişçiyə məxsus nəqliyyat vasitəsinə göstərilmişdir. Sifarişçi tərəfindən icraçıya göstərilən servis xidmətlərinin dəyəri ödənilməmişdir. Tərəflər arasında bağlanan müqavilənin 4.5-ci bəndinə uyğun olaraq ödənişlərin gecikdirilməsinə görə 598,17 AZN (beş yüz doxsan səkkiz manat, 17 qəpik) dəbbə pulu hesablanmışdır. Hal-hazırda sfarişçinin icraçıya 2.757,20 (iki min yeddi yüz əlli yeddi manat 20 qəpik) manat əsas məbləğ və 598,17 (beş yüz doxsan səkkiz manat17 qəpik) dəbbə pulu olmaqla ödənilməmiş borcu var. Cavabdeh uzun müddət keçməsinə baxmayaraq, müqavilə ilə onun üzərinə düşən öhdəliklərin icrasından yayınır və müqavilə əsasında ödəməli olduğu pul məbləğini ödəmir. Tərəflər arasında bağlanmış AZTX/125 saylı, 30.04.2020-ci il tarixli texniki xidmət müqaviləsinə əsasən cavabdeh "xxxx" MMC 2020-ci il avqust ayı üçün ödəməli olduğu 2.757,20 (iki min yeddi yüz əlli yeddi manat, 20 qəpik) manat əsas məbləğ və 598,17 (beş yüz doxsan səkkiz manat 17 qəpik) dəbbə pulu və Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən 5% həcmində cərimə (2.757,20x5%=137,86 manat) olmaqla, ümumilikdə 3.493,23 (üç min dörd yüz doxsan üç manat, 23 qəpik) manat cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən, iddiaçı məhkəmədən AZTX/125 saylı, 30.04.2020-ci il tarixli texnikixidmət müqaviləsinə əsasən ödənilməmiş qalan 2.757,20 (iki min yeddi yüz əlli yeddi manat, 20 qəpik) manat əsas borc, 598,17 (beş yüz doxsan səkkiz manat, 17 qəpik) dəbbə pulu və 137,86 (yüz otuz yeddi manat, 86 qəpik) manat məbləğində cərimə pulu olmaqla, ümumilikdə 3.493,23 (üç min dörd yüz doxsan üç manat, 23 qəpik) manat məbləğində pulun və 55 manat ödənilmiş dövlət rüsumunun cavabdeh "xxxx" MMC-dən alınaraq iddiaçı "xxxx" LTD MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonra cavabdeh "xxxx" MMC iddia ərizəsinə etiraz vermişdir. Etiraz onunla əsaslandırılmışdır ki, tərəflər arasında hüquq münasibətləri 30.04.2020-ci il tarixli, AZTX/125 nömrəli texniki xidmət müqaviləsinə əsasən yaranmışdır. Həmin müqavilənin predmetini "xxxx" MMC-yə məxsus olan “MAZ” markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobilə iddiaçı tərəfindən texniki-təmir xidmətlərinin göstərilməsi və həmin avtomobilin ehtiyat hissələri ilə təchiz edilməsi, cavabdehin isə göstərilən texniki-təmir xidmətlərinin və ehtiyat hissələrinin dəyərinin ödənilməsi təşkil etmişdir. Müqavilənin 4.1-ci bəndinə əsasən icraçı göstərilmiş təmir xidmətlərinin keyfiyyətinə zəmanət verir, göstərilən xidmətlərdə 6 ay zəmanət müddəti ərzində texnikanın normal və zəmanət şərtləri tələblərinə uyğun istismarı zamanı əksiklik və ya hər hansı qüsur aşkar edilərsə, onlar icraçı tərəfindən qısa zaman ərzində aradan qaldırılmalıdır. "xxxx" MMC-yə məxsus olan “MAZ” markalı, **-AE- *** dövlət qeydiyyat nişanlı avtomobildə yaranmış texniki nasazlığın aradan qaldırılması üçün iddiaçıya müraciət olunmuş və iddiaçının tələbi ilə həmin avtomobil iddiaçının Bakı- Şamaxı avtomobil yolunun 15-ci km-də yerləşən servis mərkəzinə sürülərək təhvil verilmişdir. Servisdə iddiaçının işçiləri tərəfindən avtomobilin mühərrik başlığı sökülmüş, yanacaq pompasının və alışdırma şamlarının yararsız olduğu, buna görə də yeni mühərrik başlığının alınmasının tələb olunduğu və yanacaq pompası ilə alışdırma şamlarının təmirinin zəruri olduğu bildirilmişdir. Cavabdeh tərəfindən yeni mühərrik başlığı alınmış və servisə təhvil verilmişdir. İddiaçının işçiləri tərəfindən bildirilmişdir ki, mühərrik başlığı dəyişdirilmiş, yanacaq pompası və alışdırma şamları təmir olunmuşdur. Servisin işçiləri tərəfindən avtomobil təhvil verilmiş, lakin servisdən 500 metr məsafə aralanmamış avtomobilin mühərriki sıradan çıxmışdır. Avtomobil qoşqu vasitəsi ilə servisə geri qaytarıldıqda servis əməkdaşları mühərrikin sıradan çıxdığını bildirmişlər, lakin avtomobili təmir etməkdən imtina etmişlər. Yuxarıda göstərildiyi kimi avtomobil servisə sürülərək gətirilmiş, servis işçiləri tərəfindən tələb olunan maşın ehtiyat hissələri alınaraq təmir üçün verilməsinə baxmayaraq, keyfiyyətsiz və səriştəsiz görülən təmir işləri nəticəsində avtomobil tamamilə yararsız vəziyyətə düşmüşdür. Sonra həmin avtomobil servisdən qoşquyla departamentin həyətinə gətirilmişdir, həmin vaxtdan istifadəsiz və yararsız vəziyyətdə orada saxlanılır. Avtomobilin məhz iddiaçıya məxsus olan servisdə keyfiyyətsiz və səriştəsiz təmiri zamanı yararsız vəziyyətə düşməsini müəyyən etmək üçün müvafiq ekspertiza təyin edilməlidir. Həmin vaxt servisə rəhbərlik edən şəxslərin xahişi ilə departament tərəfindən zərərin ödənilməsi tələb edilməmişdir. Lakin servisin rəhbərliyində olmuş dəyişiklikdən sonra departamentə qarşı əsassız tələblər irəli sürülməyə başlanmışdır. İddiaçı tərəfindən tərəflər arasında bağlanmış müqavilənin tələblərinə əməl edilməmiş, iddiaçı öz üzərinə düşən öhdəliyi lazımınca icra etməmişdir. Buna görə də iddia ərizəsində qarşılıqlı öhdəliyin icrasını tələb etməsi tamamilə əsassız və qanunsuzdur. Eyni zamanda, iddiaçı guya onlar tərəfindən göstərilən xidmətin nədən ibarət olmasına və həmin xidmətlərin dəyərinə dair heç bir sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçı tərəfindən təqdim olunmuş “İnvoice” və elektron qaimə özü özlüyündə yuxarıda göstərilən xüsusatları təsdiq edə bilməz. Qeyd olunduğu kimi tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə görə iddiaçı göstərilmiş təmir xidmətlərinin keyfiyyətinə zəmanət vermişdir və göstərilən xidmətlərdə 6 ay zəmanət müddəti ərzində texnikanın normal və zəmanət şərtləri tələblərinə uyğun istismarı zamanı əksiklik və ya hər hansı qüsur aşkar edilərsə, onların icraçı tərəfindən qısa zaman ərzində aradan qaldırılması öhdəliyini öz üzərinə götürmüşdür. Lakin iddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Bu halda iddiaçının hazırki tələb irəli sürməsi tamamilə qanunsuz və əsassızdır. Cavabdeh yuxarıda qeyd olunanları nəzərə alaraq, məhkəmədən iddianın rədd olunmasını xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 25.02.2022-ci il tarixli, e-2-2(119)-219/2022 nömrəli qərardadı ilə kiçik iddiaya dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilmiş iddia ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 iddia tələbini müdafiə edərək, sübutların hamısının elektron qaydada təqdim edildiyini, cavabdeh tərəfindən verilən etirazla da tanış olduqlarını bildirib. O, iddiaçı tərəfindən təmir işləri aparıldığını, "xxxx" MMC-nin əməkdaşı tərəfindən işlərin qəbul edildiyini qeyd edib. Bununla bağlı qarşı tərəfə elektron qaimə təqdim edilib. Həmin elektron qaimə də cavabdeh tərəfindən qəbul olunub, lakin sonradan cavabdeh vəsaitin ödənilməsindən yayınıb. Məhkəmə iclasında cavabdehin direktoru X3 izahat verərək "xxxx" MMC-nin nümayəndəsi tərəfindən onlara “Volvo” markalı maşınların təmir işlərini, ehtiyat hissələrini, servis işlərini görülməsinin təklif edildiyini bildirib. Cavabdeh qeyd edib ki, onlarda “Volvo” motoru ilə işləyən bir maşın olub, həmin maşının işlək vəziyyətdə olub, sadəcə müəyyən problemi olub. O, iddiaçının maşını yüksək səviyyədə təmir edib təhvil verəcəyini üzərinə götürdüyünü bildirib. Cavabdehin direktoru bundan sonra maşının servisə aparıldığını və müqavilə bağlandığını qeyd edib. Motorun başlıq hissəsini iddiaçı başqa bir şirkətdən sifariş verib və buna görə 5.000 manat iddiaçıya ödənilib. Motorun başlıq hissəsi "xxxx" MMC ilə yox, başqa bir şirkətlə Çindən sifariş edib gətizdirilib. Elektron qaimədə də göründüyü kimi "xxxx" MMC tərəfindən maşının üstünə heç bir ehtiyat hissəsi qoyulmayıb. Orada yalnız əl əməyidir, görülmüş işlərin dəyəridir, işçi haqqıdır. Motor yığıldıqdan sonra iddiaçı zəng edərək maşının hazır olduğunu bildirib, cavabdeh bundan sonra imza çəkərək maşını qəbul edib, çünki maşını oradan çıxarmaq üçün bu tələb olunub. Qarşı tərəf hələ maşını təhvil verməmişdən cavabdehin adına 2.800-3.000 manat məbləğində elektron qaimə vurub. Elektron qaimənin 5 günlük vaxtı bitmədən maşın çıxardılanda cavabdeh sənədlərə imza çəksə də, maşın oradan çıxdıqdan sonra heç 500 metr getməmiş dayanıb. Maşın servisə qaytarılsa da 1 aya yaxın maşının təmiri ilə bağlı heç bir iş görülməyib. O, iddiaçının günahını etiraf etdiyini, ehtiyat hissələri gəldikdə maşını təmir edəcəklərini bildirib. Lakin, daha sonra "xxxx" MMC struktur dəyişikliyi olub, köhnə əmkdaşlarının hamısı işdən çıxıb, yerinə yeni komanda gəlib. Cavabdehin direktoru, qarşı tərəfin maşını təmir etmədiyini qeyd edərək, buna görə iddianı əsassız saydığını bildirib. O, əvvəlki məhkəmə iclasında iddiaçının keçmiş işçilərin gələ biləcəyini qeyd etsədə, hal-hazırda onlara zəng çatmadığını bildirib. O, iddianın rədd olunmasını xahiş edib. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını və təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin olunmalıdır Belə ki, iş materiallarında olan 30.04.2020-ci il tarixli, AZTX/125 saylı texniki xidmət müqaviləsinin surətindən görünür ki, icraçı sifarişçinin sifarişinə əsasən onun tərəfindən təqdim edilmiş tikinti avadanlıqlarını icraçının fəaliyyət göstərdiyi Bakı şəhəri, Bakı-Şamaxı şosesi 15-ci km ünvanda yerləşən servis mərkəzində öncədən razılaşdırılmış qiymətlər ilə texniki-təmir xidmətlərinin göstərilməsini və həmin texnikaları ehtiyat hissələri ilə təchiz etməyi öhdəsinə götürür. Sifarişçi isə müqaviləyə əsasən müəyyən edilmiş texnikaların təmir xidmətlərinin və ehtiyat hissələrinin dəyərininin ödənilməsini öhdəsinə götürür. İş materiallarında olan 26.05.2021-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, 30.04.2020-ci il tarixli, AZTX/125 saylı texniki xidmət müqaviləsinə əsasən "xxxx" MMCnin "xxxx" LTD MMC-yə 2.336,61 manat əsas borcu, 420,59 manat ƏDV məbləği borcu həmçinin, 598,17 manat dəbbə pulu borcu vardır. İş materiallarında olan 11.08.2020-ci il tarixli, **********7 nömrəli invoysun surətindən görünür ki, iddiaçı tərəfindən 2.757,20 manat məbləğində xidmət göstərilmişdir. İş materiallarında olan 13.08.2020-ci il tarixli, EBAN 596695 seriyalı malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimənin surətindən görünür ki, "xxxx" MMC-yə 2.757,20 manat məbləğində servis xidməti göstərilmişdir. İş materiallarında olan 19 noyabr 2021-ci il tarixli, MŞİH06668 nömrəli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, “"xxxx" LTD MMC ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı "xxxx" LTD MMC ilə cavabdeh "xxxx" MMC arasında 30.04.2020-ci il tarixli, AZTX/125 saylı texniki xidmət müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə uyğun olaraq iddiaçı cavabdehin sifarişinə əsasən ona texniki-təmir xidmətlərinin göstərilməsini, cavabdeh isə göstərilən xidmətlərin dəyərininin ödənilməsini öhdəsinə götürmüşdür. İddiaçı müqavilədə nəzərdə tutulan texniki xidmətləri həyata keçirərək, cavabdehin təqdim etdiyi avtomaşını təmir etmiş, lakin, cavabdeh göstərilən xidmətlərin dəyərini iddiaçıya ödəməmişdir. Bu hal iş materialları ilə təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin məcəllənin 427.2-ci maddəsinə görə əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin məcəllənin 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi” Qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli Qərarının 5-ci bəndinə əsasən, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış və Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 218.1.2-ci maddəsində göstərilən şəxslər tərəfindən sahibkarlıq fəaliyyəti ilə əlaqədar təqdim edilmiş (yola salınmış) mallara, görülmüş işlərə və göstərilmiş xidmətlərə görə 2017-ci il 1 aprel tarixindən, bütün digər vergi ödəyiciləri tərəfindən 2018-ci il 1 yanvar tarixindən malların (işlərin, xidmətlərin) alıcısı olan hüquqi şəxslərə və fərdi sahibkarlara (malların, işlərin, xidmətlərin sifarişçisinə) elektron qaimə-faktura təqdim edilir. “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi” Qaydalarının 3.9-cu bəndinə əsasən, ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə-faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur. Həmin Qaydaların 3.7-ci bəndinə əsasən, vergi tutulan dövriyyənin dəqiqləşdirilməsi üçün əsas verən hallar müəyyən edildikdə (əməliyyat tam və ya qismən ləğv edildikdə, o cümlədən mal tam və ya qismən geri qaytarıldıqda, əməliyyatın xarakteri dəyişdikdə, qiymətlərin aşağı düşməsi və s.), elektron qaimə-fakturanın dəqiqləşdirilməsi qiymətləndirmə bazasında dəyişikliyin baş verdiyi hesabat dövründə aparılır. Dəqiqləşdirilmiş elektron qaimə-fakturaya proqram təminatı tərəfindən yeni seriya və nömrə verilir. Dəqiqləşdirilmiş elektron qaimə-faktura təqdim edildikdən sonra alıcı tərəfindən təsdiq edilməlidir. Alıcı tərəfindən dəqiqləşdirilmiş elektron qaimə-fakturanın təqdim edildiyi ayın sonuncu gününə kimi təsdiq edilmədiyi halda dəqiqləşdirilmiş elektron qaimə-faktura proqram təminatı tərəfindən silinir və dəqiqləşdirilməmiş sayılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi” Qaydalarının 3.4-cü bəndinə əsasən, bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı və 2.2.9-cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir. Beləliklə, məhkəmə müəyyən etldi ki, iddiaçı "xxxx" LTD MMC ilə cavabdeh "xxxx" MMC arasında 30.04.2020-ci il tarixli, AZTX/125 saylı texniki xidmət müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə uyğun olaraq iddiaçı cavabdehin sifarişinə əsasən onun təqdim etdiyi “MAZ” markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobili təmir etmiş, təmir işlərinin dəyərini əks etdirən elektron qaiməni cavabdehə təqdim etmiş, cavabdeh tərəfindən elektron qaimə 5 gün ərzində təsdiq edilmiş, cavabdeh texniki-təmir xidmətlərinin dəyərini iddiaçıya ödəməmişdir. Hazırda, "xxxx" LTD MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-dən 2.757,20 (iki min yeddi yüz əlli yeddi manat, 20 qəpik) manat əsas borc, 598,17 (beş yüz doxsan səkkiz manat, 17 qəpik) dəbbə pulu və 137,86 (yüz otuz yeddi manat, 86 qəpik) manat məbləğində cərimə pulu olmaqla, ümumilikdə 3.493,23 (üç min dörd yüz doxsan üç manat, 23 qəpik) manat məbləğində pulun və 55 manat ödənilmiş dövlət rüsumunun tutularaq "xxxx" LTD MMC-nin xeyrinə ödənilməsini tələb edir. Cavabdehin məhkəməyə təqdim etdiyi etirazdan görünür ki, "xxxx" MMC-yə məxsus olan “MAZ” markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobildə yaranmış texniki nasazlığın aradan qaldırılması ilə bağlı cavabdehə iddiaçı tərəfindən texniki-təmir xidmətləri göstərildiyi etiraf edilmiş, lakin həmin xidmətlərin keyfiyyətsiz olduğu bildirilmişdir. Ancaq cavabdeh tərəfindən bununla bağlı məhkəməyə hər hansı sübut təqdim olunmamış, istinad etdiyi halları sübuta yerirməmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya olan əsas borcu iş materialları ilə təsdiq olunur. İddia tələbinin 137,86 manat cərimə tutulması hissəsində məhkəmə qeyd edir ki, iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə istinad edərək, cərimənin tutulmasını xahiş etsə də, həmin maddədə qeyd edilir ki, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Həmin maddədə söhbət cərimədən deyil, vurulmuş ziyanın əvəzinin ödənilməsindən gedir. Ona görə də həmin məbləğ tutularkən Mülki Məcəlləsinin 445.7-ci maddəsinin məzmunu nəzərə alınmalıdır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçının cavabdehə 2.757,20 manat məbləğində xidmət göstərməsi iş materiallarında malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə ilə öz təsdiqini tapdığından, iddia tələbi əsas borc və ziyan əvəzi tələb olunan hissədə təmin olunmalıdır. Məhkəmə hesab edir ki, əsas borc 2.757,20 manat məbləğində olduğu halda AZTX/125 saylı, 30.04.2020-ci il tarixli texniki-xidmət müqaviləsi üzrə 598,17 (beş yüz doxsan səkkiz manat, on yeddi qəpik) manat dəbbə pulu hesablanması tənasübsüz surətdə yüksək olduğuna görə dəbbə pulu 100 manata qədər azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğuna görə qismən təmin edilməli, cavabdeh "xxxx" MMC-dən 2.757,20 (iki min yeddi yüz əlli yeddi manat 20 qəpik) manat məbləğində əsas borc, 100 (yüz) manat dəbbə pulu və 137,86 (yüz otuz yeddi manat, 86 qəpik) manat vurulmuş ziyanın əvəzi tutularaq, iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. İddia qalan hissədə əsassız olduğu üçün təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, iş üzrə çəkilmiş məhkəmə xərclərinin 14%-i iddiaçıya, 86%-i cavabdehə aid edilməlidir. İddiaçı tərəfindən ödənilmiş 55 manat dövlət rüsumunun 14%-i iddiaçıya, 86%-i cavabdehə aid edilməlidir. Cavabdehdən dövlət rüsumunun əvəzi olaraq 47,3 manat pul tutularaq, iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220-ci maddələrinin tələbini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair iddiası qismən təmin edilsin. AZTX/125 saylı, 30.04.2020-ci il tarixli texniki-xidmət müqaviləsinə əsasən ödənilməmiş qalan 2.757,20 (iki min yeddi yüz əlli yeddi manat iyirmi qəpik) manat əsas borc, 100 (yüz) manat dəbbə pulu və 137,86 (bir yüz otuz yeddi manat səksən altı qəpik) manat məbləğində vurulmuş ziyanın əvəzi "xxxx" MMC-dən tutularaq, "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə xərclərinin 14%-i iddiaçıya, 86%-i cavabdehə aid edilsin. İddiaçı tərəfindən ödənilmiş 55 manat dövlət rüsumunun 14%-i iddiaçıya, 86%-i cavabdehə aid edilsin. Cavabdehdən dövlət rüsumunun əvəzi olaraq 47,3 manat pul tutularaq, iddiaçıya ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Xəqani Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar