Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-22/2020 01.10.2020 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X4 qızının katibliyi, İddiaçı nümayəndəsi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Məmmədov Emin Məmməd oğlunun iştirakı ilə, İddiaçı tərəfindən cavabdeh “X2. ve San.LTD.ŞTİ”-nə qarşı verilmiş “pul tələbi” barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı xx xxxxxx 2019-cu ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdeh “X2. ve San.LTD.ŞTİ”-nə qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxx 2017-ci il tarixli 18 nömrəli Alqı-satqı Müqaviləsi üzrə ödənilmiş ******* (bir milyon səkkiz yüz iki min üç yüz on) ABŞ dolları məbləğində pulun, ödənişi gecikdirdiyinə görə bank uçot dərəcəsinə uyğun illik 5% olmaqla hesablanmış 100000 (yüz min) ABŞ dolları məbləğində faizin və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun cavabdeh “X2. ve San.LTD.ŞTİ”dən İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı (alıcı) İddiaçı (əvvəlki adı: “xxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti) ilə cavabdeh (satıcı) “X2. ve San.LTD.ŞTİ” arasında bağlanmış xx xxxx 2017-ci il tarixli 18 nömrəli Alqı-satqı Müqaviləsi əsasında iddiaçı (alıcı) tərəfindən dəri aşılanması prosesi üçün lazım olan kimyəvi məhsullar və avadanlıqlar almaq məqsədilə xx xxxx 2017-ci il tarixində “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin Binəqədi filialı vasitəsi ilə cəmi ******* (bir milyon səkkiz yüz iki min üç yüz on) ABŞ dolları məbləğində pul vəsaiti cavabdehin (satıcının) bank hesabına köçürülmüşdür. Müqavilənin şərtlərinə görə cavabdeh kimyəvi məhsul və avadanlıqları müqavilə bağlanan tarixdən 360 (üç yüz altmış) gün müddətində iddiaçıya təhvil verməliydi. Lakin, cavabdeh (satıcı) “X2. ve San.LTD.ŞTİ” müqavilə şərtlərini pozaraq, öhdəliyin icrası üçün müəyyən edilmiş son müddətdən, yəni xx xxxx 2018-ci il tarixindən hazırkı iddia ərizəsi verilən günə kimi 14 (on dörd) ay keçməsinə baxmayaraq öhdəliyini icra etməmiş və yaxud, iddiaçının ödədiyi pul vəsaitini geri qaytarmamışdır. İşin faktiki hallarından görünür ki, cavabdeh iddiaçı qarşısında Müqavilədən irəli gələn öhdəliyini icra etmir. Buna görə də, iddiaçı pozulmuş hüquqlarının bərpa edilməsi və ödənilən pulun məcburi qaydada cavabdehdən alınması üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçı hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan, məhkəmə iddia tələbini tam təmin edərək, cavabdehdən müqavilə üzrə aldığı məbləğin və digər xərclərin tutulmasına dair qətnamə qəbul edəcəkdir. İddiaçı hesab edir ki, cavabdeh xx xxxx 2017-ci il tarixli 18 nömrəli Alqı-satqı Müqaviləsinə əsasənsatmalı olduğu kimyəvi məhsullara və avadanlıqları vermədiyinə görə iddiaçıya ödəməli olduğu ******* (bir milyon səkkiz yüz iki min üç yüz on) ABŞ dolları həcmində pul vəsaiti ilə yanaşı, ödənişi gecikdirdiyinə görə bank uçot dərəcəsinə uyğun olaraq illik 5% həcmində əlavə faizi də ödəməlidir. Bu rəqəm isə 100 000 (bir yüz min) ABŞ dolları təşkil edir. İddiaçı MMC xx xxxx 2017-ci il tarixli 18 nömrəli Alqı-satqı Müqaviləsi üzrə alıcı “xxxxxxxx” MMC-nin hüquqi varisidir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X1 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və cavabdeh “X2. ve San.LTD.ŞTİ”-dən xx xxxx 2017-ci il tarixli 18 nömrəli Alqı-satqı Müqaviləsi üzrə ödənilmiş ******* ABŞ dolları məbləğində pulun və ödənişin gecikdirildiyinə görə illik 5%-lə hesablanmış 100000 ABŞ dolları məbləğində faiz olmaqla, cəmi ******* ABŞ dolları məbləğində pul vəsaiti və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh “X2. ve San.LTD.ŞTİ” məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, cavabdehin nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan sənədlərlə müəyyən olunur ki, iddiaçı - xx xxxxx 2018-ci ildə Dövlət qeydiyyatına alınmış İddiaçı (VÖEN: **********) xx xxxx 2017-ci il tarixli 18 nömrəli Alqı-satqı Müqaviləsi üzrə “Alıcı” olan “xxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi varisidir. İş materiallarında olan Satıcı - “X2. ve San.LTD.ŞTİ” ilə Alıcı -“xxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti (indiki adı: İddiaçı) arasında bağlanmış xx xxxx 2017-ci il tarixli 18 nömrəli Alqı-satqı Müqaviləsinə əsasən “Satıcı” “Alıcı”ya dəri aşılanması üçün lazım olan kimyəvi məhsulları və avadanlıqları satır, “Alıcı” isə həmin malların dəyərinin ödənişini 100 % həyata keçirəndən sonra həmin malları qəbul edir (1.1-ci bənd). Həmin Müqavilənin 2.1.1-ci bəndinə əsasən, “Satıcı” malın dəyəri “Alıcı” tərəfindən tam ödənildikdən sonra 360 gün ərzində malları “Alıcı”ya göndərməlidir. Həmin Müqavilənin 2.1.2-ci bəndinə əsasən, “Satıcı” mallarla birlikdə təhvil-təslim sənədləri (qaimə-faktııra) verməlidir. Həmin Müqavilənin 2.2.1-ci bəndinə əsasən, “Alıcı” malları qanunvericilikdə nəzərdə tutulmuş qaydada qəbul etməlidir. Həmin Müqavilənin 2.2.2-ci bəndinə əsasən, “Alıcı” alınmış malların dəyərini qabaqcadan ödəməlidir. Həmin Müqavilənin 3-cü bəndinin tələblərinə görə, Müqavilənin məbləği ******* (bir milyon səkkiz yüz iki min üç yüz on) ABŞ dollarıdır (3.1-ci bənd), Ödəniş «Alıcı» tərəfindən köçürmə formasında həyata keçirilməlidir (3.2-ci bənd) və Ödəniş qabaqcadan ödəniş formasında aparılmalıdır (3.3-cü bənd). Həmin Müqavilənin 6.1-ci bəndinə əsasən, bu Müqavilə imzalandığı gündən 1 il müddətində qüvvədədir. İş materiallarında olan Hesabdan Çıxarış və digər maliyyə-hesabat sənədləri ilə müəyyən olunur ki, xx xxxx 2017-ci ildə “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin Binəqədi filialı vasitəsi ilə cəmi ******* (bir milyon səkkiz yüz iki min üç yüz on) ABŞ dolları məbləğində pul vəsaiti “xxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən “X2. ve San.LTD.ŞTİ”-nin bank hesabına köçürülmüşdür. Təsvir olunanlarla müəyyən edilir ki, tərəflər arasında bağlanmış xx xxxx 2017-ci il tarixli 18 nömrəli Alqı-satqı Müqaviləsinin tələblərinə uyğun olaraq ******* (bir milyon səkkiz yüz iki min üç yüz on) ABŞ dolları dəyərində dəri aşılanması üçün lazım olan kimyəvi məhsulların və avadanlıqların alınması üçün alıcı “xxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən həmin Müqavilədə nəzərdə tutulan ******* (bir milyon səkkiz yüz iki min üç yüz on) ABŞ dolları məbləğində pul vəsaiti xx xxxx 2017-ci ildə satıcı “X2. ve San.LTD.ŞTİ”-nin bank hesabına köçürülməsinə və həmin vaxtdan hazırkı iddia ərizəsinin xx xxxxxx 2019-cu ildə məhkəməyə təqdim olunanadək Müqavilədə nəzərdə tutulan 360 günlük müddətin bitməsinə baxmayaraq, Satıcı tərəfindən hesabına köçürülmüş pul vəsaitinin müqabilində məlum Müqavilədə nəzərdə tutulan dəri aşılanması üçün lazım olan kimyəvi məhsullar və avadanlıqlar Alıcıya satılmamışdır (verilməmişdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci madəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən, satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin Məcəllənin 569.1-ci maddəsinə əsasən, satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alğı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 575.1-ci maddəsinə əsasən, əgər satıcı satılmış əşyanı alıcıya verməkdən imtina edirsə, alıcı alğı-satqı müqaviləsinin icrasından imtina edə bilər. Həmin Məcəllənin 599.3-cü maddəsinə əsasən, qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 599.4-cü maddəsinə əsasən, satıcı qabaqcadan ödənilmiş əşyanı vermək vəzifəsini icra etmədikdə və alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda əşyanın müqaviləyə görə verilməli olduğu gündən alıcıya verildiyi və ya qabaqcadan ödədiyi məbləğin ona qaytarıldığı günədək qabaqcadan ödəniş məbləğindən bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə satıcının alıcıdan qabaqcadan ödəniş məbləğini aldığı gündən həmin məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Beləliklə də, yuxarıda təsvir olunanlarla müəyyən olunur ki, İddiaçı (əvvəlki adı “xxxxxxxx” MMC) ilə cavabdeh “X2. ve San.LTD.ŞTİ” arasında bağlanmış xx xxxx 2017-ci il tarixli 18 nömrəli Alqı-satqı Müqaviləsi üzrə iddiaçı (alıcı) tərəfindən xx xxxx 2017-ci ildə ödənilmiş olan ******* (bir milyon səkkiz yüz iki min üç yüz on) ABŞ dolları məbləğində (Müqavilə üzrə müəyyən edilmiş tam məbləğ) pul vəsaitinin əvəzi olaraq cavabdeh (satıcı) “X2. ve San.LTD.ŞTİ” tərəfindən dəri aşılanması üçün lazım olan kimyəvi məhsullar və avadanlıqlar Müqavilədə nəzərdə tutulan müddət başa çatmasına baxmayaraq halhazıradək “Alıcı”ya təhvil verilməmişdir (satılmamışdır). Buna görə də, hazırkı iddia ərizəsində ödənilmiş ******* (bir milyon səkkiz yüz iki min üç yüz on) ABŞ dolları məbləğində borcun və həmin borc üzrə ödənişin gecikdirildiyinə görə illik 5%-lə olmaqla hesablanmış 100000 (yüz min) ABŞ dolları məbləğində pul vəsaitinin cavabdehdən tutulması xahiş olunmuşdur. İş materiallarından görünür ki, xx xxxx 2017-ci il tarixli 18 nömrəli Alqı-satqı Müqaviləsi üzrə alınmalı olan məhsulların verilməsi və ya ödənilmiş pulun qaytarılması ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıqlar olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 449.2-ci maddəsinə əsasən, bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Yuxarıda təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı xx xxxx 2017-ci il tarixli 18 nömrəli Alqı-satqı Müqaviləsi üzrə xx xxxx 2017-ci ildə ödənilmiş olan ******* (bir milyon səkkiz yüz iki min üç yüz on) ABŞ dolları məbləğində pul vəsaitinin cavabdeh “X2. ve San.LTD.ŞTİ”-dən tutulması barədə iddia tələbi əsaslıdır və təmin olunmalıdır. Eyni zamanda, xx xxxx 2017-ci il tarixli 18 nömrəli Alqı-satqı Müqaviləsi üzrə ödənilmiş ******* ABŞ dolları məbləğində pulun qaytarılmaması ilə əlaqədar illik 5%-lə hesablandıqda ödənilməli məbləğ iddia tələbində göstərilən 100000 (yüz min) ABŞ dolları məbləğində deyil, 90115,50 (doxsan min yüz on beş dollar 50 sent) ABŞ dolları məbləğində müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və cavabdeh “X2. ve San.LTD.ŞTİ”-dən xx xxxx 2017-ci il tarixli 18 nömrəli alqı-satqı müqaviləsi üzrə yaranmış ******* ABŞ dolları məbləğində borc və ödənişin gecikdirildiyinə görə illik 5%-lə hesablanmış 90115,50 ABŞ dolları məbləğində pul vəsaiti olmaqla, cəmi 1892425,5 ABŞ dolları məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Eləcə də, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh “X2. ve San.LTD.ŞTİ”-dən xx xxxx 2017-ci il tarixli 18 nömrəli alqı-satqı müqaviləsi üzrə yaranmış ******* (bir milyon səkkiz yüz iki min üç yüz on) ABŞ dolları məbləğində borc və ödənişin gecikdirildiyinə görə illik 5%-lə hesablanmış 90115,50 (doxsan min yüz on beş dollar 50 sent) ABŞ dolları məbləğində pul vəsaiti olmaqla, cəmi 1892425,5 (bir milyon səkkiz yüz doxsan iki min dörd yüz iyirmi beş dollar 50 sent) ABŞ dolları məbləğində pul vəsaiti və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-22/2020
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-22/2020
01.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver