Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-2204/2025 11.12.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Əliyev İslam Əli oğlunun sədrliyi, Novruzzadə Türkan Hüseyn qızının katibliyi, İddiaçı qanuni təmsilçisi Nümayəndə2 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “pul tələbi” barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları:
1. İddiaçı Cavabdehnə qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 4498 manat borc, 600 manat dəbbə pulu, hüquqi yardıma görə ödənilmiş 400 manat xidmət haqqı və ödənilmiş 74,98 manat dövlət rüsumunun əvəzi olmaqla, ümumillikdə 5572,98 manat pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə İddiaçı MMC arasında 07 dekabr 2024-cü il tarixində alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin alqı-satqı müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 11012947 nömrəli, xx.xx.2025-ci il tarixli elekron qaimə üzrə 3473,0001 manat (ƏDV daxil); 11617763 nömrəli xx.xx.2025-ci il tarixli elektron qaimə üzrə 1024,9999 manat (ƏDV daxil) dəyərində mallar satılmışdır: Beləliklə, iddiaçı tərəfindən cavabdehə ümumilikdə 4498 (dörd min dörd yüz doxsan səkkiz) manat dəyərində mal satılmış və cavabdehin iddiaçıya 4498 manat borcu qalmışdır. İddiaçı MMC avtomobillərin, tırların ehtiyat hissələrinin alqı-satqı fəaliyyətini həyata keçirən mikro sahibkarlıq subyektidir. Cavabdehin mövcud olan borcunun nə hissəhissə, nə də ümumilikdə ödəməyə cəhd göstərməməsi mikro sahibkarlıq subyekti olaraq iddiaçının fəaliyyətinə zərər vurmuş, nağd pul dövriyyəsində kəsir yaranmışdır. Əgər cavabdeh borcunu vaxtında ödəsəydi, həmin məbləğlə digər tədarükçüdən mal alınacaq və iddiaçı satış dövriyyəsi genişləndirəcəkdi. Cavabdeh tərəfindən borcun vaxtında ödənilməməsi səbəbindən iddiaçı tədarükçülərdən malları kreditlə almağa məcbur olmuşdur. İddiaçı vaxtında vəsait ala bilməməyi səbəbindən digər tərəfdaşlar qarşısında öhdəliklərini yerinə yetirə bilməmiş, bu da onun sahibkarlıq nüfuzuna mənfi təsir göstərmişdir. Bu səbəblərdən sahibkarlıq fəaliyyətimizə dəymiş zərərə görə 600 manat məbləğində cərimə olunması məqsədə müvafiqdir. Bundan başqa iddiaçı məhkəməyə müraciət etmək üçün hüquqi konsultasiya və hüquqi sənədlərin tərtib olunması məqsədi ilə hüquqi yardıma görə 400 manat məbləğində xidmət haqqı ödəmişdir.
3. Məhkəmə iclasında iştirak edən İddiaçı qanuni təmsilçisi Nümayəndə2 iddia tələbini müdafiə edərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən onun nümayəndəsi məhkəmə baxışı iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə uyğun olaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.
6. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir.
7. Belə ki, iş materiallarında olan icraçı - İddiaçı ilə sifarişçi Cavabdeh arasında bağlanmış 07 dekabr 2024-cü il tarixli, CF/AH 07122024 nömrəli alqı-satqı müqaviləsinə əsasən sifarişçi yük maşınlarının ehtiyyat hissələrinin satışı xidmətlərinin göstərilməsini sifariş verib icraçıya razılaşdırılmış xidmət haqqı ödəməyi, icraçı isə sifarişçinin müəyyən etdiyi qaydada yuxarda göstərilən xidmətləri (bundan sonra "Xidmət") göstərməyi öhdəsinə götürür.
8. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən göstərilən xidmətlərin həcmi bu müqaviləyə əlavə edilən xidmət aktı (və ya aktları) ilə müəyyənləşdirilir. Bu müqavilə üzrə xidmət haqqının miqdarı müqavilənin tərkib hissəsi olan xidmətlərin göstərilməsinə dair hesab-fakturada qeyd edilir.
9. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən göstərilən xidmətlərin həcmi tərəflərin razılaşması ilə müəyyən edilir və xidmətlərin göstərilməsinə dair xidmət haqqı müqavilənin tərkib hissəsi olan elektron qaimə-fakturada qeyd edilir.
10. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən elektron qaimə-faktura təsdiq olunduqdan sonra 30 (otuz) iş günü ərzində ödəniş icra olunmalıdır.
11. İş materiallarından görünür ki, İddiaçı tərəfindən Cavabdehnə 3473,0001 manat dəyərində malların satılması ilə əlaqədar 13 fevral 2025-ci il tarixli MT2502 seriyalı 11012947 nömrəli, 1024,9999 manat dəyərində malların satılması ilə əlaqədar 21 iyul 2025-ci il tarixli MT2507 seriyalı 11617763 nömrəli elektron qaimələr təqdim olunmuşdur.
12. İş materiallarından görünür ki, göstərilən elektron qaimələr sistem tərəfindən təsdiqlənmişdir.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci madəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
14. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
15. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
17. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
18. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
19. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
20. Həmin Məcəllənin 430.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir.
21. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
22. Beləliklə, təsvir olunanlarla müəyyən edilir ki, iddiaçı və cavabdeh arasında 07 dekabr 2024-cü il tarixli, CF/AH 07122024 nömrəli alqı-satqı müqaviləsi bağlanılmış, müqavilə öhdəliklərinə uyğun olaraq satıcı qismində olan iddiaçı həmin müqavilənin predmetini təşkil edən malları cavabdehin mülkiyyətinə vermiş, alıcı qismində iştirak edən cavabdeh isə müqavilə öhdəliklərinə riayət etməyərək həmin malların dəyərini iddiaçıya ödəməmiş, nəticədə cavabdehin iddiaçıya 4498 manat məbləğində borcu yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin cavabdehdən 07 dekabr 2024-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 4498 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması hissəsi əsaslıdır və təmin edilməlidir.
23. İddia tələbinin cavabdehdən 600 manat dəbbə pulunun tutulmasına aid hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, 07 dekabr 2024-cü il tarixli, CF/AH 07122024 nömrəli alqısatqı müqaviləsində öhdəliyin icra edilməməsinə və ya lazımınca icra edilməməsinə, o cümlədən onun icrasının gecikdirildiyi halda cavabdehin iddiaçıya cərimə məbləği ödəməli olması nəzərdə tutulmamışdır.
24. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən pul məbləğidir və həmin Məcəllənin 463.1-ci maddəsinə əsasən, dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalı olduğundan tərəflər arasında bağlanmış kredit müqaviləsinin məzmununda, o cümlədən həmin müqaviləni tənzimləyən qanunvericiliyin normalarında öhdəliyin pozulmasına görə dəbbə pulunun (cərimənin, penyanın) ödənilməsi nəzərdə tutulmadığından iddia tələbi bu hissədə təmin edilməməlidir.
25. Bundan başqa iddia tələbinin cavabdehdən hüquqi yardıma görə ödənilmiş 400 manat xidmət haqqının əvəzinin tutulmasına aid hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, həmin məbləğin ödənilməsinə dair iddiaçı tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilmədiyindən iddia həmin hissədə də təmin olunmamalıdır.
26. Məhkəmə həmçinin qeyd edir ki, hazırkı iddia tələbinin həcminə uyğun hesablanmış 64,98 (altmış dörd manat doxsan səkkiz qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
27. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur.
28. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
29. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək istinad edilən qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 4498 (dörd min dörd yüz doxsan səkkiz) manat məbləğində əsas borc və ödənilmiş 64,98 (altmış dörd manat doxsan səkkiz qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 4562,98 (dörd min beş yüz altmış iki manat doxsan səkkiz qəpik) manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin olunmamalıdır.
30. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
33. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
34. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdehndən 4498 (dörd min dörd yüz doxsan səkkiz) manat məbləğində əsas borc və ödənilmiş 64,98 (altmış dörd manat doxsan səkkiz qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 4562,98 (dörd min beş yüz altmış iki manat doxsan səkkiz qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: İslam Əliyev