Məhkəmə qərarları › İş №e-2-2(119)-2232/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-2232/2025

11.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-2232/2025 11.12.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Calalova Jalə Habil qızının katibliyi ilə, İddiaçı tərəfindən Cavabdeh qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək 1885,08 (min səkkiz yüz səksən beş manat, səkkiz qəpik) manat məbləğində borc və 39 (otuz doqquz) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı və cavabdeh arasında bağlanmış 11 oktyabr 2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən iddiaçı cavabdehə tələb olunan malı satmağı, cavabdeh isə həmin malı qəbul etməyi və müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəməyi öz öhdəsinə götürmüşdür. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən də aydın görünür ki, cavabdeh iddiaçıdan müxtəlif inşaat məhsulları almışdır. Cavabdeh məhsulları qəbul etməsinə baxmayaraq, hər dəfə öz öhdəliklərini yerinə yetirməkdən boyun qaçırmışdır. Cavabdehin 1885,08 manat məbləğində borcu vardır. Cavabdehlə mübahisənin pretenziya qaydasında həll edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək işə onun nümayəndəsinin iştirakı olmadan baxılaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanaraq, işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materialları: İş materiallarında olan tərəflər arasında bağlanmış 11 oktyabr 2021-ci il tarixli alqısatqı müqaviləsinin 1.1-ci bəndinə əsasən, satıcı (İddiaçı MMC) müqavilənin 1.2-ci bəndində göstərilən məhsulları alıcıya (Cavabdeh) satmağı, alıcı isə öz növbəsində həmin məhsulları almağı və onun dəyərini ödəməyi öz üzərinə götürür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən, müqavilənin predmeti olan məhsulun növləri, çeşidi, kəmiyyət və qiyməti müqavilənin ayrılmaz tərkib hissəsi olan alıcıya təqdim olunmuş qiymət cədvəlində öz əksini tapır. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən, alıcı və satıcı arasında ödənişlər məhsulun qəbul edilməsindən sonrakı 7 gündən gec olmayaraq həyata keçirilir. Həmin müqavilənin 3.3-cü bəndinə əsasən, tərəflərin qarşılıqlı razılaşmasına əsasən aralarındakı məhsul dövriyyəsi və borc qalıqları ilə bağlı aylıq, rüblük və illik öhdəliklərin qarşılıqlı üzləşdirilməsi aktları tərtib edilə bilər. Həmin müqavilənin 5.1.1-ci yarımbəndinə əsasən, satıcı alıcıdan satılmış məhsulun dəyərini müqavilədə müəyyən edilmiş müddətdə ödəməyi tələb etmək hüququna malikdir. Həmin müqavilənin 5.2.3-cü yarımbəndinə əsasən, alıcı məhsulların dəyərini müqavilə ilə müəyyən edilmiş vaxtda ödəmək vəzifəsi daşıyır. İş materiallarında olan iddiaçının nümayəndələri və cavabdeh tərəfindən imzalanmış 23 dekabr 2024-cü il tarixli qarşılıqlı üzləşmə aktında 23 dekabr 2024-cü il tarixinə cavabdehin iddiaçıya 3885,08 manat məbləğində borcu olduğu qeyd edilmişdir. İş materiallarında olan iddiaçının nümayəndələri və cavabdeh tərəfindən imzalanmış 06 mart 2025-ci il tarixli təhvil-təslim aktında 06 mart 2025-ci il tarixinə cavabdehin iddiaçıya 1885,08 manat məbləğində borcu olduğu qeyd edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 567-ci madəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Beləliklə, təsvir olunanlarla müəyyən edilir ki, iddiaçı və cavabdeh arasında 11 oktyabr 2021-ci il tarixli alqı-satqı müqaviləsi bağlanılmış, müqavilə öhdəliklərinə uyğun olaraq satıcı qismində olan iddiaçı həmin müqavilənin predmeti olan malları cavabdehin mülkiyyətinə vermiş, alıcı qismində iştirak edən cavabdeh isə müqavilə öhdəliklərinə riayət etməyərək həmin malların dəyərini iddiaçıya ödəməmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş iddiaçının nümayəndələri və cavabdeh tərəfindən imzalanaraq təsdiqlənmiş 06 mart 2025-ci il tarixli təhvil-təslim aktından görünür ki, cavabdeh iddiaçıya 1885,08 manat məbləğində manat məbləğində borcu olduğunu qəbul etmişdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, 1885,08 manat məbləğində borcun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. Hazırkı iddia təmin edildiyindən aşağıda qeyd edilənlərə əsasən iddiaçı tərəfindən ödənilmiş 39 manat məbləğində dövlət rüsumunun əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, 1885,08 manat məbləğində borc və 39 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1924,08 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdеh Cavabdeh 1885,08 (min səkkiz yüz səksən beş manat, səkkiz qəpik) manat məbləğində əsas borc və 39 (otuz doqquz) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1924,08 (min doqquz yüz iyirmi dörd manat, səkkiz qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar