Məhkəmə qərarları › İş №e-2-2(119)-2239/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-2239/2024

20.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-2239/2024 20.12.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlu, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən Cavabdeh qarşı verilmiş “lizinq müqaviləsi üzrə borcun tutulması” tələbi barədə ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN E T D İ: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə borcun tutulması” tələbi barədə ərizə ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli 499-GL/18 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2024-cü il tarixə hesablanmış 7060 (yeddi min altmış) manat məbləğində borc, 9536,72 (doqquz min beş yüz otuz altı manat, yetmiş iki qəpik) manat məbləğində cərimə, hüquqi yardımla bağlı ödənilmiş 500 (beş yüz) manat pul vəsaitinin əvəzi olmaqla, cəmi 17096,72 (on yeddi min doxsan altı manat, yetmiş iki qəpik) manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatının mümkünlüyünün yoxlanılması ilə əlaqədar ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən həmin ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, tərəflər arasında bağlanmış 04 iyul 2019-cu il tarixli 499-GL/18 nömrəli lizinq müqaviləsinin “Mübahisəli məsələlərin həlli” adlanan 8-ci bölməsinə əsasən, müqavilənin yerinə yetirilməməsi nəticəsində meydana çıxmış bütün mübahisə və fikir ayrılıqlarının həlli 30 gün müddətində danışıqlar yolu ilə mümkün olmadıqda, tərəflər lizinq verənin yerləşdiyi ərazi üzrə aidiyyatı məhkəmələrə müraciət edə bilərlər. “Elektron məhkəmə” informasiya sistemi ilə müəyyən edilir ki, iddiaçının (müqavilə üzrə lizinq verənin) hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti, 1965-ci məhəllədir. Göründüyü kimi, tərəflər bağlanmış lizinq müqaviləsinin 8-ci bölməsində gələcəkdə aralarında baş verə biləcək mübahisəyə lizinq verənin yerləşdiyi ərazi üzrə aidiyyəti məhkəmədə - Bakı Kommersiya Məhkəməsində baxılacağı barədə razılığa gəlmələrinə, yəni aralarındakı mübahisələrə dair müqavilə aidiyyətini müəyyənləşdirmələrinə baxmayaraq, iddiaçı həmin qaydaya riayət etməmişdir. Həmin Məcəllənin 40.2-ci maddəsinə əsasən tərəflər öz aralarındakı saziş ilə işin ərazi aidiyyətini dəyişdirə bilərlər. Saziş yazılı şəkildə ifadə olunmalıdır. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən, saziş tərəflər arasında gələcəkdə baş verə biləcək konkret mübahisə ilə bağlı əvvəlcədən, habelə məhkəmənin icraatında olan müəyyən məhkəmə işi ilə bağlı həmin iş üzrə məhkəmənin hazırlıq iclası keçirilənədək bağlana bilər. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göstərilənlərə əsasən hazırkı ərizəyə Sumqayıt Kommersiya Məhkəməsində baxılmalı olmadığından geri qaytarılmalıdır. Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinin tələblərinə görə, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 149-152, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA A L D I: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən Cavabdeh qarşı verilmiş “lizinq müqaviləsi üzrə borcun tutulması” tələbi barədə ərizə iddiaçıyə geri qaytarılsın. İddiaçıya izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə müvafiq məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar