Məhkəmə qərarları › İş №e-2-2(119)-2254/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-2254/2025

21.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-2254/2025 21.11.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlu, İddiaçı “AzEstetik Pro" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı “AzEstetik Pro" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 7430 (yeddi min dörd yüz otuz) manat məbləğində borc, 325 (üç yüz iyirmi beş) manat məbləğində cərimə və 97,55 (doxsan yeddi manat, əlli beş) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında 06 dekabr 2023-cü il tarixli alqı-satqı müqaviləsi, qiymətlərin razılaşma protokolu və təhvil-təslim aktı imzalanmışdır. Müqaviləyə və X1 əsasən cavabdeh iddiaçıdan ümumi dəyəri 13600 manat olan mal almışdır. Həmin məbləğin 1000 manat hissəsi ilkin olaraq ödənilmişdir. Cavabdeh qalıq məbləği, yəni 12600 manat məbləğində pul vəsaitini 06 dekabr 2023-cü il tarixli qiymətlərin razılaşma protokolunda göstərilən qrafikə əsasən 06 yanvar 2024-cü il tarixdən başlayaraq ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 5.2-ci maddəsinə əsasən, nəzərdə tutulan ödəniş müddətindən sonra alıcı (cavabdeh) hər gecikdirilmiş gün üçün ödənilməyən məbləğin 1% həcmində satıcıya (iddiaçıya) cərimə ödəyir. Hazırkı vaxta cavabdehin əsas məbləğ üzrə qalıq borcu 7430 manat, cərimə üzrə 325 manat məbləğində təşkil edir. Cavabdehlə mübahisənin pretenziya qaydasında nizama salınmasına cəhd edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iddiaçının cavabdehə qarşı iddia ərizəsinə dair kommersiya işinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş, bununla əlaqədar Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehə göndərilmişdir. Məhkəmə kiçik iddialara dair işlər üzrə ərizəni və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materialları: İş materiallarında olan iddiaçı ilə cavabdeh arasında bağlanmış 06 dekabr 2023-cü il tarixli alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən, satıcı (iddiaçı “AzEstetik Pro" MMC) ümumi dəyəri və təyinatı, bu müqavilənin tərkib hissəsi olan qiymətlərin razılaşma protokolunda əks olunan texniki avadanlıqları dəyərini nağd və ya hissə-hissə ödənilməklə alıcıya (Cavabdeh) satmağı, alıcı isə malı qəbul edib qiymətini bu müqaviləyə və Əlavə 1də əks olunmuş formada satıcıya ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.1.4-cü və 2.1.9-cu yarımbəndlərinə əsasən, satılan malın dəyərinin ilkin ödənişi edildikdən sonra qalıq məbləğini 24 ay ərzində bu müqavilənin tərkib hissəsi olan Əlavə 1 əsasında ödənilməsini alıcıdan tələb etmək, müqavilə ilə nəzərdə tutulmuş öhdəliklərin, vəzifələrin alıcı tərəfindən vaxtında və lazımi qaydada icra olunmasını tələb etmək satıcının hüququdur. Həmin müqavilənin 2.2.2-ci yarımbəndinə əsasən, malın dəyərini vaxtında və müqavilədə qeyd olunan qaydada və şərtlərlə ödəmək alıcının vəzifəsidir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən, müqavilənin 1.1-ci maddəsinə əsasən Əlavə 1-də qeyd olunan malın ümumi dəyəri 13600 manat təşkil edir. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən, alıcı alınan malın dəyərinin ümumi razılaşdırılmış məbləğinin 1000 manat ilkin ödənişini dərhal, qalıq məbləği 24 ay ərzində Əlavə 1-ə uyğun formada satıcıya ödəniş qəbzləri (və ya mədaxil qəbzləri) əsasında ödəyir. Həmin müqavilənin 3.3-cü bəndinə əsasən, alıcı mallara görə təqdim olunmuş hesab-fakturaya və ya qaimə-fakturaya əsasən satıcıdan aldığı malların dəyərini nağd və ya köçürmə yolu ilə satıcıya ödəyir. Həmin müqavilənin 5.2-ci bəndinə əsasən, alıcı malın dəyərini və qalıq məbləğini müqavilənin 3.2-ci maddəsində göstərilən müddətdə 1 nömrəli əlavəyə uyğun olaraq tam və ya qismən icra etmədikdə, hər gecikdirilmiş gün üçün ödənilməyən məbləğin 1% həcmində satıcıya cərimə ödəyir. İş materiallarında olan 06 dekabr 2023-cü il tarixli X1 (Əlavə 1-ə) əsasən, 12600 manat məbləğində olan qalıq ödənişin aylıq 525 manat məbləğində olmaqla 06 yanvar 2024-cü il tarixdən başlayaraq 06 dekabr 2025-ci il tarixədək ödənilməsi tərəflər arasında razılaşdırılmışdır. İş materiallarında olan 06 dekabr 2023-cü il tarixli təhvil-təslim aktlarına (Əlavə 2-yə) əsasən, iddiaçı tərəfindən 1 ədəd “QUARTZ PRO”, 1 ədəd “Kosmetoloji kreslo”, 1 ədəd “Lupa”, 1 ədəd “Etajerka şüşə”, 2 ədəd “Gel İPL”, 1 ədəd “DESCOSEPT 1LT”, 4 ədəd “Distillə su”, 1 ədəd “Kuşetka örtüyü”, 1 ədəd “Maşinka” və 1 ədəd “Stabilizator” adlı mallar cavabdehə təhvil verilmişdir. İş materiallarında olan 16 oktyabr 2025-ci il tarixli 017 nömrəli maliyyə arayışından görünür ki, cavabdeh iddiaçıya 06 dekabr 2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə cəmi 5170 manat məbləğində ödəniş həyata keçirmişdir, cavabdehin 7430 manat məbləğində borcu vardır və 325 manat məbləğində cərimə hesablanmışdır. Tətbiq edilən hüquq: Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmənin mövqeyi: Beləliklə, yuxarıda təsvir olunanlarla müəyyən edilir ki, iddiaçı ilə cavabdeh arasında 06 dekabr 2023-cü il tarixli alqı-satqı müqaviləsi bağlanılmış, satıcı qismində çıxış edən iddiaçı müqavilə öhdəliklərinə uyğun olaraq həmin müqavilənin predmeti olan avadanlıqları cavabdehə təqdim etsə də, alıcı qismində iştirak edən cavabdeh həmin müqavilə üzrə üzərində götürdüyü öhdəlikləri lazımınca icra etməyərək təhvil aldığı malların dəyərini tam olaraq ödəməmiş və bununla da öhdəliyini lazımınca yerinə yetirməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 06 dekabr 2023-cü il tarixli müqavilə üzrə 7430 manat məbləğində borc məbləğinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. İddia tələbinin cavabdehdən 06 dekabr 2023-cü il tarixli müqavilə üzrə 325 manat məbləğində cərimənin tutulmasına aid hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliyin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan (müqavilənin yuxarıda istinad edilmiş 5.2-ci bəndi) iddiaçı cavabdehdən cərimənin ödənilməsini də tələb etməkdə haqlıdır və iddia tələbi bu hissədə də təmin edilməlidir. Bundan başqa, iddia tələbinin 97,55 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulmasına aid hissəsinə gəldikdə, iş materiallarında olan 27 oktyabr 2025-ci il tarixli **********28 nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilən zaman 97,55 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iddia təmin edildiyindən yuxarıda istinad olunan qanunvericilik normalarının tələblərinə əsasən iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 97,55 manat məbləğində dövlət rüsumunun əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirib, istinad olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 7430 manat məbləğində borc, 325 manat məbləğində cərimə və 97,55 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 7852,55 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 284-1–284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh 7430 (yeddi min dörd yüz otuz) manat məbləğində borc, 325 (üç yüz iyirmi beş) manat məbləğində cərimə və 97,55 (doxsan yeddi manat, əlli beş qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 7852,55 (yeddi min səkkiz yüz əlli iki manat, əlli beş qəpik) manat məbləğində pul vəsaiti iddiaçı “AzEstetik Pro" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar