Məhkəmə qərarları › İş №e-2-2(119)-2267/2022

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-2267/2022

30.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-2267/2022 30.12.2022 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlu, iddiaçı Nümayəndə tərəfindən Cavabdeh Məhdud Məsuliyyyətli Cəmiyyətinə qarşı verilmiş iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN E T D İ: İddiaçı Nümayəndə 27 dekabr 2022-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh Məhdud Məsuliyyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etmişdir. Həmin iddia ərizəsində iddia tələbi tam və dəqiq qeyd olunmasa da, iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, kreditor Nümayəndə (VÖEN **********) ilə borclu Cavabdeh arasında başlanmış mediasiya prosesi nəticəsində mediatorun iştirakı ilə tərəflər 06 sentyabr 2022-ci il tarixli MŞB/9-00277 nömrəli Barışıq Sazişi imzamış olsalar da, sonuncu həmin Sazişlə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş və buna görə də, Nümayəndə “iddiaçı” qismində olaraq “cavabdeh” qismində Cavabdehnə qarşı iddia icraatı qaydasında hazırkı iddia ərziəsi ilə məhkəməyə müraciət etmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin və “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə görə tərəflər arasında keçirilmiş mediasiya prosesi müvafiq Barışıq Sazişinin bağlanması ilə nəticələndiyi və borclu tərəf həmin Barışıq Sazişini icra etmədiyi halda - kreditor məhkəməyə iddia icraatı qaydasında deyil, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 40-7-ci fəslində təsbit olunmuş mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsinə dair işlər üzrə icraatın xüsusiyyətlərini nizamlayan 355- 23-cü, 355-24-cü, 355-25-ci və 355-26-cı maddələrinin tələblərinə uyğun olaraq “xüsusi icraat” qaydasında müraciət etməlidir. Bu halda isə həmin müraciət iddia ərizəsi kimi deyil, xüsusi icraat qaydasında verilən ərizə kimi tərtib olunaraq, tərəflər “ərizəçi” və “maraqlı şəxs” olaraq göstərilməklə, ərizə həmin icraata uyğun əsaslandırılmalı və həmin icraata uyğun tələblə, yəni "mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi" barədə ərizə ilə məhkəməyə müraciət edilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə görə barışıq sazişi – tərəflər arasında mediasiya prosesi nəticəsində əldə edilən yazılı razılaşmadır (maddə 1.0.7.), tərəflər barışıq sazişinin icrasını təmin etməlidirlər (maddə 9.3.1.), barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır (maddə 33.1.) və barışıq sazişi tərəflər və mediator (mediatorlar) tərəfindən imzalanır (maddə 33.2.). Həmin Qanunun 34.1-ci maddəsinə əsasən, barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə, barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.2-cü maddəsinə əsasən, barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən, əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinə əsasən, barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 306.1-ci maddəsinə əsasən, məhkəmələr tərəfindən xüsusi icraat işlərinə bu Məcəllənin ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Həmin Məcəllənin 306.2-ci maddəsinə əsasən, xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinin tələblərinə görə, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə isə barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Göründüyü kimi, yuxarıda təsvir olunanlarla müəyyən olunur ki, hazırkı iddia ərizəsində qeyd olunan mübahisə ilə əlaqədar “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq aidiyyəti üzrə Kommersiya Məhkəməsinə “iddia icraatı” qaydasında deyil, müvafiq qaydada tərib edilmiş ərizə ilə ərizəçinin yaşadığı yer üzrə müvafiq məhkəməyə “xüsusi icraat” qaydasında müraciət oluna bilər. Qeyd etmək lazımdır ki, sahibkarlıq fəaliyyəti üzrə bu kimi müraciətlərə kommersiya məhkəmələri baxmalı olsalar da, müraciət edən tərəfindən icraat növünün düzgün müəyyən edilmədən tərtib olunaraq verilən iddia ərizələri üzrə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə uyğun məhkəmə icraatı mümkün deyildir. Buna görə də, müraciət edən tərəfindən hazırkı müraciət üzrə icraat növü düzgün müəyyən edilməli və ərizə məhkəməyə Mülki-Prosessual Məcəllənin 149 - 150-ci maddələrinin və eyni zamanda, həmin Məcəllənin 40-7-ci fəslində təsbit olunmuş maddələrinin tələblərinə uyğun tərtib edilərək verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə - hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Beləliklə də, məhkəmə icraatının mümkünlüyünün yoxlanılması ilə əlaqədar iddiaçı Nümayəndə tərəfindən Cavabdeh Məhdud Məsuliyyyətli Cəmiyyətinə qarşı verilmiş iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, yuxarıda göstərilənlərə əsasən yolverilməzliyinə görə həmin iddia ərizəsinin qəbul edilməsindən imtina olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi Mülki-Prosessual Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-153, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Nümayəndə tərəfindən Cavabdeh Məhdud Məsuliyyyətli Cəmiyyətinə qarşı verilmiş iddia ərizəsinin icraata qəbul olunmasından imtina edilsin. İddiaçıya izah olunsun ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, xüsusi icraat qaydasında tərtib edilən "mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi" barədə ərizə ilə aidiyyəti üzrə müvafiq kommersiya məhkəməsinə müraciət oluna bilər. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar