Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-229/2025 13.02.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Məmmədova Nərminə İdris qızının katibliyi, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi Nümayəndə1, Cavabdeh və onun nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən Cavabdeh qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi 16 dekabr 2024-cü il tarixində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Cavabdeh qarşı iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək tərəflər arasında bağlanmış 03 fevral 2017-ci il tarixli 301-GL/17 nömrəli lizinq müqaviləsi üzrə 5720 (beş min yeddi yüz iyirmi) manat məbləğində əsas borc, 10174,67 (on min yüz yetmiş dörd manat, altmış yeddi qəpik) manat məbləğində cərimə, habelə hüquqi yardımın göstərilməsi ilə bağlı ödənilmiş 500 (beş yüz) manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ("xxxx" ASC) ilə cavabdeh arasında bağlanılmış 03 fevral 2017-ci il tarixli 301-GL/17 nömrəli müqaviləyə əsasən, cavabdeh dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq ödəmək şərtilə kənd təsərrüfatı texnikalarını lizinqə götürmüşdür. Cavabdeh həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi 11 dekabr 2024-cü il tarixinə 03 fevral 2017-ci il tarixli 301-GL/17 nömrəli lizinq müqaviləsi üzrə 5720 manat məbləğində borcu yaranmış və 10174,67 manat məbləğində cərimə hesablanmışdır. Cavabdehlə mübahisənin pretenziya qaydasında nizama salınmasına cəhd edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Cavabdehin nümayəndəsi 09 yanvar 2025-ci il tarixdə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, Cavabdehla bağlanmış müqavilə onun bacısının yoldaşı olan X3 tərəfindən X4 tapşırığı ilə bağlanmış və Şücayət Əkbərov barəsində cinayət işi qaldırıldıqdan sonra “MK-ST-2016-1.5” markalı toxumtəmizləyən polis əməkdaşlarının iştirakı ilə X5 təhvil verilmişdir. Bu fakt Şücayət Əkbərovun barəsində çıxarılmış məhkəmə qərarlarında öz təsdiqini tapmışdır. Bundan başqa, cavabdehin nümayəndəsi 23 yanvar 2025-ci il tarixdə vəsatətlə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddia ərizəsində qeyd edilmiş texnika Cavabdeh mülkiyyətində olmamış və o, həmin texnikadan istifadə etməmişdir. Həmin texnikalar ünvan 1 ünvanda qeydiyyatda olan X9 tərəfindən götürülmüş və bu günə qədər də istifadə olunmaqdadır. Bu fakt Şamaxı rayon Nağaraxana kəndində qeydiyyatda olan X8 tərəfindən də təsdiq olunur. Cavabdehin nümayəndəsi göstərilənlərə əsasən, Akşin Hüseynovun şahid kimi dindirilməsini, Arif Alışanovun isə əsl cavabdeh kimi əvəz olunmasını məhkəmədən xahiş etmişdir. Bunlardan əlavə, cavabdehin nümayəndəsi 23 yanvar 2025-ci il tarixdə vəsatətlə məhkəməyə müraciət edərək Cavabdeh ilə iddiaçı arasında 2016-cı ildə bağlanmış müqavilə məhkəməyə təqdim edilmədiyindən həmin müqavilənin kim tərəfindən imzalanmasının şübhə doğurduğunu qeyd etmiş və həmin müqavilənin məhkəməyə təqdim olunmasının təmin edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi 24 yanvar 2025-ci il tarixdə etirazla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, cavabdehin nümayəndəsi tərəfindən verilmiş Akşin Hüseynovun şahid qismində dindirilməsi və cavabdehin əsl cavabdehlə əvəzlənərək X6 əsl cavabdeh qismində cəlb edilməsi barədə vəsatətləri əsassızdır. Texnikaları başqa şəxsin istifadəsinə verməsi cavabdehi müqavilə öhdəliklərindən azad etmir, texnikanı lizinq verənin icazəsi olmadan başqa şəxsə verməməsi və saz vəziyyətdə saxlaması cavabdehin vəzifəsidir. Əgər texnika qanunsuz şəkildə cavabdehdən alınmışdırsa və ya faktiki istifadə edən şəxs texnikanı geri qaytarmırsa, o zaman cavabdeh lizinqə götürdüyü texnikaları digər şəxslərin qanunsuz sahibliyindən geri tələb etmək hüququna malikdir. Odur ki, texnikanın başqa şəxsin istifadəsində olması cavabdehi müqavilə öhdəliyindən azad etmir və şahidin dindirilməsi iş üzrə hansısa əhəmiyyət kəsb etmir. X10 müqavilə üzrə tərəf olmadığından onun hər hansı bir öhdəliyi yaranmır və işə cavabdeh kimi cəlb edilməsi üçün hər hansı hüquqi əsas yoxdur. Bundan əlavə, cavabdehin nümayəndəsi tərəfindən verilmiş müqavilənin təqdim edilməsi barədə vəsatət də əsassız olduğundan rədd edilməlidir. Cavabdehin nümayəndəsinin hansı müqavilənin təqdim edilməsini istəməsi qeyrimüəyyəndir, müqavilənin nömrəsi və tarixi dəqiq qeyd edilməlidir. Digər tərəfdən hazırda cavabdehin cəmi 1 ədəd (hazırkı iddia predmetini təşkil edən müqavilə) aktiv müqaviləsi mövcuddur ki, o da sübut qismində məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddianı müdafiə edərək izahatında bildirdi ki, 18 noyabr 2016-ci il tarixli müqavilə tərəflər arasında bağlanmış ilkin müqavilə olmuş, daha sonra texnikanın ilkin dəyərinin 40 %-nə güzəşt tətbiq edilməklə cavabdehlə 03 fevral 2017-ci il tarixli 301-GL/17 nömrəli müqavilə bağlanılmışdır. Buna görə də 18 noyabr 2016-ci il tarixli müqavilə hüquqi qüvvəsini itirdiyinə görə hansısa əhəmiyyət kəsb etmir. Arif Alışanovun əsl cavabdeh kimi işə cəlb olunmasına razı deyildir, o, hazırkı iş üzrə cavabdeh ola bilməz. Çünki müqavilə Cavabdehla bağlanmış və buna görə cavabdeh də bu şəxs olmalıdır. Tərəflər arasında bağlanmış müqavilənin 2.2.10-cu yarımbəndində lizinqverənin icazəsi olmadan lizinq predmetinin başqa şəxsə verilməsinə yol verilməməsilə bağlı şərt nəzərdə tutulmuşdur. Cavabdehdən lizinq predmetinin götürülməsi iş materiallarına əlavə edilmiş qərarlarda öz əksini tapmamışdır. Həmçinin cavabdeh üçüncü şəxsin qanunsuz hərəkətlərinə mane olmadan texnikanı onun istifadəsinə verərək özü müqavilə şərtlərini pozmuşdur. İddiaçının nümayəndəsi göstərilənlərin nəzərə alınaraq iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh izahatında bildirdi ki, lizinq müqaviləsini imzalasa da, texnikadan istifadə etməmişdir. Lizinq predmeti olan texnika onda olmadığına görə, texnikanın götürülməsilə bağlı hansısa orqana müraciət etməmişdir. Yəni müqavilə onun adına bağlansa da, texnikadan faktiki olaraq qaynı Şücaət Əkbərov istifadə etmişdir. Texnikanın hazırda harada olduğu barədə məlumatı yoxdur. Məhkəmə iclasında cavabdehin nümayəndəsi izahatında bildirdi ki, iddiaçının nümayəndəsi tərəfindən ilkin, yəni 2016-cı il tarixli müqavilə məhkəməyə təqdim edilməlidir. Müqavilənin predmeti olan texnika cavabdehin istifadəsində olmamış, Arif Alışanova qəsdlə əlaqədar 2018-ci ildə cinayət işi qaldırılan zaman hazırkı lizinq predmeti olan texnika da daxil olmaqla müəyyən əmlaklar müsadirə edilmişdir. İşə əlavə etdiyi məhkəmənin hökmündə göstərilməsə də, hazırkı lizinq müqaviləsinin predmeti olan texnika da cavabdehdən götürülmüş, cavabdehin həmin texnikalardan xəbəri olmamışdır. Arif Alışanov hazırkı iş üzrə cavabdeh kimi cəlb edilməlidir. Müqaviləni cavabdeh imzalasa da, texnikaya faktiki olaraq həbs edilənə qədər Şücaət Əkbərov sahiblik etmişdir. Cavabdehin nümayəndəsi göstərilənlərin nəzərə alınaraq iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materialları: İş materiallarında olan 03 fevral 2017-ci il tarixli 301-GL/17 nömrəli lizinq müqaviləsinin 1.1-ci bəndinə əsasən, lizinq verən ("xxxx" ASC) ümumi məbləği 5720 manat olan və həmin müqavilənin spesifikasiyasında göstərilən kənd təsərrüfatı texnikalarını ilkin dəyərinin 40 %-nə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın (Cavabdeh) mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən, lizinq alan texnikanın qalıq məbləğini 2 nömrəli Əlavədə qeyd olunmuş ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.2.1-ci yarımbəndinə əsasən, lizinq alan lizinq ödənişlərini 2 nömrəli Əlavədə qeyd olunmuş qrafik üzrə vaxtında və tam həcmdə ödəyir. Həmin müqavilənin 2.2.10-cu yarımbəndinə əsasən, texnikanın tam dəyəri ödənilənədək onu üçüncü şəxslərə istifadəyə verilməməsini, satılmamasını, girova qoyulmamasını, özgəninkiləşdirilməməsini və təyinatının dəyişdirilməməsini lizinq alan öz öhdəsinə götürür. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən, lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir. İş materiallarında olan həmin müqavilənin spesifikasiyasından, ”Aqrolizinq” ASC-yə məxsus texnikanın lizinq alana təhvili barədə 21 noyabr 2016-cı il tarixli 376 nömrəli aktdan, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında ”Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin 23 fevral 2017-ci il tarixli 795/ü nömrəli əmrindən görünür ki, 1 ədəd “MK-ST-2016-1.5” markalı toxumtəmizləyən cavabdehə lizinqə verilmişdir. İş materiallarında olan həmin müqaviləyə əsasən tərtib edilmiş ödəniş qrafikindən görünür ki, cavabdehin bu müqavilə üzrə son ödəniş tarixi 02 fevral 2023-cü ildir. İş materiallarında olan 11 dekabr 2024-cü il tarixli maliyyə arayışından və 03 fevral 2017-ci il tarixli lizinq müqaviləsi üzrə ödənişlərə görə cərimənin hesablanması qrafikindən görünür ki, cavabdehin həmin müqavilə üzrə 5720 manat məbləğində borcu vardır və 10174,67 manat məbləğində cərimə hesablanmışdır, ödəməli olduğu məbləğin cəmi 15894,67 manat təşkil edir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 oktyabr 2021-ci il tarixli 1(105)-366/2021 nömrəli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-408/2018 saylı, 20 iyul 2018-ci il tarixli hökmünün X2 cəza təyini hissəsində dəyişdirilməsi və ona qəti olaraq 16 (on altı) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, hökmün qalan hissədə dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətlərinin təmin edilməməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 29 may 2024-cü il tarixli 1(102)-694/2024 nömrəli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 noyabr 2023-cü il tarixli 1(105)- 366/2021 nömrəli qərarının dəyişdirilmədən saxlanılması, məhkum X1 müdafiəçiləri tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinin təmin edilməməsi qərara alınmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Aqşin Hüseynov ifadəsində bildirdi ki, Şücaət Əkbərovun işçisi kimi ona aid təsərrüfatda çalışmışdır. Lizinq təşkilatına onun özü getmiş, sənəd işlərini həll etmiş, köçürməni də həyata keçirmişdir. Sonra texnikaları Şücaət Əkbərovun göstərişi ilə Ucar rayonundan Şamaxı rayonunun Mədrəsə kəndinə gətirmişdir. Cavabdeh texnikalardan istifadə etməmişdir. Cavabdeh Şücaət Əkbərovla qohumluq münasibətlərinə görə müqaviləni imzalamışdır. Hazırda texnikanın harada və kimdə olması ilə bağlı məlumatı yoxdur. Azərbaycan Respublikası Prezidentinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında” 17 avqust 2020-ci il tarixli 1137 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki "xxxx" Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək "xxxx" Açıq Səhmdar Cəmiyyəti adlandırılmışdır. Həmin Fərmanın 2.2-ci bəndinə əsasən, "xxxx" ASC-nin lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş götməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-10.2-ci maddəsinə əsasən, lizinq ödənişlərinin məbləği həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. Həmin Məcəllənin 748-10.4-cü maddəsinə əsasən, lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Yuxarıda təsvir olunanlara əsasən müəyyən edilir ki, tərəflər arasında 03 fevral 2017ci il tarixli lizinq müqaviləsi bağlanılmış, lizinq verən qismində çıxış edən hazırkı iddiaçı müqavilə öhdəliklərinə uyğun olaraq həmin müqavilənin predmeti olan kənd təsərrüfatı texnikalarını ilkin dəyərinin 40 %-nə güzəşt tətbiq edilməklə qalıq dəyəri isə tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra cavabdehin mülkiyyətinə verilməsi şərtilə ona lizinqə vermiş, lizinq alan qismində iştirak edən cavabdeh isə müqavilə öhdəliklərinə riayət etməyərək müvafiq lizinq ödənişlərini əvvəlcədən razılaşdırılmış dövrlər üzrə vaxtında ödəməli olsa da, bunu yerinə yetirməmiş, nəticədə onun 5720 manat məbləğində borcu yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış 03 fevral 2017-ci il tarixli 301-GL/17 nömrəli lizinq müqaviləsi üzrə 5720 manat məbləğində borcun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. Cavabdehin nümayəndəsinin lizinq müqaviləsinin predmetini təşkil edən texnikanın üçüncü şəxsin istifadəsində olması və bununla əlaqədar müqavilə öhdəliklərinə görə həmin üçüncü şəxsin məsuliyyət daşıması ilə bağlı dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, hazırkı iddianın əsasını təşkil edən 03 fevral 2017-ci il tarixli müqavilə, məhz iş üzrə cavabdeh olan Cavabdehla bağlanmış və cavabdeh özü də məhkəmə iclasında verdiyi izahatında həmin müqaviləni imzaladığını təsdiq etmişdir. Belə olduğu halda, həmin müqavilədən irəli gələn öhdəlikləri onun özü yox, üçüncü şəxsin daşıması barədə dəlil əsaslı hesab edilə bilməz. Digər tərəfdən, texnikanın üçüncü şəxsin istifadəsində olması barədə dəlilin həqiqiliyi ehtimal olunarsa belə, nəzərə alınmalıdır ki, lizinq alanın öhdəliklərindən (vəzifələrindən) biri müqavilənin predmeti olan texnikanı dəyəri tam ödənilənədək üçüncü şəxslərə istifadəyə verməməsidir (lizinq müqaviləsinin 2.2.10-cu yarımbəndi). Göründüyü kimi, cavabdeh müqaviləni imzalamaqla, eyni zamanda üzərinə lizinq predmeti olan texnikanı başqa şəxsə istifadəyə verilməməsi öhdəliyini də götürmüş və belə olduğu halda, texnikanın üçüncü şəxsin istifadəsində olması belə, onun sözügedən müqavilə üzrə iddiaçı (lizinq verən) qarşısında məsuliyyətdən azad edilməsinə səbəb ola bilməz. Bundan başqa, cavabdehin nümayəndəsi məhkəməyə ünvanlanmış 09 yanvar 2025ci il tarixli müraciətində lizinq predmeti olan “MK-ST-2016-1.5” markalı toxumtəmizləyənin polis əməkdaşlarının iştirakı ilə X5 təhvil verilməsinin Şücayət Əkbərov barəsində çıxarılmış yekun məhkəmə aktları ilə təsdiq edildiyini qeyd etsə də, iş materiallarına əlavə edilmiş müvafiq məhkəmə qərarlarında belə bir fakt əksini tapmamış, həmçinin nümayəndənin özü də məhkəmə iclasında verdiyi izahatda sözügedən halın müvafiq məhkəmə qərarlarında göstərilmədiyini bildirmişdir. Hazırkı iddia tələbinin cavabdehdən 10174,67 manat məbləğində cərimənin tutulmasına aid hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan (müqavilənin yuxarıda istinad edilən 4.2-ci bəndi) iddiaçı cavabdehdən cərimənin ödənilməsini də tələb etməkdə haqlıdır. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd olunanlarla bağlı məhkəmə belə nəticəyə gəlir ki, tələb olunan cərimənin əsas borc məbləğinə nisbəti, o cümlədən həm kreditorun, həm də ki, borclunun əmlak mənafeləri və işin digər halları nəzərə alınmaqla iddia tələbinin cavabdehdən cərimənin tutulmasına aid hissəsi qismən təmin edilməli, tələb olunan cərimənin məbləği azaldılaraq cavabdehdən 286 manat məbləğində cərimə tutulmalıdır. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bunlardan əlavə, iddia tələbinin hüquqi yardımın göstərilməsi ilə bağlı ödənilmiş 500 manat məbləğində pulun əvəzinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə hissəsinə gəldikdə, iş materiallarına əlavə edilmiş 25 dekabr 2024-cü il tarixli 000İPX********** nömrəli ödəniş qəbzi ilə müəyyən edilir ki, iddiaçı tərəfindən vəkilin göstərdiyi yardıma görə Xırdalan şəhər Vəkil bürosunun hesabına 500 manat məbləğində pul ödənilmişdir. Mülki Prosessual Məcəllənin 115.0.6-cı maddəsinə əsasən, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərin sırasına aiddir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbinin bu hissəsi də təmin edilməli, iddiaçı tərəfindən vəkilin göstərdiyi yardıma görə ödənilmiş 500 manat məbləğində pul vəsaitinin əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bunlardan əlavə, aşağıda istinad edilənlərə əsasən, hazırkı iddia tələbi üzrə iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumunun məbləği 80,06 manat təşkil etdiyindən, həmin məbləğdə pul vəsaiti cavabdehdən dövlət mədaxilinə tutulmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Beləliklə, məhkəmə qeyd edilənləri nəzərə alaraq, istinad olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 03 fevral 2017-ci il tarixli 301-GL/17 nömrəli müqavilə üzrə 5720 manat məbləğində əsas borc, 286 manat məbləğində cərimə, habelə hüquqi yardımla bağlı ödənilmiş 500 manat məbləğində xidmət haqqının əvəzi olmaqla, cəmi 6506 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməli, cavabdehdən dövlət nəfinə 80,06 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 03 fevral 2017-ci il tarixli 301-GL/17 nömrəli kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqavilə üzrə 5720 (beş min yeddi yüz iyirmi) manat məbləğində əsas borc, 286 (iki yüz səksən altı) manat məbləğində cərimə, habelə hüquqi yardımla bağlı ödənilmiş 500 (beş yüz) manat məbləğində xidmət haqqının əvəzi olmaqla, ümumilikdə 6506 (altı min beş yüz altı) manat məbləğində pul vəsaiti iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh dövlət nəfinə 80,06 (səksən manat, altı qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-229/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-229/2025
13.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver