Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-23/2024 29.07.2024 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil1, Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “dəymiş zərərin ödənilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “dəymiş zərərin ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdehndən dəymiş zərərin əvəzi olaraq 86540 (səksən altı min beş yüz qırx) manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, fərdi sahibkar kimi Salyan rayon ərazisində kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan iddiaçı 10 fevral 2021-ci il tarixdə Cavabdeh ilə ona məxsus Salyan rayon, Qardili kəndi ərazisində yerləşən torpaq sahəsində suvarma sisteminin quraşdırılması ilə əlaqədar müqavilə bağlamışdır. Müqavilədə nəzərdə tutulan işlər icraçı tərəfindən yerinə yetirilmişdir. Lakin əkin-biçin zamanı sulama sisteminin effektiv olmadığı müəyyən edilmişdir. Suvarma sisteminin qüsurlu olması səbəbindən sahədə əkilmiş yoncanın bir hissəsi məhv olmuşdur. Bununla iddiaçıya xeyli miqdarda ziyan dəymişdir. İddiaçı suvarma sisteminin qüsurlu olması ilə bağlı Cavabdehnə müraciət etmiş, cavabdeh məsələnin araşdırılması və tədbirlərin görülməsi ilə bağlı ona vəd vermiş, lakin bu vaxta qədər nəticə əldə edilməmişdir. Daha sonra o, cavabdehən dəymiş ziyanın ödənilməsini xahiş etmiş, onlar isə araşdırmanın nəticəsini gözləməyi tövsiyə etmişlər. Lakin hazırkı vaxtadək məsələnin həlli ilə bağlı heç bir nəticə olmadığından iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçıya qüsurlu iş nəticəsində əkin sahəsində məhsulun məhv olması ilə əlaqədar 30000 (otuz min) manat məbləğində, ilkin ödəniş kimi cavabdehə ödədiyi 44540 (qırx dörd min beş yüz qırx) manat, eyni zamanda əkin sahəsində boruların çəkilməsinə xərclənmiş 12000 (on iki min) manat olmaqla, ümumilikdə 86540 (səksən altı min beş yüz qırx) manat məbləğində ziyan dəymişdir. 11 iyul 2024-cü il tarixdə Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı Salyan rayonunda yerləşən ona məxsus torpaq sahəsində quraşdırılmış sulama sisteminə özbaşına müdaxilə etmiş, sistemi sökmüş və tam yararsız hala salmışdır. Bu faktı təsdiq edən şahidlər, fotoşəkillər və s. sübutlar var. Qeyd edilənlərdən başqa iddiaçı tərəf müqavilə üzrə öhdəlikləri tam həcmdə yerinə yetirməmiş, Cavabdehnə ödəməli olduğu pul vəsaitlərini bu günədək ödəməmişdir. İddiaçının təqdim etdiyi sübutlardan da görünür ki, əsl zərər dəymiş tərəf Cavabdehdir. İddiaçı tərəfin iddia tələbi qanunsuz və əsasızdır və rədd edilməlidir. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Vəkil1 iddia tələbini müdafiə edərək bildirmişdir ki, 10 fevral 2021-ci il tarixdə Cavabdeh ilə İddiaçı məxsus Salyan rayonu, Qardili və Yenikənd kəndi ərazisində yerləşən torpaq sahəsində suvarma sisteminin quraşdırılması ilə bağlı müqavilə bağlanmışdır. Müqavilədə nəzərdə tutulan işlər icraçı tərəfindən yerinə yetirilmiş, lakin sonradan sulama sisteminin effektiv olmadığı müəyyən edilmişdir. Suvarma sisteminin qüsurlu olması səbəbindən təxminən 40 hektar sahədə əkilmiş yonca məhv olmuşdur. Bununla da, İddiaçı xeyli miqdarda ziyan dəymişdir. Belə ki, qüsurlu iş nəticəsində əkin sahəsində məhsulun məhv olması ilə əlaqədar İddiaçı 30000 manat, ilkin ödəniş kimi cavabdeh təşkilata ödənilən 44540 manat, eyni zamanda əkin sahəsində boruların çəkilməsinə xərclənmiş 12000 manat olmaqla, ümumilikdə 86540 manat məbləğində ziyan dəymişdir. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Eyni zamanda o, bildirmişdir ki, həmin ərazidə 2020-ci ildə 7-9 illik yonca növü əkilmiş, 2021-ci ildə sahədə yonca çıxsa da, suvarılmadığı üçün məhv olmuşdur. Yoncanın məhv olmasına görə hesablanmış 30000 manat məbləğində dəymiş ziyan 2021-ci ildə təxminən 40 hektar ərazidə 3 dəfə yonca biçini nəzərə alınmaqla özü tərəfindən hesablanmışdır. Bundan başqa suvarma sistemi quraşdırılarkən borulardan istifadə edilmiş və müqavilədə bununla bağlı bənd nəzərdə tutulmasa da, şifahi danışıqlarda boruların yerləşdirilməsi üçün yerin qazılmasının həyata keçirilməsi onun öhdəliyi kimi müəyyənləşdirilmişdir. O, boruların yerləşdirilməsi üçün 80 metr dərinliyində qazıntı işlərinin aparılması, boruların basdırılması və üstünün örtülməsi işlərinə 12000 manat məbləğində xərc çəkmiş, lakin həmin xərcin çəkilməsini təsdiq edən hər hansı mötəbər sübutu yoxdur. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, suvarma sisteminin işləməməsində təqsirkar həmin sistemin sifariş olunduğu "xxxx" Şirkəti olmuşdur. Bundan əlavə iş materiallarına əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, həmin suvarma sisteminin işləməməsinin əsas səbəbi su axan başlıqların proyektin hesablandığı gücə cavab verməməsi nəticəsində suyu lazım olan məsafədə vurmaması olmuşdur. Həmçinin məhkəməyə təqdim edilən 08 fevral 2023-cü il tarixli aktda sulama sisteminin ən az 80 komplekt çiləmə qurğusunun olmadığı müəyyən edilmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini, etirazı və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan icraçı Cavabdeh və sifarişçi İddiaçı arasında bağlanmış 10 fevral 2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən icraçı sifarişçiyə məxsus sahəni (Azərbaycan Respublikası Salyan rayonu, Qardili, Yenikənd kəndində yerləşən bağ sahəsi) 1 dəst 204000 manat dəyərində çiləmə suvarma sistemi və 1 dəst 18700 manat dəyərində damlama suvarma sistemi ilə təmin etməyi, sifarişçi isə malın dəyərini icraçıya ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin: - 1.4-cü bəndinə əsasən bu müqavilə ondan ötrü bağlanır ki, İddiaçı məxsus ünvan 1i ünvanında yerləşən 39,88 ha torpaq sahəsinin 39 ha-da 1 dəst çileme suvarma sistemi quraşdırılacaqdır. - 1.5-ci bəndinə əsasən bu müqavilə ondan ötrü bağlanır ki, İddiaçı məxsus ünvan 2 kəndi ünvanında yerləşən 3,526719 ha torpaq sahəsinin 3,50 ha hissəsində 1 dəst damlama suvarma sistemi quraşdırılacaqdır. - 2.1-ci bəndinə əsasən malların və onların çatdırılması daxil olmaqla ümumi dəyəri 222700 (iki yüz iyirmi iki min yedi yüz) manat təşkil edir. - 3.1-ci bəndinə əsasən bu müqavilə üzrə 2.1-ci bəndində qeyd edilən malların dəyərinin 20%-i (iyimi faizi) müqavilə imzalandıqdan sonra təqdim edilən hesab faktura əsasında 5 iş günü ərzində sifarişçi tərəfindən avans olaraq İcraçının qeyd etdiyi bank hesabına nağdsız qaydada köçürülür. - 4.3-cü bəndinə əsasən icraçı tərəfindən göndərilən malların sifarişçiyə məxsus sahədə boşaldılması zamanı mallarda hər hansı qüsur aşkar edilərsə, həmin malların dəyəri hesablanaraq icraçı tərəfindən sifarişçiyə geri ödənilməlidir. - 5-ci bəndinə əsasən malların bu müqavilə üzrə müəyyən edilən keyfiyyət və şərtlər ilə sifarişçi podrat sahəsinə çatıdırılmasını lazımı qaydada icra etmək, müqavilənin 4.3. bəndində qeyd edilən hal baş verdikdə sifarişçinin tələbi ilə həmin malların dəyəri hesablanaraq sifarişçiyə geri ödəmək, bu müqavilə üzrə satılan mallarda sifarişçi tərəfindən düzgün istismar edilməsi şərti ilə zəmanət müddətlərində hər hansı qüsür və ya nasazlıq baş verdikdə onları təmir etmək və ya yenisi ilə əvəzləmək və s. icraçının vəzifələrinə aid edilmişdir. - 5.1.1-ci bəndinə əsasən malların bu müqavilə üzrə müəyyən edilən keyfiyyət və şərtlər ilə sifarişçi podrat sahəsinə çatıdırılmasını lazımı qaydada icra etmək icraçının vəzifəsi kimi müəyyən olunmuşdur. - 6-cı bəndinə əsasən icraçı tərəfindən satılan motor və filitrə 2 il, suvarma sistemi borularına 5 il, digər mallara 2 il müddətinə zəmanət verilir. İş materiallarında olan 15 fevral 2021-ci il tarixli, 01 nömrəli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən Cavabdehnə alqı-satqı müqaviləsi üzrə 44540 (qırx dörd min beş yüz qırx) manat məbləğində ödəniş olunmuşdur. İş materiallarında olan Cavabdeh sifarişi əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tərtib olunmuş 28 fevral 2023-cü il tarixli UNİ/F 07-068/23 nömrəli mütəxəssis rəyindən görünür ki, sifarişçi Cavabdeh MMC-nin müraciətinə əsasən "xxxx" MMC-nin mütəxəssisləri Salyan rayonu Qardili kəndi ərazisində yerləşən damlama suvarma sisteminin texniki xüsusiyyətlərinin müəyyən еdilməsi üçün işlər həyаtа kеçirərək, avadanlığın mövcud vəziyyəti, faktiki texniki xüsusiyyətləri, istismar yeri, şəraiti və s. nəzərə alınmaqla apаrılmış hеsаblаmаlаrа və təhlillərə əsаsən sualları aşağıdakı kimi cavablandırmışlar: 1. Damlama suvarma sisteminin yağmurlama başlıqları Atom 42FC-nin faktiki texniki xüsusiyyətləri istehsalçı tərəfindən bəyan edilmiş texniki xüsusiyyətlərə (atış məsafəsi faktiki 30-35 metr) uyğun deyil. 2. Damlama suvarma sisteminin başlıqları Atom 42FC-nin atış məsafəsi faktiki olaraq istehsalçı tərəfindən bəyan edilmiş xüsusiyyətlərə uyğun olmadığından ərazidə hər biri 10 metr diametrdə su şırnağı çatmayan sahələr mövcuddur. 3. Suvarma sisteminin detallarının və ya avadanlıqlarının təmiri, yaxud əvəz edilməsi ilə damlama sisteminin tədqiq edilmiş sahədə işlək vəziyyətə gətirilməsi mümkün deyil. 4. Sistemin detalları və avadanlıqları, həmçinin sahəyə çəkilmiş su boruları, hovuz xüsusi olaraq Atom 42FC başlıqları üçün quraşdırıldığından və suyun təzyiqi, boruların diametri, avadanlığın gücü və s. bu başlıqlar üçün hesablandığından sistemin tədqiq edilmiş sahənin tam suvarılması üçün işlək vəziyyətə gətirilməsi mümkün deyil. İddiaçı vəkili və nümayəndəsi Vəkil1 vəsatəti əsasında şahid kimi dindirilmiş X1 ifadəsində bildirmişdir ki, İddiaçı məxsus əkin sahəsinə damlama, çiləmə suvarma sistemi 2021-ci ildə quraşdırılmışdır. Həmin sistem quraşdırılmamışdan əvvəl əkin sahəsi yabanı suvarma ilə suvarılırdı. Quraşdırılmış damlama, çiləmə suvarma sistemi yararsız olduğundan həmin vaxt sahədə çıxmış yoncanın suvarılması mümkün olmamış və onlar məhv olmuşdur. Eyni zamanda o, boruların çəkilməsi üçün qazıntı işlərinin İddiaçı tərəfindən həyata keçirildiyini, lakin həmin işlərin görülməsi üçün İddiaçı tərəfindən traktorçuya nə qədər pul ödənildiyindən məlumatı olmadığını demişdir. İddiaçı vəkili və nümayəndəsi Vəkil1 vəsatəti əsasında şahid kimi dindirilmiş X2 ifadəsində bildirmişdir ki, o, iki il yarımdan artıqdır ki, İddiaçı məxsus sözügedən torpaq sahəsini sulayır. Həmin torpaq sahəsinə suvarma sistemi quraşdırıldıqdan sonra arxların içində borular olduğundan əkin sahəsinin yabanı suvarılmasında çətinliklər yaranmışdır. 2022-2023-cü illərdə və cari ildə qeyd olunan torpaq sahəsində yonca çıxsa da, məhsuldarlıq təxminən 35% təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci madəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. - 581.1-ci maddəsinə əsasən satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. - 587.1-ci maddəsinə əsasən əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə alış qiymətinin mütənasib azaldılmasını, əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılmasını, əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsini tələb etsin. - 587.2-ci maddəsinə əsasən əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını və ya lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. - 587.3-cü maddəsinə əsasən bu Məcəllənin 587.1 və 587.2-ci maddələrində göstərilmiş qüsurların aradan qaldırılması və ya əşyanın əvəz edilməsi tələbini alıcı, əgər əşyanın xarakterindən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, irəli sürə bilər. - 587.4-cü maddəsinə əsasən komplektə daxil olan əşya hissələri lazımi keyfiyyətli olmadıqda alıcı əşyanın həmin hissəsi barədə bu Məcəllənin 587.1 və 587.2-ci maddələrində nəzərdə tutulan hüquqları həyata keçirə bilər. - 587.5-ci maddəsinə əsasən əgər alıcı əşyanın qüsurları ilə əlaqədar alğı-satqı müqaviləsinin ləğvini və ya alınmış əşyanın müqaviləyə uyğun əşya ilə əvəz edilməsini tələb edərsə, o, qüsurlu əşyanı satıcıya onun hesabına qaytarmağa borcludur. Bu zaman tərəflərin müqavilə üzrə əldə etdiklərinin geri qaytarılması bu Məcəllənin 157-ci maddəsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. - 588.1-ci maddəsinə əsasən əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həminməqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. - 588.2-ci maddəsinə əsasən satıcı keyfiyyət qarantiyası verdiyi əşyanın qüsurları üçün o halda cavabdehdir ki, əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirməsin. Göründüyü kimi, işin halları ilə müəyyən olunur ki, Cavabdeh və sifarişçi İddiaçı arasında 10 fevral 2021-ci il tarixli alqı-satqı müqaviləsi bağlanılmış və həmin müqaviləyə əsasən cavabdeh iddaçıya məxsus Salyan rayonu, Qardili və Yenikənd kəndində yerləşən sahəni çiləmə və damlama suvarma sistemi ilə təmin etməyi öhdəsinə götürmüşdür. Həmin müqavilə üzrə iddiaçı tərəfindən ona məxsus sahədə quraşdırılmalı olan malların dəyərinin 20 faizi, yəni 44540 (qırx dörd min beş yüz qırx) manat məbləğində cavabdehə 15 fevral 2021-ci il tarixdə ödəniş olunmuşdur. Bundan sonra Cavabdeh MMC-nin sifarişi ilə "xxxx" Şirkəti tərəfindən istehsalçı firma olan “X3 İhracat Sanayi Ticaret” Anonim Şirkətindən damlama-sulama sistemi əldə edilərək 2021-ci ilin aprel ayında Cavabdehnə göndərilmişdir. Cavabdeh MMC-nin işçiləri tərəfindən Salyan rayonu, Qaradilli kəndində İddiaçı məxsus ərazidə 2021-ci ilin təxminən may-iyul aylarında quraşdırılan həmin damlama (çiləmə) suvarma sistemində quraşdırmadan sonra qüsurların olduğu, yəni həmin sistem vasitəsi ilə suyun nəzərdə tutulan məsafəyə vurulmadığı müəyyən edilmişdir. Buna görə İddiaçı Cavabdehnə qarşı hazırkı iddia ərizəsi ilə müraciət etmişdir. Qeyd olunur ki, 07 dekabr 2022-ci il tarixdə Cavabdeh "xxxx" Şirkətinə qarşı “cavabdehdən mediasiya ödənişi olaraq 400 manat, dəymiş ziyana görə 147647 ABŞ dolları və məhkəməyə müraciət üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 142 manat olmaqla, ümumilikdə 147647 ABŞ dollarının və 542 manat pulun tutularaq iddiaçıya ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etmişdir. Həmin iddia ərizəsində tələb əsaslandırılarkən qeyd olunmuşdur ki, Cavabdeh tərəfindən "xxxx" Şirkətindən satın alınmış bir dəst damlama-sulama sistemi "xxxx" MMC tərəfindən İddiaçı satılmış və bu zaman müəyyən olunmuşdur ki, həmin sistem lazımi ehtiyacları qarşılamır. Həmin işə baxılarkən iddiaçının nümayəndəsi Vəkil2 izahatında cavabdeh "xxxx" Şirkətindən alınan və iddia ərizəsində qeyd olunan mübahisəli damlamasulama avadanlıqlarının İddiaçı Salyan rayonu ərazisində yerləşən torpaq sahəsində quraşdırıldıqdan sonra onların qüsurlu olduğunun müəyyən edildiyini, qüsurlar həmin çiləmə-sulama sistemi quraşdırıldıqdan sonra aşkar edildiyini, buna görə də sifarişçi İddiaçı tərəfindən Cavabdehnə irad bildirildiyini və və həmin sifariş üzrə pul məbləğinin bir hissəsinin Cavabdehnə ödənilmədiyini qeyd etmişdir. Həmin iş üzrə məhkəmənin 02 mart 2023-cü il tarixli məhkəmə hazırlıq iclasının protokolu ilə İddiaçı və cavabdeh tərəfin vəsatəti əsasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb olunmuşdur. Sumqayıt Kommersiya Məhkəməsinin 22 may 2023-cü il tarixli e-2-2(119)-85/2023 nömrəli qətnaməsi ilə Cavabdeh "xxxx" Şirkətinə qarşı “pul tələbi” barədə iddiası avadanlığın nasazlığının cavadehin təqsiri üzündən baş verdiyi iddiaçı tərəfindən sübut olunmadığından və digər əsaslarla təmin olunmamışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 02 oktyabr 2023-cü il tarixli 2- 2(105)-114/2023 nömrəli qətnaməsi ilə Sumqayıt Kommersiya Məhkəməsinin 22 may 2023-cü il tarixli e-2-2(119)-85/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 01 mart 2024-cü il tarixli 2-2(102)-75/2024 nömrəli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 02 oktyabr 2023-cü il tarixli 2-2(105)-114/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, Cavabdeh "xxxx" Şirkətinə qarşı pul tələbi barədə iddia ərizəsində və həmin işə baxılarkən Cavabdeh nümayəndəsi Vəkil2 izahatında İddiaçı Salyan rayonu ərazisində yerləşən torpaq sahəsində quraşdırılan damlama, çiləmə suvarma sisteminin quraşdırıldıqdan sonra qüsurlu olduğunun müəyyən edildiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göründüyü kimi, tərəflər arasında 10 fevral 2021-ci il tarixli alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, lakin cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəliyini lazımi qaydada yerinə yetirməmişdir. Buna görə də məhkəmə hesab edir ki, həmin müqavilə üzrə İddiaçı tərəfindən Cavabdehnə ödənilmiş 44540 (qırx dörd min beş yüz qırx) manat məbləğində pul vəsaitinin cavadehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində iddia tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində qüsurlu iş nəticəsində əkin sahəsində məhsulun məhv olması ilə əlaqədar 30000 (otuz min) manat məbləğində və əkin sahəsində boruların çəkilməsinə xərclənmiş 12000 (on iki min) manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsini xahiş etsə də, tələbin həmin hissələrdə əsaslılığını təsdiq edən hər hansı mötəbər sübut (ödəniş sənədi, rəy, müqavilə və s.) məhkəməyə təqdim etməmişdir. Buna görə məhkəmə hesab edir ki, iddia həmin hissələrdə əsaslı hesab olunaraq təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdehndən 44540 (qırx dörd min beş yüz qırx) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 44540 (qırx dörd min beş yüz qırx) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-23/2024
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-23/2024
29.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver