Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-2309/2025 27.11.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlu, İddiaçı tərəfindən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Cavabdeh qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı kiçik iddialara dair işlər üzrə sadələşmiş icraat qaydasında Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 05 sentyabr 2024-cü il tarixli 4234 nömrəli nisyə alqı-satqı haqqında müqavilə üzrə 6392 (altı min üç yüz doxsan iki) manat məbləğində əsas borc, 101,46 (yüz bir manat, qırx altı qəpik) manat məbləğində cərimə, 85 (səksən beş) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 6578,46 (altı min beş yüz yetmiş səkkiz manat, qırx altı qəpik) manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 05 sentyabr 2024-cü il tarixli 4234 nömrəli nisyə alqı-satqı haqqında müqavilə bağlanmışdır. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən satış obyekti olan yeni (işlənməmiş) “ELOS TRİO”, “New Turbo 8G Vibro Masaj” cihazları 11 sentyabr 2024-cü il tarixli təhvil-təslim aktına əsasən cavabdehə təhvil verilmişdir. Həmin təhvil-təslim aktı cavabdeh tərəfindən şəxsən imzalanmış və həmin akta əsasən o, təhvil aldığı predmetlərin (əşyaların, cihazların və ya məhsulların) öz funksiyalarını tam şəkildə yerinə yetirdiklərini və qeyd olunmuş bütün predmetlərin arzu etdiyi keyfiyyətə sahib olduqlarını təsdiq etmişdir. Tərəflər arasında bağlanmış 05 sentyabr 2024-cü il tarixli müqaviləyə əlavənin 2.2-ci bəndinə əsasən, satış obyektinin toplam satış qiyməti 14700 manat məbləğində müəyyən edilmişdir. Müqavilə üzrə öhdəliyin icrası cavabdeh tərəfindən birtərəfli qaydada pozulmuşdur. Cavabdehlə mübahisənin pretenziya qaydasında həllinə cəhd edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iddiaçının cavabdehə qarşı iddia ərizəsinə dair kommersiya işinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş, bununla əlaqədar Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehə göndərilmişdir. Məhkəmə kiçik iddialara dair işlər üzrə ərizəni və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materialları: İş materiallarında olan 05 sentyabr 2024-cü il tarixli 4234 nömrəli nisyə alqı-satqı haqqında müqavilənin 1.1-ci bəndinə əsasən, sifarişçi (Cavabdeh) satış obyektini sifariş verib icraçıya razılaşdırılmış satış obyektinin satış qiymətini ödəməyi, icraçı (İddiaçı MMC) isə sifarişçiyə ödənilmiş məbləğ qarşılığında satış obyektini satmağı öhdəsinə götürür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən, göstərilməli xidmət üzrə satış obyekti və onun satış qiyməti, müqaviləyə əlavə edilən və müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən müqavilə əlavəsi ilə müəyyənləşdirilir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, icraçı sifarişçinin müqavilə əlavəsi üzrə ödədiyi xidmət haqqı (satış obyektinin satış qiyməti) qarşılığında sifariş verilmiş satış obyektini sifarişçiyə təhvil verməlidir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən, göstərilən xidmət üzrə satış obyekti və satış obyektinin satış qiyməti icraçı və sifarişçi tərəfindən öncədən müəyyən edilir. Bütün bunlar və hesablaşma qaydaları müqavilənin ayrılmaz tərkib hissəsi olan müqavilə əlavəsində öz əksini tapır. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən, müqavilə üzrə hesablaşmalar nağd qaydada və ya bank hesabına köçürmə yolu ilə həyata keçirilir. Həmin müqavilənin 4.1.5-ci yarımbəndinə əsasən, sifarişçi müqavilə əlavəsi ilə müəyyənləşdirilmiş məbləği ödəmədiyi halda icraçı tərəfindən müqavilə üzrə gecikdirilən hər gün üçün ödəniş məbləğinin 0,1 faiz miqdarında dəbbə pulunun (cərimə, penya) ödənilməsini tələb etmək hüququ vardır. Dəbbə pulunun ümumi məbləğj satış obyektinin toplam satış qiymətinin yarısından çox olmamalıdır. Həmin müqavilənin 4.4.2-ci yarımbəndinə əsasən, xidmət icra olunması üçün müqavilə əlavəsi üzrə öncədən qarşılıqlı razılaşdırılmış tarixlərdə və məbləğlərdə icraçıya xidmət haqqını (satış obyektinin satış qiymətini ) ödəmək sifarişçinin vəzifələrindən biridir. İş materiallarında olan 05 sentyabr 2024-cü il tarixli 4234 nömrəli nisyə alqı-satqı haqqında müqavilə üzrə eyni tarixli müqavilə əlavəsinin 2.3-cü bəndinə əsasən, satış qiymətinin ödəniş mərhələləri və tarixi həmin əlavədə qeyd edilən 25 mərhələdən ibarət olmaqla satış obyekti olan cihaz (cihazlar) sifarişçiyə təhvil verildiyi tarixdən etibarən toplam satış qiyməti 24 ay müddətində sifarişçi tərəfindən tam şəkildə ödənilməlidir. İş materiallarında olan cavabdeh tərəfindən imzalanmış 11 sentyabr 2024-cü il tarixli təhvil-təslim aktından görünür ki, cavabdeh “Elos Trio”, “G8 Turbo”, “Kuşetka”, “Stul”, “Stabilzator”, “Alət masası”, “Lampa Lupa”, “Həkim eynəyi”, “Pasient eynəyi”, “Distillə su” və “Reklam Roll up” adlı əşyaları - bütün predmetləri yeni (işlənməmiş), saz vəziyyətdə, heç bir problemi olmadan, qüsursuz olaraq təhvil aldığını və hansısa etirazının olmadığını təsdiq etmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, 05 sentyabr 2024-cü il tarixli 4234 nömrəli müqavilə üzrə satış obyektinin toplam satış qiyməti 14700 manat, müqavilə üzrə ödənilmiş məbləğ 8308 manat, müqavilə üzrə qalıq borc 6392 manat məbləğində təşkil etmiş və 101,46 manat məbləğində cərimə hesablanmışdır. Tətbiq edilən hüquq: Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmənin mövqeyi: Beləliklə, yuxarıda təsvir olunanlara əsasən müəyyən edilir ki, iddiaçı və cavabdeh arasında 05 sentyabr 2024-cü il tarixli 4234 nömrəli nisyə alqı-satqı müqaviləsi bağlanılmış, satıcı qismində çıxış edən iddiaçı müqavilə öhdəliklərinə uyğun olaraq həmin müqavilənin predmeti olan malları iddiaçıya təqdim etsə də, alıcı qismində iştirak edən cavabdeh həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməyərək təhvil aldığı malların dəyərini tam olaraq ödəməmiş və bununla da öhdəliklərini müvafiq qaydada yerinə yetirməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 05 sentyabr 2024-cü il tarixli 4234 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə 6392 manat məbləğində borc məbləğinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. İddia tələbinin 05 sentyabr 2024-cü il tarixli 4234 nömrəli müqavilə üzrə cavabdehdən 101,46 manat məbləğində cərimənin tutulmasına aid hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə təsdiq edildiyindən və həmin müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi də nəzərdə tutulduğundan (müqavilənin 4.1.5-ci yarımbəndi) iddiaçı cavabdehdən cərimənin ödənilməsini də tələb etməkdə haqlıdır və iddia tələbi bu hissədə də təmin edilməlidir. Bundan başqa, iddia tələbinin dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulmasına aid hissəsinə gəldikdə, iş materiallarında olan 31 oktyabr 2025-ci il tarixli ********** nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilən zaman 85 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iddia təmin edildiyindən istinad olunan qanunvericilik normalarının tələblərinə əsasən iddiaçı tərəfindən tutulması xahiş edilən 85 manat məbləğində dövlət rüsumunun əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirib, istinad olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 6392 manat məbləğində əsas borc, 101,46 manat məbləğində cərimə və 85 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 6578,46 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 284-1–284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh 6392 (altı min üç yüz doxsan iki) manat məbləğində əsas borc, 101,46 (yüz bir manat, qırx altı qəpik) manat məbləğində cərimə və 85 (səksən beş) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 6578,46 (altı min beş yüz yetmiş səkkiz manat, qırx altı qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-2309/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-2309/2025
27.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver