Məhkəmə qərarları › İş №e-2-2(119)-2318/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-2318/2025

01.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-2318/2025 01.12.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlu, İddiaçı “AZ ESTETİK GROUP" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı “AZ ESTETİK GROUP" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1600 (min altı yüz) manat məbləğində borc, 70 (yetmiş) manat məbləğində cərimə və 36,7 (otuz altı manat, yetmiş qəpik) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, aralarında bağlanmış 17 iyul 2025-ci il tarixli alqı-satqı müqaviləsi üzrə cavabdeh iddiaçıdan ümumi dəyəri 2000 manat məbləğində olan mal almışdır. Cavabdeh həmin məbləğin 400 manat hissəsini ilkin olaraq ödəmişdir. Qalıq məbləği, yəni 1600 manatı 17 iyul 2025-ci il tarixli müqaviləyə əsasən qrafik üzrə 4 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Hazırkı vaxta əsas məbləğ üzrə qalıq borc 1600 manat manat məbləğində təşkil edir, 70 manat məbləğində cərimə hesablanmışdır. Cavabdehlə mübahisənin pretenziya qaydasında nizama salınmasına cəhd edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iddiaçının cavabdehə qarşı iddia ərizəsinə dair kommersiya işinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş, bununla əlaqədar Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehə göndərilmişdir. Məhkəmə kiçik iddialara dair işlər üzrə ərizəni və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materialları: İş materiallarında olan iddiaçı “AZ ESTETİK GROUP" MMC ilə Cavabdeh arasında bağlanmış 17 iyul 2025-ci il tarixli alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən, satıcı (iddiaçı) müqavilənin 1.2-ci bəndində qeyd olunan malları alıcıya (cavabdehə) bu müqavilənin 1.3-cü bəndində nəzərdə tutulmuş formada dəyərini ödəmək şərti ilə satır. Alıcı isə alınan malların dəyərini bu müqavilənin 1.3-cü bəndinə uyğun formada satıcıya ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən, alıcı müqavilədə göstərilən cədvəldə qeyd olunan malların (ümumi dəyəri 2000 manat məbləğində olan ehtiyat hissələrinin) miqdarı və məbləği ilə bağlı razılığını bildirərək qəbul edir və satıcı qarşısında öhdəlik götürərək bu müqavilənin 1.3-cü bəndində qeyd olunmuş qaydaya və şərtlərə əməl etməklə, həmçinin ödəniş qrafikinə əsasən vaxtlı-vaxtında malların məbləğini satıcıya ödəyir. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən, alıcı müqavilədə qeyd olunan ödəniş şərtlərinə razılığını bildirərək qəbul edir və qeyd edilən şərtlərə uyğun ödənişi nağd və ya köçürmə yolu ilə edir: malların ümumi dəyəri: 2000 manat, ilkin ödəniş (müqavilənin bağlanma anında ödəniləcək məbləğ: 400 manat, ödəniləcək borc: 1600 manat, ödəmə müddəti: 4 ay, hissə-hissə ödəniləcək məbləğ: 400 manat, vaxtı çatmış borcun hesablanma mexanizmi: malın verilmə tarixindən hesablanmaqla ödəmə müddəti üzrə hər günə görə hesablanır. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən, alıcı malın dəyərini və qalıq məbləğini müqavilənin 1.3-cü maddəsində göstərilən müddətdə icra etmədikdə hər gecikdirilmiş gün üçün ödənilməyən məbləğin 1 faizi həcmində satıcıya cərimə ödəyir. Həmin müqavilənin “Təhvil-təslim aktı” hissəsindən görünür ki, tərəflər alqı-satqı müqaviləsi imzalanan tarixdə həmin müqavilənin 1.2-ci bəndində göstərilən malların saz vəziyyətdə satıcı tərəfindən alıcıya təhvil verildiyini təsdiq etmişdirlər. İş materiallarında olan 03 noyabr 2025-ci il tarixli 258 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh 17 iyul 2025-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 1600 manat məbləğində borcla əlaqədar hansısa ödəniş həyata keçirməmişdir, cavabdehin əsas məbləğ üzrə 1600 manat məbləğində borcu vardır və 70 manat məbləğində cərimə hesablanmışdır. Tətbiq edilən hüquq: Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmənin mövqeyi: Beləliklə, yuxarıda təsvir olunanlarla müəyyən edilir ki, iddiaçı ilə cavabdeh arasında 17 iyul 2025-ci il tarixli alqı-satqı müqaviləsi bağlanılmış, satıcı qismində çıxış edən iddiaçı müqavilə öhdəliklərinə uyğun olaraq həmin müqavilənin predmeti olan avadanlıqları cavabdehə təqdim etsə də, alıcı qismində iştirak edən cavabdeh həmin müqavilə üzrə üzərində götürdüyü öhdəlikləri lazımınca icra etməyərək təhvil aldığı malların dəyərini tam olaraq ödəməmiş və bununla da öhdəliyini lazımınca yerinə yetirməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 17 iyul 2025-ci il tarixli müqavilə üzrə 1600 manat məbləğində borcun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. İddia tələbinin cavabdehdən 17 iyul 2025-ci il tarixli müqavilə üzrə 70 manat məbləğində cərimənin tutulmasına aid hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliyin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan (müqavilənin yuxarıda istinad edilmiş 2.2-ci bəndi) iddiaçı cavabdehdən cərimənin ödənilməsini də tələb etməkdə haqlıdır və iddia tələbi bu hissədə də təmin edilməlidir. Bundan başqa, iddia tələbinin 36,7 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulmasına aid hissəsinə gəldikdə, iş materiallarında olan 03 noyabr 2025-ci il tarixli ********** nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilən zaman 36,7 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iddia təmin edildiyindən yuxarıda istinad olunan qanunvericilik normalarının tələblərinə əsasən iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 36,7 manat məbləğində dövlət rüsumunun əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirib, istinad olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 1600 manat məbləğində borc, 70 manat məbləğində cərimə və 36,7 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1706,7 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 284-1–284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh 1600 (min altı yüz) manat məbləğində borc, 70 (yetmiş) manat məbləğində cərimə və 36,7 (otuz altı manat, yetmiş qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1706,7 (min yeddi yüz altı manat, yetmiş qəpik) manat məbləğində pul vəsaiti iddiaçı “AZ ESTETİK GROUP" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar