Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-232/2024 23.01.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Alıyeva Həlimə Rəşid qızı, ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı verilmiş “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN E T D İ: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Maraqlı şəxs qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizə ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi Mülki-Prosessual Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 306.1-ci maddəsinə əsasən, məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30 - 40-6-cı fəsillərində ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Məhkəmə icraatının mümkünlüyünün yoxlanılması ilə əlaqədar “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən yolverilməzliyinə görə həmin ərizənin icraata qəbul olunmasından imtina edilməlidir. Belə ki, ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi 23 yanvar 2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Maraqlı şəxs qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə hazırkı ərizə ilə məhkəməyə müraciət edərək, 08 yanvar 2024-cü il tarixinə hesablanmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə olan 15431,75 (on beş min dörd yüz otuz bir manat yetmiş beş qəpik) manat borcunun, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə olan 26770,46 (iyirmi altı min yeddi yüz yetmiş manat qırx altı qəpik) manat borcunun, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə olan 1864,08 (min səkkiz yüz altmış dörd manat səkkiz qəpik) manat borcunun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxslərin icra orqanının rəhbəri Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırlması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Lakin "AZEMİS" Elektron Məhkəmə İnformasiya Sistemində olan məlumat bazasındakı məlumatlarla müəyyən olunur ki, ərizədə maraqlı şəxs qismində göstərilmiş Maraqlı şəxs 26 sentyabr 2023-cü il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 25.2-ci maddəsinə əsasən fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 49.1-ci maddəsinə əsasən öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. Göründüyü kimi, ərizədə maraqlı şəxs qismində qeyd olunmuş Maraqlı şəxs 26 sentyabr 2023-cü il tarixdə öldüyü üçün hazırkı iş üzrə ərizənin veridiyi vaxt, yəni 23 yanvar 2024-cü il tarixdə onun hüquq qabiliyyəti və mülki prosessual fəaliyyət qabiliyyəti olmamışdır. Buna görə də, ərizəçi “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” tələbi ilə məhkəməyə müraciət etdiyi zaman Maraqlı şəxs artıq vəfat etmiş olduğundan, Mülki və Mülki-Prosessual Məcəllənin tələblərinə əsasən ona qarşı məlum ərizə ilə məhkəməyə müraciət edilməsi və onun maraqlı şəxs qismində məhkəmə prosesinə cəlb olunması istisna edilir. Odur ki, məhkəməyə müraciət edilənədək ölmüş Maraqlı şəxs qismində cəlb edilməklə verilmiş hazırkı ərizəyə məhkəmə qaydasında baxıla bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə - iddianın yolverilməzliyinə görə ərizənin icraata qəbul edilməsindən imtina olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-153, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA ALDİ: Yolverilməzliyinə görə ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı verilmiş “ölkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizənin icraata qəbul olunmasından imtina edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-232/2024
Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-232/2024
23.01.2024 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver