Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-2326/2025 08.12.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Calalova Jalə Habil qızının katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək 844,34 (səkkiz yüz qırx dörd manat, otuz dörd qəpik) manat məbləğində əsas borc və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında yataq, qonaq, uşaq, yumşaq və digər mebellərin satışı ilə əlaqədar 08 dekabr 2023-cü il tarixdə TSŞ-19 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, iddiaçı istənilən üsulla sifariş edilmiş mebelləri müqavilə şərtləri ilə son istehlakçılara satmaq məqsədilə cavabdehin mülkiyyətinə verməyi, cavabdeh isə bu müqavilə ilə razılaşdırılmış şərtlərlə qiymətləri ona ödəməyi öhdəsinə götürür. Cavabdeh iddiaçıdan götürdüyü malların dəyərini tam ödəməmiş və nəticədə iddiaçıya 844,34 manat məbləğində borcu yaranmışdır. İddiaçı 18 noyabr 2025-ci il tarixində məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə baxışı iclasının onun nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarında cavabdeh izahatlarında bildirmişdir ki, iddia ərizəsində qeyd edilən borc məbləğini qəbul edir. O, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, 2025-ci ilin mart ayında müflis olmuşdur. Müflis olduqdan sonra Cəlilabad rayonuna gedərək iddiaçı şirkətin nümayəndəsi ilə danışmışdır. Söhbət zamanı vəziyyəti izah edərək, borcu ödəyəcəyini bildirmişdir. Hətta həmin pul vəsaitinin əvəzinə dəyərindən çox aşağı qiymətə mal verə biləcəyini də qeyd etmişdir. İddiaçı təkliflə razılaşmadığı halda 2026-cı ilin fevral ayında kredit götürərək iddiaçıya olan borcunu tam şəkildə ödəyə bilər. Cavabdeh məhkəmədən kirayədə yaşadığının, himayəsində 2 uşağının olduğunu, eyni zamanda 2 nəfər qızın maddi ehtiyaclarını ödəməyi öhdəsinə götürdüyünün nəzərə alınmasını xahiş etdi. İş materiallarına əlavə edilmiş iddiaçının nümayəndəsinin məhkəmə çıxışının məzmununda iddia ərizəsinin məzmunu təkrarlanaraq məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materialları: İş materiallarında olan iddiaçı "xxxx" MMC və Cavabdeh arasında bağlanmış 08 dekabr 2023-cü il tarixli TSŞ-19 nömrəli alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən, satıcı (iddiaçı) istənilən üsulla sifariş edilmiş yataq, qonaq, uşaq, yumşaq və digər mebelləri müqavilə şərtləri ilə son istehlakçılara satmaq məqsədi ilə alıcının (cavabdehin) mülkiyyətinə verməyi, alıcı isə bu müqavilə ilə razılaşdırılmış şərtlərlə qiymətləri ona ödəməyi öz öhdəliyinə götürür. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, satıcı hazırkı müqavilənin ayrılmaz tərkib hissəsi olan qiymət razılaşma protokolunda göstərilən malları alıcıya satır. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən, alıcı satıcının təqdim etdiyi qaiməfakturaya əsasən malların dəyərini satıcının bank hesabına köçürmə yolu ilə ödəyir. Həmin müqavilənin 5.1-ci və 5.2-ci bəndlərinə əsasən, alıcı malların dəyərini qiymət razılaşma protokoluna uyğun olaraq, təqdim olunmuş hesab-fakturaya əsasən satıcıya ödəməlidir. Müqaviləyə əsasən malın dəyəri satıcının təqdim etdiyi qaimə-fakturanı aldıqdan sonra 1 iş günü ərzində nağd və ya bank hesabına köçürmə yolu ilə həyata keçirilir. İş materiallarında olan iddiaçının nümayəndəsi və cavabdeh tərəfindən imzalanaraq təsdiq edilmiş 02 avqust 2025-ci il tarixli üzləşmə aktından görünür ki, cavabdehin üzləşmə aktının tərtib edildiyi tarixə iddiaçıya 844,34 manat məbləğində borcu vardır. İş materiallarında olan 13 oktyabr 2025-ci il tarixli arayışdan görünür ki, cavabdehin iddiaçıya 844,3 manat məbləğində borcu mövcuddur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 567-ci madəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Beləliklə, təsvir olunanlarla müəyyən edilir ki, iddiaçı və cavabdeh arasında 08 dekabr 2023-cü il tarixli TSŞ-19 nömrəli alqı-satqı müqaviləsi bağlanılmış, müqavilə öhdəliklərinə uyğun olaraq satıcı qismində olan iddiaçı həmin müqavilənin predmeti olan malları cavabdehin mülkiyyətinə vermiş, alıcı qismində iştirak edən cavabdeh isə müqavilə öhdəliklərinə riayət etməyərək həmin malların dəyərini iddiaçıya ödəməmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş iddiaçı və cavabdeh tərəfindən imzalanaraq təsdiqlənmiş 02 avqust 2025-ci tarixli üzləşmə aktından görünür ki, cavabdeh iddiaçıya 844,34 manat məbləğində borcu olduğunu qəbul etmiş, eyni zamanda məhkəmə iclaslarında iştirak edən cavabdeh borc məbləğini qəbul etdiyini bildirmişdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, 844,34 manat məbləğində borcun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. Bundan əlavə, hazırkı iddia təmin edildiyindən aşağıda istinad edilənlərə əsasən, 30 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.1-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, 844,34 manat məbləğində borc və 30 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 874,34 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdеh Cavabdeh 844,34 (səkkiz yüz qırx dörd manat, otuz dörd qəpik) manat məbləğində əsas borc və 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 874,34 (səkkiz yüz yetmiş dörd manat, otuz dörd qəpik) manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-2326/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-2326/2025
08.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver