Məhkəmə qərarları › İş №e-2-2(119)-2339/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-2339/2025

18.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-2339/2025 18.02.2026 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Calalova Jalə Habil qızının katibliyi, İddiaçı nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı tərəfindən Cavabdehna qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti Cavabdehna qarşı iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək 93186,36 (doxsan üç min yüz səksən altı manat, otuz altı qəpik) manat məbləğində əsas borc, 18637,27 (on səkkiz min altı yüz otuz yeddi manat, iyirmi yeddi qəpik) manat məbləğində cərimə və 4165,57 (dörd min yüz altmış beş manat, əlli yeddi qəpik) manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 115989,2 (yüz on beş min doqquz yüz səksən doqquz manat, iyirmi qəpik) manat məbləğində borcun və ödənilmiş 406 (dörd yüz altı) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 24 iyul 2024-cü il tarixli U- 18-2024 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, iddiaçı cavabdeh tərəfindən təqdim olunmuş sifarişlər əsasında müxtəlif növ taxta məmulatlarını cavabdehin mülkiyyətinə verməyi, sonuncu isə malları qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında müxtəlif vaxtlarda 5 ədəd müqaviləyə əlavə imzalanmışdır. Müqavilənin cəmi məbləği 286048,77 manat məbləğində təşkil edir. Müqavilə ilə nəzərdə tutulmuş bütün mallar cavabdehə təhvil verilmiş və təhvil-təslim aktları imzalanmışdır. Lakin cavabdeh müqavilə məbləğindən cəmi 171612,41 manat məbləğində ödəniş həyata keçirmişdir. Sonuncu təhvil-təslim aktından aydın görünür ki, iddiaçı sonuncu dəfə 29 noyabr 2024-cü il tarixli təhvil-təslim aktı ilə cavabdehə təhvil vermiş və təqribən 11 aydan artıq müddət keçməsinə baxmayaraq, cavabdeh tərəfindən ödəniş həyata keçirilməmişdir. Tərəflər arasında 30 may 2025-ci il tarixdə imzalanmış üzləşmə aktından da görünür ki, cavabdeh iddiaçıya 114436,36 manat məbləğində borcunu ödəməmişdir. Ərizəyə əlavə edilmiş bank hesabından çıxarış sənədinə əasən, cavabdeh sonuncu təhvil-təslim aktının imzalanmasından sonra, yəni 29 noyabr 2024-cü il tarixdən sonra cəmi bir dəfə, yəni 08 sentyabr 2025-ci il tarixində 21250 manat məbləğində ödəniş etmişdir. Beləliklə, cavabdehin iddiaçıya 91502,78 manat məbləğində əsas və 1683,58 manat ƏDV olmaqla cəmi 93186,36 manat məbləğində borcu mövcuddur. Müqavilənin 8.4-cü bəndinə əsasən, malın məbləğinin vaxtında ödənilməməsi halında alıcı satıcıya gecikdirilən hər təqvim günü üçün borc məbləğinin 0,1 faizi miqdarında (lakin malın dəyərinin 20 faizindən artıq olmamaq şərtilə) cərimə ödəməlidir. Beləliklə, cavabdehin cərimə üzrə borc məbləği 18637,27 manat təşkil edir. Müqavilənin əlavələrində qeyd edilmişdir ki, malların təhvil verilməsindən və satıcı tərəfindən hesab-faktura təqdim edildikdən sonra 5 gün ərzində alıcı satıcıya bütün məbləği ödəməlidir. Göründüyü kimi, iddiaçı 29 noyabr 2024-cü il tarixdən bütün malları təhvil vermişdir və cavabdeh ən geci 05 dekabr 2024-cü il tarixinədək malların dəyərini ödəməli idi. Lakin bu günə qədər cavabdeh tərəfindən ödəniş həyata keçirilməmişdir. Beləliklə, cavabdeh iddiaçının 93186,36 manat vəsaitini 10 ay 22 gün əsassız saxlayaraq ondan faydalandığına görə həmin məbləğ üzrə illik beş faiz nəzərə alınmaqla gecikdirilən 10 ay 22 gün üçün 4165,57 manat pul ödəməlidir. Cavabdeh tərəfindən 05 dekabr 2025-ci il, 22 dekabr 2025-ci il, 21 yanvar 2026-cı il və 02 fevral 2026-cı il tarixli oxşarməzmunlu ərizələrlə məhkəməyə müraciət edilərək qeyd edilmişdir ki, 27 noyabr 2025-ci il tarixdə ƏDV borcu üzrə 1683 manat, əsas borc üzrə 06 noyabr 2025-ci il tarixdə 40000 manat , 21 noyabr 2025 ci il tarixində 36000 manat məbləğində ödəniş həyata keçirilmişdir. Beləliklə, cavabdehin iddiaçıya 15502,78 manat məbləğində borcu mövcuddur. Hazırda cavabdehin gördüyü işlərə görə ödənişlərdə gecikmə yarandığından müəyyən maliyə çatışmazlığı mövcud olduğuna görə iddiaçı ilə bağlanmış müqavilə öhdəliklərində müəyyən gecikmə halları yaranmışdır. İddiaçı ilə görüşlər keçirilmiş, borcun tez bir zamanda ödənilməsi üçün müəyyən şifahi razılaşmalar əldə edilmişdir. 04 dekabr 2025-ci il tarixdə iddiaçıya zəmanət məktubu göndərilmiş, cavabdeh müqavilə öhdəliklərindən yaranmış 15502,78 manat məbləğində borcu 31 mart 2026-cı il tarixədək tam ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh göstərilənlərin nəzərə alınaraq məhkəmədən müvafiq məhkəmə iclaslarının qeyri-müəyyən tarixə təxirə salınmasını xahiş etmişdir. İdddiaçının nümayəndəsi 05 fevral 2026-cı il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək cavabdeh tərəfindən müəyyən məbləğdə ödənişlər həyata keçirildiyini bildirərək 15502,78 (on beş min beş yüz iki manat, yetmiş səkkiz qəpik) manat məbləğində əsas borc, 18637,27 (on səkkiz min altı yüz otuz yeddi manat, iyirmi yeddi qəpik) manat məbləğində cərimə və 4165,57 (dörd min yüz altmış beş manat, əlli yeddi qəpik) manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 38305,62 (otuz səkkiz min üç yüz beş manat, altmış iki qəpik) manat məbləğində borcun və ödənilmiş 406 (dörd yüz altı) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni müdafiə edərək izahatında bildirdi ki, cavabdehin daha əvvəl 93186,36 manat məbləğində cavabdehin əsas borcu mövcud olmuş və 18637,27 manat məbləğində cərimə hesablanmışdır. Qeyd edilən məbləğlər cəmlənərək 5,5 faizi hesablanmış və nəticədə 4165,57 manat məbləğində əldən çıxmış fayda hesablanmışdır. İddiaçının nümayəndəsi məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materialları: İş materiallarında olan tərəflər arasında bağlanmış 24 iyul 2024-cü il tarixli U-18-2024 nömrəli alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən, müqaviləyə əsasən satıcı (iddiaçı) alıcıya (cavabdehə) onun sifarişi əsasında bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılan "X1"nda göstərilən tərkibdə, həcmdə və texniki göstəricilərə uyğun vəziyyətdə olan malları satır, alıcı isə həmin malı qəbul edir və bunun müqabilində bu müqavilə ilə razılaşdırılmış məbləğdə malın dəyərini satıcıya ödəməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən, malın adı, miqdarı, ölçü vahidi, qiyməti və digər zəruri xüsusiyyətləri bu müqavilənin ayrılmaz tərkib hissəsi olan "X1"nda öz əksini tapır. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, malın qiyməti, təhvil verilmə müddəti və ödəniş müddəti bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan "X1" ilə müəyyən edilir. Həmin müqavilənin 3.1.1-ci yarımbəndinə əsasən, müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə ödənişin həyata keçirilməsini alıcıdan tələb etmək satıcının hüququdur. Həmin müqavilənin 3.4.1-ci yarımbəndinə əsasən, malı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (malın qiymətini) bu müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada ödəmək alıcının vəzifəsidir. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən, müqaviləyə əsasən alıcı tərəfindən malın dəyərinin ödənilməsi mal alıcı tərəfindən qəbul edildikdən sonra nağd qaydada və ya köçürmə yolu ilə həyata keçirilə bilər. Ödəniş müddəti "X2"nda müəyyən edilir. Həmin müqavilənin 8.4-cü bəndinə əsasən, malın məbləğinin vaxtında ödənilməməsi halında alıcı satıcıya gecikdirilən hər təqvim günü üçün borc məbləğinin 0,1 faizi miqdarında (lakin malın dəyərinin 20 faizdən artıq olmamaq şərtilə) cərimə ödəməlidir. İş materiallarından görünür ki, 29 iyul 2024-cü il tarixli MT2407 seriyalı 11919001 nömrəli elektron qaimə-faktura üzrə 28496,35 manat məbləğində, 09 avqust 2024-cü il tarixli MT2408 seriyalı 10646251 nömrəli elektron qaimə-faktura üzrə 25461,45 manat məbləğində, 09 avqust 2024-cü il tarixli MT2408 seriyalı 10646188 nömrəli elektron qaimə-faktura üzrə 24231,3 manat məbləğində, 23 avqust 2024-cü il tarixli MT2408 seriyalı 11510418 nömrəli elektron qaimə-faktura üzrə 13187,91 manat məbləğində, 23 avqust 2024-cü il tarixli MT2408 seriyalı 11504860 nömrəli elektron qaimə-faktura üzrə 13291,99 manat məbləğində, 23 avqust 2024-cü il tarixli MT2408 seriyalı 11509397 nömrəli elektron qaimə-faktura üzrə 12906,36 manat məbləğində, 29 oktyabr 2024-cü il tarixli MT2410 seriyalı 11834815 nömrəli elektron qaimə-faktura üzrə 21040,16 manat məbləğində, 29 oktyabr 2024-cü il tarixli MT2410 seriyalı 11902144 nömrəli elektron qaimə-faktura üzrə 18151,76 manat məbləğində, 28 noyabr 2024-cü il tarixli MT2411 seriyalı 12675129 nömrəli elektron qaimə-faktura üzrə 19887,08 manat məbləğində, 28 noyabr 2024-cü il tarixli MT2411 seriyalı 12675307 nömrəli elektron qaimə-faktura üzrə 21741,83 manat məbləğində, 28 noyabr 2024-cü il tarixli MT2411 seriyalı 12675383 nömrəli elektron qaimə-faktura üzrə 21728,18 manat məbləğində, 29 noyabr 2024-cü il tarixli MT2411 seriyalı 12754768 nömrəli elektron qaimə-faktura üzrə 23422,45 manat məbləğində, 29 noyabr 2024-cü il tarixli MT2411 seriyalı 12753927 nömrəli elektron qaimə-faktura üzrə 24335,98 manat məbləğində, 29 noyabr 2024-cü il tarixli MT2411 seriyalı 12755502 nömrəli elektron qaimə-faktura üzrə 18165,93 manat məbləğində olmaqla, cəmi 286048,73 manat məbləğində dəyəri olan təhvil verilmiş mallarla bağlı həmin elektron qaimə-fakturalar iddiaçı tərəfindən cavabdehə göndərilmişdir. İş materiallarından görünür ki, 29 iyul 2024-cü il tarixli təhvil-qəbul aktı üzrə 28496,35 manat, 09 avqust 2024-cü il tarixli təhvil-qəbul aktları üzrə 25461,45 manat, 24231,3 manat, 23 avqust 2024-cü il tarixli təhvil-qəbul aktları üzrə 13187,92 manat, 13291,99 manat, 12906,37 manat, 29 oktyabr 2024-cü il tarixli təhvil-qəbul aktları üzrə 21040,17 manat, 18151,76 manat, 28 noyabr 2024-cü il tarixli təhvil-qəbul aktları üzrə 19887,08 manat, 21741,83 manat, 21728,19 manat, 29 noyabr 2024-cü il tarixli təhvil-qəbul aktları üzrə 23422,46 manat, 24335,99 manat, 18165,93 manat məbləğində olmaqla, iddiaçı tərəfindən cavabdehə ümumi dəyəri 286048,79 manat məbləğində olan mallar təhvil verilmişdir. İş materiallarında olan tərəflərin nümayəndələri tərəfindən imzalanaraq möhürlənmiş 30 may 2025-ci il tarixli qarşılıqlı borcların üzləşdirilməsi aktının məzmununda cavabdehin iddiaçıya olan qalıq borcunun məbləğinin 114436,36 manat olduğu qeyd edilmişdir. İş materiallarında olan iddiaçının "xxxx" ASC-də olan hesabından çıxarış sənədindən görünür ki, cavabdeh tərəfindən iddiaçının bank hesabına 08 sentyabr 2025-ci il tarixdə 21250 manat məbləğində ödəniş həyata keçirilmişdir. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 04 dekabr 2025-ci il tarixli məktubun məzmununda 24 iyul 2024-cü il tarixli U-18-2024 nömrəli müqavilə üzrə yaranmış 15502,78 manat borc məbləğinin 31 mart 2026-cı il tarixinədək tam şəkildə ödəniləcəyi qeyd edilmişdir. İş materiallarında olan 04 fevral 2026-cı il tarixli maliyyə arayışından görünür ki, 24 iyul 2024-cü il tarixli U-18-2024 nömrəli müqavilə üzrə cavabdehin iddiaçıya 15502,78 manat məbləğində borcu mövcuddur. İş materiallarına, həmçinin qiymət razılaşdırma protokolları əlavə edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 567-ci madəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Beləliklə, təsvir olunanlarla müəyyən edilir ki, iddiaçı və cavabdeh arasında 24 iyul 2024-cü il tarixli U-18-2024 nömrəli alqı-satqı müqaviləsi bağlanılmış, müqavilə öhdəliklərinə uyğun olaraq satıcı qismində olan iddiaçı həmin müqavilənin predmeti olan malları cavabdehin mülkiyyətinə vermiş, alıcı qismində iştirak edən cavabdeh isə müqavilə öhdəliklərinə riayət etməyərək həmin malların dəyərini iddiaçıya ödəməmiş, nəticədə onun iddiaçıya 15502,78 manat məbləğində əsas borcu yaranmışdır. Bu hal yuxarıda istinad edilən sübutlarla (24 iyul 2024-cü il tarixli alqı-satqı müqaviləsi, elektron qaimə-fakturalar, təhvil-qəbul aktları, hesabdan çıxarış və digər) tam sübut olunur. Bundan əlavə, qətnamənin “İş materialları” hissəsində istinad edilmiş, iddiaçıya ünvanladığı 04 dekabr 2025-ci il tarixli məktubda cavabdeh 24 iyul 2024-cü il tarixli müqavilə üzrə yaranmış 15502,78 manat borc məbləğinin 31 mart 2026-cı il tarixinədək tam şəkildə ödəniləcəyini bildirmişdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, cavabdehdən 15502,78 manat məbləğində borcun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. Bundan başqa, iddia tələbinin cavabdehdən 18637,27 manat məbləğində cərimənin tutulmasına aid hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan (müqavilənin yuxarıda istinad edilmiş 8.4-cü bəndi) iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya)qanun və yamüqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd olunanlarla bağlı məhkəmə hesab edir ki, tələb olunan cərimənin əsas borc məbləğinə nisbəti, o cümlədən həm iddiaçının, həm də ki, cavabdehin əmlak mənafeləri və işin digər halları nəzərə alınmaqla iddia tələbinin cavabdehdən 18637,27 manat məbləğində cərimənin tutulmasına aid hissəsi qismən təmin edilməli, tələb edilən cərimənin məbləği azaldılaraq cavabdehdən cəmi 4600 manat məbləğində cərimə tutulmalıdır. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bundan başqa, iddia tələbinin borcun ödənilməsinin gecikdirilməsinə görə hesablanmış 4165,57 manat məbləğində əldən çıxmış fayda qismində faiz borcunun cavabdehdən tutulmasına dair hissəsi ilə bağlı qeyd edilməlidir ki, iddia ərizəsində həmin tələbin əsası qismində Mülki Məcəllənin 449.1-ci maddəsinə istinad edərək gecikdirilmiş 93186,36 manat məbləğində borc məbləğinə 4165,57 manat məbləğində faiz borcu hesablandığını bildirmişdir. Mülki Məcəllənin istinad edilən maddəsinin məzmunundan göründüyü kimi, həmin norma pul öhdəliyinin icra edilməməsi üçün məsuliyyətin əsaslarını və qaydasını müəyyən edir. Həmin maddə məhz özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən bank uçot dərəcəsi ilə müəyyənləşdirilən faizlər ödənilməsini nəzərdə tutur. Hazırkı halda tərəflər arasında yaranmış hüquqi münasibətin əsası məhz alqı-satqı müqaviləsindən irəli gəldiyindən həmin müqavilə üzrə ödənişin həyata keçirilməməsi pul öhdəliyinin icra edilməməsi kimi qiymətləndirilə bilməz. Eyni zamanda iş materialları ilə iddiaçıya məxsus pul vəsaitindən cavabdeh tərəfindən hər hansı gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əldə edilməsi halı təsdiq edilməmişdir. Bundan əlavə, iş materiallarında olan 27 oktyabr 2025-ci il tarixli ********** nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilən zaman cəmi 406 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Hazırkı iddia tələbi üzrə dövlət rüsumunun məbləği 338,36 manat təşkil etdiyindən həmin məbləğdə pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda dövlət rüsumunun məbləği 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi təşkil edir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən, hazırkı iddia tələbi üzrə dövlət rüsumunun məbləği 383,36 manat təşkil etdiyindən (93186,36+4600 = 97786,36, hazırda əsas borcun məbləği 15502,78 manat olsa da, həmin borcun bir hissəsi məhkəmə prosesləri dövründə ödənildiyindən dövlət rüsumunun məbləği hesablanarkən ilkin iddia ərizəsində qeyd edilmiş əsas borc və qətnamə ilə tutulması qət edilmiş cərimə məbləği nəzərə alınmalıdır) həmin məbləğdə pul vəsaiti cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 15502,78 manat məbləğində əsas bоrc, 4600 manat məbləğində cərimə və 383,36 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 20486,14 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdеh Cavabdehndan 15502,78 (on beş min beş yüz iki manat, yetmiş səkkiz qəpik) manat məbləğində əsas bоrc, 4600 (dörd min altı yüz) manat məbləğində cərimə və 383,36 (üç yüz səksən üç manat, otuz altı qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 20486,14 (iyirmi min dörd yüz səksən altı manat, on dörd qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar