Məhkəmə qərarları › İş №e-2-2(119)-2340/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-2340/2025

18.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-2340/2025 18.02.2026 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Calalova Jalə Habil qızının katibliyi, İddiaçı nümayəndəsi Vəkil, Cavabdehnın nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı tərəfindən Cavabdehna qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti Cavabdehna qarşı iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək 78888,69 (yetmiş səkkiz min səkkiz yüz səksən səkkiz manat, altmış doqquz qəpik) manat məbləğində əsas borc, 6547,76 (altı min beş yüz qırx yeddi manat, yetmiş altı qəpik) manat məbləğində cərimə və 896,63 (səkkiz yüz doxsan altı manat, altmış üç qəpik) manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 86333,08 (səksən altı min üç yüz otuz üç manat, səkkiz qəpik) manat borcun və ödənilmiş 350 (üç yüz əlli) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 14 iyul 2025-ci il tarixli U- 25-2025 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, iddiaçı cavabdeh tərəfindən təqdim olunmuş sifarişlər əsasında müxtəlif növ taxta məmulatlarını cavabdehin mülkiyyətinə verməyi, sonuncu isə malları qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilə üzrə müxtəlif vaxtlarda iddiaçı tərəfindən 6 ədəd elektron qaimə-faktura göndərilmiş və cavabdeh həmin qaimələri qəbul edərək malları təhvil aldığını təsdiq etmişdir. Müqavilə üzrə ödənilməli olan məbləğin - 6 ədəd elektron qaimə-fakturanın ümumi dəyəri 104888,63 manat məbləğində təşkil edir. Cavabdeh ƏDV borcunu tam şəkildə, yəni 15999,96 manat məbləğində pul vəsaitini iddiaçıya ödəmiş, əsas borc məbləği üzrə 22 avqust 2025-ci il tarixində 10000 manat məbləğində ödəniş etmişdir. Beləliklə cavabdehin iddiaçıya cəmi 78888,69 manat məbləğində borcu qalmışdır. İddiaçı tərəfindən 6 ədəd elektron qaimə-faktura cavabdehə 15 iyul 2025-29 iyul 2025-ci il tarixlərində göndərilmişdir. Müqavilə əlavəsinin 3-cü bəndində qeyd edilir ki, malların təhvil verilməsindən və satıcı tərəfindən hesab-faktura təqdim edildikdən sonra 5 gün ərzində alıcı satıcıya bütün məbləği ödəməlidir. Göründüyü kimi, iddiaçı 29 iyul 2025-ci il tarixdə bütün malları təhvil verdiyindən cavabdeh ən geci 05 avqust 2025-ci il tarixinədək malların dəyərini ödəməli idi. Müqavilənin 8.2-ci bəndinə əsasən, malın məbləğinin vaxtında ödənilməməsi halında alıcı satıcıya gecikdirilən hər təqvim günü üçün borc məbləğinin 0,1 faizi miqdarında (lakin malın dəyərinin 20 faizindən artıq olmamaq şərtilə) cərimə ödəməlidir. Beləliklə, cavabdeh 78888,69 manat məbləğində olan borcunun gecikdirilmiş hər günü üçün 0,1 faizi məbləğində, yəni 6547,76 manat məbləğində cərimə ödəməlidir. Cavabdeh 05 avqust 2025-ci il tarixinədək malların dəyərini ödəməli olsa da, hazırkı vaxta qədər ödəniş edilməmişdir. Beləliklə, cavabdeh iddiaçının 78888,69 manat vəsaitini 2 ay 22 gün əsassız saxlayaraq ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən illik beş faiz nəzərə alınmaqla gecikdirilən 2 ay 22 gün üçün 896,63 manat məbləğində pul ödəməlidir. Cavabdeh tərəfindən 05 dekabr 2025-ci il, 22 dekabr 2025-ci il, 21 yanvar 2026-cı il və 02 fevral 2026-cı il tarixli oxşarməzmunlu ərizələrlə məhkəməyə müraciət edilərək qeyd edilmişdir ki, hazırda cavabdehin gördüyü işlərə görə ödənişlərdə gecikmə yarandığından müəyyən maliyə çatışmazlığı mövcud olduğuna görə iddiaçı ilə bağlanmış müqavilə öhdəliklərində müəyyən gecikmə halları yaranmışdır. İddiaçı ilə görüşlər keçirilmiş, borcun tez bir zamanda ödənilməsi üçün müəyyən şifahi razılaşmalar əldə edilmişdir. 27 noyabr 2025-ci il tarixdə iddiaçıya zəmanət məktubu göndərilmiş, cavabdeh müqavilə öhdəliklərindən yaranmış 78888,69 manat məbləğində borcu 31 mart 2026-cı il tarixədək tam ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh göstərilənlərin nəzərə alınaraq məhkəmədən müvafiq məhkəmə iclaslarının qeyri-müəyyən tarixə təxirə salınmasını xahiş etmişdir. Məhkəmə iclaslarında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahatlar verərək, izahatında həmçinin bildirdi ki, iddia ərizəsi ilə tutulması xahiş edilən əldən çıxmış fayda məbləği Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.1-ci maddəsinə istinad edilərək hesablanmışdır. İddiaçının nümayəndəsi məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi izahatında bildirdi ki, iddia ərizəsini qismən qəbul edir. Cavabdeh tərəfindən müəyyən məbləğdə ödənişlər həyata keçirilmişdir. Tərəflər arasında borc məbləğinin 31 mart 2026-cı il tarixinədək ödəniləcəyi ilə bağlı razılıq əldə edilmişdir. Bununla bağlı elektron kabinetə zəmanət məktubu da əlavə edilmişdir. İddiaçı tərəfindən cərimə və faiz borcları hesablansa da, cavabdeh təşkilatın işləri qaydasında getmədiyindən həmin məbləğləri ödəyə bilməyəcəkdir. Cavabdehin nümayəndəsi məhkəməyə əlavə sənədlər təqdim edilməsi ilə əlaqədar məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materialları: İş materiallarında olan tərəflər arasında bağlanmış 14 iyul 2025-ci il tarixli U-25-2025 nömrəli alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən, müqaviləyə əsasən satıcı (iddiaçı) alıcıya (cavabdehə) onun sifarişi əsasında bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılan "X1"nda göstərilən tərkibdə, həcmdə və texniki göstəricilərə uyğun vəziyyətdə olan malları satır, alıcı isə həmin malı qəbul edir və bunun müqabilində bu müqavilə ilə razılaşdırılmış məbləğdə malın dəyərini satıcıya ödəməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən, malın adı, miqdarı, ölçü vahidi, qiyməti və digər zəruri xüsusiyyətləri bu müqavilənin ayrılmaz tərkib hissəsi olan "X1"nda öz əksini tapır. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, malın qiyməti, təhvil verilmə müddəti və ödəniş müddəti bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan "X1" ilə müəyyən edilir. Həmin müqavilənin 3.1.1-ci yarımbəndinə əsasən, müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə ödənişin həyata keçirilməsini alıcıdan tələb etmək satıcının hüququdur. Həmin müqavilənin 3.4.1-ci yarımbəndinə əsasən, malı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (malın qiymətini) bu müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada ödəmək alıcının vəzifəsidir. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən, müqaviləyə əsasən alıcı tərəfindən malın dəyərinin ödənilməsi mal alıcı tərəfindən qəbul edildikdən sonra nağd qaydada və ya köçürmə yolu ilə həyata keçirilə bilər. Ödəniş müddəti "X2"nda müəyyən edilir. Həmin müqavilənin 8.2-ci bəndinə əsasən, malın məbləğinin vaxtında ödənilməməsi halında alıcı satıcıya gecikdirilən hər təqvim günü üçün borc məbləğinin 0,1 faizi miqdarında (lakin malın dəyərinin 20 %‐dən artıq olmamaq şərtilə) cərimə ödəməlidir. İş materiallarından görünür ki, 15 iyul 2025-ci il tarixli MT2507 seriyalı 11229182 nömrəli elektron qaimə-faktura üzrə 22581,42 manat məbləğində, 15 iyul 2025-ci il tarixli MT2507 seriyalı 11230496 nömrəli elektron qaimə-faktura üzrə 13371,67 manat məbləğində, 25 iyul 2025-ci il tarixli MT2507 seriyalı 12080379 nömrəli elektron qaiməfaktura üzrə 17342,47 manat məbləğində, 25 iyul 2025-ci il tarixli MT2507 seriyalı 12078752 nömrəli elektron qaimə-faktura üzrə 18898,34 manat məbləğində, 29 iyul 2025ci il tarixli MT2507 seriyalı 12266906 nömrəli elektron qaimə-faktura üzrə 16052,13 manat məbləğində, 29 iyul 2025-ci il tarixli MT2507 seriyalı 12268246 nömrəli elektron qaiməfaktura üzrə 16642,6 manat məbləğində olmaqla, cəmi 104888,63 manat məbləğində dəyəri olan təhvil verilmiş mallarla bağlı həmin elektron qaimə-fakturalar iddiaçı tərəfindən cavabdehə göndərilmişdir. İş materiallarında olan iddiaçının "xxxx" ASC-də olan hesabından çıxarış sənədindən görünür ki, cavabdeh tərəfindən iddiaçının bank hesabına 10000 manat məbləğində ödəniş həyata keçirilmişdir. İş materiallarında olan 15 iyul 2025-ci il tarixli köçürmənin aparılması haqqında bildirişdən görünür ki, cavabdeh tərəfindən iddiaçının ƏDV sub-uçot hesabına 16000 manat məbləğində pul vəsaiti köçürülmüşdür. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 27 noyabr 2025-ci il tarixli məktubun məzmununda 14 iyul 2025-ci il tarixli U-25-2025 nömrəli müqavilə üzrə yaranmış 78888,69 manat borc məbləğinin 31 mart 2026-cı il tarixinədək tam şəkildə ödəniləcəyi qeyd edilmişdir. İş materiallarında olan 04 fevral 2026-cı il tarixli maliyyə arayışından görünür ki, 14 iyul 2025-ci il tarixli U-25-2025 nömrəli müqavilə üzrə cavabdehin iddiaçıya 78888,69 manat məbləğində borcu mövcuddur. İş materiallarına, həmçinin qiymət razılaşdırma protokolları və təhvil-təslim aktları əlavə edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Həmin Məcəllənin 567-ci madəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Beləliklə, təsvir olunanlarla müəyyən edilir ki, iddiaçı və cavabdeh arasında 14 iyul 2025-ci il tarixli U-25-2025 nömrəli alqı-satqı müqaviləsi bağlanılmış, müqavilə öhdəliklərinə uyğun olaraq satıcı qismində olan iddiaçı həmin müqavilənin predmeti olan malları cavabdehin mülkiyyətinə vermiş, alıcı qismində iştirak edən cavabdeh isə müqavilə öhdəliklərinə riayət etməyərək həmin malların dəyərini iddiaçıya ödəməmiş, nəticədə onun iddiaçıya 78888,69 manat məbləğində əsas borcu yaranmışdır. Bu hal yuxarıda istinad edilən sübutlarla (14 iyul 2025-ci il tarixli alqı-satqı müqaviləsi, elektron qaimə-fakturalar, hesabdan çıxarış və köçürmənin aparılması haqqında bildiriş) tam sübut olunur. Bundan əlavə, qətnamənin “İş materialları” hissəsində istinad edilmiş, iddiaçıya ünvanladığı 27 noyabr 2025-ci il tarixli məktubda cavabdeh 14 iyul 2025-ci il tarixli U-25- 2025 nömrəli müqavilə üzrə yaranmış 78888,69 manat borc məbləğinin 31 mart 2026-cı il tarixinədək tam şəkildə ödəniləcəyini bildirmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbini əsas borc hissəsində qəbul etdiyini bildirmişdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, cavabdehdən 78888,69 manat məbləğində borcun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsi əsaslıdır və təmin edilməlidir. Cavabdehin nümayəndəsinin zəruri sənədlərin təqdim edilməsi ilə bağlı məhkəmə iclasının təxirə salınması ilə bağlı xahişinə münasibətdə məhkəmə qeyd edir ki, məhkəmə araşdırmasının gedişi dövründə cavabdeh tərəfindən 05 dekabr 2025-ci il, 22 dekabr 2025-ci il, 21 yanvar 2026-cı il və 02 fevral 2026-cı il tarixli ərizələrlə müraciət edilərək məhkəmə iclaslarının təxirə salınması xahiş edilmiş, cavabdehin xahişləri nəzərə alınaraq iclaslar bir neçə dəfə təxirə salınmış, lakin cavabdehin nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmişdir. Eyni zamanda qeyd edilməlidir ki, iş məhkəmənin icraatında olduğu müddət ərzində cavabdehin müvafiq sənədləri məhkəməyə təqdim etməsi üçün kifayət qədər vaxtı və imkanı olmuşdur. Bundan başqa, iddia tələbinin cavabdehdən 6547,76 manat məbləğində cərimənin tutulmasına aid hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan (müqavilənin yuxarıda istinad edilmiş 8.2-ci bəndi) iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya)qanun və yamüqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd olunanlarla bağlı məhkəmə hesab edir ki, tələb olunan cərimənin əsas borc məbləğinə nisbəti, o cümlədən həm iddiaçının, həm də ki, cavabdehin əmlak mənafeləri və işin digər halları nəzərə alınmaqla iddia tələbinin cavabdehdən 6547,76 manat məbləğində cərimənin tutulmasına aid hissəsi qismən təmin edilməli, tələb edilən cərimənin məbləği azaldılaraq cavabdehdən cəmi 3900 manat məbləğində cərimə tutulmalıdır. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bundan başqa, iddia tələbinin borcun ödənilməsinin gecikdirilməsinə görə hesablanmış 896,63 manat məbləğində əldən çıxmış fayda qismində faiz borcunun cavabdehdən tutulmasına dair hissəsi ilə bağlı qeyd edilməlidir ki, iddiaçının nümayəndəsi həmin tələbin əsası qismində Mülki Məcəllənin 449.1-ci maddəsinə istinad edərək gecikdirilmiş 78888,69 manat məbləğində borc məbləğinə 896,63 manat məbləğində faiz borcu hesablandığını bildirmişdir. Mülki Məcəllənin istinad edilən maddəsinin məzmunundan göründüyü kimi, həmin norma pul öhdəliyinin icra edilməməsi üçün məsuliyyətin əsaslarını və qaydasını müəyyən edir. Həmin maddə məhz özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən bank uçot dərəcəsi ilə müəyyənləşdirilən faizlər ödənilməsini nəzərdə tutur. Hazırkı halda tərəflər arasında yaranmış hüquqi münasibətin əsası məhz alqı-satqı müqaviləsindən irəli gəldiyindən həmin müqavilə üzrə ödənişin həyata keçirilməməsi pul öhdəliyinin icra edilməməsi kimi qiymətləndirilə bilməz. Eyni zamanda iş materialları ilə iddiaçıya məxsus pul vəsaitindən cavabdeh tərəfindən hər hansı gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əldə edilməsi halı təsdiq edilməmişdir. Bundan əlavə, iş materiallarında olan 27 oktyabr 2025-ci il tarixli ********** nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilən zaman cəmi 350 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Hazırkı iddia tələbi üzrə dövlət rüsumunun məbləği 338,36 manat təşkil etdiyindən həmin məbləğdə pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda dövlət rüsumunun məbləği 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi təşkil edir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 78888,69 manat məbləğində əsas bоrc, 3900 manat məbləğində cərimə və 338,36 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 83127,05 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdеh Cavabdehndan 78888,69 (yetmiş səkkiz min səkkiz yüz səksən səkkiz manat, altmış doqquz qəpik) manat məbləğində əsas bоrc, 3900 (üç min doqquz yüz) manat məbləğində cərimə və 338,36 (üç yüz otuz səkkiz manat, otuz altı qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 83127,05 (səksən üç min yüz iyirmi yeddi manat, beş qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar