Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-238/2023 19.06.2023 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X1 qızının katibliyi ilə, ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsi tərəfindən xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı verilmiş "ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması" barədə ərizəyə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, 24 yanvar 2023-cü il tarixinə hesablanmış vergi ödəyicisi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) Dövlət Büdcəsinə olan cəmi 5544,41 (beş min beş yüz qırx dörd manat 41 qəpik) manat məbləğində vergi borcunun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri - xx xxxx 1992-ci il təvəllüdlü Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırlması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Həmin ərizəyə baxılması ilə əlaqədar Maraqlı şəxs məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsi isə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə baxışının ərizəçinin nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-7.2-ci maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən "ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması" barədə ərizə təmin olunmamalıdır. Belə ki, ərizənin məzmunu və iş materialları ilə müəyyən olunur ki, vergi öhdəliklərini Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyinə görə xx xxxx 1992-ci il təvəllüdlü Maraqlı şəxs (ünvan: ünvan 1anının rəhbəri olduğu hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) Dövlət Büdcəsinə olan 24 yanvar 2023-cü il tarixə hesablanmış cəmi 5544,41 manat məbləğində vergi borcu ilə əlaqədar hazırkı ərizə ilə 26 yanvar 2023-cü ildə məhkəməyə müraciət olunmuşdur. Lakin, həmin ərizəyə dair e-2-2(119)-238/2023 nömrəli kommersiya iş üzrə 09 mart 2023-cü il tarixində keçirilən məhkəmə baxış iclasında Maraqlı şəxs iş üzrə məhkəməxətşünaslıq ekspertizasının keçirilməsi üçün yazılı vəsatətlə məhkəməyə müraciət edib, Vergi Orqanı tərəfindən barəsində verilmiş "ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması" haqqında ərizəni qəbul etmədiyini, hazırkı ərizədə icra orqanının rəhbəri kimi göstərilmiş olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin mövcudluğundan və həmin MMC-nin direktoru olmasından tam məlumatsız olduğunu, belə bir hüquqi şəxslə heç bir vaxt heç bir əlaqəsinin olmadığını, bu hüquqi şəxsin direktoru kimi qeydiyyata alınmasından yalnız məhkəməyə çağrılarkən xəbər tutduğunu və ərizəçi Vergi Orqanı tərəfindən məhkəməyə təqdim olunmuş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə əlaqədar tərtib olunmuş “Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında” ərizədəki rəhbər (qanuni təmsilçi və onun qanuni səlahiyyətli nümayəndəsi) qrafasındakı imzanın ona məxsus olmadığını bildirərək, iş üzrə məhkəmə-xətşünaslıq ekspertizasının təyin olunmasını xahiş etmiş və buna görə də, Sumqayıt Kommersiya Məhkəməsinin 09 mart 2023-cü il tarixli e-2-2(119)-238/2023 nömrəli qərardadı əsasında kommersiya işi üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir. İş materiallarında olan məhkəmə-xətşünaslıq ekspertizasının 31 may 2023-cü il tarixli 4/528 nömrəli Ekspert Rəyi ilə müəyyən olunmuşdur ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə əlaqədar tərtib edilmiş “Kommersiya qurumunun dövlət qeydiyyatı” haqqında 02 sentyabr 2022-ci il tarixli ərizənin davamı hissəsinin 15.4-cü bəndində “rəhbər (qanuni təmsilçisi və ya onun səlahiyyətli nümayəndəsinin imzası (imzaları)" qrafasındakı imza - Maraqlı şəxs tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Beləliklə də, işin konkret hallarına və məhkəmə-xətşünaslıq ekspertizasının 31 may 2023-cü il tarixli 4/528 nömrəli Ekspert Rəyinə əsasən müəyyən olunur ki, Maraqlı şəxs borclu hüquqi şəxsin, yəni vergi ödəyicisi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru (icra orqanının rəhbəri) təyin olunması barədə rəsmi sənədlər saxtalaşdırılmışdır. Yəni, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə əlaqədar tərtib edilmiş və ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsi tərəfindən məhkəməyə təqdim edilən “doldurulma” tarixi 02 sentyabr 2022-ci il olan “Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında” ərizədə və “Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında” ərizənin davamı hissəsinin 15.4-cü bəndində qeyd olunmuş "rəhbər (qanuni təmsilçisi və ya onun səlahiyyətli nümayəndəsinin imzası (imzaları) )" qrafasının qarşısında olan və Maraqlı şəxs aid edilən imza - onun tərəfindən çəkilməmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək - vergi orqanın hüququdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.12-ci maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işə baxır. Təsvir olunanlarla müəyyən edilir ki, Maraqlı şəxs rəsmi olaraq vergi ödəyicisi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icra orqanının rəhbəri, yəni həmin vergi ödəyicisinin qanuni təmsilçilik funksiyasına malik direktoru olması təsdiq edilmədiyindən, hazırkı ərizədə qeyd olunan vergi borcuna görə onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması “təqsirə görə məsuliyyət” prinsipindən kənarlaşmaya səbəb olmaqla, vergiləri ödəməyi təmin etmə üsulu kimi həmin tədbirin əhəmiyyətini də heçə endirər və eyni zamanda, hüquqi şəxsə hüquqi cəhətdən aidiyyəti olmayan şəxs barəsində qanunazidd və əsassız məhdudiyyət yaradar. Çünki, Maraqlı şəxs hal-hazırda hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icra orqanının rəhbəri (direktoru) olması mötəbər sübutlarla təsdiq edilmədiyinə görə, onun həmin vergi ödəyicisinin icra orqanının rəhbəri hesab edilərək ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması - mütənasib və tətbiq edilməsi zəruri olan tədbir hesab edilə bilməz. Yəni, vergi ödəyicisi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icra orqanının rəhbəri (direktoru) olması öz təsdiqini tapmadığından, Maraqlı şəxs həmin vergi ödəyicisinin Dövlət Büdcəsinə olan vergi borcuna görə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında qərara alınmışdır ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiya Federasiyasına” qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında ifadə olunan hüquqi mövqeyinə görə, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında qeyd olunur ki, sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcüdluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Bu cür sübutlar olmadığı və kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcüd olmayan hallar kimi qiymət verə bilər və iddia tələbinin rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. Bundan əlavə, sübutetmə ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarında qeyd olunmuşdur ki, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki-Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Beləliklə də, təsvir olunanlarla müəyyən edilir ki, Maraqlı şəxs hal-hazırda vergi ödəyicisi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icra orqanının rəhbəri, yəni qanuni təmsilçilik funksiyasına malik direktoru olması mötəbər sənədlər əsasında təsdiq olunmadığına görə, onun həmin vergi ödəyicisinin məlum borcunun ödənməməsi ilə əlaqədar ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsi tərəfindən xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı verilmiş “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 305, 355-5, 355-6, 355-7, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsi tərəfindən xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı verilmiş "ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması" barədə ərizə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-238/2023
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-238/2023
19.06.2023 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver