Məhkəmə qərarları › İş №e-2-2(119)-239/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-239/2024

25.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-239/2024 25.01.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlu, İddiaçı tərəfindən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Cavabdeh qarşı verilmiş “alqı-satqı müqaviləsi üzrə borcun və digər ödənişin tutulması” tələbi barədə iddia ərizəsini nəzərdən keçirib, MÜƏYYƏN E T D İ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə borcun və digər ödənişin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2391,66 (iki min üç yüz doxsan bir manat, altmış altı qəpik) manat məbləğində əsas borc və 70 (yetmiş) manat məbləğində mediasiya xərci olmaqla, cəmi 2461,66 (iki min dörd yüz altmış bir manat, altmış altı qəpik) manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə icraatının mümkünlüyünün yoxlanılması ilə əlaqədar iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən həmin ərizənin qəbulundan imtina edilməlidir. Belə ki, iş materiallarında olan iddiaçı və cavabdeh tərəfindən birlikdə tərtib edilmiş 23 sentyabr 2022-ci il tarixli 15383 nömrəli “Öhdəliklərin qarşılıqlı tanınması aktı”na əsasən, 23 sentyabr 2022-ci il tarixinə cavabdehin iddiaçıya 3122 (üç min yüz iyirmi iki) manat məbləğində borcunun olması müəyyən edilmişdir. Lakin iddiaçı tərəfindən hazırkı iddia ərizəsində cavabdehdən əsas borc olaraq 2391,66 (iki min üç yüz doxsan bir manat, altmış altı qəpik) manat məbləğində pul vəsaitinin tutulması xahiş edilsə də, həmin tələbi təsdiq edən sənəd, yəni borc məbləğinin məhz 2391,66 manat olduğunu təsdiq edən hər hansı sənəd (maliyyə arayışı və ya sübut qismində qiymətləndirilə biləcək digər sənəd) iş materiallarına əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 284-1-ci maddəsinə əsasən, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə Mülki Prosessual Məcəllənin 23-1-ci fəslinə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-4.1 və 284-4.1.3-cü maddələrinə əsasən, verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa, məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Həmin Məcəllənin 284-4.2-ci maddəsinə əsasən, bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Beləliklə, Mülki Prosessual Məcəllənin yuxarıda qeyd olunan tələbinə riayət edilməklə verilmədiyinə görə iddiaçı tərəfindən cavabdehə qarşı verilmiş “alqı-satqı müqaviləsi üzrə borcun və digər ödənişin tutulması” tələbi barədə iddia ərizəsinin sadələşdirilmiş icraat qaydasında məhkəmə icraatı mümkün deyil və ərizənin qəbul edilməsindən imtina edilməlidir. Məhkəmə, əlavə olaraq, qeyd etməyi lazım bilir ki, iddia ərizəsinin “Ərizəni imzalayan şəxs haqqında məlumat” bölməsindən görünür ki, həmin ərizə, həmçinin iddiaçının nümayəndəsi tərəfindən imzalansa da, bu barədə, yəni səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd iş materiallarına əlavə olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.3-cü maddəsinə əsasən, ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, 263, 264, 266, 284-1, 284-3, 284-4-cü maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D I: İddiaçı tərəfindən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Cavabdeh qarşı verilmiş “alqı-satqı müqaviləsi üzrə borcun və digər ödənişin tutulması” tələbi barədə iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. İddiaçıya izah olunsun ki, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilmiş iddia ərizəsinin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Qərardaddan şikayət verilə bilməz. Hakim: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar